Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1524/2023 30.11.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Quba Rayon İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayəçilik komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Quba Rayon İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi ilə məhkəməyə müraciət edərək, birinci dərəcəli müddətsiz əlil və hazırda hərəkətsiz olan qardaşı xx.xx.1989-cu il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, qardaşı xx.xx.1989cu il təvəllüdlü X1 travmaların nəticələri, keçirilmiş (xx.xx.2017) müştərək travma, ağır dərəcəli baş beyin əzilməsi döş qəfəsi əzilməsi, qabırğaların çoxsaylı sınıqları, sol 2-7-ci qabırğaların sınıqları və bazu sümüyünün boynunun yerini dəyişən, qeyridüzgün bitişmiş sınıqlarının nəticələri, disfaziya və afaziya, total mator afaziya, spastik hemiplegiya, spastik sol tərəfli hemiplegiya, immobillik (hərəkətsizlik), yerişin və özünəxidmətin tam pozulması diaqnozu əsasında xx.xx.2018-ci ildən müddətsiz birinci dərəcəli əlillik təyin edilmişdir. Ağır dərəcəli, immobil (hərəkətsiz) xəstə olduğu üçün ona gündəlik olaraq o qulluq edir. Özünü sərbəst idarə edə bilməyən şəxs olması səbəbindən xeyli vaxtdır onun himayəsində ünvan 1 ünvanında yaşayır. Bəzi hallarda hüquqmüəyyənedici sənədlərin imzalanması zərurəti yarandığından ailəsi bir sıra çətinliklərlə üzləşir. Sərbəst surətdə hərəkətlərini idarə edə bilməməsi, öz mənafeyini qoruya bilməməsi səbəbindən onun fəaliyyət qabiliyyətinin olmaması barədə qərar verilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Göstərilənləri nəzərə alaraq, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Quba Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik və Azyaşlıların Vərəsəlik Hüquqlarının Mühafizəsi İşləri Komissiyasına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Quba Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik və Azyaşlıların Vərəsəlik Hüquqlarının Mühafizəsi İşləri Komissiyasının nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. Belə ki, iş materiallarında olan AA4076239 №li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.1989-cu il tarixdə anadan olmuşdur. İş materiallarında olan Ambulator, X6 Kartasından görünür ki, kəllə daxili travmaların nəticələri, keçirilmiş müştərək travma, ağır dərəcəli baş beyin əzilməsi döş qəfəsi əzilməsi, sol 2-7-ci qabırğaların sınıqları və bazu sümüyünün boyunun yerini dəyişən sınıqlarının nəticələri. Disfaziya və afaziya, total mator afaziya. Qabırğaların çoxsaylı sınıqları, sol İİ-Vİİ-ci qabırğaların yeni dəyişən sınığı. Spastik hemiplegiya, spastik sol tərəfli hemiplegiya. Bazu sümüyünün yuxarı ucunun sınığı, bazu sümüyünün boyunun yerini dəyişən və qeyri düzgün bitişmiş sınıqı. Lmmobilik (hərəkətsizlik), yerişin və özünə xidmətin tam pozulması diaqnozu qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təkrar müayinədən keçən əlillər üçün verilmiş arayışdan görünür ki, X4 müddətsiz 1-ci qrup əlillik dərəcəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X8 xx.xx.2023-cü il tarixli 2466 saylı rəyindən görünür ki, X5 Baş beyinin travmatik mənşəli üzvi xəstəliyi nəticəsində yaranan ağır dərəcəli ağıl zəifliyi ilə formasında psixi xəstəlikdən əziyyət çəkir və yataq xəstəsidir. Xəstəliyi ilə əlaqədar ona müddətsiz İ qrup əlillik təyin edilmişdir. Göstərilənləri nəzərə alaraq xx.xx.1989-cu il təvəllüdlü X5 yuxarıda göstərilən diaqnozlu xəstəliklə əlaqədar öz hərəkətlərini şüurlu ölçüb-biçmək, onları idarə etmək iqtidarında deyil. Buna görə də X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir; 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir; 305.1.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır; 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər; 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyəti və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir; 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir; 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi fəaliyyət qabiliyyətsizliyi mübahisələndirilən xx.xx.1989-cu il təvəllüdlü X2 bacısıdır. X2 psixi qüsuru haqqında kifayət qədər məlumat olduğundan məhkəmə-psixiatriya ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X8 xx.xx.2023-cü il tarixli 2466 saylı rəyi ilə müəyyən edilmişdir ki, X3 Baş beyinin travmatik mənşəli üzvi xəstəliyi nəticəsində yaranan ağır dərəcəli ağıl zəifliyi ilə formasında psixi xəstəlikdən əziyyət çəkməsi və yataq xəstəsi olması aşkar olunur. X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə kifayət qədər əsaslar var. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1989-cu il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 305-ci, 317-321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1989-cu il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. xx.xx.1989-cu il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üzərində qəyyumluq müəyyənləşdirilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-1524/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1524/2023
30.11.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver