Məhkəmə qərarları › İş №2(027)-1383/2022

Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-1383/2022

27.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-1383/2022 27.04.2022 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsinin hakimi Seyidov Vüqar Mircuma oğlu, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işin materiallarını nəzərdən keçirib m ü ə y y ə n e t d i m: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Quba rayon Aqrar İslahat Komissiyasının 03 may 1997-ci il tarixli, 04 nömrəli qərarı ilə verilmiş JN-902 kod 30307028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının onlara, yəni Ərizəçi, X3 və X2 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edirəm ki, ərizə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə riayət edilmədən verildiyi üçün, onun məhkəmə icraatı qeyri-mümkündür. Belə ki, Azərbaycan Respublikası MPM-nin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30-39-cu fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-nin 149.2.2-ci maddəsinin tələbinə görə ərizəçi iddia ərizəsində işdə iştirak edən şəxs kimi ərizəçilərin adını və poçt ünvanını göstərməli olduğu halda, ərizəsində qeyd etdiyi X3 və X1 adını, soyadını və atasının adını və poçt ünvanını göstərməmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən isə müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Ona görə də hesab edirəm ki, yuxarıda qeyd olunanlara əsasən hazırkı ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı və ərizəçiyə ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149,150-152, 263-264 və 266-268-ci cı maddələrini rəhbər tutaraq qərara aldım: Ərizəçinın hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılsın. Ərizəçi izah edilsin ki, ərizəsinin qaytarlıması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar