Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1152/2024 15.05.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə və Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Xaçmaz X5 İdarəsinin Quba Xidmət Sahəsinin əməkdaşları tərəfindən tərtib olunmuş Təbii qazdan istifadə qaydalarının pozuntusu haqqında 07 dekabr 2023-cü il tarixli ******* nömrəli aktın, həmin akt əsasında qəbul edilmiş qərarın etibarsız hesab edilməsi, həmin akt əsasında hesablanmış 37584 m3 qaz sərfiyyatının və həmin sərfiyyata görə hesablanmış 4510,08 manat məbləğində pulun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ailəsilə birlikdə Quba rayon, Qəcər-Zeyid kəndində yerləşən özünə məxsus yaşayış evində yaşayır. Fərdi istehlakçı kimi o, "Qaz təchizatı haqqında" AR Qanunun 11-ci maddəsinin 6-cı hissəsinə əsasən cavabdehlə bağladığı "Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqısatqısı barədə" xx.xx.2022-ci tarixli 313xx-xx/2022 №-li Müqaviləyə əsasən yaşayış evində təbii qazdan istifadə edir. Həmin müqavilə 7.3-cü bəndinə əsasən (indiyədək qüvvədədir) istehlak etdiyi təbii qazın haqqını həmişə ödəmişdir. 07 dekabr 2023-cü il tarixdə X6 İstismar İdarəsinin (RQİİ) Quba Xidmət Sahəsinin nümayəndələri onun evinə gedən, lakin evindən aralıda, küçədə quraşdırılmış smartkart (əvvəldən ödənişli) tipli qaz sayğacına baxış keçirdilər. Ona heç bir səbəb göstərmədən və razılığı olmadan ona məxsus fərdi evin həyətin hasarına çıxaraq sayğacdan sonrakı ev daxili qaz xətlərinə də baxış keçirmişlər. O, onlara bu barədə öz iradını bildirdikdə onlar cavabında qaz xətlərinə baxdığını deyərək suallarına cavab vermədən uzaqlaşmışlar. O, həmin gün evdə tək olmuş və hər hansı tanımadığı yad kişilərin həyətinin hasarına çıxaraq evə və həyət içərisinə baxması onu çox qorxutmuş və o, dərhal yoldaşına telefonla zəng edərək bu barədə məlumat vermişdir. Sonra yoldaşı onu sakitləşdirmiş, daha sonra onları kənddə axtarmış və onlar artıq getmişlər. xx.xx.2023-cü il tarixdə onlar Xaçmaz RQİİ-nin Quba xidmət sahəsində olmuş və bu hadisə ilə əlaqədar onlara məlumat vermişlər. Onlara bu məlumatdan xəbərdar olduqlarını dilə gətirərək guya evdə təbii qazdan qeyri-qanuni istifadə edilməsi halı aşkar etdiklərini və buna görə də onları cərimə etdiklərini demişlər. O, etirazını bildirərərk, qeyri-qanuni qazdan istifadə etmədiyini, evdə öncədən ödənişli smartkart tipli sayğac olduğunu, nə istifadə edirsə əvvəlcədən ödəniş edib istifadə etdiyini və bütün istifadə etdiyi qazın sayğacdan keçdiyini demişdir. Sayğac istifadə etdiyi qazın sərfini qeyd edir. Onun etirazına məhəl qoymadan barəsində xx.xx.2023-cü il tarixli ******* nömrəli təbii qazdan istifadə qaydaların pozulması haqqında akt tərtib etmişlər və ona guya qazdan qanunsuz istifadə etdiyinə görə 4510 manat 08 qəpik borc hesablamışlar. İndi də ondan həmin borcun ödənilməsini tələb edirlər, əks təqdirdə qaz təchizatını kəsəcəkləri ilə hədələyirlər. Qeyd etmişdir ki, 2022-ci ilin avqust ayında evindən aralıda, küçədə ona məxsus fərdi evinə gedən qaz xətti üzərinə əvvəlcədən ödənişli smartkart tipli qaz sayğac quraşdırılmışdır. Cavabdeh məhkəməyə iddia tələbinə etiraz ərizəsi ilə müraciət edərək onunla əsaslandırmışdır ki, İstehsal Birliyinə qarşı “Qazdan istifadə Qaydaları”nın tələbinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunmasının aşkar edilməsi ilə əlaqədar tərtib olunan aktın ləğv edilməsi, əsassız hesablanmış pul məbləğinin silinməsi tələbinə dair" iddia ərizəsi ilə Quba rayon Məhkəməsinə müraciət elmişdir. İddia ərizəsində qeyd edilir ki, Cavabdeh İB tərəfindən tərtib edilmiş akta istinadən Quba rayonunun Qəcər-Zeyid kəndində yerləşən ona məxsus fərdi yaşayış evinə əsassız yazılmış 5410.08 manat borc pulun silinməsi barədə qətnamə qəbul edilsin. Aşağıda göstərilən sübut və dəlillərdən aydın olur ki, İddiaçı iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, abonentin qaz xətlərinə, qaz sayğacına və qaz işlədici cihazlarına 07 dekabr 2023-cü il tarixdə Xaçmaz RQİİ-nin İstehlakçılara satılan qaza Nəzarət şöbəsinin və Quba xidmət sahəsinin satış xidmətinin işçiləri tərəfindən baxış keçirilmişdir. Baxış zamanı İddiaçı evinin qaz xəttinin üzərində quraşdırılmış sayğacdan əvvəl xəttə qoşulmuş rezin boru vasitəsi ilə evinə qaz xətti aparıldığı və təbii qazdan qanunsuz istifadə edildiyi aşkar edilmişdir. Abonent İddiaçı barəsində xx.xx.2023-cü il tarixli ******* saylı “Təbii qazdan istifadə Qaydaları”nın pozulması haqqında akt tərtib edilərək 37584 m3 və ya 4510.08 manat itirilmiş qazın ziyanı onun abonent koduna işlənilmişdir. İddiaçı qanunsuz yolla təbii qazdan istifadə etməsi halının aşkarlanması video çəkilişlə həyata keçirilmiş, abonentin fərdi yaşayış evinə çəkilmiş qanunsuz qaz xəttinin görüntüləri tam aydın şəkildə video çəkilişdə öz əksini tapmışdır (disk etiraza əlavə edilir). İddiaçı iddia ərizəsində onun evində sayğacdan kənar qaz xəttinin mövcudluğunu etiraf etmiş, lakin aktda göstərilən qaz işlədici cihazların onun evində istifadə edilmədiyini qeyd elməklə itirilmiş qazın bərpası üçün aparılan hesabatdan narazılığını bildirmişdir. Halbuki, İddiaçı qaz işlədici cihazlarında sərf olunan təbii qazın itkisi qanunvericiliyə edilmiş və 23 iyun 2023-cü il tarixdən qüvvəyə minmiş dəyişiklik nəzərə alınaraq aparılmışdır. Video çəkilişlə abonentin evi ilə təbii qazdan qanunsuz çəkilmiş rezin boru vasitəsi ilə istifadə edilməsi halı tam aydın şəkildə əks olunmuşdur. Buna görə də o, evdə qanunsuz istifadə olunan təbii qazın bərpası üçün ziyan onun koduna hesablanmış və onun tərəfindən ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinə əsasən Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayrılmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyinə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Belə ki, təbii qazdan qanunsuz qoşulma ilə istifadə halları nəticəsində dəymiş zərərin hesablanması həmin Qaydaların 6.5-3-cü bəndində göstərilir ki, sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarında qanunsuz xətt dərhal qazpaylayıcı şəbəkədən ayrılmaqla qazın verilməsi dayandırılmalı, etibarlılığının və təhlükəsizliyinin müəyyən edilməsi məqsədi ilə qaz paylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyərinin qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və qaz sayğacının markası nəzərə alınmaqla yenidən hesablanmalıdır. İddiaçı evində qaz xəttində quraşdırılmış qaz işlədici cihazların saatlıq qaz sərfi nəzərə alınmaqla itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Göründüyü kimi, İddiaçı üçün sayğacdan kənar xətlə təbii qazdan istifadəyə görə ziyan Qaydalara tam uyğun hesablanmışdır. 80 saylı Qərarın 1.3 bəndinə uyğun olaraq abonentlə qazpaylayıcı arasında bağlanmış qazın alqı-satqısı haqqında müqavilənin 2.2.5-ci bəndinə əsasən Qazpaylayıcı İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində, habelə abonentlə bağlanmış Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini İstehlakçıdan tələb etmək hüququna malikdir. Bununla da aydın olur ki, iddiaçının tələbi Qanuna, sübut və dəlillərə əsaslanmır, İddiaçı öz şəxsi mülahizələrinə və fərziyyələrinə uyğun irəli sürdüyü fikirləridir. Yuxarıda göstərilənlərə görə İddiaçı iddia tələbi Məhkəmə tərəfindən əsassız sayılmalı və təmin edilməməlidir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək, bildirmişdir ki, Cavabdeh əməkdaşları tərəfindən kənar xətdən istifadə edilməsi video görüntü ilə qeydə alınmışdır. (həmin görüntü SD diskə köçürülərək məhkəməyə təqdim edilmişdir) Ona görə də iddianı təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Xaçmaz RQİİ-nin Quba XS-nin xx.xx.2023-cü il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, Quba rayonu, Qəcər-Zeyid kəndində yerləşən, İddiaçı məxsus fərdi yaşayış evinə baxış keçirərkən, sayacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. İş materiallarında olan abonentin saldosundan görünür ki, İddiaçı 2023-cü il üzrə 4510,08 manat məbləğində borcu vardır. İş materiallarında olan DVD diskə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, xx.xx.2023-cü il tarixdə İddiaçı Quba rayonu, Qəcər-Zeyid kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman (sayğac nömrəsi qeyd edilməklə) sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları"nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. (4.9). Müəyyən olunmuşdur ki, İddiaçı təbii qaz abonenti kimi qeydiyyatdadır. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixində tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktında qeyd olunmuşdur ki, İddiaçı Quba rayonu, Qəcər-Zeyid kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar edilmişdir. Həmin akta əsasən iddiaçının (abonentin) bazasındakı abonent koduna ümumilikdə 4510,08 manat məbləğində itirilmiş qazın dəyəri hesablanmışdır. İddiaçı onun tərəfindən sаyğаcа hər hаnsı müdаxilə edilməməsini, onun təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sаyğаcın zədələnməməsini qeyd etsə də, DVD diskə baxış keçirilən zaman təbii qazdan qeyri-qanuni istifadə edildiyi müəyyən edilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Yuxarıda qeyd edilən mülki hüquq normalarını və mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı tərəfindən öz iddia tələblərinin əsası qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməmişdir. Ona görə də, onun iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-1152/2024
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1152/2024
15.05.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver