Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-2/2023 17.04.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil2, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəkili və nümayəndəsu Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ona məxsus həyətyanı torpaq sahəsində qanunsuz çəkdikləri tikilinin (tor hasarın) cavabdehlərin hesabına sökülməsi və torpağın əvvəlki vəziyyətinə qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ona məxsus həyətyanı torpaq sahəsində qanunsuz çəkdikləri tikilinin (tor hasarın) cavabdehlərin hesabına sökülməsi və torpağın əvvəlki vəziyyətinə qaytarılması tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, 1963-cü ildə Şamaxı rayonunun Təklə kəndində anadan olmaqla həmin kənddə yaşayır. On beş ildən çox müddətdir ki, ailəsi ilə birlikdə mübahisəli torpaq sahəsində yaşayır. Həmin torpaq sahəsinə dair JN- 169A KOD 30709018 saylı şəhadətnamə almışdır. 2004-cü ildə həmin torpaq sahəsini sənədləşdirərkən götürdüyü torpaq sahəsi çox olduğundan qardaşı qızı Hicranı çağırıb ona torpaq sahəsi vermişdir. Hicran da həyat yoldaşı Altayla birlikdə təxminən 4 il bundan əvvəl onlara verdiyi torpaq sahəsində ev tikib yaşamağa başlamışlar. Lakin onlara verdiyi torpaq sahəsinə dair heç bir sənəd almamışlar. Cavabdehlərə ayırdığı torpaq sahəsindən onlar artıq torpaq sahəsi götürmüşlər. Həmin sahədə o uzun müddət tərəvəz əkib-becərmiş, bir neçə il əvvəl tərəvəz əkdiyi sahənin aşağısında xeyli miqdarda ağac əkmişdir. Cavabdehlər onun barışıq sazışləri ilə razılaşmamışdır. 2021-ci ilin fevral ayının əvvəllərində qardaşı qızı Hicran onun sənədləşdirdiyi torpaq sahəsinə çəkdiyi məftildən hazırlanmış toru sökərək həmin torpaq sahəsini tor məftillə hasarlamışlar və buna görə də aralarında mübahisə yaranmışdır. Onların hərəkətlərindən polis şöbəsinə şikayət etmiş, polis şöbəsində işləri araşdırılmış və həmin iş mülki xarakterli olduğundan ona məhkəmədə iddia qaldırmağı bildirilmişdir. O, bu işin həll olunması üçün cavabdehə təkliflər vermiş, lakin heç bir nəticəsi olmamışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qobustan rayonunun Təklə kənd sakinləri Cavabdeh1 və Cavabdeh2 ona məxsus həyətyanı torpaq sahəsində qanunsuz çəkdikləri tikilinin (tor hasarın) cavabdehlərin hesabına sökülməsi və torpağın əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil2 iddia ərizəsini müdafiə etməklə cavabdehlərin vəkili və nümayəndəsi Vəkil1 əlavə ekspertiza keçirilməsi barədə vəsatətin təmin olunmamasını xahiş edərək göstərdi ki, mütəxəssis və ekspert rəyləri ilə mübahisələndirilən torpaq sahəsinin və cavabdehlərin istifadə etdikləri 11 sot torpaq sahəsinə dair hüquq müəyyənedici sənədlər yoxdur. Ekspert rəyinə görə həmin 11 sot torpaq sahəsinin 3 sotu iddiaçının mülkiyyətinə, 8 sotu isə bələdiyyə mülkiyyətinə aiddir. İddiaçının çəkdiyi dəmir tor hasarı cavabdehlər və yaxınları tərəfindən sökülmənin video görüntülərinə baxarkən həmin tordan olan hasarın cavabdehlər və Cavabdeh2 bacısı Pakizə adlı şəxsin və digər şəxslərin də iştirak etdiyi görünür. Cavabdehlərin zəbt etdikləri 11 sot torpaq sahəsinin 8 sotu bələdiyyə mükiyyətində olduğu üçün həmin ərazi cavabdehlər tərəfindən özbaşına tutulduğu üçün torpağın özbaşına tutulması Azərbaycan Respublikası CM-in 188.1-ci maddəsinin əlamətləri olduğundan xüsusi qərardad çıxarılmasını və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh2 izahatında göstərmişdir ki, İddiaçı onlara qarşı iddiasını qəbul etmir. Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı onun əmisidir. Sarvanın iddiaçının və oğlullarının yaşadıqları iki evin eləcə də, özünün tikdirdiyi evin yerləşdiyi həyətyanı torpaq sahələrini xeyli əvvəl atası Şahlar götürmüş və həmin torpaq sahəsindən də Sarvana müəyyən hissə vermişdir. İddiaçı onun həyətyanı torpaq sahəsinin yarısından çox hissəsinə tor hasar çəkərək ona məxsus torpaq sahəsini tutmaq istəyir. Halbuki Sarvanın tutmaq istədiyi sahədə onlar özləri ağaclar əkmişlər. Hazırda kəndəki evlərində yaşamadıqları üçün həyətyanı torpaq sahəsinin yuxarı hissəsində Sarvanın tərəvəz əkməsinə etiraz etməmişlər. Sarvan və oğlunun evlərinin yerləşdiyi torpaq sahəsinin də çox hissəsi onlar tərəfindən zəbt edilmiş və bələdiyyə mülkiyyətinə aiddir. İddianı əsassız hesab edərək təmin olunmamasını xahiş etdi. Cavabdehlərin vəkili və nümayəndəsi Vəkil1 izahat verərək göstərdi ki, iddia tələbi əsassızdır. Kənd yerlərində bir çox vətəndaşın istifadəsində olan həyətyanı torpaq sahələrinin heç də, hamısının hüquq müəyyənedici sənədləri yoxdur, həyətyanı torpaq sahələrinin xeyli hissəsi bələdiyyə mükiyyətinə aid edilib. İddiaçı və onun oğlunun istifadə etdikləri torpaq sahəsinin 50 sotu bələdiyyə mülkiyyətinə aiddir. İddiaçı istifadə etdiyi torpaq sahəsi 8 nəfər ailə üzvlərinə aiddir, qalan 7 nəfəri iddiaçıya onlar adından iddia qaldırmaq üçün etibarnamələri yoxdur. İddia tələbi ilə məhkəmədə araşdırılan məsələləri fərqlidir. İddia tələbi dəmir tor hasarın sökülməsi, torpağın əvvəlki vəziyyətinə qaytarılmasıdır. Yerində baxış keçirilərkən cavabdehlərin istifadə etdikləri torpaq sahəsinin ortasında tor hasar olmadığı, torpağın əvvəlki vəziyyətinə qaytarılması üçün orada hərhansı bir tikilinin olmadığı müəyyən edildi. İddiaçının mübahisələndirdiyi torpaq sahəsi iddiaçı və onun oğlunun evləri və həyətyanı torpaq sahələrindən daş hasar və daşdan tikilmiş tikililərlə ayrılır. Ekspert rəyinə görə guya iddiaçının mülkiyyətinə aid edilən 3 sot torpaq sahəsi həmin daş hasarla tikilidən kənarda cavabdehlərin istifadəsində olan torpaq sahəsinin ortasındadır. Ona görə də ekspert rəyi ilə razı olmamışdır. Respublika Prezidentinin fərmanı və Nazirlər Kabinetinin qərarı ilə müəyyən edilmiş yeni qaydalara görə istifadəçinin hasarlanmış həyətyanı torpaq sahəsi onun istifadəsinə verilməlidir və elektron kadastrda belə işlənməlidir. Vaxtı ilə mütəxəssislərin tərtib etdikləri torpaq sahəsinin plan və ölçüsü bir çox halda qeyri-dəqiqdir. İddia predimeti əsassız olduğundan təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin, onların vəkil və nümayəndələrinin izahatlarını dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş Qobustan rayon İHB-nın Təklə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 10 fevral 2021-ci il tarixdə verdiyi 54 saylı arayışdan görünür ki, Təklə kəndinin 03 nömrəli təsərrüfatbaşına kitabın 187 nömrəli təsərrüfatında Qobustan rayon Təklə kənd sakini İddiaçı Atam oğlunun 0,12 ha həyətyanı torpaq sahəsi və yaşayış evi olduğu göstərilir. Azərbaycan Respublikası torpağın mülkiyyətə verilməsinə dair JN-169A KOD 30709018 saylı şəhadətnaməsinin surətindən görünür ki, İddiaçı 6 nəfər ailə üzvləri ilə birlikdə Qobustan rayon Aqrar İslahat kimissiyasının 15 aprel 2002-cü il tarixli 3 nömrəli qərarı ilə 0,08 hektar torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 dekabr 2022-ci il tarixli 10/5655 saylı ekspert rəyindən görünür ki, 1-ci sual üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əsasən, İddiaçı naturada göstərdiyi və faktiki istifadə etdiyi torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. 2-cü sual üzrə: mütəxəssis rəyinə əsasən, mülki iş materiallarında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 naturada istifadə etdikləri torpaq sahəsinə aid heç bir hüquqmüəyyənedici sənəd təqdim edilmədiyindən İddiaçı JN-169A nömrəli (kod ********) “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə əsasən mülkiyyətinə verilmiş torpaq sahəsinin üst-üstə düşüb-düşməməsini müəyyən etmək olmadı. 3-cü sual üzrə: mütəxəssis rəyinə əsasən, İddiaçı JN-169A nömrəli (kod ********) “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”yə əsasən mülkiyyətinə verilmiş torpaq sahəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 naturada istifadə etdikləri torpaq sahəsi ilə həmsərhəd olduğu müəyyən edilmişdir. 4-cü sual üzrə sualda qeyd olunan mübahisəli tor hasar naturada mövcud deyildir. 5-ci sual üzrə: Elektron baza məlumatlarına əsasən mübahisəli torpaq sahəsinin 0,03 ha hissəsi İddiaçı JN-169A nömrəli (kod ********) “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə mülkiyyətinə verilmiş torpaq sahəsinə,0.08 ha hissəsi isə bələdiyyə mülkiyyətinə aid (919BB) olan torpaq sahəsinə düşür. Mübahisəli torpaq sahəsinə yerində İddiaçı, cavabdeh Şıkarova Hicran Şahlar qızının və onun vəkili və nümayəndəsi Vəkil1 iştirakları ilə baxış keçirilərkən həmin torpaq sahəsinin şərq hissəsində İddiaçı və ondan aşağı hissədə isə X1, qərb hissəsində birinci ev və həyətyanı sahə Kərimov Ağalara, ondan aşağıdakı ev və həyətyanı sahə Əhmədov Vüqara məxsusdur. Mübahisəli torpaq sahəsini qeyd edilən şəxslərin həyətyanı torpaq sahəsindən kubik daşla tikilmiş hasar və təsərrüfat təyinatlı tikililər ayırır. Mübahisəli torpaq sahəsinin çınqıl yola tərəf hissəsi dəmir torla hasarlanmışdır. Həmin yerdə torpaq sahəsinin eni təxminən 22-24 metrdir, yol tərəfdə çəkilmiş tordan həyətin cənub tərəfinə 12-13 metr ərazi boşdur. Boş sahədən cənub tərəfə xeyli sayda əkilmiş ağaclar vardır. İddiaçı və cavabdeh hər-biri həmin ağacları onların əkdiyini bildirir. S. A. Kərimov öz tərəfindən ağac əkilmiş sahənin qurtardığı yerdə dəmir tor çəkdiyini, lakin cavabdehlər tərəfindən həmin torun söküldüyünü bildirdi. Söküldüyü iddia edilən tordan cənub istiqamətdə cavabdehlərə məxsus dəmir turba və armaturdan düzəldilmiş çardaq, ondan aşağıda isə onlara məxsus ev vardır. Qonşu iddiaçının qardaşı oğlu, cavabdehin isə əmisi oğlu, Vəkil1 vəsatətinə əsasən baxış keçirilən yerə dəvət olundu və ağacların kimin əkdiyi sualına-ağacların Şikarov Hicranın tərəfindən əkildiyini bildirdi. Məhkəmə iclası zamanı müəyyən edildi ki, mübahisəli torpaq sahəsinin 0,03 ha hissəsi İddiaçı JN-169A nömrəli (kod ********) “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə mülkiyyətinə verilmiş torpaq sahəsinə,0.08 ha hissəsi isə bələdiyyə mülkiyyətinə aid (919BB) olan torpaq sahəsinə düşür. Bələdiyyə mülkiyyətində olan 0,08 torpaq sahəsi hasara alınmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazimi icazələr alınmadan və ya şəhər salma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Mülki Məcəllənin 180.3-cü maddəsinə əsasən, əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən tikintiyə mülkiyyət hüququ tanına bilməz. Həmin məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr alınmayan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti əsasında sökülə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən göstərilən ərazidə cavabdehin hüquqları özbaşına tutduğu (zəbt etdiyi) və faktiki istifadəsində olan torpaq sahəsinə qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş qaydada tanına bilməz. Habelə cavabdehin mühafizə zonasında torpaq sahəsinin özünküləşdirilməsinə dair bağladığı hər hansı əqd həmin məcəllənin 109-cu maddəsinə uyğun olaraq etibarsızdır, eləcə də, həmin məcəllənin 110-cu maddəsinə əsasən cavabdeh torpaq qanunvericiliyinin pozulmasına görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-nin 39.1-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən qötürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsi öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halların sübut edilməsi vəzifəsini tərəflərin üzərinə qoymuşdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ona məxsus həyətyanı torpaq sahəsində qanunsuz çəkdikləri tikilinin (tor hasarın) cavabdehlərin hesabına sökülməsi və torpağın əvvəlki vəziyyətinə qaytarılması tələbinə iddiası qismən təmin olunmalı, torpağın mülkiyyətə verilməsinə dair JN-169A saylı şəhadətnamə ilə İddiaçı və ailə üzvlərinə verilmiş həyətyanı torpaq sahəsinin 0,03 ha hissəsində torpaq sahəsi əvvəlki vəziyyətinə qaytarılmalı, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu İddiaçı aid edilməli, 100 manat ekspertiza xərci Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Torpağın mülkiyyətə verilməsinə dair JN-169A saylı şəhadətnamə ilə İddiaçı və ailə üzvlərinə verilmiş həyətyanı torpaq sahəsinin 0,03 ha hissəsində torpaq sahəsi əvvəlki vəziyyətinə qaytarılsın. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 100 manat ekspertiza xərci müştərək qaydada alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayət verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №2(026)-2/2023
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-2/2023
17.04.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver