Məhkəmə qərarları › İş №2(027)-1160/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1160/2021

14.07.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1160/2021 14.07.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Cavabdeh2 adına verilmiş 07.04.2008ci il tarixli, ********* qeydiyyat nömrəli **********17 reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Quba rayonu Aqrar İslahat Komissiyasının 1999-cu il tarixli, 07 saylı qərarı ilə X2, X1, X4, İddiaçı JN 489 kod 30304028 nömrəli mülkiyyət hüququna dair Dövlət AKT-na əsasən 0.89 ha kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı torpaq mülkiyyətlərinə verilmişdir. Həmin dövlət aktının 489 (072ha) hissəsinə 08.04.2008-ci il tarixli ********** qeydiyyat nömrəli **********22 reyestr nömrəli çıxarış alınmışdır. Lakin 489Z (0.1679 ha) hissəsinə isə çıxarışın hazırlanmasından imtina olunmuşdur. 21 yanvar 2019-cu il tarixli vəkil sorğusuna əsasən cavabdeh ƏMDK-i yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilən 05.07.2021-ci il tarixli, **********13 nömrəli cavabdan məlum olur ki, Dövlət aktının 489Z (0.1679 ha) hissəsinə dövlət reyestrindən Qusar rayon Məhkəməsinin 11.09.2006-cı il tarixli, 2-355a/2006 nömrəli qətnaməsinə əsasən Cavabdeh2 adına özəlləşdirilmiş və həmin torpaq sahəsinə Cavabdeh2 adına dövlət reyestrindən 07.04.2008-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********17 reyestr nömrəli çıxarış verilmişdir. Həmin çıxarış etibarsız hesab edilməlidir. Belə ki, dövlət aktına əsasən daşınmaz əmlak Quba rayon, Zizik kəndi ərazisində yerləşir. Ona görə də hesab edir ki, Qusar rayon Məhkəməsinin 11.09.2006-cı il tarixli, 2-355a/2006 nömrəli qətnaməsi qanunsuzdur. Daşınmaz əmlakla bağlı işlər həmin əmlakın yerləşdiyi rayon məhkəməsində baxılmalıdır. Qusar rayon Məhkəməsinin 11.09.2006-cı il tarixli, 2- 355a/2006 nömrəli qətnaməsindən müəyyən olunur ki, qətnamə “a” nömrə ilə qeyd olunması səbəbindən saxtadır. Saxta qətnamə ilə verilən çıxarış etibarsızdır. Dövlət aktına əsasən mülkiyyətlərində olan torpaq sahəsi ilə bağlı onun və yaxud digər mülkiyyətçilərin qeyd olunan, sonradan onlara məlum olan həmin Qusar rayon məhkəməsində iştirak etməmiş, məhkəmə keçirilməsi barədə hər hansı bildiriş almamış yalnız vəkil sorğusuna alınan 05.02.2021-ci il tarixli cavabdan sonra qanunsuz qətnamənin olmasını bilmişdir. Mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl prinsiplərindən biri hesab olunur. Mülkiyyət hüququ Azərbaycan dövlətinin qoşulduğu "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində öz əksini tapmışdır. Göründüyü kimi cavabdeh orqanın vəzifəli şəxsləri onların dövlət tərəfindən müdafiə olunan mülkiyyət hüquqlarını vəzifə səlahiyyətlərindən sui-istifadə edərək saxta Qusar rayon Məhkəməsinin 11.09.2006-cı il tarixli, 2-355a/2006 nömrəli qətnaməsi ilə onun (onların) dövlət aktına əsasən qanuni mülkiyyətində olan 0.1679 ha torpaq sahəsini başqa şəxsin mülkiyyətinə verməklə ona maddi və mənəvi zərər vurmaqla torpaq sahəsinə mülkiyyət hüqundan məhrum etmişlər. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini azaldaraq, Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Cavabdeh2 adına verilmiş 07.04.2008-ci il tarixli, ********* qeydiyyat nömrəli **********17 reyestr nömrəli çıxarışın Torpağa mülkiyyət hüququna dair JN 489 kod 30304028 nömrəli Dövlət Aktına əsasən ona və ailə üzvlərinə məxsus 0,16796 ha torpaq sahəsinə (Qusar rayon Məhkəməsinin qətnaməsində 0,17 ha kimi göstərilən) aid hissədə etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, Cavabdeh2 torpağa dair sənədləri onlardan icarəyə götürmə adı ilə alıb, daha sonra Qusar Rayon Məhkəməsinin saxta qətnaməsi əsasında adına çıxarış almışdır. Bağ sahəsi hazırda onlardadır. Əkin sahəsini tələb edir. 2002-ci ildə ailə həyatı quraraq, Oğuz rayonuna köçmüş, 2004-cü ildə Quba rayonuna qayıtmışdır. Mübahisəli torpaq sahəsini atası istifadə edib. 2008-ci ildə Cavabdeh2 onlara torpağı alqı-satqı etdiyini bildirmişdir. Həmin vaxtdan torpaqdan istifadə etmir. Anası 2008-ci ildə, atası isə 2016-cı ildə vəfat etmişdir. Həmin torpaq sahələrindən özü heç vaxt istifadə etməmiş, uşaqlıqda orada işləmişdir. 0,89 ha torpaq sahəsi 2000-ci ildə ayrılıb onlara verilib. 0,17 ha torpaq sahəsi onun payıdır, digər payları cavabdeh atasını aldadaraq 0,72 ha torpaq sahəsinə çıxarış almışdır. Həmin 0,72 ha torpaq sahəsi atası, anası, bacısı və ona məxsusdur. 2016-2017ci illərdə vərəsəlik əldə edib. Həmin vaxt İlhamın 0,17 ha torpaq sahəsinə dair çıxarış almasını bilmişdir. 2019-cu ildə sorğu əsasında 0,17 ha yerinin İlhamın adına rəsmiləşdirilməsini bilmişdir. Öz payını, atasından və anasından ona çatan payı tələb edir. İddiasının təmin olunmasını xahiş edir. İş üzrə Cavabdeh2 07 iyun 2021-ci il tarixdə məhkəməyə etiraz göndərərək, etirazında göstərmişdir ki, İddiaçı iddia ərizəsində göstərdiyi faktların heç bir hüquqa əsaslanmadığını və sadəcə fərziyyə və qarayaxma olduğunu bildirmişdir. 2006-cı ilin may ayında iddia tələbində qeyd olunan torpaqların sahibləri tərəfindən satılması xəbərini eşitmiş, torpaq sahibləri ilə dərhal görüşüb, satılan ərazilərə onların iştirakı ilə baxıb, sonra da qiymət razılaşması edərək aralarında alqı-satqı müqaviləsi bağlamışlar. Müqaviləni torpaq sahiblərinin bütün ailə üzvləri imzalamış və alqı-satqıya razılıq vermişlər. Alqı-satqı müqviləsinin notarial təsdiq edilməsi üçün notariat kontoruna dəvət edilən zaman “satıcılar” hal-hazırda alqı-satqı predmeti olan torpaq sahəsində taxıl əkdiklərini, taxıl biçinindən sonra notariusa gedəcəklərini bildirmişlər. Lakin taxıl biçinindən sonra da “satıcılar” notariusa gəlməkdən bəhanələr gətirərək yayınmışlar. Bu səbəbdən də 2006-cı ilin sentyabr ayında məhkəməyə müraciət etmişdir. Məhkəməyə çağrılmış cavabdehlər məhkəmə zalında öz ifadələrində torpağı alqı-satqı yolu ilə ona satdıqlarını və pulunu tam şəkildə aldıqlarını etiraf etmişlər. Bundan sonra məhkəmə 2006-cı ilin may ayında imzaladıqları alqı-satqı müqaviləsinin (əqdin) etibarlı hesab edilməsi barədə qərar qəbul etmişdir. İddia edilən ərazi 2006-cı ildən onun istifadəsindədir. Bu zaman ərzində həmin ərazi üzrə iddiaçı heç bir tələb irəli sürməmişdir. İddiaçı asan yolla varlanmaq və ya gəlir əldə etmək məqsədilə 15 il sonra iddia irəli sürmüşdür. Bundan başqa iddia ərizəsi üzrə məhkəmə işi aidiyyatı üzrə rayon məhkəməsində (ümumi məhkəmədə) baxıla bilməz. Belə ki, İddiaçı 07.04.2008-ci il tarixli, ********* qeydiyyat nömrəli, reyestr nömrəsi **********7 olan çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ona görə də hazırkı işə məhkəmə aidiyyatı qaydasında rayon məhkəməsində (ümumi məhkəmədə) baxıla bilməz. Çünki sözügedən reyestrdəki qeydiyyat inzibati AKT əsasında aparıldığından həmin aktın qəbul etmiş orqana qarşı iddia qaldırmaqla aidiyyatı üzrə məhkəməyə (inzibati məhkəmə) müraciət etməklə inzibati AKT-ı mübahisələndirilməlidir. Bu səbəbdən də, Azərbaycan Respublikasının İnzibati İcraat Haqqında Qanunun 36.1.1- 1.3-cü maddəsində və MPM-nin 31.1, 261.0.1-ci maddələrinə istinad edərək, hazırki işə ümumi məhkəmədə (Quba rayon məhkəməsində) baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Ona görə də İddiaçı iddiasının rədd olunmasını xahiş etmişdir. 23.06.2021-ci il tarixdə məhkəmə iclasında iştirak etmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsi X9 iddia tələbini qəbul etməyərək, izahatında göstərmişdir ki, Cavabdeh2 adına verilmiş MH seriyalı, ******* nömrəli çıxarış Qusar Rayon Məhkəməsinin müvafiq qətnaməsi və icra vərəqəsi əsasında verilmişdir. İş üzrə cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə həmin tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan JN-489 KOD 30304028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Quba rayonu Aqrar İslahat Komissiyasının 1999-cu il 24 fevral tarixli, 02 saylı qərarı ilə X6, X3, X7 və İddiaçı mülkiyyətinə Quba rayonu Zizik kəndi ərazisində kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 0.89 ha torpaq sahəsi ayrılmış, bu barədə onlara JN-489 KOD 30304028 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. İş materiallarında olan 08 oktyabr 2018-ci il tarixli, AZ-İ 953074 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 16 sentyabr 2008-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan 01 aprel 2016-cı il tarixli, AZ-İ 796562 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 17 mart 2016-cı il tarixdə vəfat etmişdir. İş materiallarında olan Qusar Rayon Məhkəməsinin 11 sentyabr 2006-cı il tarixli, 2- 355a/2006 saylı qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə o cümlədən, Cavabdeh2 tərəfindən X2 məxsus 0,17 ha torpaq sahəsinin alqı-satqısına dair cavabdehlə bağladığı müqavilənin etibarlı hesab edilməsi, iş üzrə cavabdeh X2 məxsus JN-489 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının satılmış hissəsi üzrə ləğv edilməsi, cavabdehlərə özgəninkiləşdirdikləri torpaq sahələri çıxılmaqla faktiki mülkiyyətlərində qalan torpaq sahələrinin cizgiləri daxilində Torpağa Mülkiyyət Hüququna dair Dövlət Reyestrindən Çıxarışların verilməsi, qətnamənin icrasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz rayon Ərazi idarəsinə tapşırılması qət edilmişdir. İş materiallarında olan Qusar Rayon Məhkəməsinin 10 may 2021-ci il tarixli məktubundan görünür ki, Qusar Rayon Məhkəməsinin 2006-cı il üzrə arxivinin, həmçinin statistik kartoçkalarının qeydiyyatında 11 sentyabr 2006-cı il tarixli, 2-355a/2006 saylı mülki iş mövcud deyil. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş MH seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, 0,536493 ha torpaq sahəsi mülkiyyət hüququ əsasında Cavabdeh2 adına qeydə alınmışdır (qeydiyyat tarixi 07.04.2008, qeydiyyat nömrəsi **********). İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin İddiaçı ünvanlanmış 20.02.2019-cu il tarixli məktubunda göstərilir ki, JN-489 KOD 30304028 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”-na dövlət reyestrindən çıxarış verilmiş, ona görə də həmin dövlət aktının surətini təqdim etmək mümkün olmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Qusar Rayon Məhkəməsinin 11 sentyabr 2006-cı il tarixli, 2-355a/2006 saylı qətnaməsinə əsasında Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş MH seriyalı, ******* saylı çıxarışla Quba rayonu Zizik kəndində 0,536493 ha torpaq sahəsi mülkiyyət hüququ əsasında Cavabdeh2 adına qeydə alınmışdır. İddiaçı bu faktı 20 fevral 2019-cu il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin sorğuya cavab məktubunu aldığı vaxt bilmişdir. 03 may 2021-ci il tarixdə iddiaçı hazırkı iddia ilə Quba Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 148.2-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsində 347.1-ci maddədə nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Məhkəmə hesab edir ki, iddiaçı hazırki iddia tələbi ilə bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsində nəzərdə tutulmuş 1 illik iddia müddətini ötürmüşdür. Belə ki, mülki işin materiallarından və iddiaçının izahatından aydın olur ki, iddiaçı mübahisə olunan torpaq sahəsinin Cavabdeh2 satılmasını 2019-cu ilin fevral ayında bildiyi halda, yalnız 03 may 2021-ci il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş və bununla da iddia müddətini ötürmüşdür. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına uyğun hüquqi qiymət verərək, hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsi tətbiq edilməklə, hazırki iddia tələbi ilə bağlı qanunda nəzərdə tutulmuş 1 illik iddia müddəti keçdiyi üçün, iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslanldırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qət e t d i: İddia təmin olunmasın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar