Məhkəmə qərarları › İş №2(027)-1127/2021

Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-1127/2021

29.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-1127/2021 29.04.2021 QUBA RAYON MƏHKƏMƏSİ Mən, Quba Rayon Məhkəməsinin hakimi Seyidov Vüqar Mircuma oğlu, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunamsına dair ərizəsi üzrə mülki işin materiallarını nəzərdən keçirib, m ü ə y y ə n e t d i m: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialı tərəfindən verilmiş 15 mart 2021-ci il tarixli 248 nömrəli arxiv arayışının 02 dekabr 2010-cu ildə ölmüş əri X4 məxsus olması faktını müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edirəm ki, ərizə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə riayət edilmədən verildiyi üçün, onun məhkəmə icraatı qeyri-mümkündür. Belə ki, Azərbaycan Respublikası MPM-nin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30-39-cu fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə, hüquqi faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədlərin ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə əsasən ərizədə ərizəçinin tələbi və bu tələbin əsaslandırıldığı hallar dəqiq göstərilməli, həmin Məcəllənin 149.2.5-ci maddəsinin mənasına görə hüquqi faktı təsdiq edən sənədləri başqa qaydada ala bilməməsi barədə sənədlər ərizəyə əlavə olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən oluna bilər. Ərizədən görünür ki, ərizəçinin əri X3 ölüm haqqında şəhadətnaməsində adı səhvən X1 qeyd olunmuşdur. Belə olan halda ərizəçi həmin hüquqmüəyyənedici sənədin, yəni ölüm haqqında şəhadətnamənin ərinə məxsus olması faktının müəyyən edilməsi barədə tələb qoymalıydı ki, bunu da etməmişdir. Ərizədə 15.03.2021-ci il tarixli 248 nömrəli arxiv arayışının 02 dekabr 2010-cu ildə ölmüş X4 məxsus olması faktının müəyyən edilməsi tələbi mücərrəd, absurd və aydın olmayan bir tələbdir. Həmçinin ərizəyə əlavə olunmuş İ-JQ seriyalı, 297326 №li nikahın bağlanması haqqına şəhadətnamədə də ərizəçinin ərinin adı X2 qeyd olunduğu göstərilmişdir. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 307-ci maddəsində belə bir hüquqi faktın məhkəmə tərəfindən müəyyən edilməsi nəzərdə tutulmamışdır. Ona görə də məhkəmə hesab edir ki, ərizə geri qaytarılmalı və ərizəçiyə ərizənin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149-152, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunamsına dair ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılsın. Ərizəçi izah edilsin ki, ərizənin qaytarlıması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar