Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1356/2022 19.05.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DƏDRXnin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DƏDRXnin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Torpağın mülkiyyətə verilməsinə dair JN-864F Kod 30319018 saylı şəhadətnamənin Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, onunla əsaslandırmışdır ki, Quba rayon Aqrar islahat Komissiyasının 20 iyun 1997-ci il tarixli 14 saylı qərarı ilə ona və ailə üzvlərinə fərdi yaşayış evinin tikintisi üçün Quba rayonu, İİ Nügədi kəndi ərazisindən 0.19 ha torpaq sahəsi onun mərhum qayınatasına ayrılmış və adlarına torpağın mülkiyyətə verilməsinə dair JN-864F Kod 30319018 saylı şəhadətnamə verilmişdir. Həmin sənəddə onun adı da qeyd olunmuşdur. Lakin, şəhadətnamədə onun atasının adı səhvən Əmirşah əvəzinə Teymur kimi qeyd edilmişdir. Hal-hazırda əri mülkiyyətində olan həmin torpaq sahəsini özgəninkiləşdirmək istəyir. Bununla bağlı hüquqmüəyyənedici sənədləri DƏDRXnın 5 saylı Xaçmaz Ərazi İdarəsinə təqdim etmişdir. Torpağın mülkiyyətə verilməsinə dair JN-854F Kod 30319018 saylı şəhadətnamədə onun ata adının yazılışında yaranmış uyğunsuzluğun aradan qaldırılmasının və düzəlişlərin həyata keçirilməsinin onların səlahiyyətinə aid olmadığını, bununla bağlı məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Ona görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədə verilən suallara cavab olaraq, ərizəçi bildirdi ki, sözügedən şəhadətnamə atasının adı səhv yazılmış, şəhadətnamədə adları qeyd olunan Teymur Fətəliyev onun qayınatası, Şövkət Fətəliyeva qayınanası, Fətəli Fətəliyev qaynı, Fədail Fətəliyev həyat yoldaşı, Lalə və Nərgiz isə qızlarıdır. Qayınatası Teymur və qayınanası Şövkət vəfat etmişlər. Torpaqla bağlı ailə üzvləri ilə aralarında mübahisə yoxdur. Göstərilənləri nəzərə alaraq, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq, iş üzrə maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş üzrə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq toplanmış sübutlara qiymət verməklə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Torpağın mülkiyyətə verilməsinə dair JN-864F Kod 30319018 saylı şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Quba rayon Aqrar İslahat Komissiyasının 20.06.1997-ci il tarixli 14 saylı qərarı ilə X1, X5, Ərizəçi Teymur qızı, X4, X6 və X2 Quba rayonu, İİ Nügədi kəndi ərazisindən 0.19 ha torpaq sahəsi verilmişdir; AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1978-ci il təvəllüdlü Ərizəçi atasının adı Əmirşahdır; Vİ-ЖГ 251299 nömrəli doğum haqqında şəhadətnamənin notarial təsdiqli surətindən görünür ki, Əmirşahova Samirənin atası Əmirşah Əmirşahovdur; Vİ-ЖГ 466578 nömrəli nikah haqqında şəhadətnamənin notarial təsdiqli surətindən görünür ki, X3 ilə X5 arasında 20.12.1998-ci il tarixdə nikah bağlanmış və Samirə Əmirşahova “Fətəliyeva” soyadını almışdır; Quba RİHB-nin İ Nügədi İƏD üzrə nümayəndəliyin 26.01.2022-ci il tarixli 125 saylı arayışından görünür ki, torpağın mülkiyyətə verilməsinə dair JN-864F Kod 30319018 saylı şəhadətnamədə “Ərizəçi Teymur qızı” yazılsa da, düzgün yazılış – “Ərizəçi”dır; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 20.03.2022-ci il tarixli **********19 saylı məktubundan görünür ki, torpağın mülkiyyətə verilməsinə dair JN-864F Kod 30319018 saylı şəhadətnamədə qeyd olunmuş hüquq sahiblərinin ad və soyad yaranmış uyğunsuzluğu aradan qaldırılması üçün məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Beləliklə, iş materiallarında olan sənədlərdən göründüyü kimi, ərizəçinin atasının adı “Əmirşah” olduğu halda, torpağın mülkiyyətə verilməsinə dair JN-864F Kod 30319018 nömrəli şəhadətnamədə səhvən “Teymur” yazılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edə bilər; 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının: 6-cı bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. 6.3-cü bəndinə əsasən, hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Məhkəmə hesab edir ki, ərizəçi hüquqlarının həyata keçirilməsi üçün lazım olan sənədlərin başqa yolla əldə edilə bilməməsini sübuta yetirə bilmişdir. Məhkəmə, iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib hesab edir ki, torpağın mülkiyyətə verilməsinə dair JN-864F Kod 30319018 saylı şəhadətnamənin Ərizəçi məxsus olması faktı tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Torpağın mülkiyyətə verilməsinə dair JN-864F Kod 30319018 saylı şəhadətnamənin həmçinin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-1356/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1356/2022
19.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver