Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1140/2024 11.07.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı akt əsasında hesablanmış borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 16 fevral 2024-cü il tarixində 317880 nömrəli akt əsasında hesablanmış 773,55 manat məbləğində pulun onun abonent kodu üzərindən silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Quba rayonu Bərqov kəndində yaşayayır və cavabdeh "xxxx" ASC-ilə bağladığı müqaviləyə əsasən elektrik enerjisindən istifadə qaydalarını yoxlamaq üçün 16 fevral 2024-cü il tarixində evinə gəlib sayğac üçün baxış keçirəcəklərini bildirdilər və naqillərə baxış keçirib, əlavə xətt çəkdiyini bildirdilər. O, elektrik enerjisindən istifadə sayğacına gedən xəttin onlar tərəfindən çəkildiyini və qanunu elektrik xətti olduğunu və əlavə xətdən istifadə etmədiyini bildirmiş, lakin onlar 317880 nömrəli akt tərtib etmişlər. Lakin aktla razılaşmadığı üçün akta imza etməmişdir. xx.xx.2024-cü il tarixdə cavabdeh təşkilatdan ona bildiriş gəlmiş və həmin bildirişə əsasən onun 773,55 manat cərimə olduğu qeyd olmuşdur. O, həmin borcla razılaşmadığı üçün hazır ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. İddia ərizəsinə əlavə etdiyi fotoşəkillərdən aşkar olur ki, o sayğaca müdaxilə etməmişdir. Məhkəmə iclasında İddiaçı ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi S.Əhmədov daha sonra məhkəməyə ərizə ilə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını və iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia tələbinə etiraz verərək bildirmişdir ki, İddiaçı "xxxx" ASC-yə qarşı hazırki iddia tələbi mövcud qanunvericiliyin tələblərinə zidd və əsassız olduğu üçün hüquqdan sui-istifadə hesab edilərək təmin olunmamalıdır. Belə ki, 16 fevral 2024-cü il tarixdə "Azərişıq” ASC-nin əməkdaşları tərəfindən abonentə məxsus elektrik hesabat sayğacına EEİQ-nin uyğun baxış keçirilərkən məlum oldu ki, fərdi yaşayış evini qidalandıran sayğacdan kənar budaqlanma yolu ilə en kəsiy sahəsi 2x8 mm-lik aliminum naqil ilə istifadə edir. Bu faktla əlaqədar AKT R 317880 saylı akt əsasında 798.98 manat məbləğində itirilmiş elektrik enerjisinin dəyərinə uyğun olaraq hesabat aparılmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, cavabdehin ərizəsini, işdə olan sənədləri, tam, hərətəfli və obyektiv tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş İddiaçı adına tərtib olunmuş xx.xx.2024-cü il tarixli, 317880 saylı aktdan göründüyü kimi, elektrik sayağacına baxış keçirən zaman fərdi yaşayış evini qidalandırma sayğacındakı kənar budaqlanma yolu ilə en kəsiyi sahəsi 2x8mm2 (alminum) naqil ilə istifadə etdiyi müəyyən olunmuşdur. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 17ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə qaydaları”nın 8.17.1-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır Həmin Qaydaların 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Qaydaların 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş İddiaçı adına tərtib olunmuş xx.xx.2024-cü il tarixli, 317880 saylı akta əsasən elektrik sayağacına baxış keçirən zaman fərdi yaşayış evini qidalandırma sayğacındakı kənar budaqlanma yolu ilə en kəsiyi sahəsi 2x8mm2 (alminum) naqil ilə istifadə etdiyi müəyyən olunmuşdur. İddiaçı həmin kənar xəttin qoşulmasından məlumatı olmadığını bildirsə də, bununla bağlı məhkəməyə sübut təqdim etməmişdir. Təqdim olunmuş görüntüdə sayğacdan kənar budaqlanma yolu ilə naqilin mövcudluğu müəyyən olunur. Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında dəfələrlə qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd edilən mülki hüquq normalarını və mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından belə qənaətə gəlinir ki, iddiaçı öz iddia tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Ona görə də, iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 287-ci maddəsinə əsasən, Dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarının, habelə başqa orqanların aktlarının qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi aktı və ya qərarı qəbul etmiş orqanın üzərinə düşür. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı akt əsasında hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №2(027)-1140/2024
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1140/2024
11.07.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver