Məhkəmə qərarları › İş №2(027)-1627/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1627/2022

02.09.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1627/2022 02.09.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı və Cavabdeh1 iştirakı ilə İddiaçı cavabdehlər Quba rayonu, Əlik bələdiyyəsi və Cavabdeh1 qarşı torpaq sahəsinin icarəyə verilməsinə dair müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxıb, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Quba rayonu, Əlik bələdiyyəsi və Cavabdeh1 qarşı iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, Quba rayonu Əlik bələdiyyəsi ilə Cavabdeh1 arasında bağlanmış olan torpaq sahəsinin icarəyə verilməsi haqqında 29 aprel 2003-cü il tarixli 03 saylı müqaviləni etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Quba rayon Əlik bələdiyyəsinin xx.xx.2006-cı il tarixli qərarı ilə “Qəmbə” adlanan ərazidən 9 hektar boş torpaq sahəsi 15 il müddətinə icarəsinə verilmişdir. 2016-cı ildə Quba rayon Cek sakini Cavabdeh1 Möhsüm oğlu Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində ona qarşı iddia qaldıraraq ona ayrılmış 80 hektar örüş sahəsi ilə ona verilmiş 9 hektar torpaq sahəsinin üst-üstə düşməsini bildirmiş və ona torpaq sahəsinin ayrılması barədə 14 sentyabr 2006-cı il tarixli bələdiyyə qərarının ləğv olunmasını xahiş etmiş, məhkəmənin 30 aprel 2018-ci il tarixli qərarı ilə iddiası təmin olunmuşdur. Məhkəmənin qərarında iddianın təmin olunmasına əsas kimi göstərilmişdir ki, iddiaçı Cavabdeh1 adına olan Torpaqdan müvəqqəti istifadəyə dair JN-5403 saylı Şəhadətnamə vardır və həmin Şəhadətnamədə göstərilmişdir kı, Quba rayon Əlik bələdiyyəsinin 3 aprel 2003-cu il tarixli qərarı ilə ona 80 hektar örüş sahəsi 15 il müddətinə icarəyə verilmişdir. Tərəfndən apellyasiya şikayəti verilməsi üçün Cavabdeh1 adına olan JN-5403 saylı Şəhadətnamə və onun verilməsinə əsas olan torpaqayırma sənədləri götürülüb öyrənilərkən onların qanunsuz olması aşkar olunmuşdur. Belə ki, vəkilinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Arxivi Quba filialının təqdim etdiyi 10 iyul 2018-ci il 1184 nömrəli arxiv çıxarışından görünür ki, bələdiyyənin həmin qərarı ilə Cavabdeh1 torpaq sahəsi 10 il müddətinə icarəyə verilmişdir və həmin qərarının kserosurəti əlavə olunmuşdur. Arxiv arayışına əlavə olunmuş 3 aprel 2003-cu il tarixli 04 saylı qərardan açıq-aydın görünür ki, Quba rayon Əlik bələdiyyəsi ayrı-ayrı şəxslərə, o cümlədən Cavabdeh1 “Bəhərə” adlı ərazidən 80 hektar torpaq sahəsi 15 il deyil, 10 il müddətinə icarəyə verilmişdir. Odur ki, o, Xaçmaz rayon məhkəməsinə müraciət edərək həmin şəhadətnamənin ləğv olunması barədə iddia qaldırmış və məhkəmə baxışı nəticəsində Cavabdeh1 adına olan icarə müqaviləsi və digər sənədlərin saxta olması təsdiq olunmuşdur. Məhkəmə baxışı zamanı Cavabdeh1 özünün məhkəməyə təqdim etdiyi sənədlərin əslilərinin texniki və xətt ekspertizası təyin olunmuş və icarə müqaviləsindəki imza və möhürün saxta olması təsdiq olunmuşdur. Belə ki, məhkəmə xəttşünaslıq ekspertizasının 17 oktyabr 2019cu il tarixli rəyindən görünür ki, Cavabdeh1 təqdim etdiyi Quba rayon Əlik bələdiyyəsi adından bağlanmış 15 illik 29 aprel 2003-cü il tarixli 03 saylı icarə müqaviləsindəki Quba rayon Əlik bələdiyyəsi adından edilmiş imza bələdiyyə sədri X1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Həmçinin, sənədlərin texniki ekspertizasının 9 oktyabr 2019-cu il tarixli rəyindən isə görünür ki, həmin icarə müqaviləsindəki Əlik bələdiyyəsinin möhürü həqiqi deyildir, yəni möhür hər hansı sənəddən texniki qurğu vasitəsilə kompyuterə köçürülərək cap olunmuşdur. Bundan əlavə, müqavilənin 2.1 və 2.3 bəndlərindəki “15” rəqəmində (icarə müddətinin ilini əks etdirən rəqəm ) düzəlişlər edilmiş, “5” rəqəmin yerində əvvəl "0” rəqəmi, yəni 15 il deyil, 10 il rəqəmi olmuşdur. Həmçinin müqavilənin axırıncı abzasında ili əks etdirən “2003” rəqəmində düzəliş olunmuş, “2003” rəqəmində 2-ci ”0“ rəqəmi boya çəkilərək düzəliş olmuşdur, əvvəlki rəqəmi müəyyən etmək mümkün olmamışdır. Əvvəlki rəqəm saxta icarə müqaviləsinin ilkin variantında əks olduğu üçün heç texniki ekspertizaya ehtiyac yoxdur. Belə ki, Cavabdeh1 tərəfindən Quba rayon məhkəməsinə və Sumqayıt İnzibati-İqtisad məhkəməsinə iddia ərizəsi ilə birlikdə təqdim etdiyi müqavilələrdə “2003” rəqəmi yerində əvvəl ”2013 il” rəqəmi olması aydın görünür. Sonradan “1” rəqəmi pozularaq “0” yazılmışdır ki, guya icarə müqaviləsi 2013-cü ildə deyil, 2003-cü ildə tərtib edilmişdir. İcarə müqaviləsinin saxtalaşdırılaraq 2013-cü ildə deyil, guya 2003-cü ildə yazılmasının saxtalaşdırılması faktı təkzibolunmazdır, belə ki, müqavilənin blankına diqqətlə baxanda açıq-aydın görünür ki, 10 illik icarə müddəti 2013-cü ildə başa çatdıqdan sonra əvvəlki tarixə - 29 aprel 2003-cü il tarixə 15 illik saxta icarə müqaviləsi və digər sənədlər tərtib olunmuşdur. Yəni müqavilə blankları 2010-cu ildən sonrakı illər üçün çap olunmaqla 2003-cü ildə həmin blanklar mövcud ola bilməzdi. Məhkəmə xəttşünaslıq ekspertizasının 9 iyun 2019-cu il tarixli rəyindən həmçinin görünür ki, Cavabdeh1 təqdim etdiyi Əlik bələdiyyəsi adından olan 3 aprel 2003-cu il tarixli 4 saylı qərarından çıxarışda da “katibi” sözündə" edilmiş imza bələdiyyə üzvü olmuş X5 tərəfindən icra olunmamışdur, yəni bu da saxtadır. Həmin vaxtı bələdiyyənin sədri olmuş X1 və müavini X3 bildirmişlər ki, 2003-cu ilin aprel ayında Cavabdeh1 10 il müddətinə 80 hektar örüş sahəsi icarəyə verilmiş və 2013-cü ildə icarə müddəti başa çatmışdır. İcarə müddəti 15 il göstərilən sənədlər və onların adından edilmiş imzalar saxtadır. Əmrah Əmrahov həmçinin bildirmişdir ki, 2013-cü ildə Cavabdeh1 ona müraciət edərək ona ayrılmış torpaq sahəsinin 10 illik icarə müddəti bitdiyi üçün 15 illik sənəd almaq istədiyini bildirmiş, o Şahinə artıq bələdiyyədə işləmədiyini demiş, sonradan məlum olmuşdur ki, Şahin 15 illik saxta sənədlər əldə edib. Odur ki, məhkəmə baxışı zamanı keçirilmiş sənədlərin texniki və xətt ekspertizaları rəyləri ilə Cavabdeh1la Quba rayon Əlik bələdiyyəsi arasında olan 15 illik 29 aprel 2003-cü il tarixli 03 saylı icarə müqaviləsinin də saxta olması müəyyən olunduğu üçün əvvəlki iddiaya əlavə olaraq həmin icarə müqaviləsinin də ləğv olunması barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Xaçmaz rayon məhkəməsinin 07 iyun 2021-ci il tarixli qərarı ilə Cavabdeh1 adına olan JN-5403 saylı Şəhadətnamə ləğv edilməsi və torpaq sahəsinin onun adına qeydiyyata alınmasına dair qeydiyyatın Daşınmaz Əmlakın Dövlət Qeydiyyatı Reyestrindən çıxarılması qət olunmuşdur. Məhkəmə icarə müqaviləsinin ləğvinə dair tələbə inzibati icraat qaydasında baxılmalı olması əsası ilə icraata xitam vermiş və göstərilmişdir ki, icarə müqaviləsinin ləğvinə dair iddia tələbi ilə Sumqayıt İnzibati-İqtisadi məhkəməsinə müraciət olunmalıdır. Həmçinin qeyd olunmalıdır ki, JN- 5403 nömrəli Şəhadətnamədə göstərilmişdir ki, 09 avqust 2004-cü ildə verilmişdir. Cavabdeh1 torpaq sahəsinin icarəyə verilməsi haqqında 29 aprel 2003-cü il tarixli 03 saylı müqavilənin axırıncı abzasından isə görünür ki, müqavilə Quba rayon Torpaq şöbəsində 25 iyul 2013-cü ildə 192 nömrə ilə qeydiyyata alınmışdır. İcarə müqaviləsi Torpaq şöbəsində 25 iyul 2013-cü ildə qeydiyyata alındığı halda 9 il əvvələ, yəni 09 avqust 2004-cü il tarixli JN-5403 nömrəli Şəhadətnamə necə verilə bilər, halbuki bələdiyyə sənədləri torpaq şöbəsində qeydiyyata alındıqdan sonra rayon torpaq şöbəsində müvafiq sənədləşmə aparılaraq dövlət qeydiyyatı sənədi olan şəhadətnamə verilməlidir. Bundan əlavə, Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli Qanununa tələblərinə əsasən 2006-cı ilin iyulun 6-dan daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməli idi. Lakin müqavilə və digər sənədlər saxta olduğundan Cavabdeh1 Dövlət Əmlak Komitəsinin Reyestr Xidmətinə müraciət etməmiş və 25 iyul 2013-cü ildə Quba rayon torpaq şöbəsində qeydiyyata aldıraraq əvvəlki illərə, yəni 09 avqust 2004-cü il tarixli JN-5403 nömrəli qanunsuz şəhadətnamə əldə etmişdir. Bundan əlavə, 29 aprel 2003-cü il tarixli icarə müqaviləsində çoxsaylı pozuntu və düzəlişlər olduğundan “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbyacan Respublikasının 29 iyun 2004-cü il tarixli Qanununa əsasən həmin sənədlər dövlət qeydiyyatına alına edilə bilməz. Həmin Qanunun 11-ci maddəsində göstərilir ki, hüquqların əldə olunmasını təsdiq edən sənədlər dövlət qeydiyyatı ücün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalı, mətnlər aydın yazılmalı, hüquqi və fiziki :əxslərin adları tam şəkildə yazılmalı, həmçinin pozulmuş və həqiqiliyi rsdiqlənməmiş digər düzəlişlər olan sənədlər dövlət qeydiyyatı ücün qəbul edilmir.Həmin icarə müqaviləsində çoxsaylı pozuntu və düzəlişlər vardır. Təkcə onu demək kifayətdir ki, icarəçinin soyadı “Salmanov” əvəzinə Quliyev yazılıb, sonradan mötərizədə “Salmanov” göstərilib, “kənd” sözu “t” hərfi ilə yazılıb, icarə müddəti olan “10” rəqəmi sözlə “on beş il” yazılıb, “Cek” kəndi əvəzinə “Cek” sədri yazılıb bə sair-bu barədə qeydlər işdə vardır və əlavə olunur. Hətta icarə müqaviləsinin blankı da 2010-cu ildə cap olunduğu halda, geri tarixə-2003-cü ilə sənədləşdirilməsi acıqaydın görünür. Xaçmaz Rayon Məhkəməsinin qeyd olunan 07 iyun 2021-ci il tarixli qərarına əsasən icarə müqaviləsinin ləğvinə dair iddia tələbi ilə Sumqayıt İnzibati məhkəməsinə müraciət olunmuş, İnzibati məhkəmənin (sədrlik edən Ceyhun Məmmədov) 17 may 2022-ci ildə keçirilmiş hazır iclasında göstərilmişdir ki, müqavilə sərəncam xarakteri daşımadığından, onun ləğv olunması ilə bağlı ərazi üzrə Quba Rayon Məhkəməsi qarşısında iddia qaldırılmalıdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində yazılnalara uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının gətirdiyi dəlillər həqiqətə uyğun deyil. Mübahiəsli torpaq sahələri ekspert tərəfindən yoxlanılmış, üstü-üstə düşməsi göstərilmişdir. Torpaqdan istifadə etməyə iddiaçı imkan vermir. Qeyd edilənlərə əsasən İddiaçı tələbi əsassız olduğundan və iddia müddəti ötürülməklə verildiyindən rədd edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh Quba rayonu, Əlik bələdiyyəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5ci maddəsinə əsasən hazırki işə cavabdeh Quba rayonu, Əlik bələdiyyəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə iddiaçının və Cavabdeh1 izahatlarını dinləyib, iş materiallarında olan sübutlara məcmu halda qiymət vərərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan torpaq sahəsinin icarəyə verilməsi haqqında 29 aprel 2003-cü il tarixli, 03 saylı müqavilədən görünür ki, həmin tarixdə Quba rayonu Əlik bələdiyyəsi ilə Cavabdeh1 arasında icarə müqaviləsi bağlanaraq, «Bəhər qumu ağ qayadan 100-cü aşağı» adlanan ərazidən 80 hektar yay-otlaq sahəsi icarə haqqı 400.000 manat olmaqla 15 il müddətinə icarəyə verilmişdir. - Quba rayonu, Əlik bələdiyyəsinin 03 aprel 2003-cü il tarixli 04 saylı qərarından çıxarışdan görünür ki, Əlik bələdiyyəsi ərazisindən ağ qayanın alt hissəsindən 80,0 hektar örüş sahəsi heyvandarlığı inkişaf etdirmək üçün Cek kənd sakini Cavabdeh1 15 il müddətinə icarəyə verilməsi qərara alınmışdır. - JN-5403 KOD 30305018 saylı X2 Hüququna dair Şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 Quba rayonu Əlik Bələdiyyəsinin 03 aprel 2033-cü il tarixli, 04 saylı qərarı ilə “Ağ qaya” adlı yerin alt hissəsindən 80 hektar yay-otlaq sahəsi müəqqəti istifadə üçün verilmişdir. - Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialının xx.xx.2018-ci il tarixli, 1184№-li Arxiv çıxarışından görünür ki, Əlik bələdiyyə şurası iclasının 03 aprel 2003-cü il 4 saylı qərarı ilə Cavabdeh1 80 hektar yay otlaq sahəsi icarəyə verilmişdir. - Xaçmaz Rayon Məhkəməsinin 2(067)-22/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinədən görünür ki, Cavabdeh1 adına verilmiş «torpaqdan müvəqqəti istifadə»yə dair 19 avqust 2004-cü il tarixli JN 5403 saylı (kod ********) şəhadətnamə ləğv edilməsi, Quba rayon Əlik bələdiyyəsi ərazisindəki 80 hektar torpaq sahəsinin Cavabdeh1 adına qeydə alınmasına dair «müvəqqəti istifadə hüququ»na dair qeydiyyat daşınmaz əmlakın dövlət reyestrindən çıxarılması qət edilmişdir. - Xaçmaz Rayon Məhkəməsinin 2(067)-22/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadından görünür ki, İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı torpaqdan müvəqqəti istifadəyə dair şəhadətnamənin etibarsız hesab edilməsi və sair tələblərinə dair iddia ərizəsinin “Quba rayon Əlik bələdiyyəsi adından Cavabdeh1la bağlanmış 15 illik 29 aprel 2003-cü il tarixli 03 saylı icarə müqaviləsinin ləğv olunmasına dair hissəsi üzrə icraata xitam verilmişdir. - Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1601/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, İddiaçı Quba rayonu, Əlik Bələdiyyəsinə qarşı “Əlik Bələdiyyəsi ilə Cavabdeh1 arasında bağlanmış olan torpaq sahəsinin icarəyə verilməsi haqqında 03 nömrəli, 29 aprel 2003-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiası mümkün sayılmamışdır. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, Əlik bələdiyyəsi ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2003-cü il tarixli, 03 nömrəli İcarə müqaviləsinə əsasən, «Bəhər qumu ağ qayadan 100-cü aşağı» adlanan ərazidən 80 hektar yay-otlaq sahəsi 15 il müddətinə Cavabdeh1 icarəyə verilmişdir. Məhkəmə əvvəlcə İddiaçı mövcud tələblə məhkəməyə müraciət etmək üçün müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İşin yuxarıda sadalanan hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, İddiaçı hazırki iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Çünki o, cavabdehin istifadəsində olan, 80 hektar yay-otlaq sahəsinin üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməmiş (əvvəllər mübahisəli torpaq sahəsinə mülkiyyətçi ilə aralarında icarə müqaviləsi olsa da, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edən vaxt həmin torpaq sahəsinə dair icarə müqaviləsinin müddəti uzadılmamışdır), torpaq sahəsinin mülkiyyətçisi tərəfindən onunla müvafiq alqı-satqı və ya icarə müqaviləsi bağlanmamış, yaxud torpaq sahəsi qanunla nəzərdə tutulmuş qaydada onun qanuni istifadəsinə verilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi̇ İddiaçı cavabdehlər Quba rayonu, Əlik bələdiyyəsi və Cavabdeh1 qarşı “torpaq sahəsinin icarəyə verilməsinə dair müqavilənin etibarsız hesab edilməsi” tələbi barədə iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar