Məhkəmə qərarları › İş №2(027)-1260/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1260/2022

03.06.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1260/2022 03.06.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X2 qızının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" İstehsalat Birliyinə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" X1 rayon Şöbəsinin əməkdaşları tərəfindən əsassız tərtib olunmuş 30.12.2021-ci il tarixli ******* saylı Aktın və həmin akta əsasən dəymiş ziyanın bərpasına dair tələbnamənin ləğv edilməsi və hesablanmış 432 manat məbləğində borcun mənim **********00490 saylı abonent hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Quba şəhəri, T.Əhmədov küçəsi (keçmiş A.Qarayev) 21 saylı ev şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasporta əsasən ona məxsusdur. Həmin yaşayış evində ailəsi ilə birlikdə yaşayırlar. "xxxx" ASC ilə bağlanmış qazın alğı-satqısına dair müqaviləyə əsasən təbii qazdan istifadə edir və istifadə etdikləri qazın dəyərini vaxtlı- vaxtında ödəyirlər. 17 dekabr 2021-ci il tarixdə "xxxx" İB-nın əməkdaşları ünvan 1 ünvanda yerləşən yaşayış evinə quraşdırılmış və istifadə etdiyi Elster tipli qaz sayğacını çıxararaq Zenner tipli qaz sayğac ilə əvəzləşdirmişlər. 2022-ci ilin fevral ayında qaz borcu qəbzi gələrkən 432 manat məbləğində cərimənin olduğunu görmüşdür. Quba Qaz İB-nə müraciət edərək həmin borcun hansı səbəbə əsasən qeyd olunduğunu soruşduqda ona qeyd olunan borcun 30.12.2021-ci il tarixli ******* saylı akta əsasən hesablandığını bildirərək akt və tələbnaməni ona təqdim etmişlər. Həmin aktla tanış olduqda ona məlum olmuş ki, 30.12.2021-ci il tarixli ******* saylı aktda "xxxx" İB-nın əməkdaşlarının çıxardığı qaz sayğacına baxış keçirmiş, guya qaz sayğacının hesablama mexanizminin qoruyucu plastmas qapağının yan tərəfdən əzildiyi və daxili qulaqcıqlarında əzik-cırıq izlərinin olması qeyd olunmuş və həmin akta əsasən də tələbnamə tərtib olunaraq 432 manat cərimə borcu hesablanmışdır. Aktda onun imza etməkdən imtina etdiyi qeyd olunmuşdur. Hansı ki, onun həmin aktın mövcudluğundan xəbəri belə olmamışdır. 30.12.2021-ci il tarixli ******* saylı aktla və tələbnaməyə əsasən hesablanmış borcla razılaşmır. Sayğac küçədə əsas qaz xəttinin üzərində üstü açıq şəkildə quraşdırılmış, qanunun tələblərinə uyğun kənar müdaxilələrdən qorumaq üçün müvafiq örtüklə örtülməmiş, qutuya yerləşdirilməmişdir. Bəlkə də qaz sayğacı müvafiq qutuya yerləşdirilmiş olsa idi, sayğaca zərər dəyməzdi. Ona görə də "xxxx" istehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 30.12.2021-ci il tarixli ******* saylı Akt və həmin akt əsasında tərtib olunmuş dəymiş ziyanın bərpasına dair tələbnamə ləğv edilməli, hesablanmış 432 manat cərimə onun **********00490 saylı abonent hesabımdan silinməlidir.. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh "xxxx" İB-nin nümayəndəsi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan ******* saylı aktdan görünür ki, 10015622 nömrəli sayğaca ümumi baxış keçirilən zaman sayğacın hesablama mexanizminin qoruyucu plastmas qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri olduğu aşkar edilmişdir. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, ******* saylı akt əsasında dəymiş ziyanın həcmi hesablanarkən 4320 m3 sərfiyyat müəyyən edilmişdir. Müəyyən olunmuşdur ki, İddiaçı təbii qaz abonenti kimi qeydiyyatdadır. "xxxx" İB-nin əməkdaşları tərəfindən 30.12.2021-ci il tarixdə onun yaşadığı ünvan 2 ünvanda yerləşən mənzilində quraşdırılmış sayğacın hesablama mexanizminin qoruyucu plastmas qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri olduğu aşkar edilmiş və bu barədə ******* nömrəli akt tərtib olunmuşdur. Həmin akt əsasında "xxxx" İB tərəfindən 30.12.2021-ci il tarixli tələbnamə tərtib olunmuşdur. Həmin akta əsasən iddiaçının (abonentin) bazasındakı abonent koduna 432 manat məbləğində itirilmiş qazın dəyəri hesablanmışdır. Həmçinin, müəyyən olunmuşdur ki, iddiaçının yaşayış sahəsinə qoyulmuş qaz sayğacı onun həyətindən kənarda küçə tərəfdə quraşdırılmışdır. Yaşayış sahəsi üçün küçədə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə iddiaçı cavabdehlik daşıya bilməzdi. Cavabdeh tərəf aktda qaz sayğacına şəxsən iddiaçı tərəfindən müdaxilə edilməsini göstərsə də, həmin faktı təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçı barəsində qazdan istifadə qaydalarının pozulmasına dair tərtib edilmiş akt əsaslı ola bilməz. İşin müəyyən edilmiş hаllаrındаn göründüyü kimi, qaz sаyğаcı iddiаçının cаvаbdehliyi sərhəddində qurаşdırılmаmışdır. Onun tərəfindən sаyğаcа hər hаnsı müdаxilə edilməsi, iddiаçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sаyğаcın zədələnməsi müəyyən edilmədiyi halda iddiаçıyа əsаssız olаrаq 432 manat məbləğində əlаvə sərfiyyаt hesаblаnmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları"nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. (4.9). Göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya hesablanmış borcun məhz abonentin sayğaca qanunsuz müdaxiləsindən irəli gəldiyi əsaslandırılmamış, bununla bağlı sübutlar təqdim edilməmişdir. Əksinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları"nın 4.8-ci bəndinə əsasən iddiaçının qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşımışdır. İddiaçı aktın və tələbnamənin ləğv edilməsi tələbini qoysa da mahiyyətcə borcun silinməsi barədə tələb irəli sürür. Göründüyü kimi iddiaçının prosessual məqsədi onun hesabında sayğacdan kənar hesablanmış borcun qanunsuz sayılması olduğundan borcun silinməsidir. Yəni iddiaçı aktın ləğv edilməsi barədə iddia versə də (akt özlüyündə mövcuddur), məhkəmə iddianı akt üzrə nəzərdə tutulan ödəmənin silinməsi barədə iddia kimi qəbul edir. Beləliklə, şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək, “Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları tərəfindən əsassız hesablanmış 432 manat məbləğində borc iddiaçının **********00490 saylı abonent hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı **********00490 saylı abonent hesabına hesablanmış 432 (dörd yüz otuz iki) manat məbləğində borc pul onun abonent hesabından silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar