Məhkəmə qərarları › İş №2(027)-1132/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1132/2025

30.07.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1132/2025 30.07.2025 QUBA RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə Açar sözlər: qaz sərfiyyatına görə hesablanmış borcun silinməsi Hakim Kamilli Günel Hakim qızının sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ

1. Azəriqaz İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2017-ci il tarixli, “0133108” saylı akta əsasən abonentin mənzilinə baxış keçirərkən ******* nömrəli sayğacın zavod qurğuşun plombu plasmas qapağın üzərində aşkar olunmamışdır.

2. Dəymiş ziyanın bərpasına dair xx.xx.2017-ci il tarixli təlabnaməyə əsasən xx.xx.2017-ci il tarixli ******* nömrəli akta əsasən **********03540 saylı abonent kodu üzrə qaz itkisi 1.2x6x90=648; 0.75x18x90=1215 olmaqla cəmi 1863 kub.m hesablanmışdır.

3. xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, İddiaçı G4 ******* saylı sayğaca dəymiş ziyana görə 92.21 manat məbləğində pul ödənişi etmişdir.

4. Abonent saldosuna əsasən Quba rayonu, İİ Nügədi kəndində yerləşən mənzilə aid **********03540 saylı abonent kodu (İddiaçı) üzrə itirilmiş qazın bərpası üçün 327,60 manat məbləğində borc hesablanmışdır.

II. MƏHKƏMƏDƏ İCRAAT

a) İddia tələbi və iddia tələbinin dəlilləri

5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-nin, Xaçmaz RQİİnin Quba XS-nin əməkdaşlarının tərtib etdiyi 28 dekabr 2017-ci il tarixli, ******* saylı AKT əsasında, **********03540 saylı abonent kodu üzərinə hesablanmış 372,60 məbləğində borc pulun abonent bazasından silinməsi və yeni qaz sayğacının quraşdırılması üçün ödədiyi 92.21 manat pulun ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Ərizə onunla əsaslandırılmışdır ki, Quba rayonu, İkinci Nügədi ünvanında yerləşən mənzilində olan qaz sayğacı (abonent N **********03540) onun adınadır. O, istifadə etdiyi qazın pulunu həmişə vaxtında ödəmişdir. Cavabdeh Xaçmaz X5 İdarəsinin (Xaçmaz RQİİ) Quba Xidmət Sahəsinin (ünvan 2i ünvanındakı mənzilində istifadəsində olan qaz sayğacı üçün “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı AKT tərtib edərək istifadəsində olan qaz sayğacını növbədən kənar yoxlamaya göndərmək məqsədilə xəttən ayıraraq, əvəzində ona 92,21 manat məbləğində pulunu ödətdirməklə yeni sayğac quraşdırdılar və sayğacın plombunu sökərək əvəzinə yeni plomb vurdular. Bundan sonra qazdan istifadə etməmişdir. Sonradan ona məlum olmuş ki, 2017-ci ilin dekabr ayı üçün akt əsasında mənzilinin sayğacına 372,60 manat borc hesablanmışdır. Bu borc 28 dekabr 2017-ci il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib olunmuş AKT üzrə hesablanmışdır. Aktda sayğacın zavod qurğuşun plombu plasmas qapağın üzərində hesablama mexanizminin şüşəsinə zavod plombu plasmas qapağın üzərində üzərində aşkar olunmamışdır.

b) İddiaya qarşı etirazın dəlilləri

7. İddiaya qarşı etiraz təqdim olunmamışdır.

c) İşdə iştirak edən şəxslər və onların izahatları

8. İddiaçı nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. 9.İş üzrə Cavabdeh İB müəyyən olunmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. 10.Məhkəmə, Azərbaycan Respublikası МPМ-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

III. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

11. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

12. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi)

TƏTBİQ EDİLƏN HÜQUQ

13. «İstehlakçıların müdafiəsi haqqında» xx.xx.1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən, Qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir.

V. MƏHKƏMƏNİN MÖVQEYİ

14. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, Cavabdeh İB tərəfindən Quba rayonu, İkinci Nügədi kəndində yerləşən mənzilə məxsus sayğaca baxış keçirilməsi zamanı sayğacın zavod qurğuşun plombu plasmas qapağın üzərində aşkar edilərək 28 dekabr 2017-ci il tarixli, ******* nömrəli akt tərtib edilmiş, həmin akt əsasında **********03540 saylı abonent koduna ümumilikdə 372,60 manat məbləğində borc hesablanmışdır. Qeyd edilən faktı iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş abonent saldosundan da müəyyən olunur.

15. Qanunvericiliyin təhlilindən görünür ki, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması qaz paylayıcısının vəsaiti hesabına həyata keçirilir. Həmçinin fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. 16.Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsaslanaraq məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən qaz sayğacının zədələnməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsini təsdiq edən sübutlar təqdim edilməmişdir. Halbuki, həm Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsi, həm də qeyd olunan Qaydaların 4.9-cu bəndinin 2-ci cümləsinə görə bu halı sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Lakin cavabdeh üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmiş və iddiaçı tərəfindən sayğaca müdaxilə edilməsini təsdiq edən sübutları təqdim etməmişdir. Həmçinin nəzərə alınır ki, sayğac iddiaçının yaşadığı evin sərhədlərindən kənarda yerləşdirilmişdir. 17.Beləliklə də, hazırki mülki iş üzrə istehalkçı qismində çıxış edən iddiaçının qazdan istifadə edilməsi zamanı qaz paylayıcısına qeyd edilən məbləğdə ziyan vurması halının müəyyən edilməsi mümkün olmamışdır.

18. Həmçinin, iddiaçı G4 ******* saylı sayğaca dəymiş ziyana görə 92.21 manat məbləğində edilmiş ödənişin cavabdehdən tutulmasını xahiş etmişdir.

19. Yuxarıda sadalanan qanunvericilik normalarının tələbindən də müəyyən olunduğu kimi istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması qaz paylayıcısının, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Hazırki iş üzrə iddiaçının sayğacın zədələnməsi ilə bağlı təqsiri sübuta yetirilməmişdir. Odur ki, məhkəmə bu hissədə də iddianı əsaslı hesab edir.

20. Yuxarıda sadalanan halları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh əməkdaşları tərəfindən itirilmiş qazın bərpası üçün 29 dekabr 2017-ci il tarixli, “0133108” nömrəli akt əsasında hesablanmış 372,60 (üç yüz yetmiş iki manat, altmış qəpik) manat məbləğində cərimə borcu **********03540 saylı abonent hesabından silinməli, İddiaçı tərəfindən sayğaca dəymiş ziyana görə ödənilmiş 92.21 (doxsan iki manat iyirmi bir qəpik) manat məbləğində pul Cavabdeh İB-dən alınaraq iddiaçıya ödənilməlidir . Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia təmin edilsin. Cavabdeh İB tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2017-ci il tarixli ******* saylı akta əsasən İddiaçı hesablanmış 372,60 (üç yüz yetmiş iki manat, altmış qəpik) manat məbləğində borc **********03540 kodlu abonent hesabından silinsin. İddiaçı tərəfindən sayğaca dəymiş ziyana görə ödənilmiş 92.21 (doxsan iki manat iyirmi bir qəpik) manat məbləğində pul Cavabdeh İB-dən alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Günel Kamilli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar