Məhkəmə qərarları › İş №2(027)-1111/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1111/2022

06.07.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1111/2022 06.07.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “aktın etibarsız hesab edilməsi və borcun silinməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli aktın etibarsız hesab edilməsi və həmin akt əsasında borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, dəymiş ziyanın bərpasına dair tələbnamənin ləğv edilməsi və 216 (iki yüz on altı) manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddian müdafiə edərək, iddiasının təmin edilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Quba şəhəri, Ağamirzə Əhmədov kü., ev 3 nömrəli fərdi yaşayış evi ona məxsusdur. Ona təqdim olunmuş, Cavabdeh İB-nin “Bildiriş xəbərdarlıqdan bəlli olub ki, adına 216 (iki yüz on altı) manat məbləğində borc yaranmışdır. Mübahisədən sonra həmin məsələ ilə bağlı Cavabdeh İB-nin Quba rayon sahəsindən ona təqdim edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” AKT № ******* saylı aktın surətindən göründüyü kimi aktın həqiqi məzmunu nə hərfi mənaya görə, nədə ki, ağlabatan mühakimə əsasında müəyyənləşdirilməmişdir. Yəni akt etibarsızdır. Bundan başqa, ona təqdim edilmiş “Abonent saldosu”-dan göründüyü kimi avqust 2021-ci il tarixdə barəsində 216 (iki yüz on altı) manat məbləğində borc qeydə alınmışdır. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” AKT № ******* saylı aktla əlaqəli tarixsiz “Dəymiş ziyanın bərpasına dair tələbnamə”də göstərilir, “qaz sayğacının nominal qaz sərfi 4m3 orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin”. Ona təqdim edilmiş, təbii qazdan istifadə qaydalarının pozulması haqqında” AKT № ******* saylı aktla əlaqəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 15 avqust 2021-ci il tarixli, AKT № ******* saylı aktdan göründüyü kimi həmin tarixdə onun yaşayış sahəsinə aid qaz sayğacı sadəcə “əvəz etmə” kimi çıxarılaraq digəri ilə əvəz edilmişdir. Sayğacda hər hansı bir texniki nöqsan aşkar edilməmişdir. Hesab edirə ki, onun yaşayış sahəsində təbii qazdan istifadə ilə bağlı cavabdehin hərəkətləri və onun tərtib etdiyi “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” AKT № ******* saylı akt və həmin akt əsasında itirilmiş qazm bərpası üçün hesablanmış borc qanunsuz və əsassızdır. Bu səbəbdən məhkəməyə müraciət etmək qərarına gələrək, dəymiş ziyanın bərpasına dair tələbnamənin ləğv edilməsi və 216 (iki yüz on altı) manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdehnə qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Оnа görə də Azərbaycan Respublikası МPМ-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə cavabdeh Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə İddiaçı dinləyib, məhkəmə baxışında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azəriqaz İB-nin əməkdaşları tərəfindən abonent İddiaçı adına tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 31 avqust 2021-ci il tarixli ******* nömrəli akta əsasən abonentin mənzilinə baxış keçirirkən sayğacın çıxış plastmas borusu deşilməsi səbəbindən 2160 m3 həcmində qaz itkisi olduğu göstərilmişdir. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair təlabnamənin surətindən görünür ki, İddiaçı məxsus Quba şəhəri, Ağamirzə Əhmədov kü., ev 3 nömrəli fərdi yaşayış evə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 2160 m3 həcmində qaz itkisi, 216 (iki yüz on altı) manat borc hesablanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.9-cu maddəsinə əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları"nın 4.2-ci bəndinə görə qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Bu Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaydaların 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Məhkəmə qeyd edir ki, hesablaşma cihazı olan qaz sayğacı iddiaçının cavabdehliyi sərhədindən kənar quraşdırıldığından bu sayğacda olan hər hansı qüsura görə o, cavabdehlik daşımır. Göründüyü kimi Cavabdeh İB-nin əməkdaşları maddi ziyan vuran, təqsirli və hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) hərəkət və ya hərəkətsizliyə yol verən şəxsi düzgün müəyyən etməmişlər. Bundan başqa Cavabdeh İB qaz sayğacının zədələnməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsinə dair mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Beləliklə məhkəmənin gəldiyi qənaətə görə iddia tələbi təmin olunmalı, Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli ******* nömrəli akt əsasında tərtib edilmiş təlabnamə ləğv edilsin, ünvan 1 ünvanında yerləşən yaşayış evinə dair İddiaçı adına olan abonent hesabına hesablanmış 216 (iki yüz on altı) manat məbləğində pul vəsaiti abonent bazasından silinməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli ******* nömrəli akt əsasında tərtib edilmiş təlabnamə ləğv edilsin, ünvan 1 ünvanında yerləşən yaşayış evinə dair İddiaçı adına olan abonent hesabına hesablanmış 216 (iki yüz on altı) manat məbləğində pul vəsaiti abonent bazasından silinsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar