Məhkəmə qərarları › İş №2(027)-1242/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1242/2021

06.07.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1242/2021 06.07.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı, nümayəndəsi və vəkili X2, cavabdehlər Cavabdeh2, Cavabdeh4 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kompensasiya ödənilməklə yaşayış evindən istifadə hüququna xitam verilməsi və evdən çıxarılma tələbinə dair iddiası üzrə mülki işə Quba Rayon Məhkəməsi binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 5000 manat konpensasiya ödənilməklə ona məxsus Quba şəhəri, Əliqulu Nərimanov küçəsi 62 saylı yaşayış evindən istifadə hüququna xitam verilməsi və onların evdən çıxarılması, cavabdehlər Cavabdeh3 və Cavabdeh4 ona məxsus Quba şəhəri, Əliqulu Nərimanov küçəsi 62 saylı yaşayış evindən istifadə hüququnun itirilməsi barədə qətnamə cıxarılmasını xahiş etmişdir. Məhkəmədə X1 iddia tələbini müdafiə edərək idianın təmin edilməsini məhkəmədən xahiş etdi. X1 iddia ərizəsində göstərmişdir ki,cavabdehlər onun qardaşı, qardaşının həyat yoldaşı və uşaqlarıdır. Onların yaşadığı Quba şəhəri Ə. Nərimanov küçəsi 62 saylı fərdi yaşayış evi RX seriyalı ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən onun mülkiyyətindədir. Cavabdehlərdən Cavabdeh1 1954-cü ildən bu evdə yaşayır, Cavabdeh2 1986-cı ildə bu evə gəlin köçmüşdür, onların uşaqları X8 və X6 isə bu evdə anadan olublar. Cavabdehlərdən Cavabdeh1 və Cavabdeh2 hal-hazırda mülkiyyətində olan evdə yaşayırlar. Qardaşı qızları X6 2014-cü ildə və X8 2016-cı ildə ailə qurub daimi yaşamaq üçün başqa ünvana gəlin köçüblər, faktiki olaraq həmin ünvanda yaşayırlar. Uzun müddətdir ki, cavabdehlərdən Cavabdeh2 mütəmadi olaraq evdə münaqişə yaradır. Evdə xeyli müddətdir ki, gərginlik yaşanır. Artıq evindəki vəziyyət son həddə çatıb, onun bu evdə yaşayan cavabdehlərlə birlikdə yaşamağı qeyri-mümkündür. Cavabdehlərdən Cavabdeh1 razılaşma ilə evdən çıxmağa razı olsa da, Cavabdeh2 ilə qarşılıqlı razılaşma yolu ilə evdən çıxmaları barədə razılığa gələ bilmirlər. Ona görə də onlara kompensasiya ödəməklə onların yaşayış evindən istifadə hüququna xitam verilməsi və evdən çıxarılması qərarına gəlib. O, bu məqsədlə cavabdehlərdən Cavabdeh1 və Cavabdeh2a 5000 (beş min) manat məbləğində kompensasiya təklif edir. Hesab edir ki, həmin cavabdehlərə belə məbləğdə kompensasiyanın ödənilməsi, onların davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə yaşamaq imkanı verir. Digər cababdehlər isə daimi yaşamaq üçün başqa ünvana köçdüklərindən onlar həmin evdən istifadə hüququnu itirmişlər. Göstərilənləri nəzərə alaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2 5000 manat konpensasiya ödənilməklə ona məxsus Quba şəhəri, Əliqulu Nərimanov küçəsi 62 saylı yaşayış evindən istifadə hüququna xitam verilməsi və onların evdən çıxarılması, cavabdehlər Cavabdeh3 və Cavabdeh4 ona məxsus Quba şəhəri, Əliqulu Nərimanov küçəsi 62 saylı yaşayış evindən istifadə hüququnun itirilməsi barədə qətnamə cıxarılmasını xahiş etdi. Məhkəmədə iddiaçının nümayəndəsi və vəkili X3 iddiaçının izahatına uyğun izahat verərək iddia tələbi əsaslı olduğu üçün təmin edilməsini məhkəmədən xahiş etdi, həmçinin qeyd etdi ki, mülki işlə bağlı 2002-2003-cü illərdə məhkəməyə müraciət olunub, lakin tərəflər eyni olsa da , iddia tələbində yalnız istifadə hüququna xitam verilməsi ilə bağlı tələb qoyulmuş, kompensasiyanın verilməsi barədə tələb qoyulmayıb və iş üzrə iddia tələbi o vaxt təmin edilməmişdi. Məhkəmədə çavabdeh Cavabdeh2 iddia tələbini qəbul etməyərək göstərdi ki, iddiacı tərəfindən təklif edilən məbləğlə razı deyildir. Belə ki, həmin evə gəlin köçüb, 36 ildir ki, o evdə yaşayır. O evdə təmir işləri aparıblar, nə qədər zəhməti, əziyyəti var. O evə gəlin köçəndə iddiacı orda yaşamayıb başqa yerdə yaşayıb. Ona təklif edilən 5000 (beş min) manat məbləğ cox azdır. O məbləğə o heç bir iş görə bilməz. Ona görə də 5000 (beş min) manat məbləğə razı deyil. Göstərilənləri nəzərə alaraq iddia tələbinin əsassız olduğu üçün təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmədə çavabdeh Cavabdeh4 bildirdi ki, o iddia tələbini ümumiyyətlə qəbul etmir. Çünki o həmin evdə anadan olub, orda böyüyüb, orda yaşayır və onlar həmin evdə çox böyük təmir işləri aparıblar. Yoldaşı hərbidə qulluq edir, evdə validenlərilə qalır. Onlara təklif edilən məbləğ çox azdır.Ona görə də iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə digər cavbdehlər Cavabdeh1 və Cavabdeh3 lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iş üzrə məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinin tələblərini əsas tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə İddiaçı, nümayəndəsi və vəkili X2, cavabdehlər Cavabdeh2 və Cavabdeh4 izahatlarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək söbutlara məcmu halda qiymət verərək belə hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin olunmamalıdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK-si yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən Seriya RX, ******* nömrəli, qeydiyyat tarixi 09.10.2018-ci il, qeydiyyat nömrəsi ********** olan Çıxarışın təsdiq olunmuş surətindən müəyyən edilir ki, Quba şəhəri, Əliqulu Nərimanov küçəsi 62 saylı 136 kvm yaşayış evi, 0.06 ha torpaq sahəsi tam mülkiyyət hüququ ilə İddiaçı mülkiyyətinə verilmişdir. İş materiallarında olan 5 saylı Xaçmaz ərazi idarəsindən Quba şəhəri, Əliqulu Nərimanov küçəsi 62 saylı evə verilmiş Texniki pasportun İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK-si yanında DƏDRX-nin təsdiq olunmuş surətindən müəyyən edilir ki, hüquq subyekti İddiaçıdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsinə görə, hər kəsin mənzil toxunulmazlıq hüququ vardır. “İnsan Hüquqlarının və X4 Haqqında” Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan notariat qaydada təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, “Eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birinə (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən, yaşayış sahəsindən istifadə etmək hüququ), digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır”. Konstitusiya Məhkəməsi daha sonra qeyd etmişdir ki, öz müstəqilliyini elan etmiş, hüquqi və demokratik dövlət quruculuğuna başlamış Azərbaycan Respublikasında dövlət tərəfindən mülkiyyət hüququna münasibət tamamilə dəyişmişdir. Konstitusiyanın 13 və 29 maddələrində mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına, mülkiyyət hüququnun qanunla qorunmasına, bu hüququn mülkiyyətçinin əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarət olmasına və s. dair müddəalar təsbit olunmuşdur. Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu, mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsi tələb etmək hüququnu verməsə də, o, yaşayış istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitdə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Kompensasiya məbləği mülkiyyətçinin malik olduğu evin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Məhkəmə kompensasiya təklif edən şəxsin təklif etdiyi məbləğdən artıq məbləğ müəyyən etməklə və ya məbləği azaltmaqla istifadə hüququna xitam verməkdə haqlı deyil. Kompensasiya məbləğinin mübahisəli evin satılıb əldə edilən məbləğdən ödənilməsinə yalnız mülkiyyətçinin müvafiq təklifi olduqda, həmin əmlaka digər şəxslərin hüquqları nəzərə alınmaqla yol verilə bilər. Kompensasiya təklif olunan şəxsin evin satılaraq ona pay verilməsini tələb etmək hüququ yoxdur. Azərbayçan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində istifadə olunan “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mülkiyyətin dəyərinə münasibətdə deyil, davamlı surətdə başqa mənzildə yaşamağı davam etdirmək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Məhkəmədə müəyyən edildi ki, Quba şəhəri Ə. Nərimanov küçəsi 62 saylı fərdi yaşayış evi RX seriyalı ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı mülkiyyətindədir. Cavabdehlər Cavabdeh1 1954-cü ildən bu evdə yaşayır, Cavabdeh2 1986-cı ildə bu evə gəlin köçmüşdür, hal-hazırda da orda yaşayırlar, onların uşaqları X8 və X6 isə bu evdə anadan olublar, bu evdə boya başa çatıblar, ailə qurub başqa yerə gəlin köçüblər, bəzən valideynlərinin yanında gəlib qalırlar. Buna baxmayaraq onların arasında qanunvericiliyin tələblərinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı ilə bağlı mülkiyyətçi ilə bağlanan notariat qaydada təsdiqlənən yazılı razılaşma mövcud deyildir. Məhkəmə şərh edilənlərə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2 5000 manat konpensasiya ödənilməklə ona məxsus Quba şəhəri, Əliqulu Nərimanov küçəsi 62 saylı yaşayış evindən istifadə hüququna xitam verilməsi və onların evdən çıxarılması, cavabdehlər Cavabdeh3 və Cavabdeh4 ona məxsus Quba şəhəri, Əliqulu Nərimanov küçəsi 62 saylı yaşayış evindən istifadə hüququnun itirilməsi barədə iddia tələbinin təmin edilməməsini məqbul hesab edir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2,Cavabdeh3 və Cavabdeh4 qarşı kompensasiya ödənilməklə yaşayış evindən istifadə hüququna xitam verilməsi və evdən çıxarılma tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar