Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1320/2020 22.10.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı cavabdeh «xxxxxxxx» ASC-nə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun hesabına “xxxxxxxx” ASC tərəfindən qanunsuz hesablanmış 93,03 manat məbləğində borcun silinməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Quba rayonu, Vəl-vələ kəndində yaşamaqla həmin kənddə mülkiyyətində 36,6 kvm ümumi sahəsi olan yaşayış evi vardır. “xxxxxxxx” ASC ilə olan müqaviləyə əsasən elektrik enerjisindən istifadə edir və mütəmadi olaraq istifadə etdiyi elektirik enerjisinin dəyərini vaxtlı-vaxtında ödəyir. xx.xx.2019-cu il tarixdə “xxxxxxxx” ASC-nin əməkdaşları yaşadığı evə gələrək elektirik enerjisindən istifadə qaydalarını yoxladılar. sayğacda nasazlıqlar olduğunu üçün sayğacı yeni sayğacla əvəz etdilər və ona gələn bildirişlərdə 93,03 manat borcunun olduğunu bildirdilər. Onun həmin məbləğdə borcu yoxdur. Hansı əsasa görə “xxxxxxxx” ASC tərəfindən hesablanması məlum deyildir. Həmin borcun mənbəyi məlum deyildir. 93,03 manat məbləğində borc qanunsuz olaraq hesablanmışdır. O, hər ay sayğacın göstəriciləri əsasında elektrik enerjisi üzrə borcunu ödəyir və onun heç bir borcu yoxdur. İddiaçı Məhkəməyə teleqramla müraciət edərək, xx.xx.2020-ci il tarixə təyin edilmiş məhkəmə iclasında səhhətində yaranmış problemlərlə bağlı iştirak edə bilməyəcəyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, mülki iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Qeydiyyat vəsiqəsindən görünür ki, Quba raynu, Vəl-vələ kəndində yerləşən bir mərtəbəli, iki otaqlı yaşayış evi 116758 saylı alğı-satqı müqaviləsi əsasında xx.xx.2003-cü il tarixdə qərarı əsasında İddiaçı adına xx.xx.2003-cü il tarixdə qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş bildirişdən görünür ki, İddiaçı elektrik sayağacına 3 gün ərzində baxış keçirilməsi barədə məlumat verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli, 152127 saylı aktdan görünür ki, İddiaçı elektrik sayğacının yeni sayağacla əvəz edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş abunə haqqında məlumat vərəqəsindən görünük ki, İddiaçı xx.xx.2019-cu il tarixə “xxxxxxxx” ASC-nə elektrik enerjisindən istifadəyə görə borcu yoxdur. İş materiallarına əlavə edilmiş “xxxxxxxx” ASC xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, xx.xx.2019-cu il tarixdə İddiaçı məxsus Quba rayonu, Vəl-vələ kəndində yerləşən fərdi yaşayış evində “xxxxxxxx” ASC-nin əməkdaşları tərəfindən elektrik enerjisinin uçotu və “EEİQ”-na riayət olunması vəziyyəti yoxlanarkən fərdi yaşayış evinin işlədicilərinə quraşdırılmış elektrik hesabat sayğacının xətdən axan yükü qeyd etməməsi halı aşkar olunmuşdur. Bununla əlaqədar EEİQ-nın tələblərinə uyğun olaraq, xx.xx.20019-cu il tarixli 152127 nömrəli akt tırtib edilmiş, itirilmiş elektrik enerjisinin bərpası məqsədi ilə 97,88 manat məbləğində sərfiyyat abonentlə qarşılıqlı hesablaşmaya daxil edilmişdir. Mülki Məcəlləyə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (1096.1.). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (1096.2.). “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2005-ci il tarixli 18 saylı qərarının 1.2-ci bəndinə görə bu Qaydalar "Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Qeyd olunan qaydaların 8.17-ci maddəsinin tələblərinə əsasən istehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda enerjitəchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrikqəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Yenidən hesablaşmaya görə əlavə ödənişin verilməsi istehlakçıya aşkar edilmiş pozuntu aradan qaldırılmadan təkrarən elektrik şəbəkəsinə qoşulmaq hüququ vermir. “Elektrik enerjisindən istifadə” Qaydalarının 8.32-ci bəndinə əsasən məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilinin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. Həmin Qaydaların 8.33-cü bəndinə görə məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Məhkəmə qeyd edilən qaydalar üzrə müəyyən edir ki, həmin qaydalar dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Hazırkı iddia tələbinin verilməsinə əsas olan cavabdeh təşkilat tərəfindən akt tərtib edilərək iddiaçının elektrik sayğacının dəyişdirilməsi zamanı ona yeni quraşdırılmış sayğacda əsasız borcun olması olmuşdur. İş materialları ilə də müyyən olunmuşdur ki, Quba rayonu, Vəl-vələ kəndində yerləşən fərdi yaşayış evində yeni elektrik sayğacı quraşdırılmamışdan əvvəl iddiaçının cavabdeh təşkilata elektrikdən istifadəyə görə borcu olmamışdır. Cavabdeh təşkilat tərəfindən xx.xx.2019-cu il tarixli, 152127 saylı akt tərtib edilərək iddiaçının evində quraşdırılmış elektrik sayğacının yenisi ilə əvəz edilməsi aktlaşdırılmışdır. Bundan sonra yeni sayğac quraşdırılmış və həmin sayğacda qeyd edilən məbləğində borc əsassız olaraq iddiaçının **********00392 saylı abunə hesabına qeyd edilmişdir. “xxxxxxxx” ASC-nin xx.xx.2020-ci saylı məktubunda xx.xx.2019-cu il tarixli, 152127 saylı akt tərtib edilərək, itirilmiş elektirik enerjisinin bərpası məqsədi ilə 97,88 manat məbləğində sərfiyyat abonentlə qarşılıqlı hesablaşmaya daxil edildiyi qeyd edilsə də, cavabdeh təşkilat itirilmiş elektirik enerjisinin sərfiyyatını sübutu kimi dəymiş ziyanın bərpasına dair tələbnaməni tərtib etməmişdir. Bununla da “Elektrik enerjisindən istifadə Qaydaları”nın tələbləri pozulmuşdur. Həmin akt mülki hüquqi məsuliyyətin yaranmasına əsas olan halı təsdiq edən sübut kimi dəyərləndirilə bilməz. Çünki məişət abonenti özü hal şahidi ola bilməz. Aktdan görünür ki, hal şahidi qrafasına istehlakı imza atmışdır. Mülki Məcəllənin normalarına əsasən cavabdeh iddiaçının təqsirli, hüquqa zidd əməli nəticəsində ona ziyan vurulduğunu sübut etməlidir. Lakin cavabdeh bu halları sübut edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, «xxxxxxxx» ASC tərəfindən Quba rayonu, Vəl-vələ kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə dair onun **********00392 saylı abonent hesabına hesablanmış 93,03 manat məbləğində borc abonentin hesabından silinməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh «xxxxxxxx» ASC-nə qarşı borcun silinməsinə dair iddia tələbi təmin edilsin. «xxxxxxxx» ASC tərəfindən Quba rayonu, Zərdabi kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə dair onun **********00392 saylı abonent hesabına hesablanmış 93,03 manat məbləğində borc abonentin hesabından silinsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-1320/2020
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1320/2020
22.10.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver