Məhkəmə qərarları › İş №2(026)-92/2025

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-92/2025

30.06.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-92/2025 30.06.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil, Cavabdeh2 və üçüncü şəxs X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair” iddiası ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X7 ilə Cavabdeh2 arasında bağlanmış 05 avqust 2013-cü il tarixli torpağın alğı-satqısına dair müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, X7 ilə 10 noyabr 1990-cı il tarixindən rəsmi nikah bağlayaraq ailə həyatı qurmuşdur. Onlar birgə nikah dövründə bir çox daşınmaz əmlaklar almışlar. Həmin əmlaklardan biri də Qobustan şəhəri ərazisində yerləşən torpaq sahəsidir. Həmin torpaq sahəsinin ərazisi 0,008 ha olmaqla, həyat yoldaşı X2 adına 22 noyabr 2006-cı il tarixində mülkiyyət hüququ ilə DƏDRX-də qeydiyyatdan keçmiş və müvafiq çıxarış da almışdır. Həmin torpaq sahəsində sahibkarlıq məqsədilə qeyri-yaşayış sahəsi inşa olunmuş və həyat yoldaşı orada sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Bu gün də həmin sahə onun istifadəsindədir. Bu günlərdə Cavabdeh2 iddiaçının həyat yoldaşı X4 qarşı “dublikat çıxarışın ləğvi və binanın boşaldılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi və bununla əlaqədar məhkəmə iclasının təyin edilməsi barədə məhkəmə bildirişi onun yaşadığı yerə gəlmişdir. Bundan sonra o, belə bir alğı-satqı müqaviləsinin rəsmiləşdirilməsindən xəbər tutmuşdur. O, həyat yoldaşından həqiqətən belə bir müqavilə bağlayıb-bağlamadığını soruşduqda, qəti şəkildə həmin sahəni satmadığını, yalnız rəsmiyyət xatirinə girov qoyaraq faizə pul götürdüyünü bildirmişdir. İddiaçı bundan sonra artıq şübhələndiyi üçün vəkilə müraciət edərək, bu işin araşdırılmasını xahiş etmişdir. Vəkil tərəfindən həm Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinə, həm də bu müqavilənin rəsmiləşdirildiyi Cavabdeh1nə müraciət olunmuşdur. Cavabdeh1ndən vəkil sorğusu əsasında alınmış sənəddən açıq-aydın görünür ki, həmin notariat reyestrində onun adının qarşısında olan imza tamamilə başqa şəxs tərəfindən yerinə yetirilmişdir. O, ümumiyyətlə heç vaxt Cavabdeh1nə getməmişdir. Təbii ki, buna görə də onun həmin jurnalda imzasının olması qeyri-mümkündür. Eyni zamanda, həyat yoldaşı Vahid ona bildirmişdir ki, əgər həqiqətən o, torpaq sahəsini satsaydı, onda Cavabdeh2 çoxdan öz adına bu torpaq sahəsinə dair DƏDRX-dən çıxarış alardı. Amma işin hallarından da görünür ki, həqiqətən belə bir alğı-satqı müqaviləsi olmamışdır. Həmin torpaq sahəsinin alğı-satqı müqaviləsi bağlanan zaman iddiaçının heç bir razılığı alınmamış, onun ümumiyyətlə hazırkı iddiaya kimi bu prosesdən heç bir məlumatı olmamışdır. Məhkəmənin 12 mart 2025-ci il tarixli iclasında iştirak etmiş İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun çıxış edərək bildirmişdir ki, o, Vahid Quliyevlə 1990-cı ildə nikaha daxil olmuş, bir neçə il Bakı şəhərində yaşadıqdan sonra onunla birlikdə Qobustan rayonuna köçmüşdür. Bu zaman Qobustan şəhərində torpaq sahəsi almışlar. X12 ehtiyacı olduğu üçün Cavabdeh2 borca pul götürməsi barədə məlumatı olsa da, bunun müqabilində torpaq sahəsinin Cavabdeh2 satılmasından xəbəri olmamış, hər hansı razılığı alınmamışdır. O, bununla bağlı heç bir müqavilə və ya ərizəyə qol çəkməmişdir. O, vizual şəkildə göstərilməklə verilmiş suala cavab olaraq bildirdi ki, notariat işində olan 31 iyul 2013-cü il tarixli ərizədəki imza ona məxsus deyil, kiril əlifbasında olan “Gülbəniz Rəsulova” sözləri də onun tərəfindən yazılmamışdır. Məhkəmənin 12 mart 2025-ci il tarixli iclasında iştirak etmiş Cavabdeh2 iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, iddiaçı onun qaynı Gülağanın qaynı Vahidin arvadıdır. İddiaçının əri Vahid bacısı və öz qaynı Gülağa ilə birlikdə onların evinə gəlmiş, orada bildirmişlər ki, iddiaçının qaynı Eldar öz torpağını satır. Belə ki, mübahisəli torpaq sahəsi əslində iddiaçının qaynı Eldarın olsa da, onu Vahidin adına sənədləşdirmişlər. Ondan xahiş etdilər ki, o, həmin torpaq sahəsini alsın, çünki Eldar həmin yeri başqasına satsaydı, Vahid həmin yerdəki dükandan istifadə edə bilməyəcəkdi, onu oradan çıxaracaqlardı. Bundan sonra o da həyat yoldaşı Bəgağa Abbasova etibarnamə vermiş, Bəgağa ilə Vahid alğı-satqını rəsmiləşdirmək üçün notariusa getmişlər. Onun özü alğısatqı üçün notariusa getməmiş, həyat yoldaşı Bəgağa Abbasova etibarnamə vermiş, o da müqaviləni onun adından imzalamışdır. Vizual olaraq tanış edilməklə verilmiş suala cavab olaraq bildirdi ki, 01 avqust 2013-cü il tarixli müqavilədəki imza Bəgağa Abbasova aiddir. Bundan sonra X8 mülki iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuşdur. Məhkəmənin 12 mart 2025-ci il tarixli iclasında üçüncü şəxs X8 çıxış edərək bildirmişdir ki, o, Cavabdeh2 ilə 2016-cı ilə qədər nikahda olmuşdur. 2013-cü ildə mərhum qardaşı Gülağa, onun yoldaşı Elmira və Vahid onların evinə gəlmişdir. Vahid onlara gələndə bildirmişdir ki, qardaşı Eldar obyekti satır, əgər o, həmin obyekti satsa, onun həmin obyektdən istifadə etməsi mümkün olmayacaq. Vahid ondan həmin obyekti almalarını xahiş etmiş, sonradan obyekti işlədib hər ay 125 manat da pul verəcəyini bildirmişdir. Bundan sonra onlar alğı-satqını rəsmiləşdirmək üçün notariusa getmişlər. 01 avqust 2013-cü il tarixli müqavilədə Cavabdeh2 yerinə o qol çəkmişdir. Çünki Cavabdeh2 tərəfindən ona 05 aprel 2013-cü ildə etibarnamə verilmişdir. Həmin vaxt onun tələbi ilə İddiaçı da notariusa gələrək, razılıq ərizəsinə qol çəkmişdir. Qobustan Rayon Məhkəməsinin 12 mart 2025-ci il tarixli, 2(026)-92/2025 saylı qərardadı ilə mülki iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, iş üzrə ekspert rəyi məhkəməyə təqdim edilənə kimi mülki işin icraatı dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 06 may 2025-ci il tarixli, 4/601 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş X4 məxsus torpaq sahəsinin satılmasına dair İddiaçı adından olan 31 iyul 2013-cü il tarixli razılıq ərizəsində “İmza” qrafasındakı imza və “Ҝүлбəниз Рəсулова” yazıları – İddiaçı tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş X4 məxsus torpaq sahəsinin satılmasına dair İddiaçı adından olan 31 iyul 2013-cü il tarixli razılıq ərizəsindəki “İddiaçı q ərim X7”, “Qobustan şəhərində”, “torpaq sahəsinin” yazıları İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 138 manat təşkil edir. Qobustan Rayon Məhkəməsinin 16 may 2025-ci il tarixli, 2(026)-92/2025 saylı qərardadı ilə mülki iş üzrə icraat təzələnmişdir. Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddianı müdafiə edərək bildirdi ki, ekspert rəyi ilə də müəyyən edildiyi kimi, İddiaçı adından yazılmış razılıq ərizəsindəki imza iddiaçıya məxsus olsa da, həmin ərizənin məzmunu iddiaçı tərəfindən yazılmamış, iddiaçı imzaladığı ərizənin məzmunundan xəbərsiz olmuşdur. İddiaçının ona verdiyi məlumata görə, o, heç vaxt Cavabdeh1ndə olmamış, həmin razılıq ərizəsi ona evdə imzalatdırılsa da, o, özlərinə məxsus pay torpağı olan digər bir torpaq sahəsinin satılmasına razılıq verdiyini düşünmüşdür. Bu baxımdan iddiaçının notariat orqanında olmaması da nəzərə alınmaqla notariusun qeydiyyat jurnalında iddiaçının adının qarşısında olan imzanın ona məxsus olmadığı aydın olur və hesab edir ki, daha ətraflı araşdırmanın aparılması üçün həmin jurnaldakı imzanın da iddiaçıya məxsus olubolmaması məhkəmə-xətşünaslıq ekspertizası vasitəsilə müəyyən edilməlidir. Həmçinin qeyd etdi ki, 01 avqust 2013-cü il tarixli müqaviləni heç Cavabdeh2 özü imzalamamış, həmin müqavilənin səlahiyyətsiz şəxs olan Bəgağa Abbasov tərəfindən Cavabdeh2 əvəzinə imzalanması onların hər ikisinin ifadəsi ilə təsdiq olunmuşdur. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh2 əvvəlki məhkəmə iclaslarında bildirdiklərini təsdiq edərək, iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən üçüncü şəxs X8 bildirdi ki, o, 01 avqust 2013cü il tarixli müqaviləni Cavabdeh2 yerinə imzalamış olsa da, bu hüququnu təsdiq edən etibarnaməni müqaviləni təsdiq edən notariusa təqdim etmişdir. O, iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, Cavabdeh1 məhkəmə iclasında nümayəndə ilə təmsil olunmamışdır. Məhkəmə işə Cavabdeh1 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfləri və üçüncü şəxsi dinləyib, iddia ərizəsini və işdə olan sənədləri araşdırıb, toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM-in) 88-ci maddəsinə əsasən sübutların məcmusu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: MPM-in 9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi YOXDUR. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşdə surəti olan V-JQ 405276 seriya nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X7 və X5 10 noyabr 1990-cı ildə nikahlarını bağlamış, nikah bağlandıqdan sonra ərə Quliyev, arvada Quliyeva soyadı verilmişdir. İşdə surəti olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH ******* seriya nömrəli, ********* qeydiyyat nömrəli Çıxarışdan görünür ki, Qobustan rayonu, Mərəzə qəsəbəsində yerləşən 0,008 ha torpaq sahəsi mülkiyyət hüququ əsasında 22 noyabr 2006-cı il tarixdə X2 adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 100 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə surəti olan X7 ilə Cavabdeh2 arasında bağlanmış 01 avqust 2013-cü il tarixli torpağın alğı-satqı müqaviləsindən görünür ki, X7 DƏDRX-nin Şamaxı rayon Ərazi İdarəsinin 22 noyabr 2006-cı il tarixli, ********* saylı çıxarışına və 30 iyul 2013-cü il tarixli, 1237 saylı arayışa əsasən Qobustan şəhərində yerləşən 0,008 ha torpaq sahəsini 2000 manata Cavabdeh2 satmışdır. Satılan torpaq girov qoyulmamış, həbs altında deyil, torpağın alğı-satqı müqaviləsi bağlanarkən ailə üzvlərinin razılığı alınmışdır. İşdə surəti olan Qobustan rayon Dövlət Notariat ofisində 01 avqust 2013-cü ildə tərtib olunmuş 4-Ə-52 reyestr nömrəli notariat işinə əlavə edilmiş İddiaçı adından yazılmış 31 iyul 2013-cü il tarixli ərizənin məzmununda qeyd edilmişdir ki, “Mən, İddiaçı q ərim X7 məxsus olan və Qobustan şəhərində ünvanda yerləşən torpaq sahəsinin satılmasına etiraz etmirəm”. İşdə notarial qaydada təsdiq edilmiş surəti olan 05 aprel 2013-cü il tarixli, Abşeron rayon 1 saylı notariat kontorunda təsdiq olunmuş etibarnamədən görünür ki, Cavabdeh2 həmin etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən, almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək, əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, mirası qəbul etməyi və yaxud ondan imtina etməyi, bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan, o cümlədən bank orqanlarından, poçtdan və teleqraflardan bütün əsaslar üzrə ona çatası əmlakı, pulu, əmanəti, qiymətli kağızları, eləcə də sənədləri almağı, bank orqanlarında olan hesablar üzrə sərəncam verməyi, poçt, teleqraf, qiymətli və digər hər cür məktubları və baratları almağı, bütün dövlət idarələrində, kooperativ və ictimai təşkilatlarda onun adından ərizə verməyi, işləri aparmağı, qanunla iddiaçıya, cavabdehə, üçüncü şəxsə, zərərçəkmişə verilmiş bütün hüquqlarla, o cümlədən işi sülh yolu ilə qurtarmaq, iddia tələblərini bütünlüklə və ya qismən etiraf etmək, yaxud onlardan imtina etmək, iddia predmetinin dəyişməsi, məhkəmənin qərarından şikayət edilməsi, əmlakı və ya pulu almaq hüququ ilə icra vərəqəsini təqdim etmək hüquqlarına malik olmaqla bütün məhkəmə orqanlarında ona aid olan mülki işləri aparmağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi 10 il müddətinə, yəni 05 aprel 2023-cü il tarixədək X6 etibar etmişdir. Məhkəmə ilk öncə onu qeyd etməyi zəruri sayır ki, iddiaçı iddia tələbində X7 ilə Cavabdeh2 arasında bağlanmış 05 avqust 2013-cü il tarixli torpağın alğı-satqısına dair müqavilənin etibarsız hesab edilməsini xahiş etsə də, onun iddia ərizəsinə əlavə etdiyi alğı-satqı müqaviləsindən və mübahisə predmeti olan torpaq sahəsinin satılmasına dair notariat işindən iddiaçının əslində mübahisələndirmək istədiyi müqavilənin 01 avqust 2013-cü il tarixli müqavilə olması aydın olur. Məhkəmə iddia tələbində göstərilən bu yanlışlığı texniki səhv kimi qəbul edir və bildirir ki, bu səhv iddiaçının hüquqi niyyətinin hansı müqavilənin mübahisələndirilməsinə yönəlmiş olmasında qeyri-müəyyənlik yaratmır. Hazırda iş materialları ilə müəyyən edilir ki, 01 avqust 2013-cü il tarixli müqavilə ilə satılmış 0,008 ha torpaq sahəsinin Vahid Quliyev tərəfindən iddiaçı ilə birgə nikah dövründə əldə edilmiş olması səbəbindən iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. İddiaçı Vahid Quliyev ilə Cavabdeh2 arasında bağlanmış 01 avqust 2013-cü il tarixli alğı-satqı müqaviləsinin etibarsızlığını irəli sürərkən hazırda bir neçə dəlilə istinad edir. Həmin dəlillərlə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri sayır: Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. MM-in 225.6-cı maddəsinə əsasən, daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. İddiaçının əsas dəlili ondan ibarət olmuşdur ki, 0,008 ha torpaq sahəsinin alğı-satqı müqaviləsi bağlanan zaman onun heç bir razılığı alınmamış, onun ümumiyyətlə bu prosesdən heç bir məlumatı olmamışdır. Məhkəmənin 12 mart 2025-ci il tarixli iclasında iştirak edərkən də iddiaçı həmin müqaviləyə dair notariat işindəki 31 iyul 2013-cü il tarixli razılıq ərizəsindəki imzanın ona məxsus olmadığını, kiril əlifbasında olan “Gülbəniz Rəsulova” sözlərinin də onun tərəfindən yazılmadığını bildirmişdir. Məhkəmə iddiaçının istinad etdiyi bu əsas dəlilin doğruluğunu yoxlamaq məqsədilə məhkəmə-xətşünaslıq ekspertizası keçirmiş və 06 may 2025-ci il tarixli, 4/601 nömrəli ekspert rəyinin alınmasını təmin etmişdir. Həmin rəylə müəyyən edilmişdir ki, ekspertizaya təqdim edilmiş X4 məxsus torpaq sahəsinin satılmasına dair İddiaçı adından olan 31 iyul 2013-cü il tarixli razılıq ərizəsində “İmza” qrafasındakı imza və “Ҝүлбəниз Рəсулова” yazıları – İddiaçı tərəfindən icra olunmuşdur. Göründüyü kimi, ekspert rəyi ilə iddiaçının razılıq ərizəsindəki imzanın ona məxsus olmamasına və “Ҝүлбəниз Рəсулова” yazılarının onun tərəfindən yazılmamasına dair dəlilinin əsassız olması müəyyən olunmuşdur. Ekspert rəyi alınmaqla mülki iş üzrə icraat təzələndikdən sonrakı məhkəmə iclaslarında isə iddiaçının nümayəndəsi Vəkil artıq istinad olunan dəlili dəyişərək iddia etmişdir ki, həmin razılıq ərizəsi əslində mübahisəli torpaq sahəsinin alğı-satqısı üçün deyil, iddiaçı və ailəsinə məxsus digər pay torpaq sahəsinin alğı-satqısı üçün verilmişdir. Məhkəmə göstərilən bu dəlili 12 mart 2025-ci il tarixli məhkəmə iclasında iddiaçının həmin razılıq ərizəsindəki imzanın ona məxsus olmadığını qətiyyətlə vurğulamasını, həmin zaman hər hansı başqa torpaq sahəsinin alğı-satqısı üçün razılıq verməsi barədə hər hansı bir mülahizə bildirməməsini də nəzərə alaraq əsassız hesab edir. Əgər sonradan iddiaçı tərəfin qeyd etdiyi kimi, razılıq ərizəsi başqa torpaq sahəsi üçün verilmiş olsaydı, iddiaçının bu barədə əvvəlcədən məlumat verməməsi, özünün həqiqətən də belə bir razılıq ərizəsini başqa torpaq sahəsi üçün vermiş olması barədə hər hansı mülahizə bildirməməsi iddiaçının sonrakı dəlilinin formal mülahizədən ibarət olduğunu göstərir. İddiaçının digər bir dəlili isə razılıq ərizəsinin məzmununun onun tərəfindən yazılmamış olması ilə bağlıdır. Bir hissəsi kompüter, bir hissəsi isə əllə yazılmış 31 iyul 2013-cü il tarixli həmin razılıq ərizəsinin məzmununda qeyd olunmuşdur ki, “Mən, İddiaçı q ərim X7 məxsus olan və Qobustan şəhərində ünvanda yerləşən torpaq sahəsinin satılmasına etiraz etmirəm”. Ekspert rəyi ilə müəyyən edilmişdir ki, X4 məxsus torpaq sahəsinin satılmasına dair İddiaçı adından olan 31 iyul 2013-cü il tarixli razılıq ərizəsindəki “İddiaçı q ərim X7”, “Qobustan şəhərində”, “torpaq sahəsinin” yazıları İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Məhkəmə razılıq ərizəsinin məzmunundakı əllə yazılmış sözügedən ifadələrin iddiaçı tərəfindən deyil, başqa şəxs tərəfindən yazılmış olması halını ağlabatan hesab edir və bildirir ki, bu yazıların notariat orqanının nümayəndəsi və ya hər hansı digər şəxs tərəfindən tərəflərin iradəsinə uyğun olaraq yazılması mümkündür. Lakin önəmli olan hal iddiaçının həmin razılıq ərizəsini imzalamaqla öz iradəsini bəyan etmiş olmasıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair” 12 avqust 2020-ci il tarixli Qərarında qeyd etmişdir ki, yazılı əqdin bağlanmasında vacib şərtlərdən biri tərəflərin onu imzalamasıdır. İmza iradə bəyan edən şəxsi müəyyənləşdirməyə imkan verən işarədir. Yazılı sənəd tərtib edilərkən orada əks olunan iradənin məhz müvafiq şəxsə aid olması ya qrafik, ya da elektron imza ilə işarələnmiş olur. Məqsəd bəyan olunan iradənin müvafiq şəxsdən gəldiyini təyin etməkdir. Hazırda 01 avqust 2013-cü ildə tərtib olunmuş 4-Ə-52 reyestr nömrəli notariat işinə əlavə edilmiş İddiaçı adından yazılmış 31 iyul 2013-cü il tarixli razılıq ərizəsindəki imzanın İddiaçı aid olması ekspert rəyi ilə də müəyyən edildiyindən bəyan olunan iradənin iddiaçıdan gəlməsini təyin etmək mümkün olur və iddiaçının ümumiyyətlə nədən bəhs edilməsindən məlumatsız olduğu bir sənədi imzalaması isə ağlabatan olmamaqla yanaşı, belə bir halın həqiqətən baş verməsi mümkün ola biləcəyi halda da belə, bunun mənfi nəticələri iddiaçının üzərində olacaqdır. Çünki iddiaçının imzalamadan öncə müvafiq sənədin məzmunu ilə tanış olması zəruri olmuşdur. Belə ki, hətta razılıq ərizəsinin məzmununun iddiaçı tərəfindən imzalandıqdan sonra doldurulmuş olması düşünülsə belə, iddiaçının onun məzmunundan xəbərsiz olmasına dair dəlili əsassız hesab ediləcəkdir, bunun səbəbi isə ərizənin məzmununda qeyd olunmuş “ünvanda yerləşən” və “satılmasına etiraz etmirəm” kimi ifadələrin əllə deyil, texniki vasitə ilə yazılmış olmasıdır. Bu isə onu deməyə əsas verir ki, iddiaçı artıq həmin razılıq ərizəsini imzalamaqla ən pis halda hansısa daşınmaz əmlakın satılması ilə bağlı məlumatlı olmuş, bu daşınmaz əmlakın əri X4 məxsus Qobustan şəhərində yerləşən torpaq sahəsi olmasından xəbəri olmuşdur. Bununla da, həmçinin iddiaçının notariat orqanına getməmiş olması qəbul olunsa belə, 01 avqust 2013-cü il tarixli alğı-satqı müqaviləsinin bağlanmasından xəbərsiz olması barədə dəlilinin tamamilə əsassız olması müəyyən edilir. Məhkəmə həmçinin iddiaçı tərəfin onun notariat orqanında olmaması da nəzərə alınmaqla notariusun qeydiyyat jurnalında iddiaçının adının qarşısında olan imzanın ona məxsus olmadığı barədə dəlilinin də hazırkı halda 01 avqust 2013-cü il tarixli müqavilənin etibarsız hesab edilməsinə əsas verməyəcəyini bildirir və qeyd edir ki, həmin müqavilənin bağlanılması üçün iddiaçının etməli olduğu yeganə hərəkət müvafiq razılığın verilməsi olmuşdur ki, bunu da o, 31 iyul 2013-cü il tarixli razılıq ərizəsini imzalamaqla icra etmişdir. İddiaçı tərəfin digər dəlili isə ondan ibarət olmuşdur ki, 01 avqust 2013-cü il tarixli alğı-satqı müqaviləsini Cavabdeh2 özü deyil, X8 imzalamış, bu müqaviləni imzalamağa sonuncunun səlahiyyəti olmamışdır. 01 avqust 2013-cü il tarixli müqavilənin Cavabdeh2 yerinə Bəgağa Abbasov tərəfindən imzalanmış olması onların özləri tərəfindən də təsdiq olunur. Lakin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuş X8 notarial qaydada təsdiq olunmuş 05 aprel 2013-cü il tarixli etibarnamənin surətini məhkəməyə təqdim etmişdir. Həmin etibarnamənin məzmunundan isə aydın olur ki, Cavabdeh2 həmin etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən, almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək, əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı və digər hərəkətləri etməyi 10 il müddətinə, yəni 05 aprel 2023-cü il tarixədək X6 etibar etmişdir. Göründüyü kimi, Cavabdeh2 onun adından müvafiq əqdlər bağlamaq səlahiyyətini hələ 01 avqust 2013-cü il tarixli müqavilə bağlanmazdan əvvəl Bəgağa Abbasova qanunla müəyyən edilmiş qaydada etibar etmiş, Bəgağa Abbasov isə 01 avqust 2013-cü il tarixli müqavilənin bağlanması zamanı həmin etibarnaməni notariusa təqdim etdiyini bildirmişdir. Bu baxımdan həmin etibarnamənin notariat işində olmamasının Bəgağa Abbasovun və ya Cavabdeh2 təqsiri üzündən baş verməsi mümkün deyil və bu halın mənfi nəticələri cavabdeh tərəfin üzərinə qoyula bilməz. Bununla yanaşı, məhkəmə bildirir ki, 01 avqust 2013-cü il tarixli müqaviləni Cavabdeh2 adından Bəgağa Abbasovun səlahiyyəti olmadan imzalaması halında belə, bu, həmin müqavilənin etibarsız hesab edilməsinə əsas verməyəcəkdir. Belə ki, Mülki Məcəllənin 360.1-ci maddəsinə əsasən, əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin. Mülki Məcəllənin 360.2-ci maddəsinə əsasən, təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 03 mart 2023-cü il tarixli Qərarında qeyd etmişdir ki, Mülki hüququn bəyənmə - sonradan verilən razılıq institutunu nəzərdə tutan Mülki Məcəllənin 357-ci maddəsinə əsasən, əqd bağlanmasının bəyənilməsi, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə (ex tunc) malikdir. Səlahiyyət verilməyən şəxsin bağladığı əqdin təmsil edilən tərəfindən bəyənilməsi, əqd bağlanan zaman əqdi bağlayan şəxsin səlahiyyətə malik olması kimi qiymətləndirilir və təmsil edilən şəxs üçün bütün müvafiq hüquqi nəticələrə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı) səbəb olur. Sonradan verilən razılığın nə zaman verilməsindən asılı olmayaraq, o əqdin bağlandığı andan əqdin tərəfi hesab edilir. Hüquqi təbiətinə görə əqdin bəyənilməsi birtərəfli əqd olaraq qəbul edilir, belə ki, onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir. Mülki Məcəllənin 355.2-ci maddəsinin “razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur” müddəası mahiyyət və məzmun etibarı ilə məhz bəyənmə hallarına aiddir. Bu nöqteyi-nəzərdən də hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən də göründüyü kimi, Cavabdeh2 Bəgağa Abbasova müvafiq səlahiyyət vermədən müqavilə sonuncu tərəfindən imzalanmış olsaydı da belə, Cavabdeh2 onun adından bağlanmış həmin müqaviləni bəyənmiş, bunu öz konkludent hərəkətləri ilə ifadə etmiş, həmin müqavilə üzrə yaranmış vəzifələrin icrasından imtina etməmişdir. Bu baxımdan həm də o nəzərə alınmalıdır ki, müqavilə üzrə müvafiq vəzifələri icra edərkən alğı-satqı məbləğini ödəmiş tərəfin həmin müqavilədən əmələ gələn hüququ keçən müddət ərzində daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmamış olması 01 avqust 2013-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi üçün əsas kimi çıxış edə bilməz. Hər bir halda iddiaçının əri Vahid Quliyev 01 avqust 2013-cü il tarixli müqaviləni Cavabdeh2 deyil, onun yerinə Bəgağa Abbasovun imzalamasından məlumatlı olmuş, bu zaman müqavilənin etibarlı olmasına dair Vahid Quliyev tərəfindən qarşı tərəfdə inam formalaşdırılaraq hər hansı bir etiraz edilməmişdir. Lakin əvvəlcə bu cür etiraz edilməsə də, hazırda Vahid Quliyevin arvadı olan iddiaçı tərəfindən bu hala istinad edilməsi dürüstlük qaydasına uyğun gəlmir. Belə ki, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan suiistifadə sayılır və qanunla qorunmur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Bu prinsipə uyğun olaraq, qanunverici mülkiyyətçinin öz hüquqlarından geniş istifadə səlahiyyətini hüquqdan sui-istifadə qadağası ilə məhdudlaşdırmışdır. Bu məhdudiyyət qanunda nəzərdə tutulmaqla yanaşı, yuxarıda qeyd edilən qanuni məqsədlərə xidmət edir. Çünki mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə sayılır, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Hazırda isə müəyyən olunan odur ki, 01 avqust 2013-cü il tarixli müqavilənin Cavabdeh2 yerinə Bəgağa Abbasov tərəfindən imzalanmasından məlumatlı olmasına baxmayaraq, iddiaçının əri Vahid Quliyev bu hala həmin vaxt etiraz etməyərək ona razılıq göstərmiş, müqavilənin icrasına nail olmuşdur. Ona görə də məhkəmə bildirir ki, iddiaçının hazırkı iddia ilə çıxış etmək üçün subyektiv hüququ mövcud olsa da, qanunvericilik onun bu hüququndan istifadəsini hüquqdan sui-istifadənin yolverilməzliyi prinsipi ilə məhdudlaşdırmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 sentyabr 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, dürüstlük əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva etməklə mülki hüququn təməl prinsiplərindən olan vicdanlılıq institutunun tərkib elementi hesab olunur. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Mülki Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.3-cü maddəsində hüquqdan sui-istifadəyə səbəb olan bəzi hallar sadalanmışdır. Bunlar müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi və s. kimi hallardır. Bundan başqa, iddiaçı iddia ərizəsində Mülki Məcəllənin həm 340.1-ci, həm də 340.2-ci maddələrinə istinad etmiş, lakin həmin normalarla bağlı hər hansı əsaslandırma aparmamışdır. Buna baxmayaraq, məhkəmə qeyd edir ki, bir müqavilə eyni zamanda həm uydurma, həm də yalan əqd hesab edilə bilməz. İddia ərizəsinin məzmunundan iddiaçının mövqeyinin 01 avqust 2013-cü il tarixli alğı-satqı müqaviləsinin onun tərəfləri arasındakı borc münasibətlərini pərdələmək niyyəti ilə bağlanmış olduğuna yönəlməsi müəyyən edilir. Lakin hazırda sözügedən müqavilənin yalan əqd hesab edilməsi üçün əsas mövcud deyil. Belə ki, Mülki Məcəllənin 340.2-ci maddəsinə əsasən, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2022-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xüsusilə qeyd etmişdir ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə uyğun olaraq məhkəmə bildirir ki, 01 avqust 2013-cü il tarixli alğı-satqı müqaviləsinin tərəfi olaraq satıcı kimi çıxış edən iddiaçının əri Vahid Quliyevdə yalan əqd bağlamaq niyyəti mövcud olsa da belə, bu cür niyyətin müqavilənin digər tərəfi olan Cavabdeh2 olması müəyyən edilmədiyindən MMin 340.2-ci maddəsi də tətbiq edilərək, müqavilə etibarsız hesab oluna bilməz. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə yekun olaraq belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair” iddiası təmin edilməməlidir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə MPM-in 107-ci və 119.1-ci maddələrinin tələblərini nəzərə alaraq bildirir ki, iddia təmin edilmədiyindən, 06 may 2025-ci il tarixli, 4/601 nömrəli ekspert rəyinin alınması üçün aparılmış ekspertiza tədqiqatının dəyəri olan 138 manat məbləğində ekspertiza xərci də iddiaçıdan tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair” iddiası təmin edilməsin. 06 may 2025-ci il tarixli, 4/601 nömrəli ekspert rəyinin alınması üçün aparılmış ekspertiza tədqiqatının dəyəri olan 138 manat məbləğində ekspertiza xərci İddiaçı tutularaq, X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** nömrəli hesaba köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar