Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-100/2024 27.02.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi qismində vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vərəsəlik hüququnun tanınması, mirasın qəbul edilməsi müddətinin bərpa olunması, mənzilə vərəsəlik hüququnun tanınması, mirasda payın müəyyən edilməsi, çıxarışın ləğvi tələbinə dair mülki işə məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, atası X7 və anası X2 varisi kimi tanınması, mirasın qəbul edilməsi müddətinin bərpa olunması, Cavabdeh adına rəsmiləşdirilmiş Quba şəhəri, Fətəlixan küçəsi 2B, blok 2, 16 saylı mənzilə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, həmin mənzilə 1/2 hissəyə onun mülkiyyətinin tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, atası X7 anası X5 ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar, xx xxxxx 1968-ci il tarixdə valideynlərinin birgə nikahından qardaşı Cavabdeh, 01 avqust 1969-cu il tarixdə isə mən İddiaçı Quba şəhərində doğulmuşdur. Atası mənzil növbəsində olmuş və onlara 13 iyul 1981-ci il tarixdə əvvəlki Qızıl Əsgər (indiki Fətəli xan) küçəsində 5 mərtəbəli yaşayış binasının 2-ci blokunda 3-cü mərtəbədə 3 otaqlı 16 nömrəli mənzil verilmiş və həmin tarixdən atası, anası, qardaşı və o həmin mənzildə yaşamışlar. 1982-ci ildə atası vəfat etmiş və həmin tarixdən sözügedən mənzildə üçü yaşamışlar. 1986-cı ildə anası da vəfat etmiş və qardaşı ilə o həmin mənzildə yaşamışlar. Göründüyü kimi, o və qardaşı gənc ikən hər iki valideynlərini itirərək yetim qalmışlar. Xalaları, valideynlərinin vəfatından sonra onu böyütmüşlər. 1986- 1988-ci illərdə qardaşı Cavabdeh, 1987- 1989-cu illərdə özü hərbi xidmətdə olmuşdur. Hərbiyə getməzdən əvvəl Quba şəhərində Quba X1 texnikasının texnik-mexaniki ixtisası üzrə əyani təhsilə qəbul olmuş, lakin hərbi xidmətlə bağlı təhsilini yarımçıq qoyub hərbi xidmətə getmişdir. 1989-cu ildə hərbi xidmətdən qayıtdıqdan sonra təhsilini davam etdirərək 1991-ci tarixdə bitirmişdir. Təhslini davam etdiyi müddətdə də yuxarıda qeyd etdiyi ünvanda yaşamışdır. 1992-ci ildə könüllü olaraq Quba batalyonu tərkibində Qarabağa getmişdir. X4 veteranıdır. Beləliklə, 1993-cü ilədək Quba şəhəri, Fətəlixan küçəsi 2B, blok 2 mənzil 16-da yaşamışdır, sonra Bakı şəhərinə köçmüş, qardaşı Ceyhun isə həmin evdə ailəsilə yaşamışdır. Hal-hazırda mənzildə heç kim yaşamır. Ceyhun da Bakıda yaşayır. Beləliklə, sözügedən mənzil valideynlərindən onlara miras qalmışdır. Lakin, mənzilin 1/2 hissəsi onun, 1/2 hissəsi isə qardaşı Ceyhunun olmasına baxmayaraq - Ceyhun müəmmalı şəkildə suiistifadə edərək mənzili bütünlüklə öz adına keçirərək daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. Hesab edir ki, qardaşı onun hüquqlarını və qanunla qorunan mənafelərini kobud şəkildə pozmuş, onun payını da özünküləşdirərək mənzili ələ keçirmişdir. Belə ki, atasının və anasının vəfatından sonra onlar həmin mənzildə yaşayıb və faktiki sahibliyi həyata keçirmişlər. Buna görə də, mənzil qanunvericiliyin tələbinə uyğun olaraq yarısı onun, yarısı isə qardaşı Ceyhuna aid olmalıdır. Qeyd edir ki, 2008-ci ilin may ayına kimi həmin mənzildə pasport qeydiyyatında olmuşdur. Cavabdehin nümayəndəsi qismində vəkili Vəkil tərəfindən elektron kabinet vasitəsilə iddiaya etiraz təqdim etmiş və etirazını onunla əsaslandırmışdır ki, iddia tələbi formal və əsassız tərtib edilmişdir. MPM-nin tələblərinə uyğun deyildir. Belə ki, MPM-yə əsasən 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan olduğu halda - iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməli, 2-ci növbədə iddia müddəti ötmüsdür. Belə ki, Mülki Məcəlləyə əsasən 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 3-cü növbədə qeyd edir ki, iddia ərizəsinin hüquqi əsası yoxdur, ona görə də məhkəmə tərəfindən iddia tələbi rədd edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını və onun vərəsəlik hüququnun tanınması, mirasın qəbul edilməsi müddətinin bərpa olunması, mənzilə vərəsəlik hüququnun tanınması, mirasda payın müəyyən edilməsi, çıxarışın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi qismində vəkili Vəkil izahatında iddianı qəbul etməyərək bildirmişdir ki, iddia ərizəsi MPM-nin tələbinə uyğun deyildir. Mülkiyyətçilər 1982-1986-cı illərdə vəfat etmiş, sonra iddiaçı həmin mənzildə yaşamamışdır, mənzil cavabdehin mülkiyyətində olmuşdur. Artıq 38 il keçmiş, uzun bir müddətdən sonra miras tələb eləmək qanunvericiliyin tələblərinə ziddir. İddaçı tərəfindən müddət ötürülüb. Hal-hazırda həmin mənzilin hüquqi sahibliyi X8 məxsusdur. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsi qimində vəkilinin izahatlarını dinləyib, sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmənin sorğusu əsasında iş materiallarına əlavə olunan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi idarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 69.8 kvm olan mənzil ilkin hüqumüəyyənedici sənədlərə (order) əsasən Cavabdeh adına xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli **********74-05101-093038 reyestr nömrəli çıxarışla rəsmləşdirilmişdir. Həmin mənzilə Bakı şəhəri 14 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli 4Ə-656 Alqı-satqı və İpoteka müqaviləsinə əsasən X6 adına xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışla qeydiyyata alınmışdır. İş materiallarında olan AZ-İİ 313817 seriya və nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.1982-ci il tarixdə vəfat etmiş, ölüm haqqında akt qeydləri kitabında xx.xx.1982-ci ildə 0076 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan AZ-İİ 313818 seriya və nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.1986-cı il tarixdə vəfat etmiş, ölüm haqqında akt qeydləri kitabında xx.xx.1986-cı ildə 0068 nömrə ilə qeyd edilmişdir. Quba regional “Asan Xidmət” mərkəzində notariat kontorunun 829 nömrəli məktubundan görünür ki, iddiaçı valideynlərindən qalmış mirası qəbul etmək və vərəsəlik hüququ haqqında şəhadətnamənin ona verilməsi haqqlnda etdiyi müraciətinə əsasən, ona mirasın qəbuletmə müddətinin ötürüldüyü, mirasa faktiki sahiblik eməsi barədə sübutlar təqdim etmədiyindən və s. ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkün olmadığı barədə məlumat verilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialının xx.xx.2024-cü il tarixli arxiv çıxarışlarından görünür ki, 07 may 1993-cü il mənzil bölüşdürmə komissiyasının qərarına əsasən, Quba şəhəri, Fətəlixan küçəsi 2B, yaşayış sahəsi 46.05 kvm olan 3 otaqlı, 16 saylı mənzili valideynlərinin vəfat etməsi ilə əlaqədar, Cavabdeh adına rəsmləşdirilmiş, orderdə dəyişiklik edilmişdir. 07 may 1993-cü il tarixli qərar Quba rayon İHB-nın 02 iyun 1993-cü il tarixli sərəncamı ilə təsdiq edilmişdir. Quba rayon İHB tərəfindən təsdiq olunmuş 02 iyun 1993-cü il tarixli 128 nömrəli orderin surətindən görünür ki, həmin order Quba şəhəri, Fətəlixan küçəsi 2B, yaşayış sahəsi 46.05 kvm olan 3 otaqlı, 16 saylı mənzili valideynlərinin vəfat etməsi ilə əlaqədar, Cavabdeh adına rəsmləşdirilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Sovet Sosialist Respublikasının 1964-cü il 11 sentyabr tarixli Qanunu ilə təsdiq olunmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 527-ci maddəsinə əssən vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Həmin Məcəllənin 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi ilə, yaxud ölmüş elan edilməsi ilə açılır. 01 oktyabr 2009-cu il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarlara mənzil istimar təşkilatı (belə təşkilat olmadıqdıqda isə, müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, miras əmlak olduğu iddia edilən mənzil dövlət mənzil fonduna aid mənzil olmaqla iddiaçının valideynləri tərəfindən icarə müqaviləsi əsasında istifadə və sahiblik edilmiş, həmin mənzil iddiaçının valideynlərinin mülkiyətində olmadığından, onlar rəhmətə gedən an üçün miras aktivi kimi müəyyən olunması mümkünsüz olmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı atası X7 və anası X2 varisi kimi tanınması, mirasın qəbul edilməsi müddətinin bərpa olunması, Cavabdeh adına rəsmiləşdirilmiş Quba şəhəri, Fətəlixan küçəsi 2B, blok 2, 16 saylı mənzilə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, həmin mənzilə 1/2 hissəyə onun mülkiyyətinin tanınmasına dair iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 119.1-ci, 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı vərəsəlik hüququnun tanınması, mirasın qəbul edilməsi müddətinin bərpa olunması, mənzilə vərəsəlik hüququnun tanınması, mirasda payın müəyyən edilməsi, çıxarışın ləğvi tələbinə dair iddia tələbləri təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №2(027)-100/2024
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-100/2024
27.02.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver