Məhkəmə qərarları › İş №2(026)-20/2022

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-20/2022

16.02.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-20/2022 16.02.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, iddiaçı Dövlət Neft Şirkətinin “Qaz İxrac” idarəsinin nümayəndəsi X4 və maraqlı tərəf Qobustan bələdiyyəsinin sədri X5 iştirakı ilə İddiaçı Dövlət Neft Şirkətinin “Qaz İxrac” idarəsinin X14 Kəməri Sahəsinin istismarında olan 159 mm diametrli “Qobustan QPS qolu” yüksək təzyiqli (12-25 atm) magistral qaz kəmərinin mühafizə zonasında Qobustan şəhəri, X15 ərazisində Cavabdeh məxsus fərdi yaşayış evinin öz vəsaiti hesabına sökülməsi, mühafizə zonasının boşaldılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Dövlət Neft Şirkətinin “Qaz İxrac” idarəsi X14 Kəməri Sahəsinin istismarında olan 159 mm diametrli “Qobustan QPS qolu” yüksək təzyiqli (12-25 atm) magistral qaz kəmərinin mühafizə zonasında Qobustan şəhəri, X15 ərazisində Cavabdeh məxsus fərdi yaşayış evinin öz vəsaiti hesabına sökülməsi, mühafizə zonasının boşaldılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Dövlət Neft Şirkətinin “Qaz İxrac” idarəsinin nümayəndəsi X6 izahat verərək göstərdi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”-nın və Azərbaycan Respublikası DTN 2.9-2 X8 Lahiyələndirmə Normalarının tələbləri pozularaq “Qaz İxrac” İdarəsi Siyəzən Magistral X12 balans və istismarında olan 159 mm diametrli «Qobustan QPS qolu» yüksək təzyiqli (12-25 atm) yeraltı magistral qaz kəmərinin mühafizə zonasında, Qobustan şəhəri, X15 ərazisində kəmərdən 42 metr məsafədə Cavabdeh məxsus fərdi yaşayış evi inşa olunmuşdur. Magistral qaz kəmərlərinin mühafizə zonalarında inşa edilmiş tikililərlə əlaqədar Qobustan rayon İcra Hakimiyyətinə, Qobustan rayon Polis Şöbəsinə və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinə məlumat verilmiş və mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq aidiyyəti üzrə müvafiq tədbirlərin görülməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”-na əsasən magistral qaz kəmərinin orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası təyin edilmişdir. Həmin qaydalara əsasən mühafizə zonasında kəməri istismar edən hüquqi və fiziki şəxslərin Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı bir tikinti-qurasdırma islərinin aparılması qəti qadağandır. Qaz kəmərində baş verə biləcək kiçik bir qaz sızması insanların həyatına və sağlamlığına təhlükə yaradan yanğına, partlayışa və digər bədbəxt hadisələrə səbəb ola bilər. Bundan əlavə, “Qaydalar”ın 2.23-cü bəndinin tələblərinə əsasən X8nin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin torpaq sahələri ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları, bələdiyyələr tərəfindən baxıldıqda, ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərini istismar edən orqanla razılaşdırılmalıdır. Belə bir razılaşma isə mövcud deyildir. Həmçinin Qaydaların 2.7-ci bəndinə əsasən, boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilmişdir və həmin qaydaların 2.11-ci bəndinə əsasən boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslər tərəfindən Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı tikinti və ya quraşdırma işləri aparılması qadağandır. Ona görə də “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”-nın və Azərbaycan Respublikası DTN 2.9-2 X8 Lahiyələndirmə Normalarının tələbləri pozularaq “Qaz İxrac” İdarəsi Siyəzən Magistral X12 balans və istismarında olan 159 mm diametrli «Qobustan QPS qolu» yüksək təzyiqli (12-25 atm) yeraltı magistral qaz kəmərinin mühafizə zonasında, Qobustan şəhəri, X15 ərazisində Cavabdeh məxsus fərdi yaşayış evinin öz vəsaiti hesabına sökülməsi, mühafizə zonasının boşaldılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçı tərəfə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə maraqlı tərəf Qobustan bələdiyyəsinin sədri X11 izahatında göstərdi ki, həmin torpaqlar vətəndaşlara verilmiş pay torpaqları olub. Cavabdeh həmin torpaq sahəsində fərdi yaşayış evi inşa etmişdir. Sökülməsi tələb olunan fərdi yaşayış evi “Qaz İxrac” İdarəsi Siyəzən Magistral X12 balans və istismarında olan 159 mm diametrli «Qobustan QPS qolu» yüksək təzyiqli (12-25 atm) yeraltı magistral qaz kəmərinin mühafizə zonasına yaxın olsa da, həmin tikilinin sökülməsini məqsədə müvafiq hesab etmir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddiaçının nümayəndəsinin və maraqlı tərəfin izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş X14 Kəməri Sahəsinin texniki istehsalat şöbəsinin rəisi E. Mirzəcanzadə, ƏM və TT üzrə mühəndis R. Ağayev, texniki istehsalat şöbəsinin mühəndisi S. Vəliyev, Qobustan XİX-nin rəisi T. Mikayılov və xətt baxıcısı İ. Zamanov tərəfindən 16 iyun 2021-ci il tarixdə tərtib edilmiş və X14 Kəməri Sahəsinin rəisi tərəfindən təsdiq edilmiş aktdan görünür ki, Qobustan şəhər sakini Cavabdeh tərəfindən 159 mm diametrli «Qobustan QPS qolu» yüksək təzyiqli (1,2-2,5 atm) yeraltı magistral qaz kəmərinin mühafizə zonasında kəmərdən 42 metr məsafədə yaşayış evi inşa etmişdir. “Qaz İxrac” idarəsinin X14 Kəməri Sahəsinin 15 mart 2013-cü il tarixli Qİİ/F-062 saylı bildirişindən görünür ki, Qobustan şəhər sakini Cavabdeh yaşadığı ərazidən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin struktur vahidi kimi fəaliyyət göstərən "Qaz İxrac" İdarəsinin tabeçiliyindəki Siyəzən Magistral X12 balansında və istismarında olan yüksək təzyiqli və 159 mm diametrli Qobustan APS qol magistral qaz kəməri keçdiyi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qaz təchizatında mühafizə zonaları və tənlükəsizlik tədbirlərinə dair qərarına, eləcə də Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təsdiq etdiyi magistral kəmərlərin layihələndirilməsi qaydaları və normalarına ("Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarının təsdiq edilməsi haqqında" 21.06.1999-cü il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş "Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydaları"nın 2.7-ci bəndi və 02.03.2009-cu il tarixli, 17 saylı əmri ilə təsdiq edilmiş “2.9-2 Azərbaycan Respublikasının Dövlət Tikinti Normaları "nın 5.12-ci bənd, 4 №-li cədvəl) əsasən tikililər ilə 159 (yüz əlli doqquz) mm diametrli qaz kəməri arasındakı məsafə 50 (əlli) metr müəyyən edilməli olduğu halda onun inşa etdiyi yaşayış evi yuxarıda göstərilən qaz kəməri arasındakı məsafənin 42 metr təşkil etdiyi, bununla da qeyd edilən qayda və normalarının müddəalarının pozulması, nəticədə yuxarıda göstərilən magistral qaz kəmərinin mühafizə zonasında inşa edilmiş tikilinin kəmərlərin istismarında çətinliklər törədəcəyi, eləcədə potensial təhlükə mənbəyinə çevriləcəyi, gələcəkdə kəmərin zədələnməsi və qaz sızmasının baş verməsi nəticəsində partlayışa, yanğına və digər bədbəxt hadisələrə səbəb ola biləcəyi bildirilmişdir. “Qaz İxrac” idarəsinin X14 X7 rayon İcra Hakimiyyətinə ünvanlandığı 10 iyun 2021-ci il tarixli məktubda göstərilir ki, Qobustan rayonunu təbii qazla təmin edən “Qobustan QPA qolu magistral qaz kəmərinin, həmçinin qazpaylayıcı stansiya (QPS) 1987-ci ildə inşa edilib istismara verilmşdir. 2015-ci ildə mühafizə zonasının pozulması ilə əlaqədar MQK üçün yeni trassa seçilmiş və Qobustan rayonu icra hakimiyyəti ilə razılaşdırılmışdır. Aidiyyəti üzrə layihəsmeta sənədləri hazırlanmış, həmin sənədlər əsasında MQK-nın köçürülməsi üçün tikinti işlərinin başlanılmasına qərar verilmişdir.Lakin əməkdaşlarımız tərəfindən yerində baxış keçirilərkən MQK və QPS-in mühafizə zonasında fərdi evlərin tikintisinin davam etdirilməsi və bunun nəticəsində MQK və QPS-in təhlükəsiz istismarına əlavə problemlər yaranması müəyyən edilmişdir. Yaranmış vəziyyətin həlli üçün MQK ilə birlikdə QPŞ də köçürülməlidir, lakin QPS-in köçürülməsi üçün idarənin maliyyə vəsaiti yoxdur və gələcəkdə planlaşdırılmır. QPS-in mühafizə zonasındakı evlər sökülməlidir. Bu halda idarənin vəsaiti hesabına MQK-nı köçürməklə problemi həll etmək olar. Qobustan rayon icra hakimiyyəti tərəfindən evlərin tikintisinə torpaq sahələri ayrılarkən qaz kəmərlərini istismar edən orqanlara (hüquqi şəxşlərlə)razılaşdırılmalar aparılmamış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.23-cü bəndinin tələbləri pozulmuşdür. Belə razılaşmalar olmadığından təbii fəlakət, kənar müdaxilələr və s. nəticəsində MQK və QPS-də qəza nalları baş verərsə, insanların sağlamlığına və onların əmlakına dəyə biləcək ziyana görə məsuliyyət Qobustan İcra Hakimiyyətinin üzərinə düşür. Yaranmış problemin həlli üçün QPS-in mühafizə zonasındakı evlərin sökülməsi ilə əlaqədar tədbirlər görülməsi xahiş edilmişdir. “Qaz İxrac” idarəsi X14 Kəməri Sahəsi “Qobustan QPS-nın” Qol qaz kəmərinin 2020-ci il tarixli texniki pasportunda göstərilir ki, həmin sahə 96 km məsafədə texniki xidmət göstərməklə qaz kəmərinin çəkildiyi borunun xarici diametti 159 mm, daxili diametri isə 149 dm, təyin edilmiş yol verilən işçi təzyiqi 3,5 MPa-dır. İş materiallarına əlavə edilmiş Mərəzə bələdiyyəsinin 20 iyul 2006-cı il tarixli 334 nömrəli qərarından görünür ki, Qobustan rayonunun Mərəzə qəsəbəsinin baş planında “Yeni Massiv” ərazisində nəzərdə tutulmuş torpaq sahəsindən 0,06 ha ölçüdə torpaq sahəsini Qobustan rayon İHB-nin baş memarının rəyini və çəkdiyi cizgini nəzərə alaraq Qobustan rayonunun Mərəzə qəsəbə sakimi X1 daimi mülkiyyətinə verilmişdir. Qobustan rayon icra hakimiyyəti başçısının Mərəzə qəsəbə sakini X2 fərdi yaşayış evinin tikintisinə icazə verilməsi haqqında 28 dekabr 2006-cı il tarixli 388 saylı sərəncamından çıxarışın surətindən görünür ki,Mərəzə bələdiyyəsinin 20 iyul 2006-cı il tarixli 334 nömrəli qərarı ilə Mərəzə qəsəbəsinin X15ndən X2 ayrılmış 0,06 ha torpaq sahəsində Rayon İcra Hakimiyyətinin Başçısı Aparatının memarlıq və tikinti bölməsinin təsdiq etdiyi layihə əsasında fərdi yaşayış evi tikilməsinə icazə verilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 noyabr 2021-ci il tarixli 10/4763 saylı ekspert rəyində göstərilir ki, “Qaz İxrac” idarəsi X14 Kəməri Sahəsinin istismarında olan 159 mm diametrli “Qobustan QPS qolu” yüksək təzyiqli (12-15 atm magistral qaz kəmərindən Qobustan şəhəri, X15 ərazisində Cavabdeh tərəfindən inşa edilmiş yaşayış evinə qədər olan məsafə 42,0 metr təşkil etdiyi müəyyən edilmişdir. Müəyyən olundu ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”-nın və Azərbaycan Respublikası DTN 2.9-2 X8 Lahiyələndirmə Normalarının tələbləri pozularaq “Qaz İxrac” İdarəsi Siyəzən Magistral X12 balans və istismarında olan 159 mm diametrli «Qobustan QPS qolu» yüksək təzyiqli (12-25 atm) yeraltı magistral qaz kəmərinin mühafizə zonasında, Qobustan şəhəri, X15 ərazisində kəmərdən 42 metr məsafədə Cavabdeh məxsus fərdi yaşayış evi inşa olunmuşdur. Magistral qaz kəmərlərinin mühafizə zonalarında inşa edilmiş tikililərlə əlaqədar Qobustan rayon İcra Hakimiyyətinə, Qobustan rayon Polis Şöbəsinə və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinə məlumat verilmiş və mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq aidiyyəti üzrə müvafiq tədbirlərin görülməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”-na əsasən magistral qaz kəmərinin orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası təyin edilmişdir. Həmin qaydalara əsasən mühafizə zonasında kəməri istismar edən hüquqi və fiziki şəxslər tərəfindən Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı bir tikinti-qurasdırma islərinin aparılması qəti qadağandır. Qaz kəmərində baş verə biləcək kiçik bir qaz sızması insanların həyatına və sağlamlığına təhlükə yaradan yanğına, partlayışa və digər bədbəxt hadisələrə səbəb ola bilər. Bundan əlavə “Qaydalar”ın 2.23-cü bəndinin tələblərinə əsasən X8nin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin torpaq sahələri ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları, bələdiyyələr tərəfindən baxıldıqda, ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərini istismar edən orqanla razılaşdırılmalı olduğu göstərilmişdir. Cavabdeh həmin ərazidən Mərəzə bələdiyyəsinin 20 iyul 2006-cı il tarixli 334 saylı qərarı ilə 0,06 ha ölçüdə torpaq sahəsi verilmiş və Qobustan rayon icra hakimiyyəti başçısının 28 dekabr 2006-cı il tarixli 388 saylı sərəncamı ilə Cavabdeh ayrılmış 0,06 ha torpaq sahəsində fərdi yaşayış evinin tikilməsinə icazə verilmişdir. Eyni zamanda işdən görünür ki, cavabdehin fərdi yaşayış evi inşa etdiyi torpaq sahəsi onun qanuni istifadəsindədir və həmin torpaq sahəsi ona bələdiyyənin qərarına əsasən satılıb və bu gün qərar qüvvədədir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Öneryıldız Türkiyəyə qarşı” 30 noyabr 2004-cü il tarixli məhkəmə işində göstərilir ki, “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar da mülkiyyət hüquqları hesab edilə bilər. İstər daxili qanunlar tərəfindən şəxsi maraqların “hüquq” kimi tanınması, istərsə də bu qanunlar tərəfindən həmin marağın “mülkiyyət hüququ” hesab edilməməsi faktı heç də sözügedən marağın 1 saylı Protokolun 1-ci maddəsi baxımından müəyyən hallarda “mülkiyyət” hesab edilməsinin qarşısını almır. Şəhərin planlaşdırılması qaydalarının pozulmasına və hər hansı etibarlı hüquqi sənədin olmamasına baxmayaraq hər halda ərizəçi tikdiyi evə sərf olunmuş materialları, evdəki daşınar əşyaların və evdəki bütün ev təsərrüfatı ləvazimatları və şəxsi əşyalar ona məxsusdur. Ərizəçinin tikdiyi ev onun üçün mühüm iqtisadi maraq kəsb edir. Dövlət orqanlarının uzun müddət ərzində yol verdikləri bu maraq 1 saylı protokolun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından “mülkiyyət”ə bərabərdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Məhkəmə belə nəticəyə gəlir ki, Qobustan bələdiyyəsinin 20 iyul 2006-cı il tarixli qərarı və Qobustan rayon icra hakimiyyəti başçısının 28 dekabr 2006-cı il tarixli 388 saylı sərəncamı qüvvədə olduğundan və iddianın predmeti həmin sənədin mübahisələndirilməsi olmadığından iddiaçının Cavabdeh məxsus fərdi yaşayış evinin öz vəsaiti hesabına sökülməsi, mühafizə zonasının boşaldılmasına dair tələbi əsassızdır. Göstərilən dövlət orqanı tərəfindən verilmiş aktlar mübahisələndirildikdən sonra nəticələndirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Konstitusiyasının 29.1-ci maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Mülki Məsəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 240.1-ci maddəsinə əsasən, torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. Həmin Məcəllənin 240.2-ci maddəsinə əsasən, torpaq sahəsinin, mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 240.3-cü maddəsinə əsasən, mülkiyyətçinin özünə mənsub torpaq sahəsində özbaşına tikinti aparmasının nəticələri bu Məcəllənin 180-ci maddəsi ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 49.1-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ-torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsi öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halların sübut edilməsi vəzifəsini tərəflərin üzərinə qoymuşdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə və istinad olunan hallara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməli, “Qaz İxrac” İdarəsinin Siyəzən Magistral X12 istismarında olan 159 mm diametrli «Qobustan QPS qolu» yüksək təzyiqli (12-25 atm) magistral qaz kəmərinin və “Qobustan” QPS-nin mühafizə zonasında, Qobustan şəhəri, X15 ərazisində Cavabdeh məxsus fərdi yaşayış evinin öz vəsaiti hesabına sökülməsi, mühafizə zonasının boşaldılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya qaytarılması tələbi əsassız olduğundan rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid hesab edilməli və 100 manat ekspertiza xərci Dövlət Neft Şirkətinin “Qaz İxrac” idarəsindən alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. “Qaz İxrac” İdarəsinin Siyəzən Magistral X12 istismarında olan 159 mm diametrli «Qobustan QPS qolu» yüksək təzyiqli (12-25 atm) magistral qaz kəmərinin və “Qobustan” QPS-nin mühafizə zonasında, Qobustan şəhəri, X15 ərazisində Cavabdeh məxsus fərdi yaşayış evinin öz vəsaiti hesabına sökülməsi, mühafizə zonasının boşaldılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya qaytarılması tələbi əsassız olduğundan rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Mütəxəssis rəyinin verilməsi üçün çəkilən 100 manat ekspertiza xərci Dövlət Neft Şirkətinin “Qaz İxrac” idarəsindən alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayət verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar