Məhkəmə qərarları › İş №2(027)-1446/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1446/2023

11.08.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1446/2023 11.08.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsilə müraciət edərək, "Azəriqaz" İB-nin Xaçmaz RQİİ-nin Quba XS-nin əməkdaşlarının tərtib etdiyi 03 may 2023-cü il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi, akt əsasında tərtib olunmuş 03 may 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin ləğv olunması və hesablanmış 950 (doqquz yüz əlli) manat 40 (qırx) qəpik məbləğin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında ailəsiylə birlikdə atası - mərhum X5 ona qalmış evdə yaşayır. "Azəriqaz" İB X9 İstismar İdarəsinin Quba Xidmət Sahəsinin əməkdaşları 04 mart 2023-cü il tarixində ona məxsus olan ünvan 2 ünvanında yerləşən evində, istifadədə olan qaz sayğacı üçün "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı akt tərtib edərək, Zenner tipli, G4T markalı 181 10567881 nömrəli qaz sayğacının "hesablama mexanizminin ilişə-ilişə işləməsi” səbəbilə xəttən ayıraraq əvəzində **********8 nömrəli yeni sayğac quraşdırmışdılar və yeni 12665922 saylı plomb vurmuşlar. Sayğac xəttən açıldıqdan sonra baxış keçirmişdilər. Lakin heç bir məlumat verməmişdilər. Bundan sonra, 01 may 2023-cü ildə yenidən Azəriqaz” İB əməkdaşları ünvan 2 ünvanında yerləşən evində, istifadədə olan qaz sayğacını sadəcə "Xidməti Məlumat Əsasında" qeyd apararaq "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında" ******* saylı akt tərtib edib. 04 mart 2023-cü il tarixində ******* saylı akt tərtib edərək quraşdırdıqları **********8 nömrəli yeni sayğacı qaz xəttindən ayıraraq əvəzində Zenner tipli, **********2 nömrəli yeni sayğac quraşdırıblar və sayğacın dəyişdirmə səbəbini "əvəzetmə" olaraq qeyd ediblər. 2023-cü ilin iyun ayı üçün qazın sərli haqqında bildiriş təqdim olunan zaman bəlli olub ki, 2023-cü ilin aprel ayı üçün 950,40 manat dəyərində borc yazıblar. Bu borcun hardan və necə yaranması barəsində araşdırma aparmağa başlamış və "Azəriqaz" İB-nin Quba Xidmət Sahəsinə müraciət edib. Onlar adiyyatı üzrə gərəkli olan sənədlərin bir qismini ona təqdim etməyiblər. Məcbur olub Quba ASAN Xidmət mərkəzində fəaliyyət göstərən Cavabdeh İB-nin xidmət şöbəsindən tələb olunan sənədlərin bir surətini götürmüşdür. Sənədləri araşdırdığı zaman bəlli olmuşdur ki, bu borcu Metrologiya Departamenti sayğacların müayinəsi laborotoryasının Qaz sayğacının yoxlanılması xx.xx.2023 tarixli, 14-2-2/3-5- 4782/Q001 nömrəli aktına əsasən sayğacın hesablanma mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plasmas plomblarının üzərində və yuvasının ətrafında əzik-cızıq izlərinin olması və sayğacın istismara yararsız olduğu qeyd edilmişdir. Necə olur ki, Bakı şəhərində yerləşən Metrologiya Departamenti, sayğaclarıın müayinəsi laboratoryasnın Qaz sayğacının yoxlanılması xx.xx.2023 tarixli, 14-2-2/3-5-4782/Q001 № -li aktına əsasən C-4 markalı, **********8 №ı-li sayğac yoxlamada olduğu halda, Quba Xidmət Sahəsinin səlahiyyətli şəxsləri 03 may 2023-cü il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib etdikləri zaman qaz xəttinin üzərində olmayan bir sayğaca baxış keçirmişlər. Bu azmış kimi, aktda yalan məlumat olaraq sayğacın həyətiində olduğunu qeyd etmişdilər. 04 mart 2023-cü il tarixində ona məxsus olan ünvan 2 ünvanında yerləşən evində, istifadədə olan qaz sayğacı üçün “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında" ******* saylı akt tərtib edərək istifadəsində olan Zenner tipli, G4T markalı **********1 nömrəli qaz sayğacının "hesablama mexanizminin ilişə-ilişə işləməsi'' səbəbilə xəttən ayıraraq əvəzində **********8 nömrəli yeni sayğac quraşdırıblar və yeni 12665922 saylı plomb vurmuşdular. Bundan başqa, 03 may 2023-cü il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında AKT tərtib eldikləri zaman qaz xəttinin üzərində olmayan bir sayğaca baxış keçirmişlər və "...sayğacın hesablanma mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plasmas plomblarının üzərində və yuvasının ətrafında əzik-cızıq izləri var. Sayğac istismara yararsızdır” kimi bir yazı qeydi aparılmışdır. Əgər həqiqətəndə ünvanda uzun müddətli qaz itkisini əsaslandırıb ******* saylı akt tərtib edən şəxslər bu qüsuru aşkar etmişdilərsə, hər ay Cavabdehın əməkdaşı olan şəxslər sayğaca baxış keçirərək sayğac üzərində olan hesablama mexanizimində qeyd olunan hesabat əsasında ona bildiriş təqdim etmişlər və onlar bu qüsuru görməli idilər. Sual yaranır ki, hər ay ən azından iki kərə sayğaca baxış edərək göstərici götürən əməkdaş 55 gün ərzində niyə sayğacda olan bu nasazlığı görməyib? Onu da qeyd edir ki, həmin aktı abonent olaraq imzalamalı olduğu qrafada “imtina etdi” qeydi aparılıb. Halbuki həmin aktın tərtibindən xəbəri olmamışdır. Ümumiyyətlə, “Azəriqaz.” İB-nin X9 İstismar İdarəsinin Quba XS-nin əməkdaşlarının tərtib etdiyi aktalarda mərhum atasının adı qeyd olunmuş və imza etməkdən imtina etdiyi yazılmışdır. Bundan başqa da xx.xx.2023-cü il tarixli "X2 dair Tələbnamə” də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “X3 uyğun abonentlə bağlanmış alqı-satqı müqaviləsinə istinad olunmuşdur. Hansı ki, həmin müqavilə ümumiyyətlə onlarla bağlanmayıb. Mövcud olmayan müqavilənin mövcud olmayan bəndlərinə istinad etmək özü bir qanunsuzluq, hüquq pozuntusudur. Ona görədə o, yuxarıda göstərilənməbləğlə razılaşmayaraq məhkəməyə müraciə etmək qərarına gəlmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X4 ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmiş və qaz sayğacının yerləşdiyi yerin fotoşəkillərini təqdim etmişdir. İş üzrə Cavabdeh İB qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası МPМ-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azəriqaz İB-nin əməkdaşları tərəfindən abonent X6 adına tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 03 may 2023-cü il tarixli, ******* saylı akta əsasən abonentin mənzilinə baxış keçirərkən sayğacın hesablanma mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plasmas plomblarının üzərində və yuvasının ətrafında əzik-cızıq izlərinin olduğu və sayğacın istismara yararsız olduğu qeyd edilmişdir. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair 03 may 2023-cü il tarixli, təlabnamənin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən yaşayış evinə aid **********00370 abonent kodu üzrə 7920 m3 həcmində qaz itkisi hesablanmışdır. İş materiallarında olan Abonent saldosundan göründüyü kimi, ünvan 1 ünvanında yerləşən yaşayış evinə aid **********00370 saylı abonent kodu üzrə itirilmiş qazın bərpası üçün 950 (doqquz yüz əlli) manat 40 (qırx) qəpik borc hesablanmışdır. İş materiallarında olan AZ-İİ 168373 seriyalı, ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2021-ci ildə vəfat etmişdir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının mənzilinə quraşdırılmış sayğac cavabdeh tərəfindən yenisi ilə əvəz edilmiş və köhnə sayğacın yoxlanılması nəticəsində cavabdeh tərəfindən iddiaçıya 950.40 manat məbləğində vurlmuş ziyan hesablanmış və istehlakçı isə cavabdehin hesablanmış olduğu həmin ziyan məbləği ilə razılaşmamışdır. «İstehlakçıların müdafiəsi haqqında» xx.xx.1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən, Qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. Beləliklə qanunvericiliyin təhlilindən görünür ki, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması qaz paylayıcısının vəsaiti hesabına həyata keçirilir. Həmçinin fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsaslanaraq məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən qaz sayğacının zədələnməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsini təsdiq edən sübutlar təqdim edilməmişdir. Halbuki həm Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsi, həm də qeyd olunan Qaydaların 4.9-cu bəndinin 2-ci cümləsinə görə bu halı sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Belə ki, Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsinin tələblərinə görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Lakin cavabdeh üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmiş və iddiaçı tərəfindən sayğaca müdaxilə edilməsini təsdiq edən sübutları təqdim etməmişdir. Həmçinin nəzərə alınır ki, sayğac iddiaçının yaşadığı evin sərhədlərindən kənarda yerləşdirilmişdir. Cavabdeh tərəfindən qeyd edilən halın müəyyən edilməsi ilə bağlı yeganə sübut qismində tərtib edilmiş akta və həmin akta əsasən hesablanmış dəymiz ziyanla bağlı tələbnaməyə istinad etmişdir. Məhkəmə qeyd edilən sübutlarla bağlı qeyd edir ki, qeyd edilən aktın tərtib edilməsində aralarında müqavilə olmaqla istehlakçı qismində çıxış edən iddiaçının iştirakı təmin edilməmişdir. Bu halda isə həmin akt yalnız sayğacın zədələnməsi faktını təsdiq edir və həmin zədələnmənin məhz iddiaçı tərəfindən edilməsilə bağlı mötəbər sübut təqdim edilmədiyindən, iddiaçının təqsirli hərəkət və ya hərəkətsizliyi nəticəsində ona maddi ziyan vurulması və vurulmuş ziyanla iddiaçının hərəkətləri arasında səbəbli əlaqənin olması baxımından sübut vasitəsi kimi qəbul edilə bilməz. Bu əsasla da, həmin akt zədələnmə faktını təsdiq etməklə onun ləğvi tərəflər üçün hüquqi nəticə doğurmadığından, iddia bu hissədə təmin edilə bilməz. Digər sübut olaraq təqdim edilmiş tələbnamədə isə mötəbər əsasa istinad edilmədən sayğacın dəyəri və sərfiyyat üzrə dəymiş ziyanın istehlakçı kimi İddiaçı tərəfindən ödənilməli olması qənaətinə gəlinmişdir. Beləliklə də, hazırki mülki iş üzrə istehalkçı qismində çıxış edən iddiaçıya qazdan istifadə edilməsi zamanı qaz paylayıcısına qeyd edilən məbləğdə ziyan vurulması halının müəyyən edilməsi mümkün olmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi digər hissədə əsaslı olmaqla təmin edilməlidir. Beləliklə Cavabdeh İB-nin 03 may 2023-cü il tarixli **********00370 kodlu abonentlə bağlı tələbnamə ləğv edilməli, itirilmiş qazın bərpası üçün hesablanmış 950 (doqquz yüz əlli) manat 40 (qırx) qəpik məbləğində vəsait **********00370 kodlu abonent hesabından silinməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh İB-nin 03 may 2023-cü il tarixli **********00370 kodlu abonentlə bağlı tələbnamə ləğv edilsin və itirilmiş qazın bərpası üçün hesablanmış 950 (doqquz yüz əlli) manat 40 (qırx) qəpik məbləğ **********00370 kodlu abonent hesabından silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar