Məhkəmə qərarları › İş №2(027)-1349/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1349/2023

10.08.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1349/2023 10.08.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi İddiaçı nümayəndəsi qismində vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı akt əsasında hesablanmış borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 07 avqust 2021-ci il tarixli, 223600 nömrəli Akt əsasında hesablanmış 1393,26 manat məbləğində pulun onun abonent kodu üzərindən silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, ailəsilə birlikdə Quba rayonu, Amsar kəndinə mövsümi olaraq yay aylarında yaşamağa gəlirlər. Havalar soyuduqdan sonra Bakı şəhərindəki evinə köçür. 2021-ci ilin yayında "xxxx" ASC-nin X3 Amsar kəndi üzrə nəzarətçi-mühəndisinə məlumat verərək, artıq burada olduğunu bildirmiş, nəzarətçi mühəndis gələrək, ona aylıq sərfıyyat və borcu barədə bildiriş vermişdir. Bir müddətdən sonra ona bildirmişdilər ki, “sənin aylıq enerji sərfiyyatın çox azdır, ona görə də sayğac açılıb, yoxlanış üçün laborotoriyaya göndərilməlidir”. 07 avqust 2021-ci il tarixində cavabdeh təşkilatın əməkdaşları tərəfindən ********** nömrəli sayğac xəttən ayrılmış və yerinə yeni sayğac quraşdırılmışdır. Bu barədə 223600 nömrəli akt tərtib olunmuşdu. Həmin aktda sayğaca baxış keçirən zaman məlum olmuşdur ki, “elektrik sayğacı axan yükü qeyd etmir. Pİ=0,81 kvt P2=0 Qeyd olunub. Mənzildə mövsümi yaşayış vardır. Elektrik sayğacı yenisi ilə əvəz olundu” qeyd olunmuşdur. Bundan sonra Bakı şəhərinə köçmüşlər. Ötən il yenidən kəndə gələndə yüksək məbləğdə borcun olduğunu öyrənib. Araşdırdıqdan sonra onun **********00114 saylı abunə koduna 11 noyabr 2021-ci il tarixdə 12666 kv/saat olmaqla, 1393,26 manat əlavə borc hesablandığını bildirmişlər. O bu mənzildə mövsümi yaşadığı, ilin əksər vaxtını elektrik enerjisindən istifadə etmədiyi halda bu məbləğdə borcun hesablanılması ağlasığmazdır. Mənzilə məxsus sayğac həyət qapısından bayırda quraşdırılmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X2 ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Samir Əhmədov ilkin məhkəmə iclasında iddiaya etiraz təqdim edərək, etirazı onunla əsaslndırmışdır ki. 07.08,2021-cü il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən abonentə məxsus mənzilin elektrik hesabat sayğacına baxış keçirilərkən məlum olmuşdur ki, elektrik sayğacı keçən yükü qeyd etmir. İddiaçı aktı imzalamış və aparılmış hesabatla razılaşmışdır. Abunə haqqında çıxarışdan da aydın görünür ki, iddiaçı akt üzrə aparılmış hesabatdan 14.03,2022-ci il tarixdə 1180 manat ödəmişdir. İddiaçının hazırki borcu sayğac borcudur və mütləq qaydada ödənilməlidir. İddiaçının istifadəsində olan elektrik hesabat sayğacı xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək sayğacın enerji sərfiyyatı göstəricisi 0 kvt təşkil etmişdir. İddiaçı bu faktı Bakıya köçməsi ilə əlaqələndirir. Əgər evdə yaşayış olmayacaqsa, abonent yazılı ərizə şəklində enerji təchizatı təşkilatına müraciət etməli və enerji verilişinin müvəqqəti dayandırılmasını xahiş etməli idi. İddiaçının isə belə bir müraciəti olmamışdır. Bununla əlaqədar abonentə qarşı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə qaydaları"na (Ödəmə sənədində səhv və ya sayğacların göstərişlərində anlaşılmazlıq aşkar olunarsa istehlakçı, o cümlədən məişət abonenti bu barədə enerji təchizatı müəssisəsinə yazılı məlumat verməlidir. İstehlakçı, o cümlədən məişət abonenti yazılı məlumat verdikdən sonra enerji təchizatı müəssisəsi on gündən gec olmayaraq hesablaşmanı, lazım gələrsə sayğacı yoxlamalı və bu yoxlamanın nəticələri haqqında ona məlumat verməlidir. Sayğacın yoxlanılması və ya ödəmə sənədindəki səhv haqqında istehlakçının, o cümlədən məişət abonentinin məlumat verməsi, onu təqdim olunan ödəmə sənədi üzrə müəyyən olunmuş müddətdə ödənişdən azad etmir. Elektrik enerjisinin kodunda səhv aşkar edildikdə, enerji təchizatı müəssisəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsidə nəzərdə tutulmuş iddia müddətindən kənara çıxmamaq şərti ilə elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması müddətindən sonrakı dövr üçün yenidən hesablaşma aparmalıdır. Əgər sayğac göstəricilərinin xətası Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin müəyyən etdiyi normalardan artıq deyilsə, onda bu xəta normal sayılır və yenidən hesablaşma aparılması tələb olunmur. Əgər yoxlamanın nəticələrinə görə yenidən hesablaşma aparmaq tələb olunarsa, onda növbəti dövr üçün ödəniş sənədləri yazıldıqda yenidən hesablaşma aparılır") tələblərinə uyğun olaraq abonentini qidalandıran elektrik naqilin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə etdiyi nəzərə alınaraq, 1477.26 manat məbləğində itirilmiş elektrik enerjisi dəyəri bərpa edilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən hesab edirik ki, iddiaçının aktın etibarsız hesab edilməsi və hesablanmış məbləğin silinməsi barədə iddia tələbi qanunsuz və əsassızdır və onun bu iddia tələbi yaranmış debitor borcunu ödəməkdən imtina etmək niyyətindən irəli gəlir. Bu isə iddiaçının hüquqdan sui-istifadə etməsi qənaətinə gəlinməsinə əsas verir. Cavabdehin nümayəndəsi S.Əhmədov daha sonra məhkəməyə ərizə ilə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, cavabdehin etiraz ərizəsini, işdə olan sənədləri, tam, hərətəfli və obyektiv tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş İddiaçı adına tərtib olunmuş 07 avqust 2021-ci il tarixli, 223600 saylı akta əsasən sayğaca baxış keçirilməsi zamanı axan yükü qeyd etmədiyi göstərilmişdi. (P1=0.81 kvt, Ps=0) İş materiallarında olan İddiaçı aid **********00114 saylı abonent kodu üzrə saldonun surətindən görünür ki, İddiaçı ödənilməmiş 1470.51 manat borc qalmışdır. İş materiallarında olan ƏMDK yanında Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********45 reyestr nömrəli “Çıxarış”ın surətindən göründüyü kimi Quba rayonu, Amsar kəndində yerləşən 0.92 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam pay mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 344 nömrəli reyestr kitabının 43 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarından görünür ki, İddiaçı oğlu tərəfindən müvafiq abonent kodu üzrə müxtəlif vaxtlarda elektrik enerjisinin sərfiyyatına görə ödənişlər həyata keçirilmişdir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın (bundan sonra – Qaydalar) 7.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. Həmin Qaydaların 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri-cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerji təchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Həmin Qaydaların 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Qaydaların 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sənədlər, iddiaçının nümayəndəsinin izahatı və digər sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı aid abonent koduna dair sayğac üzrə istehlakçı barəsində sayğacın axan yükü qeyd etməməsi və yenisi ilə əvəz edilməsinə dair akt tərtib edilmiş və həmin akt Azərişıq ASC-nin nümayəndələri və İddiaçı tərəfindən imzalanmışdır. İddiaçı elektrik sayğacının axan yükü qeyd etməməsinə görə ona cavabdeh tərəfindən cərimə yazıldığını, lakin həmin sayğacının yükü qeyd etməməsində onun təqsirinin olmadığını, yazılmış cərimənin əsassız olduğunu əsas gətirərək, hazırki iddia tələbini irəli sürmüş və tələbinin əsası kimi həmin hallara istinad etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya aid abonent kodu üzrə elektrik sayğacında yaranmış qüsura görə itirilimiş elektrik enerjisi sərfiyyatına görə xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək 18 ay ərzində aylıq 82.07 manat, cəmi, 1477.26 məbləğində ödəniş hesablamışdır. Lakin məhkəmə araşdıması zamanı cavabdehin nümayənədəsi tərəfindən elektrik enerjisi sayğacında yaranmış daxili qüsurun (axan yükün qeyd edilməməsinin) məhz iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində baş verməsinə dair dair sübutu məhkəməyə təqdim edə bilməmişdir. 07 avqust 2021-ci il tarixli, 223600 saylı akt tərtib edilərkən hal şahidlərinin iştirakı təmin olunmamışdır. Halbuki, müvafiq qanunvericiliyin tələbinə əsasən sayğacın zədələnməsi, sxemin pozulması ilə bağlı istehlakçı tərəfindən hərəkətlərə yol verildikdə, istehalkçı o halda, həmin hallara görə məsuliyyət daşıyır ki, qeyd olunan pozuntular məhz onun təqsirli hərəkətləri və ya hərəkətsizliyi nəticəsində baş vermiş olsun, digər hallarda qeyd olunan zədələnmələrə görə məhz elektrik enerjisi təchizatı müəssisə özü məsuliyyət daşıyır. Cavabdehin istinad etdiyi “Elektrik enerjisindən istifadə Qaydaları"nın 8.15-ci bəndi istehlakçının məlumatlandırma vəzifəsi ilə bağlı əsaslanma isə ödəmə sənədində səhv və sayğacların göstərişlərində anlaşılmazlıqla bağlı müəyyən edilmişdir ki, hazırki mübahisə sənəddəki səhv və sayğacda anlaşılmazlıqla bağlı deyil, axan yükün ümumiyyətlə qeyd edilməməsi ilə bağlıdır. Habelə qeyd edilən hallarda məlumatlandırma vəzifəsi Qaydaların 8.7 və 12.6-cı bəndlərində istehlakçı, o cümlədən məişət abonenti ilə yanaşı həmçinin elektroenergetika müəssisəsi və enerjitəchizatı müəssisəsinə də həvalə edilmişdir Bununla da məhkəmədə tədqiq olunmuş sübutlar əsasında iddiaçının istehlakçı qismində müvafiq sayğac üzrə daxili qüsurun (axan yükün qeyd edilməməsi) yaranmasında təqsirin olmasını, habelə cavabdeh tərəfindən iddiaçıya məxsus müvafiq elektrik sayğacı üzrə elektrik enerjisi itkisinə görə yazılmış aylıq 82.07 manat məbləğində ödənişin İddiaçı tərəfindən ödənilməli olmasına dair əsası müəyyən etmək mümkün olmamamışdır. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.16-ci bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Göründüyü kimi, abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamaqla hesabatın aparılmalı olması müəyyən edilmişdir ki, bu müddət ərzində elektrik sayğacının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalı olmuşdur. Lakin üçüncü şəxs kimi İddiaçı həmin müddətdə davranışı zərərin artmasına şərait yaratdığından, ziyanın 82.07 manat hissəsinə görə məsuliyyət İddiaçı aid edilməklə 1311 (min üç yüz on bir) manat 19 (on doqquz) qəpik məbləği **********00114 nömrəli abonent hesabından silinməlidir. Azərbaycan Respublikası MPM-nin 287-ci maddəsinə əsasən, Dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarının, habelə başqa orqanların aktlarının qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi aktı və ya qərarı qəbul etmiş orqanın üzərinə düşür. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. "xxxx" ASC əməkdaşları tərəfindən hesablanmış 1311 (min üç yüz on bir) manat 19 (on doqquz) qəpik məbləği **********00114 nömrəli abonent hesabından silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar