Məhkəmə qərarları › İş №2(027)-146/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-146/2022

01.09.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-146/2022 01.09.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X5 qızının katibliyi, İddiaçı “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X2 və Cavabdeh iştirakı ilə, İddiaçı “Azəriqaz” İstehsalat Birliyinin Cavabdeh qarşı “qaz kəmərinin mühafizə zonasında inşa olunmuş tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “Azəriqaz” İstehsalat Birliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən mühafizə zolağında qanunsuz olaraq tikilmiş tikilinin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Quba rayonu, Alekseyevka kənd sakini Cavabdeh tərəfindən Xaçmaz RQİİ-nin Quba rayonu üzrə xidmət sahəsinin balansında olan, 219 mm-lik orta təzyiqli qaz kəmərinin mühafizə zonasında “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarının təsdiq edilməsi haqqında (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 103 saylı xx.xx.1999-cu il tarixli Qərarı) Texniki təhlükəsizlik haqqında “773-10 Q saylı xx.xx.1999-cu il tarixli Qanunun tələblərini və “Qaz təchizatında texniki təhlükəsizlik “Qaydalarını” kobud şəkildə pozaraq mühafizə zolağını zəbt edərək qanunsuz tikili inşa etmişdir. Yuxarıda adı çəkilən qaz xəttinin mühafizə zolağı ( yəni məsafə ) 5 metr təyin edilmişdir. Göstərilən məsafədə hər hansı tikinti inşa olunması qanunla qadağandır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180-cı maddəsində göstərir ki, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya lazımı icazələr alınmadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır, həmin məcəllənin 180.3-cü maddəsinə əsasən tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Ona görə də, bu məsələ ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X3 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək və etiraf edərək, qeyd olunan ərazidə torpaq sahəsinin qorunması üçün mühafizə otağı inşa etdiyini, torpaq sahəsində işləri yekunlaşdıqdan sonra həmin tikilini sökəcəyini bildirmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəmə tikinti-texniki ekspertizasının rəyini nəzərdən keçirib, iş materiallarını araşdıraraq, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Azəriqaz” İstehsalat Birliyinin xx.xx.2021-ci il tarixli aktından görünür ki, xx.xx.2021-ci il tarixdə Quba rayonunda qaz kəmərlərinə baxış keçirərkən Alekseyevka kəndində Cavabdeh məxsus gözətçi otağının D/219 mm-lik orta təzyiqli qaz kəmərinin mühafizə zonasında kəmərdən 0.5 metr məsafədə yerləşdiyini aşkar edilmişdir. Göstərilən D/219 mm-lik qaz kəmərinin mühafizə zonasında Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydaları”nın müvafiq müddəaları pozulmuşdur. Akt D/219 mm-lik qaz kəmərinin mühafizə zonasında tikinti işləri aparmış Cavabdeh barəsində müvafiq tədbir görülməsindən ötrü tərtib olunur. İş materiallarında olan bildirişdən görünür ki, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Cavabdeh inşa olunan gözətçi otağının qaz kəmərinin və qaz paylayıcı stansiyasının mühafizə zonasında yerləşdiyi, orada hər hansı tikintinin aparılması qadağan olması və bu potensial təhlükə mənbəyi olduğu barədə müraciət olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2022-ci il tarixli 10/2321 saylı rəyindən görünür ki, Baxış zamanı əldə olunmuş məlumatlara əsasən, Cavabdeh tərəfindən inşa edilmiş tikilinin (gözətçi, yaxud anbar otağının) yerləşdiyi torpaq sahəsi Xaçmaz RQİİ-nin Quba rayonu üzrə xidmət sahəsinin balansında olan 219 mm-lik orta təzyiqli qaz kəmərinin mühafizə zonasına düşür. Həmin tikilinin özülü ilə yerüstü çəkilmiş orta təzyiqli qaz kəməri arasında üfüqi xətt (horizontal) üzrə məsafə ən azı 2 metr olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarına əsasən magistral qaz kəmərinin orta oxundan hər tərəfə şərti xətlərlə 50 metr mühafizə zonası təyin edilmişdir. Həmin qaydalara əsasən mühafizə zonasında kəməri istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı bir tikinti-qurasdırma islərinin aparılması qəti qadağandır. Qaz kəmərində baş verə biləcək kiçik bir qaz sızması insanların həyatına və sağlamlığına təhlükə yaradan yanğına, partlayışa və digər bədbəxt hadisələrə səbəb ola bilər. Həmin Qaydaların 2.23-cü bəndinin tələblərinə əsasən Magistral boru kəmərlərinin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin (fərdi ev sahiblərinin) torpaq sahələri ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları tərəfindən baxıldıqda, ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərlərini istismar edən orqanlarla (hüquqi şəxslərlə) razılaşdırılır. Eyni Qaydaların 2.7-ci bəndinə əsasən, boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilmişdir. Həmin qaydaların 2.11-ci bəndinə əsasən boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı tikinti və ya quraşdırma işləri aparılması qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. “Texniki təhlükəsizlik haqqında” xx.xx.1999-cu il tarixli Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 94 saylı qərarına əsasən magistral qaz kəmərləri neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükə obyektlər kateqoriyasına aid edilmişdir. Beləliklə, məhkəmə iclasında sübut edildi ki, iş üzrə Cavabdeh tərəfindən Xaçmaz RQİİ-nin Quba rayonu üzrə xidmət sahəsinin balansında olan, 219 mm-lik orta təzyiqli qaz kəmərinin mühafizə zonasında “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarının təsdiq edilməsi haqqında (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 103 saylı xx.xx.1999-cu il tarixli Qərarı) Texniki təhlükəsizlik haqqında “773-10 Q saylı xx.xx.1999-cu il tarixli Qanunun tələblərini və “Qaz təchizatında texniki təhlükəsizlik “Qaydalarını” kobud şəkildə pozaraq mühafizə zolağını zəbt edərək qanunsuz tikili inşa etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2020-ci il tarixli 1736 saylı rəyindən görünür ki, Cavabdeh tərəfindən inşa edilmiş tikilinin (gözətçi, yaxud anbar otağının) yerləşdiyi torpaq sahəsi Xaçmaz RQİİ-nin Quba rayonu üzrə xidmət sahəsinin balansında olan 219 mm-lik orta təzyiqli qaz kəmərinin mühafizə zonasına düşür. Həmin tikilinin özülü ilə yerüstü çəkilmiş orta təzyiqli qaz kəməri arasında üfüqi xətt (horizontal) üzrə məsafə ən azı 2 metr olmalıdır. Odur ki, məhkəmə hazırki ekspert rəyini mötəbər sübut kimi qiymətləndirmişdir. Göstərilənlərə əsasən məhkəmə məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, Cavabdeh tərəfindən mühafizə zolağında qanunsuz olaraq tikilmiş tikili sökülməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Quba rayonu, Alekseyevka kəndinin ərazisində Cavabdeh tərəfindən inşa olunmuş gözətçi otağı sökülsün. 150 (bir yüz əlli) manat məbləğində ekspertiza xərci cavabdehdən tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin X1 AZ34CTRE******************** №-li (VÖEN **********; KOD 210005; SFİFT BİK: CTREAZ22; müxbir hesab AZ41NABZ013601**********3944) xüsusi hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar