Məhkəmə qərarları › İş №2(027)-1235/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1235/2022

08.07.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1235/2022 08.07.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “aktın ləğv edilməsi və hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Azəriqaz" İstehsalat Birliyi, Xaçmaz RQİİ, Quba XS-in əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli ******* nömrəli aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış 518 (beş yüz on səkkiz) manat 40 qəpik pulun abonent bazasından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia ərizəsini müdafiə edərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, yaşadığı ünvan 1i ünvanındakı evə **********0 nömrəli təbii qaz sayğacı quraşdırılmışdır. Lakin xx.xx.2021-ci il tarixdə “Azəriqaz” İB X2 İstismarı İdarəsinin Quba Xidmət Sahəsinin əməkdaşları evinə gələrək. “Təbii qaz sayğacına müdaxilə edilib"- deyə sayğacı açaraq götürüblər. Həmin vaxt "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı AKT tərtib edilərək istifadəsində olan Zenner tipli, G4 markalı **********0 nömrəli qaz sayğacını xəttən ayıraraq əvəzində SMART Zenner tipli, G4 markalı, **********126 nömrəli yeni sayğac qııraşdırıİmışdır. Bu zaman açılan qaz sayğacının üzərindən 11032914 nömrəli plomb qırılıb çıxarılmış, əvəzinə quraşdırılan sayğaca **********126 nömrəli plomb vurulmuşdur. "Azəriqaz” İB-nin Xaçmaz RQİİ-nin Quba XS-nin əməkdaşları tərəfindən istifadə edilən qaz sərfini bildirən bildiriş evinə təqdim ediləndə bəlli olub ki, onlara 518,40 manat dəyərində borc yazılıb. Sənədləri araşdırdığı zaman bəlli olub ki, onlar üçün xx.xx.2022-ci il tarixli ******* №-li təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib olunmuşdur. Həmin Aktda “Sayğacın hesablama mexanizminin qoruyucu şüşəsi gövdədən tamamilə aralanıb, qaz keçir, hesablama mexanizmi açıq vəziyyədədir, sərfi qeydə almır. Təbii qaz itkisi yaranmışdır." qeydi aparmışdırlar. Hər ay Azəriqazın əməkdaşı olan şəxslər (qaz paylayıcının əməkdaşı olan "nəzarətçilər”) sayğaca baxış keçirərək sayğac üzərində olan hesablama mexanizim ində qeyd olunan hesabat əsasında ona bildiriş təqdim ediblər və onlar bu qüsuru görməli idilər. Sayğaca onlar tərəfdən müdaxilə edilməsi faktını təsdiq edən heç bir əsas yoxdur. Ona görədə məhkəməyə müraciət etmək qərarına gələrək, "Azəriqaz" İstehsalat Birliyi, Xaçmaz RQİİ, Quba XS-in əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli ******* nömrəli aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış 518 (beş yüz on səkkiz) manat 40 qəpik pulun abonent bazasından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Оnа görə də Azərbaycan Respublikası МPМ-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə cavabdeh Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə İddiaçı dinləyib, məhkəmə baxışında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azəriqaz İB-nin əməkdaşları tərəfindən abonent İddiaçı adına tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən abonentin mənzilinə baxış keçirirkən sayğacın hesablama mexanizminin qoruyucu şüşəsi gövdədən tamamilə aralanıb, qaz keçir, hesablama mexanizmi açıq vəziyyədədir, sərfi qeydə almır səbəbilə qaz itkisi olduğu göstərilmişdir. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair xx.xx.2022-ci il tarixli təlabnamənin surətindən görünür ki, İddiaçı məxsus Quba rayonu Ağbil kəndində yerləşən evə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 4320 m3 həcmində qaz itkisi, 518 (beş yüz on səkkiz) manat 40 qəpik borc hesablanmışdır. İş materiallarında olan AZE 0******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ünvan 1ində qeydiyyatdadır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları"nın 4.2-ci bəndinə görə qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Bu Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaydaların 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Məhkəmə qeyd edir ki, hesablaşma cihazı olan qaz sayğacı iddiaçının cavabdehliyi sərhədindən kənar quraşdırıldığından bu sayğacda olan hər hansı qüsura görə o, cavabdehlik daşımır. Göründüyü kimi “Azəriqaz” İB-nin əməkdaşları maddi ziyan vuran, təqsirli və hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) hərəkət və ya hərəkətsizliyə yol verən şəxsi düzgün müəyyən etməmişlər. Bundan başqa “Azəriqaz” İB qaz sayğacının zədələnməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsinə dair mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Beləliklə məhkəmənin gəldiyi qənaətə görə iddia tələbi qismən təmin olunmalı, «Azəriqaz» istehsalat Birliyinin əməkdaşları tərəfindən ünvan 1ində yerləşən evə dair İddiaçı adına hesablanmış 518 (beş yüz on səkkiz) manat 40 qəpik məbləğində pul vəsaiti abonent bazasından silinməli və iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. «Azəriqaz» istehsalat Birliyinin əməkdaşları tərəfindən ünvan 1ində yerləşən evə dair İddiaçı adına hesablanmış 518 (beş yüz on səkkiz) manat 40 qəpik məbləğində pul vəsaiti abonent bazasından silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar