Məhkəmə qərarları › İş №2(027)-1510/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1510/2024

15.07.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1510/2024 15.07.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı aktın etibarsız hesab edilməsi, qərarın ləğv edilməsi və borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı «Azəriqaz” İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azəriqaz» X2 X4 İdarəsi tərəfindən tərtib edilmiş, 31 avqust 2023-cü il tarixli, ******* nömrəli Aktın etibarsız hesab edilməsi, akt əsasında tərtib edilmiş X3 dair 31 avqust 2023cü il tarixli Tələbnamənin (qərarının) ləğv edilməsi, həmin Tələbnamə (qərar) əsasında onun abonent hesabına yazılmış 518,40 (beş yüz on səkkiz manat qırx qəpik) manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1ində yaşayır. ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evinə Zenner G-4 markalı, **********8 nömrəli qaz sayğacı quraşdırılmışdır. Bundan sonra 17 avqust 2023-cü il tarixdə həmin fərdi yaşayış evinə quraşdırılmış Zenner G-4 markalı, **********8 nömrəli qaz sayğacı çıxarılmış, növbəti yoxlanışına göndərilmiş, yerinə ZENNER G-4 markalı, **********0 nömrəli qaz sayğacı quraşdırılmışdır. Bundan sonra isə cavabdeh təşkilatın əməkdaşları tərəfindən sayğaca baxış keçirilməsi, sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plastmas plomblarının üzərində və yuvasının ətrafında əzik-cızıq izlərinin olması, sayğacın istismara yararsız olması qeydi aparılaraq ******* nömrəli akt tərtib edilmişdir, Bununla bağlı 31 avqust 2023-cü il tarixli X3 Dair Tələbnamə “Qərar” qəbul edilmiş və 4320 kub metr qazdan istifadəyə görə 518,40 manat məbləğində borc hesablanmışdır. O, aktda qeyd edilənlərlə razılaşmır. Belə ki, o, sayğaca zərər vuran hər hansı təqsirli hərəkət etməmişdir. İstehlak edilmiş təbii qazın dəyəri sayğac göstəriciləri əsasında vaxtlı-vaxtında ödənilmişdir. Onun fərdi yaşayış evinə çöldə quraşdırılmış qaz sayğacının işlək vəziyyətdə saxlanmasına görə məsuliyyəti cavabdeh qurum özü daşıyır. Ona görə də qeyd edilən qərarla və hesablanmış zərər məbləği ilə razılaşmadığı üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, sayğac küçədə yerləşir, sayğac açıq vəziyyətdədir. O, sayğaca heç bir müdaxilə etməmişdir. Həmin akt üzrə hesablanmış borc əsassızdır. Göstərilənləri nəzərə alaraq, iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini nəzərədən keçirib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan: “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, Quba rayonu, Vladimirovka kəndində yerləşən, İddiaçı məxsus fərdi yaşayış evində **********8 nömrəli sayğac çıxarılmış və əvəzində **********0 №li sayğac quraşdırılmışdır; Xaçmaz RQİİ-nin təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, Quba rayonu, Vladimirovka kəndində yerləşən, İddiaçı məxsus fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına AR DNŞ-nin Cavabdeh İB-nin Qaz sayğacının yoxlanılması barədə AKT № MSK-14-2-2/3-5-8751/Q001 rəyinə əsasən **********8 saylı sayğaca baxış keçirilmiş, sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plastmas plombların üzərində və yuvasının ətrafında əzik-cızıq izləri, sayğacın istismara yararsız olması qeyd edilmişdir. -X1 xx.xx.2023-cü il tarixli “X3 dair tələbnamənin” surətindən müəyyən olunur ki, İddiaçı məxsus Quba rayonu, Vladimirovka kəndində yerləşən fərdi yaşayış evində quraşdırılmış sayğacda hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabatın aparılması və hesablanmış məbləğin cəmi 4320 m3 (4 x 12 x 90=4320) olaraq ödənilməsi qərara alınmış, qərarın verilməsi üçün əsas xx.xx.2023-cü il tarixli, ******* saylı akt olmuşdur; **********05850 kodlu abonentin saldosundan görünür ki, abonent İddiaçı mütəmadi olaraq aktiv şəkildə qazdan istifadə etmiş və istifadə etdiyi qaza görə ödəniş etmiş, həmin 518,40 manat borc kimi qalıq və akt əsasında hesablanmış cərimə borcudur. Beləliklə, məhkəmə iclasında işin halları ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilərək, yenisi ilə əvəz edilmişdir. Sayğacın dəyişdirməsi zamanı tərtib edilmiş “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli aktda sayğacın dəyişdirilməsinin səbəbi kimi “əvəzetmə” göstərilmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır; 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar; 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən qaz sayğacına müdaxilə edilməsi faktını təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən cavabdeh tərəfindən iddiaçı barəsində qazdan istifadə qaydalarının pozulmasına dair tərtib edilmiş akt əsaslı ola bilməz. Sayğaca müdaxilənin iddiaçı tərəfindən edildiyi sübut olunmadığına görə həmin akta əsasən hesablanmış 518,40 manat məbləğində pulun iddiaçıdan alınması da əsassız olmuşdur. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, qaz sayğacı iddiaçının cavabdehliyi sərhəddində quraşdırılmamışdır. Bilavasitə iddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əsassız olaraq 518,40 manat məbləğində əlavə sərfiyyat hesablanmışdır. Belə ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, cavabdeh dəyişdirilmiş qaz sayğacının dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Beləliklə, şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək, "Azəriqaz" İB-nin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında tərtib olunmuş xx.xx.2023-cü il tarixli tələbnamə ləğv edilməli və həmin tələbnaməyə əsasən hesablanmış 518,40 manat məbləğində borc İddiaçı **********05850 saylı abonent hesabından silinməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.1-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1000 (bir min) manatadək olduqda 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulur; 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar; 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. "Azəriqaz" İB-nin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında tərtib olunmuş xx.xx.2023-cü il tarixli tələbnamə ləğv edilməli və həmin tələbnaməyə əsasən hesablanmış 518,40 manat məbləğində borc İddiaçı **********05850 saylı abonent hesabından silinsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu «Azəriqaz” İstehsalat Birliyindən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar