Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-9/2025 22.01.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, Ərizəçi və maraqlı şəxsin nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi “07 iyun 1988-ci il təvəllüdlü övladı X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə” ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə (Qobustan RİHB-nin Qəyyumluq və Himayəçilik Komissiyası maraqlı şəxs kimi göstərilməklə) məhkəməyə müraciət edərək, 07 iyun 1988-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, 14 avqust 1987-ci ildə X4 ilə nikahını rəsmi qeyd etdirməklə evlənmiş, rəsmi nikahlarından 07 iyun 1988-ci ildə Elçin, 11 dekabr 1990-cı ildə Yalçın və 01 fevral 1994-cü ildə Laçın adlı 3 uşaqları anadan olmuşdur. Elçin Nəzərov anadangəlmə xəstədir, fiziki və əqli inkişafdan geri qalmışdır. Elçin Nəzərov “Tubulopatiya ensefalopatiya Fiziki və psixi inkişafdan geri qalma. Kokkeyn sindromu” diaqnozu ilə Qobustan rayon Mərkəzi Xəstəxanasında qeydiyyatdadır və İ qrup əlilliyə görə sosial müavinət alır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi istənilən övladı Elçin özünü idarə etmək qabiliyyətində deyil, kənar şəxsin köməyi olmadan sərbəst yaşaması mümkün deyil, həmçinin öz hüquqlarını sərbəst şəkildə həyata keçirə bilmir. Oğluna köməklik göstərən ərizəçidir və onun bütün ehtiyaclarını ərizəçi qarşılayır, ona qulluq edir. Övladı Elçinin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi onun hüquqlarının həyata keçirilməsi və üzərində qəyyum təyin edilməsi üçün vacibdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun çıxış edərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxsin nümayəndəsi X5 ərizənin təmin olunmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dinlənilmiş X1 bildirdi ki, Qobustan RİHB-nin Poladlı kəndi üzrə icra nümayəndəsinin müavini işləyir və ərizəçi onun bacısıdır. Dayısı olduğu 1988-ci il təvəllüdlü Elçin Nəzərov 7-8 yaşından etibarən sümük boşluğundan əziyyət çəkməyə başlamış, həmin vaxtdan yeriyə bilməmiş, özünü idarə edə bilməmişdir. Onun müalicəsi üçün bir xeyli yerə müraciət olunmasına baxmayaraq, hər hansı bir xeyri olmamışdır və Elçin Nəzərov artıq 30 ilə yaxındır ki, eyni vəziyyətdədir. Belə ki, o, yataq xəstəsidir, çox ağır-ağır və anlaşılmaz şəkildə danışır, onu yalnız anası olan ərizəçi başa düşə bilir, ayaqlarını işlədə bilmir. Məhkəmə iclasında şahid qismində dinlənilmiş X12 bildirdi ki, ərizəçi onun qonşusudur. Xatırladığı qədərilə, Elçin Nəzərov həmişə xəstə olmuşdur, uşaqlığından bəri onlara gedib-gəldikcə bunu görmüşdür. Ağır xəstədir, yeriyə bilmir, onun indiyədək danışdığını eşitməmişdir. Məhkəmə tərəfləri və şahidləri dinləyib, işdə olan sənədləri araşdırıb, sübutlara müvafiq hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi YOXDUR. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşdə surəti olan AA5760081 seriya nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, X9 07 iyun 1988-ci il tarixdə anadan olmuşdur. İşdə surəti olan Xİİ-JQ 497644 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 07 iyun 1988-ci il təvəllüdlü X3 atası X4, anası Ərizəçidır. İşdəki Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi “Qobustan rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin 21 avqust 2024-cü il tarixli arayışından görünür ki, 1988-ci il təvəllüdlü X9 “Qobustan rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin Poliklinika şöbəsində “Tubulopatiya ensefalopatiya Fiziki və psixi inkişafdan geri qalma. Kokkeyn sindromu” diaqnozu ilə qeydiyyatdadır, 1-ci qrup əlildir və yataq xəstədir. İşdəki Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumat verilməsi haqqında arayışdan görünür ki, 07 iyun 1988-ci il təvəllüdlü X8 “Tubulopatiya. Ensefalopatiya. Fiziki və psixi inkişafdan geri qalma. Kokkeyn sindromu” diaqnozu ilə 21 iyun 2006-cı ildə müddətsiz olaraq birinci dərəcəli əlillik təyin edilmişdir. Onun başqasının qulluğuna ehtiyacı var. İşdəki Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsinin 15 oktyabr 2024-cü il tarixli, 2997 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, X6 ağır dərəcəli əqli gerilik müəyyən edilir. X9 öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də X9 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. X6 müəyyən edilən ağır dərəcəli əqli gerilik ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. MPM-in 305.1.3-cü maddəsinə əsasən, məhkəmə şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. MPM-in 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. MPM-in 318.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi pozuntunun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. MPM-in 319-cu maddəsinə əsasən, hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəmə-psixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər. Ərizəçinin tələbinin hüquqi əsasını təşkil edən norma Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsidir. Həmin maddəyə görə, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Məhkəmə bildirir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq 07 iyun 1988-ci il təvəllüdlü X3 öz hərəkətlərinin mənasını başa düşməsi və ya öz hərəkətlərinə rəhbərlik edə bilməsinin müəyyən olunması üçün ekspertiza təyin olunmuş və “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-nin 15 oktyabr 2024-cü il tarixli, 2997 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyi ilə X3 öz hərəkətlərinin mənasını anlayıb hərəkətlərini idarə etmək qabiliyyətində olmaması aydın və qəti şəkildə müəyyən olunmuşdur. Məhkəmə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsinin 15 oktyabr 2024-cü il tarixli, 2997 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyini sübut kimi qəbul edir və hesab edir ki, 07 iyun 1988-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan hesab olunması üçün qanuni əsaslar vardır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, 07 iyun 1988-ci il təvəllüdlü X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə MPM-in 321.2-ci maddəsinə uyğun olaraq bildirir ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Yuxarıda qeyd olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 307-311 və 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 07 iyun 1988-ci il təvəllüdlü X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov
Məhkəmə qərarları › İş №2(026)-9/2025
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-9/2025
22.01.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver