Məhkəmə qərarları › İş №2(027)-1160/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1160/2023

01.06.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1160/2023 01.06.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh «Azəriqaz” İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əməkdaşları tərəfindən əsassız tərtib olunmuş xx.xx.2022-ci il tarixli, ******* saylı aktın və həmin akta əsasən dəymiş ziyanın bərpasına dair 30 sentyabr 2022ci il tarixli tələbnamənin ləğv edilməsi və hesablanmış 1052,30 manat məbləğində borcun onun abonent hesabından silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı AR MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbini dəqiqləşməsinə dair ərizə ilə müraciət edərək, hesablanmış 1036,80 manat borcun onun abonent hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda Hüquqların dövlət qeydiyyatına alınmasına dair ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli Çıxarışa əsasən mülkiyyətində olan fərdi yaşayış evində ailəsiylə birlikdə yaşayır və Azəriqaz ASC ilə bağladığı 02 may 2016-cı il tarixdə 8544-05-16 saylı təbii qazın alqı-satqısına dair müqaviləyə əsasən yaşayış evində təbii qazdan istifadə edərək, istifadə etdiyi qazın dəyərini vaxtlı-vaxtında ödəyir. 16 avqust 2022-ci il tarixdə şəhər ərazisində əsən güclü küləyin təsirindən elektrik naqillərinin qırılaraq, ona məxsus fərdi yaşayış evinə quraşdırılmış G-4 markalı, N ******* qaz sayğacının üzərinə düşməsi nəticəsində yaranmış qısa qapanmadan sayğac yanaraq istismara yararsız vəziyyətə düşmüşdür. Müraciətləri əsasında Azəriqaz ASC-nin əməkdaşları yaşadığı ünvana gələrək, həqiqətən də, sayğacın külək nəticəsində elektrik naqillərinin qırılıb sayğacın üstünə düşməsi ilə əlaqədar sayğacın yandığını görüb bu barədə akt tərtib etdilər və sonra da yanaraq yararsız vəziyyətə düşmüş qaz sayğacını çıxarıb yenisi ilə əvəz etdilər və bu barədə qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2022-ci il tarixli akt tərtib edib ona vermişlər. Quraşdırılmış yeni sayğac üzrə də o istifadə etdiyi qaz borcunu vaxtlı-vaxtında ödəmişdir. 29 sentyabr 2022-ci il tarixdə cavabdeh təşkilatın əməkdaşları yaşayış evinə quraşdırılmış və xx.xx.2022-ci il tarixdə çıxardıqları qaz sayğacının bütövlükdə yanması və istismara yararsız vəziyyətə düşməsini əsas göstərərək xx.xx.2022-ci il tarixli, ******* saylı akt və həmin akt əsasında xx.xx.2022-ci il tarixdə tələbnamə tərtib etmişlər. Son qaz borcu haqqında bildiriş gələrkən ona məlum olmuşdur ki, 1052,30 manat cərimə olunmuşdur. Quba Qaz İİ-yə müraciət edərək, həmin borcun hansı səbəbə əsasən qeyd olunduğunu soruşduqda ona qeyd olunan borcun sayğacın yanmasına görə hesablandığını bildirdilər. O demişdir ki, sayğacın yanmasında onun heç bir təqsiri yoxdur. Təbii fəlakət nəticəsində baş vermiş hadisədir. Ona ziyanın yaranması və hesablanması barədə sənədləri verib məhkəməyə müraciət etməyi izah etdilər. Həmin aktlarla tanış olduqda ona məlum olmuşdur ki, xx.xx.2022-ci il tarixli, ******* saylı akta əsasən tələbnamə tərtib olunaraq 1052,30 manat cərimə borcu hesablanmışdır. Aktda onun imza etməkdən imtina etdiyi qeyd olunmuşdur. Hansı ki, onun həmin aktın mövcudluğundan xəbəri belə olmamışdır. xx.xx.2022-ci il tarixli, ******* saylı akta və tələbnaməyə əsasən hesablanmış borcla razılaşmır. Hesab edir ki, Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli, ******* saylı akt və həmin akt əsasında tərtib olunmuş dəymiş ziyanın bərpasına dair tələbnamə ləğv edilməli, hesablanmış cərimə onun **********02380 saylı abonent hesabından silinməlidir. Qeyd etmək istəyir ki, sayğac küçədə quraşdırılmış, qanunun tələblərinə uyğun kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməmiş, qutuya yerləşdirilməmişdir. Bəlkə də qaz sayğcı müvafiq qutuya yerləşdirilmiş olsa idi, sayğaca zərər dəyməz idi. Məhkəmə iclasında İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh «Azəriqaz” İB-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan: “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, Quba şəhərində yerləşən, İddiaçı məxsus fərdi yaşayış evində **********7 nömrəli sayğac çıxarılmış və əvəzində **********6 nömrəli sayğac quraşdırılmışdır; Xaçmaz RQİİ-nin xx.xx.2022-ci il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, Quba şəhərində yerləşən, İddiaçı məxsus fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına AR DNŞ-nin İT və Rİ-nin «Azəriqaz” İBnin X3 İstismarı İdarəsi qaz sayğacının yoxlanılması: 29/1710-03194-1 saylı rəyinə əsasən **********7 nömrəli sayğaca baxış keçirilmiş, sayğacın nömrəsinin Xaçmaz RQİİ-nin möhürlü kağızına əsasən yazılması, sayğacın bütövlükdə yanması və sayğacın istismara yararsız olması qeyd olunmuşdur. -X1 30 sentyabr 2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamənin” surətindən müəyyən olunur ki, İddiaçı məxsus fərdi yaşayış evində quraşdırılmış sayğacda hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabatın aparılması və hesablanmış məbləğin cəmi 8640 m3 (8640 m3 x 0,12=1052,30 manat) olaraq ödənilməsi qərara alınmış, qərarın verilməsi üçün əsas xx.xx.2022-ci il tarixli, ******* saylı akt olmuşdur; **********02380 kodlu abonentin saldosundan görünür ki, abonent İddiaçı müdəmadi olaraq aktiv şəkildə qazdan istifadə etmiş və istifadə etdiyi qaza görə ödəniş etmiş, 2022ci il üçün 1036,80 manat borc kimi qalıq və akt əsasında hesablanmış cərimə borcudur. Beləliklə, məhkəmə iclasında işin halları ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilərək, yenisi ilə əvəz edilmişdir. Sayğacın dəyişidirməsi zamanı tərtib edilmiş “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli aktda sayğacın dəyişdirilməsinin səbəbi kimi “növbədənkənar dövlət yoxlamasına göndərilmə” göstərilmiş, əvəzetmə qeyd olunmuşdur. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır; 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar; 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən qaz sayğacına müdaxilə edilməsi faktını təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən cavabdeh tərəfindən iddiaçı barəsində qazdan istifadə qaydalarının pozulmasına dair tərtib edilmiş akt əsaslı ola bilməz. Sayğaca müdaxilənin iddiaçı tərəfindən edildiyi sübut olunmadığına görə həmin aktlara əsasən hesablanmış 1036,80 (min otuz altı manat, 80 qəpik) məbləğində pulun iddiaçıdan alınması da əsassız olmuşdur. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, qaz sayğacı iddiaçının cavabdehliyi sərhəddində quraşdırılmamışdır. Bilavasitə iddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əsassız olaraq 1036,80 (min otuz altı manat, 80 qəpik) məbləğində əlavə sərfiyyat hesablanmışdır. Belə ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, cavabdeh dəyişdirilmiş qaz sayğacının dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Beləliklə, şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək, "Azəriqaz" İB-nin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında tərtib olunmuş xx.xx.2022-ci il tarixli tələbnamə ləğv edilməli və həmin tələbnaməyə əsasən hesablanmış 1036,80 (min otuz altı manat, 80 qəpik) məbləğində borc İddiaçı abonent hesabından silinməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.1-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1000 (bir min) manatadək olduqda 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulur; 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar; 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında tərtib olunmuş xx.xx.2022-ci il tarixli tələbnamə ləğv edilsin və həmin tələbnaməyə əsasən hesablanmış 1036,80 (min otuz altı manat, səksən qəpik) məbləğində borc İddiaçı **********02380 saylı abonent hesabından silinsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu «Azəriqaz” İstehsalat Birliyindən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar