Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1076/2025 04.07.2025 QUBA RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh İstehsalat Birliyinə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş Açar sözlər: “qaz sərfiyyatına görə hesablanmış borcun silinməsi” Hakim Kamilli Günel Hakim qızının sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi ilə Tərəflərin iştirakı olmadan İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ
1. xx.xx.2021-ci il tarixli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” müqaviləsinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını (İddiaçı) keyfiyyətli qazla təmin edir. İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir.
2. Azəriqaz İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 24 yanvar 2023-cü il tarixli, “0379019” saylı akta əsasən abonentə məxsus evə baxış keçirərkən sayğacın giriş plastmas borusunun dəlindiyi, normadan artıq xətalar olduğu, sayğacın nominal və minimal sərfiyyatda nisbi xəta ilə işlədiyi, hesablama mexanizminin nominal və minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmədiyi və sayğacın istismara yararsız olması qeyd olunmuşdur.
3. Dəymiş ziyanın bərpasına dair 31 yanvar 2023-cü il tarixli tələbnaməyə əsasən 24 yanvar 2023-cü il tarixli, “0379019” nömrəli akta əsasən **********03720 saylı abonent kodu üzrə qaz itkisi 4x24x90=8640 olmaqla cəmi 8640 m3 hesablanmışdır.
4. Quba rayonu, Barlı Bələdiyyəsinin 05 fevral 2025-ci il tarixli arayışına əsasən İddiaçı, Quba rayonu, Barlı kəndi yerləşən 0.12 ha torpaq sahəsində tikilmiş bir mərtəbəli 4 otaqdan ibarət evdə ailə üzvləri ilə birlikdə yaşayır.
5. Abonent saldosuna əsasən Quba rayonu, Qəçrəş kəndində yerləşən yaşayış evinə aid **********03720 saylı abonent kodu (İddiaçı) üzrə itirilmiş qazın bərpası üçün 1036,80 manat məbləğində borc hesablanmışdır.
II. MƏHKƏMƏDƏ İCRAAT
a) İddia tələbi və iddia tələbinin dəlilləri
6. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təbii qazdan istifadə qaydalarının pozulması haqqında 24 yanvar 2023-cü il tarixli 0379019 nömrəli akt və itirilmiş qazın bərpası üzrə komissiya qərarı əsasında əsassız olaraq hesablanmış 1036 manat 80 qəpik məbləğində ziyanın silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Ərizə onunla əsaslandırılmışdır ki, o, ailəsi ilə birlikdə Quba rayonunun Barlı kəndində yaşayır. Yaşayış evinə Qaz İdarəsi tərəfindən qaz sayğacı quraşdırılmış və o, istifadə etdiyi təbii qazın pulunu sayğacın göstəricilərinə əsasən ödəmiş, heç bir borcu da olmamamışdır. 2022-ci dekabr ayında RQİİ-nin işçiləri evinə gələrək evinə quraşdırılmış qaz sayğacını dəyişdirərək yenisi ilə əvəz etmişlər və bu barədə akt tərtib etmişlər. Qaz sayğacı çıxarıldıqdan sonra keçən müddət ərzində onun hər hansı bir nasazlığı barədə qaz idarəsinin əməkdaşları ona heç bir iradlarını bildirməmişlər. Çıxarılan qaz sayğacı istifadəyə yararlı vəziyyətdə olmuş və həmin sayğacın göstəricilərinə əsasən o, istifadə etdiyi təbii qazın pulunu ödəmişdir. Qaz sayğacı çıxarılandan sonra yaxın vaxtlarda qaz idarəsinin əməkdaşları evinə gəlib ona bildirmişlər ki, evindən çıxarılmış qaz sayğacı laboratoriyaya göndərilmiş və guya onun sayğacında nöqsan aşkar edilməsi barədə rəyi verilmişdir. Onlar bu barədə 24 yanvar 2023-cü il tarixli ******* №-li akt tərtib olunduğunu və komissiya qərarına əsasən ona 1036 manat 80 qəpik məbləğində ziyan hesablandığını, onun hesablanmış ziyanı ödəməli olduğunu bildirmişlər. O, tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 24 yanvar 2023-cü il tarixli ******* saylı akt əsasında yazılmış komissiya qərarı ilə qəti razı deyil. Bu barədə ona yaxın vaxtlarda məlum olmuşdur. Belə ki, onun istifadəsində olduğu müddətdə sayğaca nə o, nə də ailə üzvləri heç bir müdaxilə etməmişlər. Hər ay qaz idarəsinin işçiləri sayğaca baxış keçirir, eləcə də qaz sərfiyyatı haqda bildiriş tərtib edirlər və bu vaxt sayğaca hər hansı bir müdaxilə halını onlar müşahidə etməli idi. Belə olan halda sayğaca müdaxilə olması ən çox bir ay ərzində nəzarətdən yayınma bilərdi. Bundan başqa sayğac küçədə quraşdırıldığına görə hesab edir ki, o, sayğacın təhlükəsizliyinin təmin edilməsinə görə məsuliyyət daşımır. Belə olduqda istənilən halda kənar şəxs belə sayğaca toxuna və müdaxilə edə bilər.
b) İddiaya qarşı etirazın dəlilləri
8. İddiaya qarşı etiraz təqdim olunmamışdır.
c) İşdə iştirak edən şəxslər və onların izahatları
9. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, əvvəlki məhkəmə iclasında iddianı müdafiə edərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
10. Cavabdeh İB müəyyən olunmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. 11.Məhkəmə, Azərbaycan Respublikası МPМ-nin 185.5-ci maddəsinə əsasən, işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
III. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
12. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
13. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi)
TƏTBİQ EDİLƏN HÜQUQ
14. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» xx.xx.1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən, Qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir.
V. MƏHKƏMƏNİN MÖVQEYİ
15. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, Cavabdeh İB tərəfindən Quba rayonu, Barlı kəndinə yerləşən fərdi yaşayış evinə məxsus sayğaca baxış keçirilməsi zamanı sayğacın giriş plastmas borusunun dəlindiyi, normadan artıq xətalar olduğu, sayğacın nominal və minimal sərfiyyatda nisbi xəta ilə işlədiyi, hesablama mexanizminin nominal və minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmədiyi aşkar edilərək 24 yanvar 2023-cü il tarixli, ******* nömrəli akt tərtib edilmiş, həmin akt əsasında **********03720 saylı abonent koduna ümumilikdə 1036,80 manat məbləğində borc hesablanmışdır. Qeyd edilən fakt iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş abonent saldosundan da müəyyən olunur.
16. Qanunvericiliyin təhlilindən görünür ki, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması qaz paylayıcısının vəsaiti hesabına həyata keçirilir. Həmçinin fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. 17.Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsaslanaraq məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən qaz sayğacının zədələnməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsini təsdiq edən sübutlar təqdim edilməmişdir. Halbuki, həm Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsi, həm də qeyd olunan Qaydaların 4.9-cu bəndinin 2-ci cümləsinə görə bu halı sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Lakin cavabdeh üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmiş və iddiaçı tərəfindən sayğaca müdaxilə edilməsini təsdiq edən sübutları təqdim etməmişdir. Həmçinin nəzərə alınır ki, sayğac iddiaçının yaşadığı evin sərhədlərindən kənarda yerləşdirilmişdir. 18.Beləliklə də, hazırki mülki iş üzrə istehalkçı qismində çıxış edən iddiaçının qazdan istifadə edilməsi zamanı qaz paylayıcısına qeyd edilən məbləğdə ziyan vurması halının müəyyən edilməsi mümkün olmamışdır.
Vİ Nəticə
19. Yuxarıda sadalanan halları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh əməkdaşları tərəfindən itirilmiş qazın bərpası üçün 24 yanvar 2023-cü il tarixli, “0379019” nömrəli akt və “İtirilmiş qazın bərpası üzrə” komissiya qərarı əsasında hesablanmış 1036,80 (bir min otuz altı manat, səksən qəpik) manat məbləğində cərimə borcu **********03720 saylı abonent hesabından silinməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh İB tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 24 yanvar 2023-cü il tarixli, “0379019” saylı akt və “İtirilmiş qazın bərpası üzrə” komissiya qərarı əsasında İddiaçı hesablanmış 1036,80 (bir min otuz altı, səksən qəpik) manat məbləğində borc **********03720 kodlu abonent hesabından silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Günel Kamilli