Məhkəmə qərarları › İş №2(027)-1626/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1626/2022

27.07.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1626/2022 27.07.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əməkdaşları tərəfindən əsassız tərtib edilmiş 17 noyabr 2021-ci il tarixli aktın və həmin akta əsasən dəymiş ziyanın bərpasına dair tələbnamənin ləğv edilməsi və hesablanmış 432 (dörd yüz otuz iki) manat məbləğində borcun onun **********00630 saylı abonent bazasından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia ərizəsini müdafiə edərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Quba şəhəri, SMU-30 ünvanında yerləşən yaşayış evi texniki pasporta əsasən mərhum atası X1 məxsusdur. X4 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. Atasının sağlığında və onun ölümündən sonra onlar ailəliklə həmin evdə yaşayırlar. Cavabdeh ASC ilə bağlanmış qazın alqı-satqısına dair müqaviləyə əsasən təbii qazdan istifadə edirlər və istifadə etdikləri qazın dəyərini vaxtlı-vaxtında ödəyir. Qaz sayğacı hazırda onun adına rəsmiləşdirilib. 2021-ci ilin sentyabr ayının ortalarında kamaz markalı avtomobil yaşayış evinin yerləşdiyi küçədə hərəkətdə olarkən yaşayış evinə quraşdırılmış qaz sayğacına dəymiş və onu zədələmişdir. Bu arədə Quba Qİİ-nə məlumat verib. Quba Qİİ-nin əməkdaşları qaz sayğacına baxış keçirərək sayğacın zədələndiyini qeyd etsılır də, işlək vəziyyətdə olduğunu bildiriblər.xx.xx.2021-ci il tarixdə Azəriqaz İB-nın əməkdaşları yaşayış evinə quraşdırılmış qaz sayğacının istismar müddətinin bitdiyini bildirərək, Elester tipli sayğacı çıxararaq, yeni Zenner tipli sayğacı quraşdırıblar və bu barədə xx.xx.2021 -ci il tarixli ******* nömrəli akt tərtib edərək ona təqdim ediblər. 2021-ci ilin noyabr ayında qaz borcu qəbzi gələrkən 432 manat məbləğində cərimənin olduğunu görüb. Quba Qaz İİ-nə müraciət edərək həmin borcun hansı səbəbə əsasən qeyd olunduğunu soruşduqda ona qeyd olunan borcun xx.xx.2021-ci il tarixli ******* saylı akta əsasən hesablandığını bildirərək akt və tələbnaməni ona təqdim ediblər. Həmin aktla tanış olduqda ona məlum olub ki. ******* saylı aktda çıxarılmış qaz sayğacının hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzik cırıq izlərinin olması qeyd olunmuş və həmin akta əsasən də tələbnamə tərtib olunaraq 432 manat cərimə borcu hesablanmışdır. Aktda imza etməkdən imtina etdiyi qeyd olunmuşdur. Hansi ki, onun həmin aktın mövcudluğundan xəbəri belə olmamışdır. xx.xx.2021 -ci il tarixli ******* saylı aktla və tələbnaməyə əsasən hesablanmış borcla razılaşmır. Qeyd edir ki, sayğac küçədə quraşdırılmış, qanunun tələblərinə uyğun kənar müdaxilələrdən qorumaq üçün müvafiq örtüklə örtülməmiş, qutuya yerləşdirilməmişdir. Bəlkə də qaz sayğacı müvafiq qutuya yerləşdirilmiş olsa idi sayğaca zərər dəyməz idi. Ona görə də Cavabdeh əməkdaşları tərəfindən əsassız tərtib edilmiş 17 noyabr 2021ci il tarixli aktın və həmin akta əsasən dəymiş ziyanın bərpasına dair tələbnamənin ləğv edilməsi və hesablanmış 432 (dörd yüz otuz iki) manat məbləğində borcun onun **********00630 saylı abonent bazasından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdehnə qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Оnа görə də Azərbaycan Respublikası МPМ-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə cavabdeh Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə İddiaçı dinləyib, məhkəmə baxışında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azəriqaz İB-nin əməkdaşları tərəfindən abonent İddiaçı adına tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2021 -ci il tarixli ******* saylı saylı akta əsasən abonentin mənzilinə baxış keçirirkən qaz sayğacının hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzik cırıq izlərinin olması səbəbindən qaz itkisi olduğu göstərilmişdir. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair təlabnamənin surətindən görünür ki, İddiaçı adına Quba şəhəri, SMU-30 ünvanında yerləşən evə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 4320 m3 həcmində qaz itkisi, 432 (dörd yüz otuz iki) manat borc hesablanmışdır. İş materiallarında olan AZE ******** seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və Quba şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2678 nömrəli arayışdan məlum olur ki, İddiaçı Quba şəhəri, SMU-30 ünvanında qeydiyyatdadır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları"nın 4.2-ci bəndinə görə qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Bu Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaydaların 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Məhkəmə qeyd edir ki, hesablaşma cihazı olan qaz sayğacı iddiaçının cavabdehliyi sərhədindən kənar quraşdırıldığından bu sayğacda olan hər hansı qüsura görə o, cavabdehlik daşımır. Göründüyü kimi Cavabdeh İB-nin əməkdaşları maddi ziyan vuran, təqsirli və hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) hərəkət və ya hərəkətsizliyə yol verən şəxsi düzgün müəyyən etməmişlər. Bundan başqa Cavabdeh İB qaz sayğacının zədələnməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsinə dair mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Beləliklə məhkəmənin gəldiyi qənaətə görə iddia tələbi qismən təmin olunmalı, Cavabdeh əməkdaşları tərəfindən Quba şəhəri, SMU-30 ünvanında yerləşən evə dair İddiaçı adına hesablanmış 432 (dörd yüz otuz iki) manat məbləğində pul vəsaiti abonent bazasından silinməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh əməkdaşları tərəfindən Quba şəhəri, SMU-30 ünvanında yerləşən evə dair İddiaçı adına hesablanmış 432 (dörd yüz otuz iki) manat məbləğində pul vəsaiti abonent bazasından silinsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar