Məhkəmə qərarları › İş №2(027)-1392/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1392/2025

13.08.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1392/2025 13.08.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: I. İşin mahiyyəti: İddiaçı iddia ərizəsilə müraciət edərək, Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş ******* nömrəli aktın ləğv edilməsi, hesablanmış 2073,60 manat məbləğində ziyanın **********0880 nömrəli abonent hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə bağlanmış alqı-satqı müqaviləsinə əsasən təbii qazdan istifadə edərək hər ay istifadə etdiyi qazın pulunu ödəyir. Onun istifadə etdiyi qaza görə borcu yoxdur. Onun mülkiyyətində olan qaz sayğacı yaşadığı Quba şəhəri, SMU-12-də yerləşən mənzildən kənarda quraşdırılmışdır. 04 oktyabr 2024cü il tarixdə Cavabdeh Quba rayon şöbəsinin əməkdaşları gəlib sayğaca baxış keçirmişlər. Yoxlamanın rəyinə əsasən sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə olunduğu aşkar edilmiş, bunun əsasında ******* nömrəli akt tərtib edilmiş və **********0880 nömrəli abonent koduma 2073,60 manat borc hesablanmışdır. Bildirir ki, o həmin aktla razılaşmır. Qaz sayğacından kənar əlavə xətt vasitəsilə təbii qazdan qeyriqanuni şəkildə istifadə etməmişdir, heç zaman qaz sayğacına müdaxilə etməmişdir. Həmin borc əsassız olduğundan **********0880 nömrəli abonent hesabından silinməlidir. Cavabdeh məhkəməyə iddia tələbinə etiraz ərizəsi ilə müraciət edərək onunla əsaslandırmışdır ki, İddiaçı iddia tələbi əsassızdır və təmin edilməməlidir. Cavabdeh Xaçmaz RQİİ-nin Quba xidmət Sahəsində əhali abonenti kimi qeydiyyatda olan İddiaçı Quba şəhərinin SMU-12 ünvanda yerləşən fərdi yaşayış evində yaşayır və Müqavilə əsasında evində təbii qazdan istifadə edir. İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə iki tərəfli qaydada müəyyən edilir. İstifadə olunan təbii qazın dəyər məbləğinin vaxtında ödənilməsi barədə tərəf üzərinə öhdəlik götürmüşdür. Lakin buna baxmayaraq cavabdeh müqavilə öhdəliklərinə əməl etməmişdir. Belə ki, xx.xx.2024-cü il tarixdə "Azəriqaz“ İstehsalat Birliyinin işçiləri tərəfindən həmin evdə təbii qazın uçotu və TQİQ-na riayət olunmasına baxış keçirilən zaman cavabdehin istifadəsində olan qaz sayğacından kənar xətlə təbii qazdan qanunsuz istifadə etdiyi müəyyən edilmişdir. Bu barədə xx.xx.2024-cü il-tarixli ******* nömrəli "təbii qazdan istifadə Qaydalarının pozulması haqqında” akt tərtib edilərək itirilmiş qazın miqdarı qüvvədə olan qanunvericiliyə uyğun normativlər əsasında 17280 m3 və ya 2073,60 manat hesablanmışdır. İddiaçı qanunsuz yolla təbii qazdan istifadə edilməsi halının aşkarlanması video çəkilişlə həyata keçirilmiş, abonentin qaz savğacının üzərinə qoyduğu maqnitin görüntüləri tam aydın şəkildə video çəkilişdə öz əksini tapmışdır. Buna görə də o evdə qanunsuz istifadə olunan təbii qazın bərpası üçün ziyan onun koduna hesablanmış və onun tərəfindən ödənilməlidir. İddiaçı iddia tələbi məhkəmə tərəfindən əsassız sayılmalı və təmin edilməməlidir. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, kənar xətti 2024-ci ilin oktyabr ayında çəkmişdir. Lakin heç bir zaman istifadə etməmişdir. İddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək, rədd olunmasını xahiş etdi. İİİ. İşin faktiki halları: İş materiallarında olan: -Azəriqaz İB-nin əməkdaşları tərəfindən abonent İddiaçı adına tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2024-cü il tarixli, ******* saylı Akta əsasən abonentin mənzilinə baxış keçirərkən abonentin sayğcdan kənar qeyri-qanuni təbii qazdan istifadə etdiyi aşkar olundu. - dəymiş ziyanın bərpasına dair 09 oktyabr 2024-cü il tarixli, təlabnamənin surətindən görünür ki, Quba şəhəri, SMU-12 ünvanında yerləşən fərdi yaşayış evinə İddiaçı **********0880 saylı abonent kodu üzrə 17280 m3 həcmində qaz itkisi hesablanmışdır. - abonent saldosundan göründüyü kimi, Quba şəhəri, SMU-12 ünvanda yerləşən İddiaçı məxsus evə aid **********0880 saylı abonent kodu üzrə itirilmiş qazın bərpası üçün 2073,60 manat borc hesablanmışdır. İV.Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə tərəfləri dinləyib, sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının mənzilinə quraşdırılmış sayğac cavabdeh tərəfindən yenisi ilə əvəz edilmiş və köhnə sayğacın yoxlanılması nəticəsində cavabdeh tərəfindən iddiaçıya 2073,60 manat məbləğində vurulmuş ziyan hesablanmış və istehlakçı isə cavabdehin hesablanmış olduğu həmin ziyan məbləği ilə razılaşmamışdır. «İstehlakçıların müdafiəsi haqqında» xx.xx.1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən, qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən, Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün Energetika Nazirliyinə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1- bəndinə əsasən Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. Beləliklə qanunvericiliyin təhlilindən görünür ki, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması qaz paylayıcısının vəsaiti hesabına həyata keçirilir. Həmçinin fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsaslanaraq məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən qaz sayğacına qoşulma halı təsdiqini tapsada məhz müvafiq inzibati araşdırmanın aparılmamışdır. Belə ki, Qazın talanması ilə bağlı müvafiq icra hakimiyyəti orqanının və cinayət təqibi orqanının qərarı olmadan və ya bu məhkəmənin qərarı ilə təsdiq edilmədən şəxsi təqsirli hesab edərək borc yazılması yolverilməzdir. İnzibati araşdırmanın olmaması artıq iddia tələbinin əsaslı olub-olmamasına qiymət vermək üçün kifayət edir. Belə ki, Mülki-Prosessual Məcəllənin 77.2-ci maddəsinin tələblərinə görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Lakin cavabdeh üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmiş və iddiaçı tərəfindən sayğaca müdaxilə edilməsini təsdiq edən sübutları təqdim etməmişdir. Eyni zamanda adıçəkilən qanunvericilik aktlarında nəzərdə tutulduğu qaydada iş üzrə hər hansı inzibati araşdırma aparılmamışdır. Həmçinin nəzərə alınır ki, sayğac iddiaçının yaşadığı evin sərhədlərindən kənarda yerləşdirilmişdir. Cavabdeh tərəfindən qeyd edilən halın müəyyən edilməsi ilə bağlı yeganə sübut qismində tərtib edilmiş akta və həmin akta əsasən hesablanmış dəymiş ziyanla bağlı tələbnaməyə istinad etmişdir. Beləliklə Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, ******* saylı akt əsasında tərtib olunmuş xx.xx.2024-cü il tarixli tələbnamə ləğv olunmalı və həmin tələbnaməyə əsasən hesablanmış 2073,60 manat məbləğində borc İddiaçı **********00880 saylı abonent hesabından silinməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 81-ci maddəsinə əsasən Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz; 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 119.1-ci maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. V. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, ******* saylı akt əsasında tərtib olunmuş xx.xx.2024-cü il tarixli tələbnamə ləğv olunsun və həmin tələbnaməyə əsasən hesablanmış 2073,60 manat məbləğində borc İddiaçı **********00880 saylı abonent hesabından silinsin. 44,74 (qırx dörd manat, yetmiş dörd) manat məbləğində dövlət rüsumu «Azəriqaz” İB-dən alınaraq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Nigar Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar