Məhkəmə qərarları › İş №2(027)-1547/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1547/2022

10.08.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1547/2022 10.08.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Muradov Əli Şakir oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “tələbnamənin ləğv edilməsi və əsassız hesablanmış pul vəsaitinin silinməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Xaçmaz Regional Qİİ-nin dəymiş ziyanın bərpasına dair 30 noyabr 2021-ci il tarixli tələbnamənin etibarsız hesab edilməsi və əsassız olaraq hesablanmış 432 (dörd yüz otuz iki) manat məbləğində borcun **********01010 saylı abonent bazasından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclaslarının onların iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdi. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ona məxsus və hal-hazırda ailəsiylə birgə yaşadığı Quba şəhəri 32-33-cü məhəllə ünvanında yerləşən (nömrəsiz) evinə "Azəriqaz” İstehsalat Birliyi tərəfindən **********01010 saylı abonent kodu verilmiş, mənzildə G-4T markalı, 10271815 №li qaz sayğacı quraşdırılmışdır. 12 oktyabr 2021-cı il tarixdə Xaçmaz RQİİ-nin əməkdaşları həmin ünvana gələrək, evinə quraşdırılmış G-4T markalı, 10271815 №-li qaz sayğacını dəyişdirərək yenisi ilə əvəz etmişlər. Lakin köhnə qaz sayğacının yenisi ilə əvəz edilməsi barədə ona heç bir məlumat verilməmiş, xəbərarlığ edilməmişdir. Qaz sayğacı çıxarıldıqdan sonra keçən müddət ərzində onun hər hansı bir nasazlığı barədə qaz idarəsinin əməkdaşları ona heç bir iradlarını bildirməmişlər. Çıxarılan G-4T markalı, 10271815 №-li qaz sayğacının göstəricilərinə əsasən onlar istifadə etdikləri təbii qazın pulunu ödəyib. Bir neçə vaxt sonra 2022-ci il fevral ayının sonlarında "Azəriqaz” İstehsalat Birliyi əməkdaşları ona bildirmişlər ki, evindən çıxarılmış qaz sayğacı laboratoriyaya göndərilmiş və guya həmin sayğacın çıxış plastmas borusu deşilib və bu səbəbdən ona 19 noyabr 2021-ci il tarixli ******* №-li akt tərtib olunduğunu və komissiya qərarına əsasən 4320 kub metr qaz sərfiyyatı və 432 manat məbləğində ziyan hesablandığını, onun hesablanmış ziyanı ödəməli olduğunu bildirmişlər. Qeyd etmək istəyir ki, hər ay qaz idarəsinin işçiləri sayğaca baxış keçirir, eləcə də qaz sərfiyyatı haqda bildiriş tərtib edirlər və bu vaxt sayğaca hər hansı bir müdaxilə halını onlar müşahidə etməlidirlər. Bundan başqa sayğac küçədə quraşdırılmışdır və bu səbəbdən də hesab edir ki, o sayğacın təhlükəsizliyinin təmin edilməsinə görə məsuliyyət daşımır. İstənilən halda kənar şəxs belə sayğaca toxuna və müdaxilə edə bilər. Bu səbəbdən məhkəməyə müraciət etmək qərarına gələrək, əsassız hesablanmış 432 manat ziyanın onun hesabından silinməsini xahiş edir. Qeyd edir ki, həmin borcun onun hesabından silinməsi barədə xx.xx.2022-ci ildə Azəriqaz» İistehsalat Birliyinə müraciət edib, buna baxmayaraq, xx.xx.2022-ci il tarixində məktubun onlara daxil olması və qəbul edilməsi barədə xəbərnaməni alsa da, bu günə kimi məktuba heç bir cavab verilməmişdir. Göstərilənləri nəzərə alaraq, Cavabdeh Xaçmaz Regional Qİİ-nin dəymiş ziyanın bərpasına dair 30 noyabr 2021-ci il tarixli tələbnamənin etibarsız hesab edilməsi və əsassız olaraq hesablanmış 432 (dörd yüz otuz iki) manat məbləğində borcun **********01010 saylı abonent bazasından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdehnə qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Оnа görə də Azərbaycan Respublikası МPМ-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə cavabdeh Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə məhkəmə baxışında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia əsaslı oduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azəriqaz İB-nin Xaçmaz RQİ-nin Quba QİS-nin əməkdaşları tərəfindən abonent İddiaçı adına tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2021-ci il tarixli ******* saylı akta əsasən, abonentin mənzilinə baxış keçirirkən sayğacın çıxış plastmas borusunun deşilməsi nəticəsində 4320 m3 həcmində qaz itkisi olduğu göstərilmişdir. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair xx.xx.2021-ci il tarixli təlabnamənin surətindən görünür ki, İddiaçı məxsus Quba şəhəri SMU-30 (Quba şəhəri, 32-33-cü məhəllə) ünvanında yerləşən fərdi yaşayış evinə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 4320 m3 həcmində qaz itkisi, 432 (dörd yüz otuz iki) manat borc hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında DƏDR-dən seriya MN, ******* saylı, xx.xx.2008-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Quba şəhəri, 32-33-cü məhəllə ünvanında 0.054 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 5 otaqlı, 104.5 kv.m yaşayış, 61.7 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi dövlət reyestrində 4 nömrəli reyestr kitabının 61 nömrəli vərəqində İddiaçı adına qeydiyyata alınıb. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları"nın 4.2-ci bəndinə görə qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Bu Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaydaların 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Məhkəmə qeyd edir ki, hesablaşma cihazı olan qaz sayğacı iddiaçının cavabdehliyi sərhədindən kənar quraşdırıldığından bu sayğacda olan hər hansı qüsura görə o, cavabdehlik daşımır. Göründüyü kimi Cavabdeh İB-nin əməkdaşları maddi ziyan vuran, təqsirli və hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) hərəkət və ya hərəkətsizliyə yol verən şəxsi düzgün müəyyən etməmişlər. Bundan başqa Cavabdeh İB qaz sayğacının zədələnməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsinə dair mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Beləliklə məhkəmənin gəldiyi qənaətə görə iddia tələbi təmin olunmalı, Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli təlabnamə etibarsız hesab edilməli, Quba şəhəri, 32-33-cü məhəllə ünvanında yerləşən yaşayış evinə dair İddiaçı adına hesablanmış 432 (dörd yüz otuz iki) manat məbləğində pul vəsaiti **********01010 saylı abonent hesabından silinməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli təlabnamə etibarsız hesab edilsin, Quba şəhəri, 32-33-cü məhəllə ünvanında yerləşən yaşayış evinə dair İddiaçı adına hesablanmış 432 (dörd yüz otuz iki) manat məbləğində pul vəsaiti **********01010 saylı abonent hesabından silinsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar