Məhkəmə qərarları › İş №2(027)-1620/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1620/2025

09.09.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1620/2025 09.09.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı əmək haqqı pulu tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxıb, Müəyyənetdi: I. İşin mahiyyəti: İddiaçı iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh “D.Fruits “ MMC-dən işlədiyi, xx.xx.2023-dən xx.xx.2023-dək olan dövr üçün son haqqhesabın (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, əmək haqqı və digər ğdəmələr) alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı, xx.xx.1974-cü ildə Siyəzən şəhərində anadan olmuşdur. "xxxx" MMC şirkətində xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi əsasında cəmiyyətin xx.xx.2023-cü il tarixli, 105/23 nömrəli əmri ilə fəhlə işinə qəbul edilmişdir. xx.xx.2023-cü il tarixdə şəxsi ərizəsi ilə onunla bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən xitam verilmişdir. Dəfələrlə etdiyi müraciətlərinə baxmayaraq, işlədiyi müddət ərzində ona çatası son haqq-hesabını (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, əmək haqqı və digər ödəmələri hələ də bu günə kimi almamışdır) Tərəfindən həmin şirkətə, həmçinin Maraqlı şəxsnə dəfələrlə edilmiş xəbərdarlığa baxmayaraq, hələ də qanuni ona çatası həmin pulu vermirlər. xx.xx.2023-cü il tarixli cavab məktubunda ona bildirmişlər ki, “D.Fruit.MMC”-nin direktoru X2 barəsində İXM-nin 192.4cü maddəsinə əsasən xx.xx.2023-cü tarixdə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Ona çatası son haqq-hesabın hesablanaraq ödənilməsinin təmin edilməsi məqsədilə cəmiyyətə göstəriş məktubu göndərilmişdir. xx.xx.2024-cü il tarixli məktubla da eyni məzmunlu cavab göndərilmişdir. xx.xx.2024-cü il tarixli cavab məktubunda eyni məzmunlu cavab almışdır. (məktubların surəti əlavə olunur) O, heç bir yerdə işləmir, dolanışığı çox çətindir. Öladı, X4, 44 günlük Vətən müharibəsində qəhrəmancasına iştirak edib, vətən müharibəsi iştirakçısıdır. “Cəbrayılın azad olunmasına” görə və “Fizulinin azad olunmasına görə medalları ilə təltif olunub. Ailəlikcə vətənpərvər ruhda tərbiyə almışlar, dövlət və dövlətçiliyinin qorunmasında öz payı olub. Lakin ona qarşı edilən bu haqsızlığa son qoyulmur. Qusar 1 saylı Mediasiya təşkilatına xx.xx.2023-xx.xx.2023-dək olan dövr üçün son haqq-hesabın alınması tələbi ilə müraciət etmişdir. MŞQ-MT-027-2025-00098 saylı,xx.xx.2025-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış almışdır. xx.xx.2025-ci il tarixdə mpay ödəniş terminalı vasitəsilə 50 manat İMS və 10 AZN kargüzarlıq xərcini ödəmişdir. İddiaçı qızı iddia tələbini dəqiqləşməsinə dair məhkəməyə ərizə ilə müraciət edərək, cavabdeh “D.Fruits “ MMC-dən 1380 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İİ Tərəflərin mövqeləri: Məhkəmə iclasında İddiaçı iddia tələbinı müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun izahat vermiş və bildirmişdir ki, işdən çıxarkən ona heç bir rəsmi sənəd verilməmişdir. İşdən çıxarkən ona pulunun ödəniləcəyi bildirilmiş, bu günə kimi əmək haqqı və son haqq hesabı ödənilməmişdir. İddia tələbinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh MMC-nin və maraqlı şəxs Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX Quba –Xaçmaz regional şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə həmin tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İİİ. İşin faktiki halları: İş materialarında olan xx.xx.2025-ci il tarixli, MŞQ-MT-027-2025-00098 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi bardə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştriak etdi və Cavabdeh MMC mediasiya sessiyasında iştirak etməmişdir. İş materialarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Quba-Xaçmaz regional şöbəsinin İddiaçı qızına ünvanlanmış 30 iyul 2024-cü il tarixli məktubdan görünür ki, İddiaçı çatacaq son haqq-hesabın ödənilib-ödənilməməsi ilə bağlı tərəflərindən təkrar Cəmiyyətin direktoruna xx.xx.2024-cü il tarixli 3-17-5/2- 41169/2024 nömrəli məktubla müraciət olunaraq ona aid olan sənədlərin “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 7.9-cu maddəsinə müvafiq olaraq təqdim edilməsi xahiş olunmuşdur. Lakin, Cəmiyyət tərəfindən müraciət ilə əlaqədar aidiyyəti sənədlər hal-hazıradək təqdim edilmədiyindən müraciətinin araşdırılmasını başa çatdırmaq mümkün olmamışdır. İş materialarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Quba-Xaçmaz regional şöbəsinin İddiaçı qızına ünvanlanmış 13 fevral 2024-cü il tarixli məktubdan görünür ki, İddiaçı çatacaq son haqq-hesabın ödənilməsinin təmin edilməsi məqsədilə tərəflərindən cəmiyyətə xx.xx.2024-cü il tarixli, 3-17-5/2-6729/2024 nömrəli təkrar göstəriş məktubu göndərilmişdir. İş materiallarında olan MN ******* saylı xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, DƏMX-nin Quba–Xaçmaz RŞ-nin rəisi X1 tərəfindən "xxxx" MMC-nin direktoru X2 Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsinə əsasən 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilmişdir. İV.Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iclası zamanı tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, İddiaçı Cavabdeh MMC-yə fəhlə qəbul olunmuş, xx.xx.2023-cü il tarixli əmrlə Azərbaycan Respublikası ƏM-nin 68.2-ci maddəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) əmək müqaviləsinə xitam verilmişdir. Lakin İddiaçı işdən çıxamqla əlaqədar əmək haqqı və son haqq-hesab tam şəkildə ödənilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə əsasən, hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsindəsində deyilir: “Hər bir insan Konstitusiyasının, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir” Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyasının 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyasının bu maddəsi ilə vətəndaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlalıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər bir tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü hissəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Əmək Məcəlləsinin 135-ci maddəsinin 2-ci hissəsinə əsasən işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Eyni Məcəllənin 143-cü maddəsinin 2-ci hissəsinə əsasən işçi bu maddədə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətdən istifadə istəmədikdə, ona bu Məcəllənin 144-cü maddəsi ilə müəyyən edilmiş qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilir. Məcəllənin 144-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Əmək Məcəlləsinin 140-cı maddəsinin 4-cü hissəsinə əsasən bu maddədə nəzərdə tutulmuş məzuniyyət haqqının ödənilməsi üçün əmək haqqının hesablaması qaydası işçiyə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilərkən də tətbiq edilir. Əmək Məcəlləsinin 299-cu maddəsinə əsasən fərdi əmək mübahisələri üzrə iddianın məbləğinə, həmçinin onun təmin olunmasına hər hansı məhdudiyyət qoyula bilməz. Əmək Məcəlləsinin 294-cü maddəsinin 1-ci hissəsinə əsasən bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Beləliklə, məhkəmə iddiaçının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, məhkəmə təhqiqatı zamanı toplanmış sübutların məcmusuna hüquqi qiymət verib hesab edir ki, iddia qismən təmin olunmalı, Son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) Cavabdeh MMC-dən tutularaq İddiaçı xeyrinə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. V. Nəticə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Ödənilməmiş son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) Cavabdeh MMC-dən tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar