Məhkəmə qərarları › İş №2(027)-1091/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1091/2022

04.05.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1091/2022 04.05.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “qanunsuz hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Azəriqaz" İB-nin Xaçmaz X4 İdarəsinin əməkdşları tərəfindən tərtib olunmuş 30.12.2021-ci il tarixli, № ******* saylı Akt və həmin akt əsasında dəymiş ziyanın bərpasına dair 30 dekabr 2021ci il tarixli tələbnaməyə əsasən hesablanmış 432 manat məbləğində borcun onun abonent hesabından silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Quba rayonu, Bağbanlı kəndində yerləşən ona məxsus yaşayış evində ailəliklə yaşayırlar. Qaz paylayıcısı olan Cavabdeh ilə aralarında bağlanmış qazın alqı-satqısı barədə müqaviləyə əsasən həmin ünvanda yerləşən yaşayış evi qazla təchiz olunmuş və qaz sayğacı quraşdırılmışdır. Digər abonentlər kimi, onlar da hər ay istifadə etdikləri qaz sərfiyyatına görə mütəmadi olaraq qaz borclarını ödəyirlər. Bildirir ki, Cavabdeh əməkdaşları 24 iyun 2021-ci il tarixdə yaşayış evlərinə quraşdırılmış qaz sayğacını çıxararaq yeni sayğac ilə əvəzləşdirmişlər. Bundan sonra Cavabdeh əməkdaşları xəbərləri və iştirakları olmadan yaşayış evinə quraşdırılmış sayğaca baxış keçirərək, sayğacın hesablama mexanizminin qoruyucu plasmas qapağının yan tərəfdən əzilib daxili qulaqcıqlarında-əzik-cızıq izləri aşkar olması barədə 30 dekabr 2021-ci il tarixli, № ******* saylı akt tərtib olunmuşdur. Cavabdeh tərəfindən 30 dekabr 2021-ci il tarixli tələbnamə tərtib olunmuş və 432 manat məbləğində dəymiş ziyan (borc) hesablanmışdır. İddiaçı bildirmək istəyir ki, onlar, istifadə etdikləri qaz sərfiyyatının borcunu vaxtlı-vaxtında ödəmişlər, hazırda da qaz borcunu mütəmadi ödəyirlər. Ziyan aktının tərtib olunmasından sonradan xəbəri olmuş və sayğaca dəymiş ziyan olaraq hesablanmış 432 manat borcun qanunsuz hesablanması barədə Cavabdeh Quba rayon şöbəsinə müraciət etmişdir. Ona həmin aktın və tələbnamənin əsillərini deyil, surətlərini vermişlər. O, həmin borcla razılaşmır. Həmin akt və tələbbnamə əsassız olaraq tərtib olunmuşdur. Bundan əlavə iddiaçı qeyd etmək istəyir ki, sayğac küçədə quraşdırılmış, qanunun tələblərinə uyğun kənar müdaxilələrdən qorumaq üçün müvafiq örtüklə örtülməmiş, qutuya yerləşdirilməmişdir. Onların sayğaca müdaxilə etməyə heç bir ehtiyacları olmamışdır. İddiaçı hesab edir ki, Cavabdeh Xaçmaz X4 İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş Akt və həmin akt əsasında dəymiş ziyanın bərpasına dair tələbnamə ləğv edilməli və həmin tələbnaməyə əsasən hesablanmış 432 manat məbləğində borc abonent hesabından silinməlidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, bildirdi ki, o, sayğaca heç bir müdaxilə etməmişdir. Həmin akt üzrə hesablanmış borc əsassızdır. Göstərilənləri nəzərə alaraq, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh İB-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan: “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 24.06.2021-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, Quba rayonu, Bağbanlı kəndində yerləşən, İddiaçıə məxsus fərdi yaşayış evində 12631188 nömrəli sayğac çıxarılmış və əvəzində STS**********165 nömrəli sayğac quraşdırılmışdır; Xaçmaz RQİİ-nin 30.12.2021-ci il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, Quba rayonu, Bağbanlı kəndində yerləşən, İddiaçıə məxsus fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına AR DNŞ-nin Cavabdeh İB-nin qaz sayğacının yoxlanılması: AKT MSK-29/1710-05107-1 saylı rəyinə əsasən 12631188 nömrəli sayğaca ümumi baxış keçirilmiş, sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilmişdir, daxili qulaqcıqlarında əzik-cızıq izləri var və dəymiş ziyan hesablanmışdır; -X1 30 dekabr 2021-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamənin” surətindən müəyyən olunur ki, İddiaçıə məxsus Quba rayonu, Bağbanlı kəndində yerləşən fərdi yaşayış evində quraşdırılmış sayğacda qaz işlədicilərindən qaz sayğacının nominal qaz sərfi 4 m3, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabatın aparılması və hesablanmış məbləğin 4x12x90=4320 m3 olaraq ödənilməsi qərara alınmış, qərarın verilməsi üçün əsas 30.12.2021-ci il tarixli, ******* saylı akt olmuşdur; **********01990 kodlu abonentin saldosundan görünür ki, abonent İddiaçı müdəmadi olaraq aktiv şəkildə qazdan istifadə etmiş və istifadə etdiyi qaza görə ödəniş etmiş, həmin 432 manat borc kimi qalıq və akt əsasında hesablanmış cərimə borcudur. Beləliklə, məhkəmə iclasında işin halları ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilərək, yenisi ilə əvəz edilmişdir. Sayğacın dəyişidirməsi zamanı tərtib edilmiş “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli aktda sayğacın dəyişdirilməsinin səbəbi kimi “əvəzləmə” göstərilmiş, sayğacın nasaz vəziyyətdə olması, hər hansı bir hissəsinin zədələnməsi, plombun tamlığına müdaxilə edilməsi kimi qeydlər isə aktda ümumiyyətlə qeyd olunmamışdır. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır; 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar; 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən qaz sayğacına müdaxilə edilməsi faktını təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən cavabdeh tərəfindən iddiaçı barəsində qazdan istifadə qaydalarının pozulmasına dair tərtib edilmiş akt əsaslı ola bilməz. Sayğaca müdaxilənin iddiaçı tərəfindən edildiyi sübut olunmadığına görə həmin akta əsasən hesablanmış 432 (dörd yüz otuz iki) manat məbləğində pulun iddiaçıdan alınması da əsassız olmuşdur. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, qaz sayğacı iddiaçının cavabdehliyi sərhəddində quraşdırılmamışdır. Bilavasitə iddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əsassız olaraq 432 (dörd yüz otuz iki) manat məbləğində əlavə sərfiyyat hesablanmışdır. Belə ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, cavabdeh dəyişdirilmiş qaz sayğacının dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Beləliklə, şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək, "Azəriqaz" İB-nin əməkdaşları tərəfindən 30.12.2021-ci il tarixli, ******* saylı akt əsasında tərtib olunmuş 30.12.2021-ci il tarixli tələbnamə ləğv edilməli və həmin tələbnaməyə əsasən hesablanmış 432 (dörd yüz otuz iki) manat məbləğində borc İddiaçı abonent hesabından silinməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.1-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1000 (bir min) manatadək olduqda 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulur; 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar; 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. "Azəriqaz" İB-nin əməkdaşları tərəfindən 30.12.2021-ci il tarixli, ******* saylı akt əsasında tərtib olunmuş 30.12.2021-ci il tarixli tələbnamə ləğv edilsin və həmin tələbnaməyə əsasən hesablanmış 432 (dörd yüz otuz iki) manat məbləğində borc İddiaçı abonent hesabından silinsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar