Məhkəmə qərarları › İş №2(027)-1425/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1425/2022

20.06.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1425/2022 20.06.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X2 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “aktın və tələbnamənin ləğv edilməsi və borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əməkdaşları tərəfindən əsassız olaraq tərtib olunmuş xx.xx.2022-ci il tarixli ******* saylı akt və həmin akta əsasən dəymiş ziyanın bərpasına dair xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin ləğv edilməsi və hesablanmış 518.40 (beş yüz on səkkiz manat 40 qəpik) manat məbləğində borcun İddiaçı **********0020 saylı abonent hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, yaşadığı Quba rayonu Afurca kəndində yerləşən yaşayış evi Azərbaycan Respublikası Daşınmaz Əmlakın Qiymətləndirilməsinə dair şəhadətnaməyə əsasən İddiaçı sərəncamındadır. Bildirmişdir ki, yaşadığı evə də başqa evlər kimi qaz sayğacı quraşdırılmışdır. Digər abonentlər kimi o da hər ay istifadə etdiyi qaz sərfiyyatına görə qaz borcunu vaxtında ödəyir. Bu ilin yanvar ayında qaz sayğacında olan nasazlıqla bağlı qaynar xəttə zəng vurmuşdur. Şikayəti ilə əlaqədar Cavabdeh əməkdaşları xx.xx.2022-ci il tarixində yaşadığı ünvana gələrək qaz sayğacını yenisi ilə əvəz elədilər. Bu barədə qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2022-ci il tarixli № ******* saylı akt tərtib olunmuşdur. Bu ilin aprel ayında ona məlum olmuşdur ki, "Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixində təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli akt tərtib olunmuşdur. Tərtib olunmuş ziyan aktında guya qaz sayğacına tərəfindən müdaxilə olunmuş, onun hesablama mexanizminin plastmas qapağının alt hissəsi deşici alətlə deşildiyi müəyyən edilmişdir. Ancaq o və ailə üzvləri tərəfindən sayğaca hər hansı müdaxilə olunmayıb. Qeyd etmişdir ki, o, istifadə etdiyi qaz sərfiyyatının borcunu vaxtlı-vaxtında ödəyir, qaz borcu yoxdur. Sayğaca dəymiş ziyan olaraq hesablanmış 518.40 (beş yüz on səkkiz manat 40 qəpik) manat cərimə borcundan xəbəri yoxdur. Bu məqsədlə Cavabdeh Quba rayon şöbəsinə müraciət etmişdir. Ona həmin aktın və tələbnamənin əsillərini deyil, surətlərini verdilər. O, həmin cərimə borcu ilə razılaşmır. Hesab edir ki, həmin akt və tələbnamə əsassız olaraq tərtib olunmuşdur. Bundan əlavə qeyd etmişdir ki, sayğac küçədə quraşdırılmış, qanunun tələblərinə uyğun kənar müdaxilələrdən qorumaq üçün müvafiq örtüklə örtülməmiş, qutuya yerləşdirilməmişdir. Bildirmişdir ki, belə qanunsuz hərəkətlərə heç vaxt yol verməz. Məhkəmə təcrübəsinə nəzər salınsa baxılan işlərin çoxunda sayğaclarda eyni nöqsanların olduğu görünür. Bu da onu göstərir ki, həmin nöqsanlar qəsdən, bilərəkdən yaradılır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh İB-nin nümayəndəsi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan ******* saylı aktdan görünür ki, **********0 nömrəli sayğaca ümumi baxış keçirilən zaman, sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsinin deşici alətlə deşildiyi aşkar edilmişdir. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, ******* saylı akt əsasında dəymiş ziyanın həcmi hesablanarkən 4320 m3 sərfiyyat müəyyən edilmişdir. İş materiallarında olan abonentin saldosundan görünür ki, İddiaçı 2022-ci il üzrə 518,40 manat məbləğində qalıq borcu vardır. Müəyyən olunmuşdur ki, İddiaçı təbii qaz abonenti kimi qeydiyyatdadır. Cavabdeh İB-nin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə onun yaşadığı Quba rayonu, Afurca kəndində yerləşən mənzilində quraşdırılmış sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsinin deşici alətlə deşildiyi aşkar edilmiş və bu barədə ******* nömrəli akt tərtib olunmuşdur. Həmin akt əsasında Cavabdeh İB tərəfindən xx.xx.2022-ci il tarixli tələbnamə tərtib olunmuşdur. Həmin akta əsasən iddiaçının (abonentin) bazasındakı abonent koduna 518,40 manat məbləğində itirilmiş qazın dəyəri hesablanmışdır. Həmçinin, müəyyən olunmuşdur ki, iddiaçının yaşayış sahəsinə qoyulmuş qaz sayğacı onun həyətindən kənarda küçə tərəfdə quraşdırılmışdır. Yaşayış sahəsi üçün küçədə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə iddiaçı cavabdehlik daşıya bilməzdi. Cavabdeh tərəf aktda qaz sayğacına şəxsən iddiaçı tərəfindən müdaxilə edilməsini göstərsə də, həmin faktı təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçı barəsində qazdan istifadə qaydalarının pozulmasına dair tərtib edilmiş akt əsaslı ola bilməz. İşin müəyyən edilmiş hаllаrındаn göründüyü kimi, qaz sаyğаcı iddiаçının cаvаbdehliyi sərhəddində qurаşdırılmаmışdır. Onun tərəfindən sаyğаcа hər hаnsı müdаxilə edilməsi, iddiаçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sаyğаcın zədələnməsi müəyyən edilmədiyi halda iddiаçıyа əsаssız olаrаq 518,40 manat məbləğində əlаvə sərfiyyаt hesаblаnmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları"nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. (4.9). Göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya hesablanmış borcun məhz abonentin sayğaca qanunsuz müdaxiləsindən irəli gəldiyi əsaslandırılmamış, bununla bağlı sübutlar təqdim edilməmişdir. Əksinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları"nın 4.8-ci bəndinə əsasən iddiaçının qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşımışdır. İddiaçı aktın və tələbnamənin ləğv edilməsi tələbini qoysa da mahiyyətcə borcun silinməsi barədə tələb irəli sürür. Göründüyü kimi iddiaçının prosessual məqsədi onun hesabında sayğacdan kənar hesablanmış borcun qanunsuz sayılması olduğundan borcun silinməsidir. Yəni iddiaçı aktın ləğv edilməsi barədə iddia versə də (akt özlüyündə mövcuddur), məhkəmə iddianı akt üzrə nəzərdə tutulan ödəmənin silinməsi barədə iddia kimi qəbul edir. Beləliklə, şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək, “Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları tərəfindən əsassız hesablanmış 518,40 manat məbləğində borc iddiaçının **********0020 saylı abonent hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı **********0020 saylı abonent hesabına hesablanmış 518,40 (beş yüz on səkkiz manat, qırx qəpik) manat məbləğində borc pul onun abonent hesabından silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar