Məhkəmə qərarları › İş №2(026)-300/2025

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-300/2025

11.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-300/2025 11.06.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiası ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh nisyə satılmış heyvanların dəyəri olan 1150 manat məbləğində qalıq pulun alınaraq ona verilməsi, hazırkı iddia ərizəsinin verilməsinə görə ödənilmiş 31,5 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Qobustan rayonunun Cəyirli kəndində qeydiyyatda olmaqla, yaşayır, özü kənd təsərrüfatı ilə məşğul olur, həm də heyvan saxlayır. 2023-cü ilin yanvar ayında Qobustan rayon Nabur kənd sakini Cavabdeh ilə şifahi qaydada razılaşıb ümumi dəyəri 5700 manat olan 6 baş kəsimə yararlı iribuynuzlu mal-qaranı diri halda cavabdehə nisyə satmışdır. Onların razılaşması belə olmuşdur ki, cavabdeh təxminən 1 ay ərzində heyvanları kəsib iddiaçının pulunu verəcək. Lakin cavabdeh verdiyi sözə əməl etməmiş, keçən 2 ildən artıq müddət ərzində cavabdeh onu incidərək ödəməli olduğu pulu hissə-hissə vermiş, cavabdeh ona razılaşdıqları 5700 manat puldan hissə-hissə olmaqla, ümumilikdə 4550 manat məbləğində pul ödəmişdir. Hazırda cavabdehin ona ödənilməmiş 1150 manat borcu mövcuddur. Lakin cavabdeh həmin pulu ödəmək istəmir. Ona görə də həmin pulun cavabdehdən alınıb ona verilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun çıxış etdi və əlavə olaraq bildirdi ki, o, cavabdehə nisyə olaraq dana satmış və cavabdehin ona 1150 manat məbləğində borcu qalmışdır. O, borcun ödənilməsini tələb etmək üçün dəfələrlə cavabdehin yaşadığı evə getmişdir. Hətta cavabdehin atası bir dəfə onu qarşılayaraq borcun ödənilməsi üçün ona öz pensiya kartını verməyi təklif etsə də, o, bununla razılaşmamış, atasının cavabdehin həmin borcuna aidiyyəti olmadığını düşünmüşdür. O, iddiasının təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək bildirdi ki, o, Sumqayıt şəhərində yeznəsi Loğman Məmmədovun evində onun tanışı Lənkəran sakini Asəf adlı şəxslə tanış olmuşdur. Asəf ona təklif etmişdir ki, o, dana gətirsin, onu kəsib sataraq pul qazansınlar. O, birinci səfər Asəfə mal vermiş, həmin şəxs də malları kəsib satdıqdan sonra pulunu vermişdir. İkinci səfər isə o, İddiaçı 4 baş dananı nisyə alaraq onları Asəfə vermişdir. Həmin danaları Saray qəsəbəsinə aparıb Asəfin göstərdiyi həyətə düşürmüşdür. Lakin sonra Asəf danaların pulunu ona qaytarmadığına görə o da iddiaçıya olan borcunu tam qaytara bilməmişdir. Hazırda iddiaçıya olan borcundan cəmi 2050 manat qaytarmışdır və qəbul edir ki, onun iddiaçıya cəmi 1150 manat borcu qalmışdır. Məhkəmə tərəfləri dinləyib, iddia ərizəsini nəzərdən keçirib, işdə olan sənədləri araşdırıb, toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 88-ci maddəsinə əsasən sübutların məcmusu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. MPM-in 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materialları və tərəflərin bildirdikləri ilə müəyyən edilir ki, tərəflər arasında şifahi alğı-satqı müqaviləsi üzrə öhdəlik münasibətləri yaranmış, cavabdeh iddiaçıdan nisyə aldığı heyvanların dəyərinin bir hissəsini qaytardıqdan sonra onun iddiaçıya 1150 manat məbləğində borcu qalmışdır. Şifahi alğı-satqı müqaviləsi üzrə iddiaçının cavabdehə iribuynuzlu heyvan verməsi və cavabdehin iddiaçıya ödənilməmiş 1150 manat məbləğində borcunun qalması məhkəmə baxış iclasında iştirak edən cavabdeh tərəfindən təsdiq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 608-ci maddəsinə əsasən, əgər bu paraqrafın aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, heyvanların, quşların və balıqların alğısatqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar tətbiq edilir. Məhkəmə qeyd edir ki, heyvanların alğı-satqısına dair müqavilə üzrə qanunvericilikdə forma tələbi nəzərdə tutulmadığından tərəflər bu cür alğı-satqını şifahi qaydada bağlamaq hüququna malik olmuşdur. İddiaçı cavabdehə heyvanları nisyə satdığını, cavabdehin razılaşdırdıqları müddətdə həmin heyvanların qiymətini ona ödəyəcəyini öhdəsinə götürdüyünü bildirmiş, cavabdehin ona ödəmədiyi məbləğin 1150 manat olduğunu iddia etmişdir. İddiaçının həmin iddiasının hüquqi əsası kimi Mülki Məcəllənin 600.4-cü maddəsi çıxış edir. Satıcı kimi iddiaçı verilmiş heyvanların tam dəyərinin ödənilməsi məqsədilə cavabdehin ödəmədiyi 1150 manat məbləğində pulu cavabdehdən tələb etmiş, cavabdeh isə iddianı qəbul edərək həqiqətən də iddiaçıya nisyə aldığı heyvanlara görə 1150 manat borclu olduğunu bildirmişdir. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, cavabdehdən 1150 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. İşdəki 21 aprel 2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 31,5 manat məbləğində dövlət rüsumu ödənilmişdir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 107-ci və 119.1-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə bildirir ki, iddia təmin edildiyindən, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 31,5 manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə qeyd edilənlərə əsasən yekun olaraq belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 1150 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 31,5 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci, 227-ci, 233-cü və 360-cı maddələrini rəhbər tutub QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1150 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 31,5 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar