Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-126/2025 14.01.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “akt əsasında hesablanmış borcun abonent hesabından silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsilə müraciət edərək, Cavabdeh İB-nin əməkdaşlarının tərəfindən tərtib olunmuş aktların ləğv edilməsi və hesablanmış 1043,32 manat məbləğində ziyanın onun abonent hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Quba rayonu, Barlı kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayır. Yaşadığı fərdi yaşayış evinə qaz sayğacı quraşdırılmışdır. Qaz sayğacı quraşdırılan vaxt X3nun adına quraşdırılmışdır. X3 xx.xx.2015-ci il tarixdə ölmüşdür. Onlar Cavabdeh ilə bağlanmış alqı-satqı müqaviləsinə əsasən təbii qazdan istifadə edərək hər ay istifadə etdikləri qazın pulunu ödəmişdir. İstifadə etdiyi qaza görə borcu yoxdur. Atasının mülkiyyətində olan qaz sayğacı yaşadığı Quba rayonu, Barlı kəndində yerləşən mənzildən kənarda quraşdırılmışdır. Cavabdeh əməkdaşları sayğacı açıb aparmış, əvəzinə yeni sayğac quraşdırmışlar. Yoxlamanın rəyinə əsasən 25 dekabr 2017-ci il tarixdə təbii qazdan qeyri-qanuni istifadə etdiyinə dair ******* nömrəli akt tərtib olunmuş və 265,60 manat borc hesablanmış, 25 yanvar 2018-ci il tarixdə sayğacsız təbii qazdan istifadə etdiyinə dair ******* nömrəli akt tərtib olunmuş və 156,20 manat borc hesablanmış, 20 mart 2018-ci il tarixdə təbii qazdan qeyri- qanuni istifadə etdiyinə dair ******* nömrəli akt tərtib olunmuş və 272,16 manat borc hesablanmış, 18 aprel 2018-ci il tarixdə sayğacdan kənar qaz xətti aşkar edildiyinə görə ******* nömrəli akt tərtib olunmuş və 188 manat borc hesablanmış, 31 avqust 2018-ci il tarixdə təbii qazdan qeyri-qanuni istifadə etdiyinə dair ******* nömrəli akt tərtib olunmuş və 129,60 manat borc hesablanmış, 26 noyabr 2018-ci il tarixdə təbii qazdan qeyri-qanuni istifadə etdiyinə dair ******* nömrəli akt tərtib olunmuş və 219,24 manat borc hesablanmış, 27 dekabr 2018-ci il tarixdə təbii qazdan qeyri-qanuni istifadə etdiyinə dair ******* nömrəli akt tərtib olunmuş və 78,12 manat borc olmaqla, ümumilikdə 1043,32 manat borc hesablanmışdır. Bildirir ki, onun heç zaman sayğacsız, qeyri-qanuni qazdan istifadə halı olmamışdır. 1043,32 manat borcun yaranmasında təqsiri yoxdur. Həmin borc əsassız olduğundan **********02400 saylı abonent hesabından silinməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Quba rayonu, Barlı kəndində yerləşən fərdi yaşayış evinin müqavilə əsasında **********02400 saylı abonent kodu xx.xx.2022-ci il tarixə kimi 30 yanvar 2005-ci il tarixində vəfat etmiş X5 adında olmuş, sonradan mərhumun oğlu İddiaçı ilə “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında xx.xx.2022-ci il tarixdə qazın alqı-satqısı Müqavilə”si bağlanmış və əsl İddiaçı ilə əvəz olunmuşdur. Məhkəmə hazırlıq iclasında Cavabdeh İB-nin nümayəndəsi X1 iddia tələbini qəbul etməyərək, rədd edilməsini xahiş etmiş və iddia tələbinə qarşı qanunsuz qoşulma ilə bağlı tərtib edilmiş fotogörüntüləri və aktları məhkəməyə təqdim edərək, bildirmişdir ki, 2017-2018-ci illərdə dümək olar ki hər ay yoxlama aparılıb, abonentin qaz xətlərinə, qaz sayğacına və qaz işlədici cihazlarına baxış keçirilmiş, baxış zamanı İddiaçı evinin qaz xəttinin üzərində quraşdırılmış sayğacdan əvvəl xəttə qoşulmuş rezin boru vasitəsi ilə evinə qaz xətti aparıldığı və təbii qazdan qanunsuz istifadə edildiyi aşkar edilmişdir. İddiaçı iddia ərizəsində onun evində sayğacdan kənar qaz xəttinin mövcudluğunu etiraf etmiş, lakin aktda göstərilən qaz işlədici cihazların onun evində istifadə edilmədiyini qeyd etməklə itirilmiş qazın bərpası üçün aparılan hesabatdan narazılığını bildirmişdir. Halbu ki, qaz işlədici cihazlarında sərf olunan təbii qazın itkisi qanunvericiliyə edilmiş və 23 iyun 2023-cü il tarixdən qüvvəyə minmiş dəyişillik nəzərə alınaraq aparılmışdır. Görüntülərdə abonentin evində təbii qazdan qanunsuz çəkilmiş rezin boru vasitəsi ilə istifadə edilməsi halı tam aydın şəkildə əks olunmuşdur. Buna görə də o evdə qanunsuz istifadə olunan təbii qazın bərpası üçün ziyan onun koduna hesablanmış və onun tərəfindən ödənilməlidir. İddiaçı X4 evində qaz xəttində quraşdırılmış qaz işlədici cihazların saatlıq qaz sərfi nəzərə alınmaqla itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Göründüyü kimi İddiaçı üçün sayğacdan kənar xətlə təbii qazdan istifadəyə görə ziyan Qaydalara tam uyğun hesablanmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh İB-nin X2 iddiaya etirazını bildirsə də, cavabdeh məhkəmə baxışı iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası МPМ-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir Məhkəmə iddiaçının izahatını dinləyib, sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azəriqaz İB-nin əməkdaşları tərəfindən abonent İddiaçı adına tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2017-ci il tarixli 010846 saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı və xx.xx.2018-ci il tarixli ******* saylı aktlara əsasən abonentin mənzilinə baxış keçirərkən “təbii Abonentin təbii qazdan qeyriqanuni istifadə etdiyinə dair sayğacdan kənar küçə xəttinə qoşulmaqla təbii qazdan qeyri-qanuni istifadə edir”qeydlər edilmişdir. İş materiallarında olan İddiaçı adına olan **********02400 saylı abonent kodu üzrə dəymiş ziyanın bərpasına dair xx.xx.2017-ci il tarixli təlabnaməyə görə 1328 m3, xx.xx.2018-ci il tarixli təlabnaməyə görə 781 m3, xx.xx.2018-ci il tarixli təlabnaməyə görə 1360.8 m3, xx.xx.2018-ci il tarixli təlabnaməyə görə 940 m3, xx.xx.2018-ci il tarixli təlabnaməyə görə 648 m3, xx.xx.2018-ci il tarixli təlabnaməyə görə 2192.4 m3, xx.xx.2018-ci il tarixli təlabnaməyə görə 781.2 m3, həcmində qaz itkisi hesablanmışdır. İş materiallarında olan Abonent saldosundan göründüyü kimi, **********02400 saylı abonent kodu üzrə itirilmiş qazın bərpası üçün 1043 (min qırx üç) manat 32 (otuz iki) qəpik borc hesablanmışdır. İş materiallarında olan AZ-İİ 352058 seriya və nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 30 yanvar 2005-ci il tarixində vəfat etmiş, ölüm haqqında akt qeydləri kitabında xx.xx.2005-ci ildə 05 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan qazdan istifadə qaydalarına əsasən “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə”sinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 317xx-xx.2022 nömrəli xx.xx.2022-ci il tarixli müqavilə bağlanmışdır. Məhkəmə araşdırması zamanı həmçinin tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, cavabdehin mənzilinə baxış keçirilən zaman abonentin sayğacdan kənar xətt vasitəsi ilə təbii qazdan qanunsuz istifadə etdiyi aşkar edilmişdir. Bu barədə fotogörüntülər, abonent barədə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” yuxarıda göstərilən aktlar tərtib edilmişdir, iddiaçı isə cavabdehin hesablanmış olduğu həmin ziyan məbləği ilə razılaşmamışdır. «İstehlakçıların müdafiəsi haqqında» xx.xx.1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci bəndinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1bəndinə əsasən Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmədə tədqiq edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, iddiaçı fərdi yaşayış evində quraşdırılmış qaz xəttinə sayğacdan kənar qoşulmaqla təbii qazdan qeyri-qanuni istifadə etmiş, bu hal Cavabdeh İB əməkdaşları tərəfindən aşkarlanaraq aktlaşdırılmışdır və məlum olmuşdur ki, X8 tərəfindən təbii qazdan qanunsuz istifadə nəticəsində ziyan dəymişdir. İddiaçının hərəkətləri nəticəsində maddi ziyanın vurulduğu, habelə təqsirli hərəkətləri ilə ona dəymiş maddi ziyan arasında səbəbli əlaqənin olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Belə ki, təqdim olunmuş sübut qismində müvafiq akt və fotogörüntü vurulmuş ziyanla iddiaçının hərəkətləri arasında səbəbli əlaqənin olması baxımından mötəbər sübut qismində qəbul edilə bilər. Zərərin məbləğinin təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 1043.32 manat hesablanması ilə bağlı məhkəmə qeyd edir ki, zərər məbləği Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2023-cü il tarixli 218 nömrəli Qərarı ilə “Qazdan istifadə Qaydaları”nın əlavə edilmiş yeni məzmunda 6.5-1-6.5-4-cü bəndlərinin tələbləri nəzərə alınmaqla hesablanmalıdır. Belə ki, “Qazdan istifadə Qaydaları”nın 6.5-3-cü bəndinə əsasən istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Həmin Qaydaların 6.5-1-ci bəndinə əsasən istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınır. Beləliklə zərər sutkanın on iki saatı, ilin mövsümü, habelə əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla hesabat aparılması barədə sübut təqdim edilməməsi nəzərə alınmaqla zərər hesablanmaqla 695 (altı yüz doxsan beş) manat 55 (əlli beş) qəpik saxlanılmaqla, 347 (üç yüz qırx yeddi) manat 77 (yetmiş yeddi) qəpik məbləğində cərimə **********02400 saylı abonent hesabından silinməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2017-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli **********02400 saylı abonent kodu ilə bağlı tələbnamələri ləğv edilsin və itirilmiş qazın bərpası üçün hesablanmış 347 (üç yüz qırx yeddi) manat 77 (yetmiş yeddi) qəpik məbləğ **********02400 kodlu abonent hesabından silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №2(027)-126/2025
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-126/2025
14.01.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver