Məhkəmə qərarları › İş №2(027)-1187/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1187/2024

04.07.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1187/2024 04.07.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı akt əsasında hesablanmış borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı məhkəməyə müraciət edərək, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən tərtib edilmiş, 09 yanvar 2024-cü il tarixli, 317735 nömrəli Aktın etibarsız hesab edilməsi, həmin akt üzrə yazılmış 255,26 manat məbləğində pulun onun abonent kodu üzərindən silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Quba rayonu, Alekseyevka kəndində yaşayır. Ona məxsus fərdi yaşayış evinə çöldə quraşdırılmış elektrik sayğacına cavabdeh qurumun əməkdaşları tərəfindən ondan xəbərsiz baxış keçirilməklə sayğacın baxış ekranının açılmaması, sayğacın yenisi ilə əvəz edilməsi qeydi aparılaraq 09 yanvar 2024-cü il tarixli, 317735 nömrəli akt tərtib edilmişdir. Bundan sonra ona 255,26 manat məbləğində borc yazılmışdır. O, qeyd edilən qərarla və hesablanmış zərər məbləği ilə razılaşmır. Belə ki,"Elektrik enerjisindən istifadə Qaydaları"nın tələbinə əsasən aktın tərtib olunmasının yeganə şərti istehlakçı tərəfindən elektrik enerjisinin talanması məqsədi ilə sayğacların zədələnməsi və digər təqsirli hərəkətlərin baş verməsidir. Onun heç bir zaman elektrik enerjisini talamaq kimi bir məqsədi olmamış, bununla bağlı sayğaca da hər hansı müdaxilə etməmişdir. Akt tərtib edilərkən iştirakı təmin olunmalı halda təmin edilməmiş, əgər o, aktı imzalamaqdan imtina edirdisə də, mövcud qaydaların tələbinə əsasən (8.17-2-ci bəndi) bununla bağlı aktda müvafiq qeyd aparılmaqla yol verilmiş pozuntu texniki vasitələrlə qeydə alınmalı idi. Hətta onun izahatlarına da akta əlavə olunmalı idi. Lakin ərizəsinə əlavə etdiyi aktdan da göründüyü kimi mövcud qanunvericiliyin heç bir tələbinə əməl edilmədən akt tərtib edilmişdir. Bundan əlavə, əgər sayğacın zədələnməsində onun təqsirinin olduğu hesab edilirdisə, qaydaların tələbinə əsasən (7.6-cı bəndi) sayğac dövlət yoxlanışına göndərilməli və həmin yoxlanışda onun iştirakı təmin olunmalı, imtina etdiyi halda isə bununla bağlı yenə də aktda müvafiq qeyd aparılmalı idi. Lakin nə ona bu günə kimi bununla bağlı məlumat verilmiş, nə də o, hər hansı yoxlanışda iştiraka cəlb olunmuşdur. Qeyd etdiyi hallar isə cavabdeh tərəfindən ona heç bir təqsiri olmadığı halda əsassız borc məbləğinin hesablanmasının bariz təzahürüdür. İddia ərizəsinə əlavə etdiyi abunə haqqında məlumatdan da görünür ki, o, daimi olaraq elektrik enerjisi pulunu ödəyir, enerji sərfıyyatında da aylar üzrə fərq yoxdur. Cavabdeh qurumla aralarında olan mübahisəni başqa qaydada aradan qaldıra bilmədiyi üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə iclasında İddiaçı ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Əlavə edərək bildirmişdir ki, sayğaclara nəzarət edən əməkdaşa dəfələrlə sayğac barədə məlumat vermiş, lakin əhəmiyyət verilməmişdir. İş üzrə cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Samir Əhmədov iddiaya etiraz təqdim edərək, etirazı onunla əsaslandırmışdır ki. İddiaçı "Azərişıq” ASC-nə qarşı hazırki iddia tələbi mövcud qanunvericiliyin tələblərinə zidd və əsassız olduğu üçün hüquqdan sui-istifadə hesab edilərək təmin olunmamalıdır. Belə ki, 09 yanvar 2024-cü il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən abonentə məxsus mənzilin elektrik hesabat sayğacına baxış keçirilərkən elektrik hesabat sayğacının baxış ekranı açılmır. İddiaçının sayğacının işləməməsi faktı ilə əlaqədar R 317735 saylı akt əsasında 255.26 manat məbləğində hesabat aparılmışdır. İddiaçının abunə haqqında çıxarışına əsasən xx.xx.2023-cii il tarixdən xx.xx.2024-cü il tarixinədək sayğacı işləməmişdir. İddiaçının Elektrik sərfiyyatına baxdıqda aylıq 20-30 manat məbləğində” elektrik enerjisi sərf edilmişdir. İddiaçı cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 09 yanvar 2024-cii il tarixli 317735 nömrəli Aktın etibarsız hesab edilməsi həmin akt üzrə yazılmış 255.06 manat borcun silinməsi tələbinə dair" iddia tələbinin qanunsuz və əsassız olduğu üçün təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi S.Əhmədov daha sonra məhkəməyə ərizə ilə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, cavabdehin etiraz ərizəsini, işdə olan sənədləri, tam, hərətəfli və obyektiv tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş İddiaçı adına tərtib olunmuş xx.xx.2024-cü il tarixli, 317735 saylı akta əsasən sayğaca baxış keçirilməsi zamanı axan yükü qeyd etmədiyi göstərilmişdir. (PF=0.9 kvt, Ps=0) İş materiallarında olan İddiaçı aid **********00637 saylı abonent kodu üzrə saldonun surətindən görünür ki, İddiaçı abonent kodu üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək enerji sərfiyyatı olmamışdır. İş materiallarından görünür ki, İddiaçı oğlu tərəfindən müvafiq abonent kodu üzrə müxtəlif vaxtlarda elektrik enerjisinin sərfiyyatına görə ödənişlər həyata keçirilmişdir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın (bundan sonra – Qaydalar) 7.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. Həmin Qaydaların 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri-cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerji təchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Həmin Qaydaların 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Qaydaların 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sənədlər, iddiaçının izahatı və digər sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı aid abonent koduna dair sayğac üzrə istehlakçı barəsində sayğacın baxış ekranının açılmaması və yenisi ilə əvəz edilməsinə dair akt tərtib edilmiş və həmin akt Azərişıq ASC-nin nümayəndələri tərəfindən imzalanmışdır. İddiaçı elektrik sayğacının baxış ekranının açılmaması görə ona cavabdeh tərəfindən cərimə yazıldığını, lakin həmin sayğacının yükü qeyd etməməsində onun təqsirinin olmadığını, yazılmış cərimənin əsassız olduğunu əsas gətirərək, hazırki iddia tələbini irəli sürmüş və tələbinin əsası kimi həmin hallara istinad etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya aid abonent kodu üzrə elektrik sayğacında yaranmış qüsura görə itirilimiş elektrik enerjisi sərfiyyatına görə hesabat xx.xx.2023-cü ildən xx.xx.2024-ci ilədək 7 ay ərzində aylıq cəmi, 255,34 qəpik məbləğində ödəniş hesablamışdır. Lakin məhkəmə araşdıması zamanı cavabdehin nümayənədəsi tərəfindən elektrik enerjisi sayğacında yaranmış daxili qüsurun (axan yükün qeyd edilməməsinin) məhz iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində baş verməsinə dair dair sübutu məhkəməyə təqdim edə bilməmişdir. xx.xx.2024-cü il tarixli, 317735 saylı akt tərtib edilərkən hal şahidlərinin iştirakı təmin olunmamışdır. Halbuki, müvafiq qanunvericiliyin tələbinə əsasən sayğacın zədələnməsi, sxemin pozulması ilə bağlı istehlakçı tərəfindən hərəkətlərə yol verildikdə, istehalkçı o halda, həmin hallara görə məsuliyyət daşıyır ki, qeyd olunan pozuntular məhz onun təqsirli hərəkətləri və ya hərəkətsizliyi nəticəsində baş vermiş olsun, digər hallarda qeyd olunan zədələnmələrə görə məhz elektrik enerjisi təchizatı müəssisə özü məsuliyyət daşıyır. Cavabdehin istinad etdiyi “Elektrik enerjisindən istifadə Qaydaları"nın 8.15-ci bəndi istehlakçının məlumatlandırma vəzifəsi ilə bağlı əsaslanma isə ödəmə sənədində səhv və sayğacların göstərişlərində anlaşılmazlıqla bağlı müəyyən edilmişdir ki, hazırki mübahisə sənəddəki səhv və sayğacda anlaşılmazlıqla bağlı deyil, axan yükün ümumiyyətlə qeyd edilməməsi ilə bağlıdır. Habelə qeyd edilən hallarda məlumatlandırma vəzifəsi Qaydaların 8.7 və 12.6-cı bəndlərində istehlakçı, o cümlədən məişət abonenti ilə yanaşı həmçinin elektroenergetika müəssisəsi və enerjitəchizatı müəssisəsinə də həvalə edilmişdir Bununla da məhkəmədə tədqiq olunmuş sübutlar əsasında iddiaçının istehlakçı qismində müvafiq sayğac üzrə daxili qüsurun (axan yükün qeyd edilməməsi) yaranmasında təqsirin olmasını, habelə cavabdeh tərəfindən iddiaçıya məxsus müvafiq elektrik sayğacı üzrə elektrik enerjisi itkisinə görə yazılmış ödənişin İddiaçı tərəfindən ödənilməli olmasına dair əsası müəyyən etmək mümkün olmamamışdır. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.16-ci bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Göründüyü kimi, abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamaqla hesabatın aparılmalı olması müəyyən edilmişdir ki, bu müddət ərzində elektrik sayğacının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalı olmuşdur. Lakin İddiaçı həmin müddətdə davranışı zərərin artmasına şərait yaratdığından, ziyanın bir aylıq hissəsinə görə məsuliyyət İddiaçı aid edilməklə, xx.xx.2023-də 4.80 qəpik ödəniş nəzərə alınmaqla 223.36 qəpik məbləğ **********00637 nömrəli abonent hesabından silinməlidir. Azərbaycan Respublikası MPM-nin 287-ci maddəsinə əsasən, Dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarının, habelə başqa orqanların aktlarının qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi aktı və ya qərarı qəbul etmiş orqanın üzərinə düşür. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. "xxxx" ASC əməkdaşları tərəfindən hesablanmış 223 (iki yüz iyirmi üç) manat 36 (otuz altı) qəpik məbləği **********00637 nömrəli abonent hesabından silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar