Məhkəmə qərarları › İş №2(027)-1634/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1634/2025

19.06.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1634/2025 19.06.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, Muradov Əli Şakir oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı “akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Quba rayon Şöbəsinin əməkdaşları tərəfindən əsassız tərtib olunmuş xx.xx.2025-ci il tarixli ******* saylı aktın və həmin akta əsasən tərtib olunmuş xx.xx.2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin ləğv edilməsi və hesablanmış 642 manat 24 qəpik məbləğində borcun onun **********01550 saylı abonent hesabından silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 24 yanvar 2025-ci il tarixdə "Azəriqaz" İBnın əməkdaşları yaşadığı evə gələrək, evində quraşdırılmış Zenner tipli, G-4 markalı **********3 qaz sayğacını çıxararaq, yeni qaz sayğacı ilə əvəz etmişlər. Bundan sonra yaşayış evinə borc barədə qəbz gələrkən məlum olmuşdur ki, 642,24 manat məbləğində cərimə olunmuşdur. Quba Qaz İİ-nə müraciət edərək, həmin borcun hansı səbəbə əsasən qeyd olunduğunu soruşduqda ona qeyd olunan borcun xx.xx.2025-ci il tarixli ******* saylı akta əsasən hesablandığını bildirərək təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt, qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbul haqqında akt və dəymiş ziyanın bərpasına dair tələbnaməni ona təqdim etmişlər. Həmin aktla tanış olduqda ona məlum olmuşdur ki, xx.xx.2025-ci il tarixli ******* saylı aktda Azəriqaz İB-nın əməkdaşlarının çıxardığı Zenner tipli, G4 markalı **********3 nömrəli qaz sayğacına baxış keçirilmiş, sayğacın hesablama mexanizminin alt hissəsinin deşilməsi və sayğacın əymə üsulu ilə quraşdırılması qeyd olunmuş, həmin akta əsasən də xx.xx.2025-ci il tarixli tələbnamə tərtib olunaraq 642,24 manat cərimə borcu hesablanmışdır. Aktda onun adının qarşısında imza edilmişdir. Hansı ki, onun həmin aktın mövcudluğundan xəbəri olmamışdır. xx.xx.2025-ci il tarixli ******* saylı aktla və xx.xx.2025-ci il tarixli tələbnaməyə əsasən hesablanmış borcla razılaşmır. Həmin sayğac küçədə quraşdırılmış, qanunun tələblərinə uyğun kənar müdaxilələrdən qorumaq üçün müvafiq örtüklə örtülməmiş, qutuya yerləşdirilməmişdir. Sayğaca hər hansı bir müdaxiləni etməyi qeyri-mümkündür. Belə olan halda sayğac üzərinə vurulmuş plomblar qırılmalı idi. Sayğacın üstündə olan plomblar Cavabdeh İB-nin əməkdaşları tərəfindən kəsilib açılmış və sayğacın hesablama mexanizminə baxış keçirilmişdir. O, istifadə etdiyi qazın dəyərini vaxtlı vaxtında ödəyir. Onun qaz sayğacına müdaxilə etməyinə heç bir əsas yoxdur. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X2 iddianı qəbul etməyərək bildirdi ki, İddiaçı özü etiraf edərək, aktı imzalamışdır. Məhkəmədə verilən suallara cavab olaraq nümayəndə bildirmişdir ki, həmin pozuntu ilə bağlı abonentin barəsində inzibati xəta haqqında qərar çıxarılmamışdır. Məhkəmə iddiaçının izahatını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Xaçmaz RQİİ-nin xx.xx.2025-ci il tarixli ******* saylı aktından görünür ki, Zenner tipli, G4 markalı **********3 nömrəli qaz sayğacına baxış keçirilmiş, sayğacın hesablama mexanizminin alt hissəsində deşici alətlə deşildiyi aşkar olunduğu qeyd olunmuşdur. Nəticədə 5352 m3 həcmində dəymiş ziyan hesablanmışdır; xx.xx.2025-ci tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”dən görünür ki, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 5352 m3 sərfiyyat hesablanmışdır; **********0620 saylı abonent saldosundan görünür ki, abonent İddiaçı 2025-ci ilin yanvar ayında 642 manat 24 qəpik məbləğində təbii qaz sərfiyyatı borcu qeydə alınmışdır. Beləliklə, məhkəmə iclasında işin halları ilə müəyyən edilmişdir ki, Xaçmaz RQİİ-nin xx.xx.2025-ci il tarixli ******* saylı aktına əsasən iddiaçının yaşadığı evə baxış keçirilərkən abonentin qazdan istifadə qaydalarını pozaraq sayğacın hesablama mexanizminin alt hissəsinin deşici alətlə deşildiyi aşkar edilməsi nəticəsində 5352 m3 həcmində dəymiş ziyan hesablanmışdır. Həmin akt əsasında İddiaçı 642 manat 24 qəpik manat məbləğində təbii qaz sərfiyyatı borcu hesablanmışdır. Lakin həmin pozuntunun bilavasitə abonent tərəfindən törədilməsini təsdiq edən abonentin inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında qərar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır; 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar; 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir; 6.5-cu bəndinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən qaz sayğacına müdaxilə edilməsi faktını təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən cavabdeh tərəfindən iddiaçı barəsində qazdan istifadə qaydalarının pozulmasına dair tərtib edilmiş akt əsaslı ola bilməz. Belə ki,istehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə inzibati xəta haqqında iş üzrə protokol tərtib edilməlidir. Sayğaca müdaxilənin iddiaçı tərəfindən edildiyi sübut olunmadığına görə həmin akta əsasən tərtib edilmiş tələbnamə əsassız olmuşdur. İşin müəyyən edilmiş hаllаrındаn göründüyü kimi, qaz sаyğаcı iddiаçının cаvаbdehliyi sərhəddində qurаşdırılmаmışdır. Bilavasitə iddiaçı tərəfindən sаyğаcа hər hаnsı müdаxilə edilməsi, iddiаçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sаyğаcın zədələnməsi müəyyən edilmədiyi halda, iddiаçıyа əsаssız olаrаq 5352 m3 əlаvə sərfiyyаt hesаblаnmışdır. Belə ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, cavabdeh dəyişdirilmiş qaz sayğacının dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə hesab edir ki, bilavasitə iddiaçı tərəfindən sаyğаcа hər hаnsı müdаxilə edilməsi müəyyən edilmədiyi halda, iddiаçıyа əsаssız olаrаq əlаvə sərfiyyаt hesаblаnmışdır. İddiaçı tərəfindən qaz sayğacına müdaxilə edilməsi faktını təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən cavabdeh tərəfindən iddiaçı barəsində qazdan istifadə qaydalarının pozulmasına dair tərtib edilmiş akt əsaslı ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək, Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli ******* saylı akta əsasən 642 manat 24 qəpik borc İddiaçı **********00620 saylı abonent hesabından silinməlidir. Bundan başqa, iddiaçı dövlət rüsumunu ödəməkdən azaddır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə görə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. “Dövlət rüsumu haqqında” Qanununа edilmiş xx.xx.2021-ci il tarixli qüvvəyə minmiş dəyişikliklərə görə həmin Qanunun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda müəyyən olunmuş rüsumun məbləği 30 manat təşkil edir. Odur ki, həmin məbləğ cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli ******* saylı akta əsasən 642 manat 24 qəpik borc İddiaçı **********00620 saylı abonent hesabından silinsin. İddiaçının azad edildiyi 30 manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar