Məhkəmə qərarları › İş №2(027)-1032/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1032/2021

25.08.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1032/2021 25.08.2021 QUBA RAYON MƏHKƏMƏSİ Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X5 oğlunun katibliyi, İddiaçı-nin direktoru və nümayəndəsi X1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “qəzalı vəziyyətdə olan evin əvəzinin verilməsi ilə evdən çıxarılma” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 Quba şəhəri, SU- 81 yaşayış massivində yerləşən qəzalı vəziyyətdə olan evdən əvəzi ödənilməklə çıxarılması və həmin evin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Ona görə də, İddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 Quba şəhəri, SU-81 yaşayış massivində yerləşən qəzalı vəziyyətdə olan evdən əvəzi ödənilməklə, onlara İddiaçı tərəfindən Quba şəhərində inşa edilmiş (istifadəyə verilmiş) binadan 106 kv.metr tam təmirli mənzil verilməklə çıxarılması və həmin evin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Quba Rayon İcra Hakimiyyətinin 17 may 2018-ci il tarixli, 75 saylı sərəncamı ilə Quba şəhəri SU-81 yaşayış massivində yerləşən ümumi sahəsi 2,9 hektar olan, dövlət mülkiyyətindəki torpaq sahələrini əhatə edən ərazi mənzil fondunun yenilənməsi, qəzalı binaların sökülməsi, sakinlərin mənzilməişət şəraitinin yaxşılaşdırılması məqsədilə yeni ortamərtəbəli, çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması üçün İddiaçı-nin daimi istifadəsinə verilmişdir. Hazırda sərəncamın icrasından irəli gələn məsələlər mərhələli qaydada həll edilir, orada yaşayan sakinlər tam təmirli mənzillərlə təmin edilir. Şəhərin girişində, onun ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan mənzillərin yerində yeni müasir üslubda ortamərtəbəli, çoxmənzilli yaşayış binası tikilərək sakinlərin istifadəsinə verilmişdir. Həmçinin Ulu öndər Heydər Əliyevin adını daşıyan parkla üzbəüz yerləşən həmin ərazinin yenidən qurulması, orada olan qəzalı və şəhərin görünüşünə uyğun gəlməyən yaşayış sahələrinin yeniləri ilə əvəz edilməsi xüsusi əhəmiyyət daşıyır. Rayona gələn qonaqların ilk səfər edəcəkləri yer Ulu öndərin abidəsidir, bu halda həmin ərazinin görünüşünün şəhərsalma normalarına uyğun həyata keçirilməsi çox əhəmiyyətlidir. Hazırda qeyd olunan tikinti quruculuq işlərinin davam etdirilməsinə başlanılsa da, cavabdehlər həmin ərazidə yerləşən, İddiaçı-nin daimi istifadəsinə verilmiş torpaq sahəsinin üzərində yerləşən, 1950-ci illərdə inşa edilmiş, ümumi sahəsi 119,30 kv.metr olan evin yeni - hər bir şəraitə malik mənzillə əvəzləşdirilməsinə razılıq vermir. Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin, Quba Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin rəyindən, həmçinin Rayon İcra Hakimiyyəti və Quba Bələdiyyəsi tərəfindən tərtib edilmiş aktdan görünür ki, Quba şəhəri, SU-81 yaşayış massivi ərazisində aparılan tikinti-abadlıq işləri zamanı cavabdehlərin yaşadıqları mənzilin sağ və sol tərəfindən ona bitişik qonşu mənzillər sökülmüş, evə daxil olan komminikasiya (işıq, su və qaz) xətləri kəsilmişdir. Bina uzun müddət təmirsiz istismar olunduğundan fiziki aşınmalara məruz qalmış, köhnəlmişdir. Həmin evə bitişik olan yaşayış evlərinin söküntüsü zamanı divarlar və söküntü tullantıları tam təmizlənmədiyindən sökülməyən evə ciddi təhlükə yaratmaqla bərabər yaranmış antisanitariya yolverilməzdir. Ev ümumiyyətlə yaşayış üçün təhlükəli hesab edilir. Yaranmış vəziyyətlə əlaqədar həmin evdə yaşayan sakinlərin başqa yerə köçürülməsi və qəzalı vəziyyətdə olan evin sökülməsi zərurəti yaranmışdır. Cavabdehlərə bununla əlaqədar dəfələrlə edilmiş xəbərdarlıqlar və təkliflər heç bir səbəb olmadan geri çevrilmişdir. Onların bu hərəkətləri rayonda aparılan təmir-bərpa işlərinə və MMC-nin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsinə mane olmaqla yanaşı, qəzalı ev orada yaşayan şəxslərin və ətrafdakı sakinlərin həyatı üçün də təhlükə mənbəyidir. Qeyd olunan məsələ tərəflər arasında cavabdehlərin təqsiri üzündən həll edilə bilmədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında İddiaçı-nin direktoru və nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək, həmin evin ona mərhum anasından qaldığını, o evdən çıxmaq istəmədiyini, ətrafındakı evlərin söküldüyünü, 130 manat pensiya aldığını, qızı Nigarın isə 250 manat maaş aldığını, iddia tələbi ilə razılaşmadığını, evdən çıxmayacağını qeyd edərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba şəhəri, SU-81 yaşayış massivi ərazisində inşa edilmiş 1 mərtəbəli, 4 otaqlı, yaşayış evinin texniki vəziyyəti haqqında 12.02.2021-ci il tarixli rəydən görünür ki, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azər inşaat layihə” Dövlət Baş Layihə-Konstruktor və X2 şöbəsinin aparıcı mühəndisi Fərid Məhərrəmov, Quba RİHB aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri Şahin Aslanovla birlikdə Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin 29.01.2021-ci il tarixli 34/00262 nömrəli tapşırığına əsasən Quba şəhəri, SU-81 yaşayış massivi ərazisində Cavabdeh2 məxsus torpaq sahəsində inşa edilmiş 1 mərtəbəli, 4 otaqlı, yaşayış evinə vizual texniki baxış keçirmişlər. Yaşayış evi təxminən 1950-ci illərdə birmərtəbəli, kürsülü, 1 dəhlizli, 4 otaqlı, ümumi sahəsi 119.30 kv.metr olmaqla inşa edilmişdir. Evin ölçüləri 12,30 x 7,40 + 5,50 x 4,80 m, kürsünün hündürlüyü isə 0,60 metrdir. Xarici və daxili yükdaşıyan divarların qalınlığı 0,40 m, arakəsmə divarların qalınlığı isə 0,20 m olmaqla, mişarlanmış əhəngdaşından inşa edilmişdir. Döşəmə konstruksiyaları ağac materialından, örtük konstruksiyaları boşluqlu dəmir-beton plitələrdən quraşdırılmışdır. Dam örtüyü çardaq tipli olub, ağac konstruksiyalardan, örtüyü isə metal kirəmit vərəqələrdən ibarətdir. Quba şəhəri SU-81 yaşayış massivi ərazisində aparılan tikinti-abadlıq işləri zamanı Cavabdeh2 yaşadığı mənzilin sağ və sol tərəfdən ona bitişik qonşu mənzillər sökülmüş, evə daxil olan kommunikasiya (işıq, su və qaz) xətləri kəsilmişdir. Yaşayış binası uzun müddət təmirsiz istismar olunduğundan fiziki aşınmalara məruz qalmış, fiziki cəhətdən köhnəlmişdir. Xarici divarlarda suvaq qatının aşınması və tökülməsi hallarına rast gəlinir. Bitişik olan yaşayış evlərinin söküntüsü zamanı divarlar və söküntü tullantıları tam təmizlənmədiyindən sökülməyən evə ciddi təhlükə yaratmaqla bərabər yaranmış antisanitariya yolverilməzdir. Evin örtük tavasının əsas divarla birləşdiyi yerlərdə, tavalar arasında 15-20 mm enində aralanmalar və əyinti hallarına rast gəlinir. Dam örtüyünün sağ və sol hissələrinin sökülməsi nəticəsində atmosfer suları evin tavanında, divarlarında ağac konstruksiyalarında yolverilməz nəmişlik yaradır. Evin perimetri boyu antiseysmik kəmərləri yoxdur. Ev sahibi evə daxil olmağa icazə vermədiyi üçün evin daxilinə baxış keçirmək mümkün olmamışdır. Bitişik hissələrin söküntüsü zamanı evin konstruksiyaları yerdəyişmələrə və qismən deformasiyalara uğramışdır ki, buda yaşayış üçün təhlükəli hesab olunur. Evin texniki vəziyyəti yolverilməzdir. Yaşayış evində olan bu fəsadların təbii fəlakətlə əlaqəsi yoxdur. İş materiallarında olan 15.12.2020-ci il tarixli aktdan görünür ki, Quba şəhəri SU-81 yaşayış massivi ərazisində aparılan tikinti-abadlıq işlərinə nəzarət edilməsi məqsədilə əraziyə baxış keçirilmişdir. Baxış keçirilərkən müəyyən edildi ki, həmin ünvanda yerləşən vətəndaş Cavabdeh2 yaşadığı 1950-ci illərdə inşa edilmiş 1 mərtəbəli 4 (dörd) otaqlı, 1 (bır) dəhlizli ümumi sahəsi 119,30 kv.metr olan fərdi yaşayış evi qəzalı vəziyyətdədir. Belə ki, fərdi yaşayış evinə şimal və cənub tərəfdən bitişik qonşu yaşayış evləri sökülmüş, nəticədə sözügedən vətəndaşın evinin yan divarlarında böyük həcmli çatlar yaranmış, həmçinin dam örtüyü tamamilə yararsız vəziyyətə düşmüşdür. Yuxarıda qeyd edilmiş səbəblərdən bu mənzildə yaşayış insan həyatı üçün təhlükə yaradır. Yaranmış bu vəziyyətdə qar və yağış yağan zaman yaranan yağıntı sularının mənzilin daxilinə axaraq sağlamlıq üçün təhlükəli şəraitin yaranmasına səbəb olduğu müəyyən edilmişdir. Sözügedən fərdi yaşayış evinin qəzalı vəziyyətdə olmasını, orada yaşayan vətəndaşların həyatının və sağlamlığının təhlükə qarşısında qaldığını nəzərə alaraq sakinlərin başqa yerə köçürülməsi, qəzalı vəziyyətdə olan evin sökülməsi zərurəti yaranmışdır. İş materiallarında olan, Quba Rayon İcra Hakimiyyəti Başçısının 17.05.2018-ci il tarixli, Quba şəhəri SU-81 yaşayış massivi ərazisində qəzalı binaların sökülərək yerində ortamərtəbəli, çoxmənzilli yaşayış binalarının tikintisi ilə əlaqədar torpaq sahəsinin ayrılması, şəhərsalma əsaslandırılmasının təsdiq olunması və tikinti obyektlərinin layihələndirilməsinə icazə verilməsi barədə sərəncamından görünür ki, Quba şəhəri SU-81 yaşayış massivində yerləşən ümumi sahəsi 2,9 hektar olan, dövlət mülkiyyətindəki torpaq sahələrini əhatə edən ərazi mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə yeni ortamərtəbəli, çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması üçün İddiaçı-nin daimi istifadəsinə verilmişdir. İddiaçı öz vəsaiti hasabına hər ay kirayə haqqı ödənilməklə orada yaşayan sakinlərin kirayəyə köçürülməsini, gələcəkdə sakinlərin tam təmirli mənzillərlə təmin olunmasını, vətəndaşlarla qarşılıqlı razılıq əsasında müqavilələrinin bağlanılmasını və tikililəri söküləcək ərazidəki xüsusi mülkiyyətdə torpaq sahələrinin qısa müddət ərzində qarşılıqdı razılıq əsasında öz mülkiyyətinə keçirməsini təmin etməlidir. Əvvəlcədən razılaşdırılaraq ayrılmış sahəsi 2,9 hektar olan ərazidə qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış və qeyri-yaşayış binalarının sökülərək yerində inşası nəzərdə tutulan ortamərtəbəli, çoxmənzilli yaşayış və qeyri-yaşayış binalarının tikintisinin layihələndirilməsinə və sənədləşdirilməsinə razılıq verilmişdir. İş materiallarında olan Quba şəhəri, SU-81 yaşayış massivi ərazisində cavabdehlərin yaşadıqları 1 mərtəbəli, 4 otaqlı, yaşayış evinin fotoşəkillərindən görünür ki, mübahisə predmeti olan ev qəzalı vəziyyətdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 08.06.2021-ci il tarixli məktubundan görünür ki, Quba şəhəri, SU-81 yaşayış massivində Cavabdeh1 adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 05.08.2021-ci il tarixli məktubundan görünür ki, Quba şəhəri, SU-81 yaşayış massivində Cavabdeh2 adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarında olan Quba RİHB-nın Quba şəhəri, İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 14.06.2021-ci il tarixli məktubdan görünür ki, Quba şəhəri, SU-81 yaşayış massivində yerləşən yaşayış evlərinin əksəriyyəti Quba rayon İstismar Sahəsinin balansındadır. İş materiallarında olan Quba RİH-nin Mənzil İstismar Sahəsinin 30.07.2021-ci il tarixli məktubundan görünür ki, Quba şəhəri, SU-81 kommunal evdə yaşayanlar Cavabdeh1 və Cavabdeh2 adına order tapılmamışdır. Quba Mənzil İstismar Sahəsinin şəxsi vərəqəsində kirayəşin Cavabdeh2 mənzilinin yaşayış sahəsi 33.6 kv.metr, otaqlarının sayı 2 ədəddir. Cavabdeh2 yaşadığı mənzil Quba Mənzil İstismar Sahəsinin balansındadır. İş materiallarında olan "xxxx" MMC-nin 28.07.2021-ci il tarixli rəyindən görünür ki, Cavabdeh2 məxsus olan ünvan 1 ünvanında yerləşən 4 otaqlı mənzilin 28.07.2021-ci il tarixə olan bazar dəyəri 28.000 manat, likvid dəyəri 24.000 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin 28.07.2021-ci il tarixli rəyindən görünür ki, İddiaçı-yə məxsus olan Quba şəhəri, Heydər Əliyev prospekti, girişlər 562, 654, 566, 568 və 570 ünvanında yerləşən 3 otaqlı mənzilin 28.07.2021-ci il tarixə olan bazar dəyəri 125.000 manat, likvid dəyəri 106.000 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, Quba Rayon İcra Hakimiyyətinin başçısının 17.05.2018-ci il tarixli sərəncamı ilə əlaqədar Quba şəhəri SU-81 yaşayış massivi ərazisində qəzalı binaların sökülərək yerində ortamərtəbəli, çoxmənzilli yaşayış binalarının tikintisi İddiaçı-yə həvalə edildiyindən, qeyd olunan MMC-nin hazırki tələblə məhkəmədə iddia irəli sürməyə subyektiv hüququ var. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən hər fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qununla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Quba Rayon İcra Hakimiyyətininin başçısının 17 may 2018-ci il tarixli, 75 saylı sərəncamı ilə Quba şəhəri SU-81 yaşayış massivində yerləşən ümumi sahəsi 2,9 hektar olan, dövlət mülkiyyətindəki torpaq sahələrini əhatə edən ərazi mənzil fondunun yenilənməsi, qəzalı binaların sökülməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə yeni ortamərtəbəli, çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması üçün İddiaçı-nin daimi istifadəsinə verilmişdir. Cavabdehlər 1950-ci illərdə inşa edilmiş, ümumi sahəsi 119,30 kv.metr olan evin yeni - hər bir şəraitə malik mənzillə əvəzləşdirilməsinə razılıq vermirlər. Müvafiq qurumlar tərəfindən verilmiş rəylərdə göstərilmişdir ki, ərazisində aparılan tikinti-abadlıq işləri zamanı cavabdehlərin yaşadıqları mənzilin sağ və sol tərəfindən ona bitişik qonşu mənzillər sökülmüş, evə daxil olan komminikasiya xətləri kəsilmişdir. Bina uzun müddət təmirsiz istismar olunduğundan fiziki aşınmalara məruz qalmış, köhnəlmişdir. Həmin evə bitişik olan yaşayış evlərinin söküntüsü zamanı divarlar və söküntü tullantıları tam təmizlənmədiyindən sökülməyən evə ciddi təhlükə yaratmaqla bərabər yaranmış antisanitariya yolverilməzdir. Ev ümumiyyətlə yaşayış üçün təhlükəli hesab edilir. Yaranmış vəziyyətlə əlaqədar həmin evdə yaşayan sakinlərin başqa yerə köçürülməsi və qəzalı vəziyyətdə olan evin sökülməsi zərurəti yaranmışdır. Həmçinin ev mərkəzi parkla, qarşıqarşıya yerləşir. Rayona gələn qonaqların ilk səfər edəcəkləri yer qeyd edilən ərazidir. Bu halda həmin ərazinin görünüşünün şəhərsalma normalarına uyğun həyata keçirilməsi çox əhəmiyyətlidir. Həmçinin orada yaranmış vəziyyət cavabdehlərlə yanaşı, qonşuların hüquqlarına və qanuni mənafelərinə zərər vurur, yanğın təhlükəsizliyi, sanitariya-gigiyena və ekoloji tələblərə cavab vermir. Qeyd olunan ev hazırda Quba Mənzil İstismar Sahəsinin balansındadır və cavabdehlər bununla əlaqədar mülkiyyət hüquqlarını təsdiq edən hərhansı bir sənədi məhkəməyə təqdim etməmişlər. Onların adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Cavabdehlərə İddiaçı tərəfindən Quba şəhərində inşa edilmiş (istifadəyə verilmiş) binadan 106 kv.metr tam təmirli, çıxarışla mülkiyyət hüququ cavabdehlərə verilməklə mənzil təklif edilsə də, onlar heç bir əsaslı səbəb göstərmədən bundan imtina etmişlər. Hal-hazırda həmin ərazidə yaşayan şəxslərlə "xxxx" MMC arasında müqavilələr bağlanmış, onlar mənzillərini yeni mənzillərlə əvəz etmək üçün yaşayış sahələrini tərk etmiş, inşa ediləcək binanın təmir işlərinin yekunlaşmasını və yeni mənzillərinə köçürülmələrini gözləyirlər. Lakin cavabdehlərin bu hərəkətləri İddiaçı-nin öhdəliklərinin yerinə yetirilməsinə maneə yaradır və layihənin qanunla müəyyən edilmiş müddətdə tamamlanmasına imkan vermir. Bununla da, cavabdehlər həmin ərazidə yaşayan şəxslərin qanunla qorunan mülkiyyət hüquqlarını və mənafeylərini pozur. Bundan başqa iş materiallarında olan "xxxx" MMC-nin rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzilin 28.07.2021-ci il tarixə olan bazar dəyəri 28.000 manat məbləğində, İddiaçı-yə məxsus olan Quba şəhəri, Heydər Əliyev prospekti, girişlər 562, 654, 566, 568 və 570 ünvanında yerləşən 3 otaqlı mənzilin 28.07.2021-ci il tarixə olan bazar dəyəri isə 125.000 manat məbləğində qiymətləndirilmişdir. İddiaçının cavabdehə təqdim etdiyi ev cavabdehə məxsus olan evin dəyərindən 4 dəfə artıq olduğu müəyyən edilmişdir. Cavabdehlərin iddiaçının təqdim etdiyi evə köçürülmələri onların yaşayış və rifahlarının yaxşılaşmasına, maddi və mənəvi cəhətdən müsbət təsir göstərəcəkdir. Qeyd edilən binada yaşayan bina sakinləri kimi cavabdehlərin təmirli və təhlükəsiz mənzildə yaşamaq hüquqları vardır. Cavabdehlərin hal-hazırda yaşadıqları ünvan 1 ünvanında yerləşən mənzilə mülkiyyət hüquqlarını müəyyən edən hər-hansı bir sənədləri mövcud deyildir. Beləki, həmin mənzil Quba rayon İstismar Sahəsinin balansındadır. Buna baxmayaraq, iddiaçı cavabdehlərə tam təmirli, mülkiyyət hüquqlarını müəyyən edən sənəd əsasında mənzil təqdim edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.3-cü maddəsinə əsasən dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 15-ci maddəsinə əsasən yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Məhkəmə hesab edir ki, cavabdehlərin istifadəsində olan evin istismara yararsız və qəzalı vəziyyətdə olması, həmçinin həmin yaşayış sahəsinin orada yaşayanlar və ətrafdakılar üçün təhlükə mənbəyi olduğu müəyyən olunduğundan, evin sökülməsi və cavabdehlərin həmin evdən əvəzi ödənilməklə çıxarılması ilə bağlı tələb tam əsaslıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31.05.2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edən Şəhərsalma və Tikinti Məcəlləsinin bir sıra maddələrinin nəzərdən keçirilməsini məqsədəmüvafiq hesab edir. Qeyd edilən Məcəllənin 3.0.20-ci maddəsinə görə, tikinti obyektinin yenidən qurulması (rekonstruksiyası) – obyektin mövcud təyinatının dəyişdirilməsi və ya istismar keyfiyyətinin müasirləşdirilməsi məqsədilə müvafiq layihə əsasında yeni texnologiyaların tətbiqi, yaxud yeni bina və ya qurğuların inşası, o cümlədən mühəndis-kommunikasiya təminatı xətlərinin quraşdırılması ilə bağlı tikinti-quraşdırma və buraxılış-sazlama işlərinin yerinə yetirilməsidir. Həmin Məcəllənin 4.1 və 4.2-ci maddələrinə əsasən, şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin qorunmasından ibarətdir. Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsi, həmçinin Azərbaycan Respublikası ərazisində insan üçün əlverişli və sağlam yaşayış, iş və istirahət mühitinin yaradılması baxımından fərqlərin azaldılması və tədricən aradan qaldırılması şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətlərindəndir. Ərazi planlaşdırılması dövlət ehtiyacları və ya şəhərsalmanın məqsədləri baxımından həyata keçirilir. Ərazi planlaşdırılması şəhərsalmanın nizamlı inkişafını və torpaqların sosial baxımdan ədalətli istifadəsini təmin etməli, ictimaiyyətin rifahına uyğun olmalı, insan üçün əlverişli və sağlam ətraf mühitin təşəkkül tapmasına, həyat üçün zəruri təbii əsasların qorunmasına və inkişaf etdirilməsinə xidmət etməlidir. Ərazi planlaşdırılması sənədlərinin hazırlanması zamanı ictimai və fərdi maraqlar ədalətli şəkildə tarazlaşdırılmalıdır (Şəhərsalma və Tikinti Məcəlləsinin 17-ci maddəsi). Konstitusiya Məhkəməsinin Plenumu xüsusilə vurğulayır ki, Azərbaycan Respublikasında torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətləri tənzimləyən normalar “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu və Mülki Məcəllə ilə müəyyən edilmişdir. Həmin Qanunun 3-cü maddəsində torpağın alına biləcəyi dövlət ehtiyacları sadalanmışdır. Bu maddəyə əsasən, yalnız dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi və dəniz limanının ərazisinin artırılması hallarında torpaqların dövlət ehtiyacları üçün alınmasına yol verilir. Konstitusiyanın 13 və 29-cu maddələrinin tələblərinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mənzil Məcəlləsinin 28.1-ci maddəsinə əsasən, mülkiyyətçi ona məxsus mənzilin (yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtlı-vaxtında əsaslı təmir etmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşıyır. Həmin Məcəllənin 28.3-cü maddəsinə müvafiq olaraq, mənzilin (yaşayış binasının) mülkiyyətçisi bu Məcəllənin 28.1-ci maddəsində göstərilən vəzifəsini yerinə yetirmədikdə kirayəçilərin, qonşuların və ya digər maraqlı şəxslərin, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) iddiası əsasında mənzilin (yaşayış binasının) qəza vəziyyətində olması barəsində məhkəmə tərəfindən qərar qəbul edilə bilər. Həmin qərarda qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) təmiri üçün ağlabatan müddət müəyyən olunmalıdır. Bu təmir qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçisi tərəfindən və onun hesabına həyata keçirilir. Məcəllənin 28.4-cü maddəsinə görə, qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçiləri bu Məcəllənin 28.3-cü maddəsində nəzərdə tutulan məhkəmə qərarını müəyyən edilmiş müddətdə icra etmədikdə və ya ümumiyyətlə dərhal tələb olunan təmirdən imtina etdikdə, qəza vəziyyətində olan mənzil (yaşayış binası) məhkəmənin qərarı ilə açıq hərracda tələb olunan təmiri həyata keçirməyə razılıq verən şəxsə satılmalıdır. Həmin məhkəmə qərarında, həmçinin məhkəmə tərəfindən müstəqil qiymətləndiricinin təklifləri nəzərə alınmaqla mənzilin (yaşayış binasının) açıq hərraca çıxarılacaq qiyməti müəyyən olunur. Mənzil Məcəlləsinin qeyd edilən maddələri məhz qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçisi tərəfindən yenidən qurulmasının və (və ya) yenidən planlaşdırılmasının əsaslarını və qaydalarını tənzimləyir. Həmin maddələr Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq həyata keçirilən və əsas məqsədlərindən biri insanların həyatına, sağlamlığına, əmlakına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınması olan şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin reallaşdırılması və qəzalı mənzil fondunun yenidən qurulması prosesində tətbiq ediləcək norma kimi qəbul edilə bilməz. Həmçinin nəzərə almaq lazımdır ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Ona görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) də bu məsələyə dair oxşar hüquqi mövqelər ifadə etmişdir. Məhkəmə mülkiyyət hüququna müdaxilə ilə bağlı qeyd etmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin ən mühüm və əsas tələbi ondan ibarətdir ki, dövlət orqanı tərəfindən mülkiyyətə istənilən müdaxilə tam qanuni olmalıdır. Konvensiya baxımından qanunçuluq tələbi dövlətdaxili hüquq normalarının qanunun aliliyi prinsipi ilə uzlaşması deməkdir (“Kuşoğlu Bolqarıstana qarşı” iş üzrə 2007ci il 10 may tarixli Qərar). Avropa Məhkəməsinin presedent hüququna əsasən, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (“Broniovski Polşaya qarşı” iş üzrə 2004-cü il 22 iyun tarixli Qərar, §148, 150; “Skordino İtaliyaya qarşı” iş üzrə 2006-cı il 29 mart tarixli Qərar, § 93). Göstərilən hüquqi mövqelərə əsaslanaraq qeyd olunmalıdır ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə, həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması fərqli yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətləri iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. Məhkəmə qeyd edir ki, qanunvericilikdə uçmaq təhlükəsi olan, istismar müddəti bitmiş və qəzalı vəziyyətdə olan yaşayış evlərinin sakinlərinin köçürülməsi yerli icra hakimiyyətinin hesabına həyata keçirilməli olmasına baxmayaraq, mübahisəli mənzilin yerləşdiyi ərazi Quba Rayon İcra Hakimiyyətinin sərəncamı ilə tikinti məqsədləri üçün iddiaçıya ayrıldığından, tikinti və digər işlərin həyata keçirilməsini İddiaçı öz üzərinə götürdüyündən, cavabdehlərə MMC tərəfindən Quba şəhərində inşa edilmiş (istifadəyə verilmiş) binadan 106 kv.m tam təmirli mənzil verilməklə, onların mübahisəli evdən çıxarılması və həmin evin sökülməsi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Quba şəhəri, SU-81 yaşayış massivində yerləşən onların sahibliyində olan qəzalı vəziyyətdə olan evdən əvəzi ödənilməklə, onlara İddiaçı tərəfindən Quba şəhərində inşa edilmiş (istifadəyə verilmiş) binadan 106 kv.metr tam təmirli mənzil verilməklə çıxarılsınlar və həmin ev sökülsün. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar