Məhkəmə qərarları › İş №2(026)-170/2025

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-170/2025

11.08.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-170/2025 11.08.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, İbrahimova Nigar Mustafa qızının katibliyi, Ərizəçi və maraqlı şəxsin nümayəndəsi X10 iştirakı ilə, Ərizəçi “15 iyul 1986-cı il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə” ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə (Qobustan RİHB-nin Qəyyumluq və Himayəçilik Komissiyası maraqlı şəxs kimi göstərilməklə) məhkəməyə müraciət edərək, Qobustan rayonu, Təklə kəndində qeydiyyatda olmaqla yaşayan qardaşı 15 iyul 1986-cı il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, Qobustan rayonu, Təklə kəndində yaşayır. Onunla birgə yaşayan 15 iyul 1986-cı il təvəllüdlü X9 adında xəstə qardaşı var, o, xəstəliyi ilə əlaqədar əmək qabiliyyətsizdir. Bakı şəhəri Baş Səhiyyə İdarəsi 2 saylı X3 verilmiş 07 aprel 2018-ci il tarixli xəstənin tibbi kartasından 1049/18 saylı çıxarışdan görünür ki, qardaşı X9 13 mart 2018-ci il tarixdən 05 aprel 2018-ci il tarixədək həmin xəstəxanada “Baş beynin üzvi xəstəliyi nəticəsində psixi pozğunluqlar, anamnezində intihar cəhdi” tibbi diaqnozu ilə stasionar müayinə və müalicədə olmuşdur. Bakı şəhəri Baş Səhiyyə İdarəsi 2 saylı X3 verilmiş 19 dekabr 2018-ci il tarixli, 4337/18 saylı xəstəlik tarixi çıxarışdan görünür ki, qardaşı X9 27 noyabr 2018-ci il tarixdən 18 dekabr 2018-ci il tarixinədək həmin xəstəxanada “Baş beynin üzvi xəstəliyi nəticəsində psixi pozğunluqlar, anamnezində intihar cəhdi” tibbi diaqnozu ilə stasionar müayinə və müalicədə olmuşdur. Azərbaycan Respublikası 2 nömrəli X4 verilmiş 9288/24 saylı, 05 oktyabr 2024-cü il tarixli tibbi çıxarışdan görünür ki, qardaşı X8 “Baş beynin üzvi xəstəliyi nəticəsində şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, psixotik daxilolmalarla” tibbi diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi həkim-psixiatr komissiyasının 215/1618 nömrəli, 01 noyabr 2024-cü il tarixli rəyindən görünür ki, komissiyanın qərarı ilə qardaşı X8 “Baş beynin üzvi xəstəliyi nəticəsində şəxsiyyət dəyişkənliyi, kobud davranış pozuntuları ilə, psixotik daxilolmalar” tibbi diaqnozu qoyulmuşdur. X11rdaş X9 üçün verilmiş 28 noyabr 2024-cü il tarixli beynin MRT müayinəsindən görünür ki, onda “Serebellar tonsillanın böyük ənsə dəliyindən servikal kanala doğru (~ 2 mm) dislokasiyası, hər iki beyin yarımkürəsində alın-təpə paylarda subkortikal yerləşməli, subsantimetrik ölçülərdə, T2, Flair rejimlərdə hiperintes, bir neçə ədəd qlioz ocaq” nəticəsi aşkar edilmişdir. Qardaşı X1 ağır olması ilə əlaqədar o özünü idarə edə bilmir, hərəkətlərini idarə edə bilmir. Onunla bağlı hər hansı bir iş olarkən ərizəçi heç nə edə bilmir, onlardan qəyyumluq sənədi tələb edilir. Bu səbəbdən hazırda ona qəyyum təyin olunmalıdır. Qobustan RİHB yanında Qəyyumluq və Himayəçilik orqanına müraciət etmişdir. Ona bildirilmişdir ki, məhkəməyə müraciət etməlidir, məhkəmə X2 fəaliyyət qabiliyyətli şəxs olub-olmamasını müəyyən etməlidir. Təqdim etdiyi tibbi sənədlərdən görünür ki, qardaşı X9 həqiqətən də ağır xəstədir və psixiatriya xəstəxanasında qeydiyyatdadır. O, özünü idarə etmək iqtidarında deyil. Məhkəmə zəruri hesab edərsə, onun barəsində tibbi, psixiatriya ekspertizası da təyin edə bilər. Qobustan Rayon Məhkəməsinin 03 mart 2025-ci il tarixli, 2(026)-170/2025 saylı qərardadı ilə mülki iş üzrə məhkəmə-psixiatrik ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsinin ekspertlərinə həvalə edilmiş, ekspert rəyi məhkəməyə təqdim edilənədək mülki iş üzrə icraat dayandırılmışdır. Qobustan Rayon Məhkəməsinə 24 iyun 2025-ci il tarixdə daxil olmuş ambulator məhkəmə psixiatrik ekspertizasının 09 aprel 2025-ci il tarixli, 1089 saylı rəyi ilə müəyyən edilmişdir ki, yoxlanılan şəxs X7 üzvi şəxsiyyət pozuntusu müəyyən edilir. Yoxlanılan şəxs X6 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün əsaslar YOXDUR. Yoxlanılan şəxs X9 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və öz hərəkətlərini idarə etmək iqtidarındadır. Qobustan Rayon Məhkəməsinin 25 iyun 2025-ci il tarixli, 2(026)-170/2025 saylı qərardadı ilə mülki iş üzrə icraat təzələnmişdir. Məhkəmə baxış iclasında iştirak edən Ərizəçi ərizəsinin məzmununa uyğun çıxış edərək bildirdi ki, qardaşı Rabil Şahverdiyevdə psixi pozğunluq var. Bununla bağlı müxtəlif müayinə nəticələrini məhkəməyə təqdim etmişdir. O, yalnız içməli olduğu dərmanları içdikdən sonra özünü idarə edə bilir. Ona görə də onun üzərində qəyyum təyin olunması zərurəti mövcuddur. O, ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi X15 bildirdi ki, məhkəmə ekspertizasının rəyi ilə razıdır. Hesab edir ki, Rabil Şahverdiyevin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsas YOXDUR. Məhkəmə tərəfləri dinləyib, işdə olan sənədləri araşdırıb, sübutlara müvafiq hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi YOXDUR. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 305.1.3-cü maddəsinə əsasən, məhkəmə şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. MPM-in 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. MPM-in 318.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi pozuntunun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. İşdəki Bakı şəhəri Baş Səhiyyə İdarəsi 2 saylı X5 07 aprel 2018-ci il tarixli, 1049/18 saylı xəstənin tibb kartasından çıxarışdan görünür ki, 15 iyul 1986-cı il təvəllüdlü X8 “Baş beynin üzvi xəstəliyi nəticəsində psixi pozuntular, anamnezində intihar cəhdi” diaqnozu qoyulmuşdur. İşdəki ambulator kitabçadan (xəstəlik tarixindən) 19 dekabr 2018-ci il tarixli çıxarışdan görünür ki, 15 iyul 1986-cı il təvəllüdlü X8 “Baş beynin üzvi xəstəliyi nəticəsində psixi pozuntular, anamnezində intihar cəhdi” diaqnozu qoyulmuşdur. İşdəki ambulator kitabçadan (xəstəlik tarixindən) 05 oktyabr 2024-cü il tarixli çıxarışdan görünür ki, 15 iyul 1986-cı il təvəllüdlü X8 “Baş beynin üzvi xəstəliyi nəticəsində şəxsiyyət dəyişkənliyi, kobud davranış pozuntuları, psixotik daxilolmalarla” diaqnozu qoyulmuşdur. İşdəki Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt şəhər Psixiatriya xəstəxanasının 01 noyabr 2024-cü il tarixli, 215/1618 saylı protokolundan görünür ki, 1986-cı il təvəllüdlü X8 həkim-psixiatr komissiyasının rəyi ilə “Baş beynin üzvi xəstəliyi nəticəsində şəxsiyyət dəyişkənliyi, kobud davranış pozuntuları ilə F07.8, psixotik daxilolmalar F06.2” diaqnozu qoyulmuşdur. İş materialları və eləcə də ekspert rəyi ilə müəyyən edilir ki, həqiqətən də 15 iyul 1986-cı il təvəllüdlü X7 üzvi şəxsiyyət pozuntusunun mövcudluğu müəyyən edilir. Lakin şəxsdə sadəcə psixi pozuntuların, eləcə də şəxsiyyət pozuntusunun mövcud olması onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün kifayət etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.1-ci maddəsinə əsasən, fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Həmin Məcəllənin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Göründüyü kimi, qanunverici şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün ilkin şərt kimi onda ağıl zəifliyi və ya ruhi xəstəliyin mövcud olmalı olduğunu qeyd etsə də, yalnız bu şərtin mövcudluğu kifayət etməyib, həm də bu hallardan birinin mövcudluğu nəticəsində onun öz hərəkətlərinin mənasını başa düşməməsi və ya öz hərəkətlərinə rəhbərlik edə bilməməsi halının da müəyyən edilməsini tələb etmişdir. MPM-in 319-cu maddəsinə görə də hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəmə-psixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər. Hazırkı iş üzrə də 15 iyul 1986-cı il təvəllüdlü X9 barəsində məhkəmə-psixiatrik ekspertizası təyin edilmişdir. Lakin ambulator məhkəmə psixiatrik ekspertizasının 09 aprel 2025-ci il tarixli, 1089 saylı rəyi ilə müəyyən edilmişdir ki, X7 üzvi şəxsiyyət pozuntusu müəyyən edilsə də, onun psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün əsaslar YOXDUR və o öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və öz hərəkətlərini idarə etmək iqtidarındadır. Göründüyü kimi, hazırda Rabil Şahverdiyevin psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və öz hərəkətlərini idarə etmək iqtidarında olması müəyyən edildiyindən, onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün də əsaslar mövcud deyil. Həmçinin ərizəçi də məhkəmə iclasında müvafiq dərmanları qəbul etdikdən sonra qardaşının özünü idarə edə bildiyini qeyd etmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi “15 iyul 1986-cı il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə” ərizəsi təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 307-311 və 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizəçi “15 iyul 1986-cı il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə” ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar