Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1640/2024 05.12.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə İddiaçı nümayəndəsi qismində vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “akt əsasında hesablanmış borcun abonent hesabından silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsilə müraciət edərək, Cavabdeh İB-nin, Xaçmaz RQİİ-nin Quba XS-nin əməkdaşlarının tərtib etdiyi 18 oktyabr 2023-cü il tarixli, ******* saylı Aktın etibarsız hesab edilməsi, bu akt əsasında tərtib olunmuş 31 oktyabr 2023-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”nin ləğv edilməsi və hesablanmış 4406.40 manat borcun abonent bazasından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ******* saylı AKT-m və onun əsasında Dəyiş ziyanın bərpasına dair Tələbnamə yazılan məkan ümumiyyətlə yaşayış yeri deyil və ora ümumiyyətlə qaz xətti və abonent olaraq kodları olmayıb. Cavabdeh İB, Xaçmaz RQİİ Quba Xidmət Sahəsinin əməkdaşları 17 noyabr 2023-cü il tarixində onlara məxsus olan, Quba rayonu Dağlı kəndində yerləşən, Dövlət tərəfindən verilmiş kənd təsərüfatı təyinatlı torpağa onun və ailəsindən kimsənin müraciəti, razılığı və ya iştirakı olmadan ******* saylı “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” AKT tərtib edərək İTRON tipli, G4 markalı, 1602A**********442 nömrəli sayğac quraşdırmışdırlar. Quraşdırılan sayğacın elektron göstəricisi 9617 m3, mexaniki göstərici isə 9620 m3 olmuşdur. Bunlardan başqa, Cavabdeh İB, X14 İstismar İdarəsinin Quba Xidmət Sahəsinin əməkdaşları 17 noyabr 2023-cü il tarixli, ******* saylı “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktda “sayğacın quraşdırılma səbəbi”ni ilkin quaşdırma olaraq göstərmişdilər. 17 noyabr 2023-cü il tarixində kənd təsərüfatı təyinatlı torpağa sayğac quraşdıran Cavabdeh İB, Xaçmaz Quba XS-nin əməkdaşları sayğacı quraşdırdıqdan sonra oğluna bildiriblər ki, “qeyri yaşayış sahələrinə abonent kodu və sayğac xərci 4-5 min manat təşkil edir. Biz sizin üçün bunu pulsuz edirik, amma səndə bu məbləği az-az smart karta ödəyərək borcu azaldarsan”. Onlarla razılaşmasalar da, sayğacı quraşdırdıqları yerdən çıxarmadan çıxıb gediblər. Bir neçə gün sonra Quba XS-nin binasına yaxınlaşıb bu işi araşdırmaq istəyəndə bəlli olub ki, 18 oktyabr 2023-cü il tarixində onlara məxsus olan torpaq sahəsinə ******* saylı Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilmişdir. 18 oktyabr 2023-cü il tarixli, ******* saylı Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın qeyd hissəsində “qazdan qeyri-qanuni istifadə etdikləri” yazılmışdır. Quba-Qusar magistral yolunun Dağlı kəndi ərazisindən keçən hissəsinin yanında olan bağ sahəsinə Plastik Ana xəttdən qaz xətti çəkilərək istifadə edilir və bunu adiyyatı qrumlar görmür. Daha maraqlısı isə odur ki, tərtib edilən 18 oktyabr 2023-cü il tarixli, ******* saylı aktın və 17 noyabr 2023-cü il tarixli, ******* saylı “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktın tərtib edildiyi zaman onların iştirak etdiyi, lakin aktların imzalanmasından imtina etdikləri qeyd olunmuşdur. Bundan başqa abonent saldosundanda görünür ki, bağ sahəsinə quraşdırılan sayğac 17 noyabr 2023-cü ildə ilkin quraşdırma olaraq quraşdırılsa da, cərimə məbləği oktyabr ayına sistemə vurulmuşdur. Bu faktlar yetərlidir ki, 18 oktyabr 2023-cü il tarixində ******* saylı aktı tərtib edənlər və imzalayan şəxslər qərəzli mövqe tutmuşlar və öz mənfur niyyətlərini həyata keçirərək hüquqları tam şəkildə pozulmuşdur. Bu da onu deməyə əsas verir ki, ******* saylı akt əsasında 31 oktyabr 2023-cü il tarixində tərtib edilən “Dəymiş ziyanın bərpasına dair tələbnamə” də qanunsuzdur, ləğv edilməlidir. Bundan başqa ******* saylı AKT əsasında 31 oktyabr 2023-cü il tarixində tərtib edilən “Dəymiş ziyanın bərpasına dair tələbnamə” də hesablanma metodu düzgün aparılmayıb. Belə ki, abonent saldosunda istifadə olunan 2 ədəd 2 gözlü qaz pilətəsi, 17 noyabr 2023-cü il tarixli, ******* saylı “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktda 1 ədəd PQ4 və 1 ədəd RP qeyd olunsa da, 18 oktyabr 2023-cü il tarixində “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı aktda tamam başqa cihazlar qeyd olunmuş və cəriməni günlük 4 kub/metr qaz hesablanılmış və onun istifadəsini də heç bir əsas olmadan hər gün üçün iş saatı 12 saat olmaqla sabit olaraq 360 təqvim gününə görə hesablamışlar. Bu hesablamada, qaz sərfini ilboyu sərfıyyata uyğunlaşdırılması və bu avadanlıqların fasiləsiz olaraq bütün sutkada istifadəsi üzərindən hesablama aparmaq onu deməyə əsas verir ki, Cavabdeh İB, X14 İstismar İdarəsinin (Xaçmaz RQİİ) bu nöqsanı qəsdən yaradıblar və bilərəkdən ediblər ki, özlərinin illik qaz itkilərini azalta bilsinlər. Cavabdeh İB-nin nümayəndəsi X2 iddia tələbinə qarşı etiraz ərzəsini məhkəməyə təqdim edərək, etirazı onunla əsaslandırmışdır ki, İddiaçı iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, abonentin qaz xətlərinə, qaz sayğacına və qaz işlədici cihazlarına 18 oktyabr 2023-cü il tarixdə Xaçmaz RQİİ-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsinin və Quba xidmət sahəsinin satış xidmətiin işçiləri tərəfindən baxış keçirilmişdir. Baxış zamanı İddiaçı məxsus kafe-yeməkxananın qaz xəttinin rezin boru vasitəsi ilə, qanunsuz qaz paylayıcı şəbəkəyə qoşularaq təbii qazdan qanunsuz istifadə edildiyi aşkar edilmişdir. İddiaçı qanunsuz yolla təbii qazdan istifadə etməsi halının aşkarlanması video çəkilişlə həyata keçirilmiş, abonentin obyektinə çəkilmiş qanunsuz qaz xəttinin görüntüləri tam aydın şəkildə video çəkilişdə öz əksini tapmışdır. Bu hal aşkar olunan zaman abonent İddiaçı haqqında obyektində qanunsuz xətt vasitəsi ilə təbii qazdan istifadə etməsi barədə “Təbii qazdan istifadə Qaydalarının pozulması haqqında” həmin vaxt xx.xx.2023-cü il tarixli ******* saylı akt tərtib edilmiş, qanunsuz çəkilmiş borunun en kəsiyindən keçən qazın saatlıq miqdarı nəzərə alınmaqla 4406,40 manat itirilmiş qazın ziyanı hesablanaraq təqsirkar şəxsdən tələb edilmişdir. Sayğacdan kənar qanunsuz qaz xətti ləğv edilmişdir. İddiaçı barəsində hüquq mühafizə orqanlarına müvafiq müraciət edilmişdir. Bununla da aydın olur ki, iddiaçının tələbi Qanuna, sübut və dəlillərə əsaslanmır, İddiaçı öz şəxsi mülahizələrinə və fərziyyələrinə uyğun irəli sürdüyü fikirləridir. İş üzrə Cavabdeh İB-nin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı qanunsuz qaz xəttiinə qoşularaq qazdan istifadə etmişdir, qoşulma rezin boru vasitəsilə aparılmış, bu hal baxış keçirilən zaman aşkar olunmuş, bu üzdən sayğac dəyişdirilmiş, sayğacdan kənar qanunsuz qaz xətti ləğv edilmiş, barəsində hüquq mühafizə orqanlarına müvafiq müraciət edilmişdir. Göstərilənləri nəzərə alaraq iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi qismində vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh İB qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə baxışı iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası МPМ-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində aşkar olunan sahə üzrə qaz qurğularına nəzarət etdiyini, qanunsuz qoşulma aşkarlandıqda aktlaşdırılaraq kənarlaşdırdıqlarını, lakin qoşulmanın aparılma yeri barədə araşdırma aparmadıqlarını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 Cəlil Əbülfəz oğlunun ifadəsiylə eyniməzmunlu ifadə vermişdir. Məhkəmə iddiaçının nümayəndəsi qismində vəkilinin və cavabdehin nümayəndəsinin izahatını dinləyib, sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azəriqaz İB-nin əməkdaşları tərəfindən abonent X3 adına tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 18 oktyabr 2023-cü il tarixli, ******* saylı akta əsasən abonentin mənzilinə baxış keçirərkən “Abonent sayğacdan kənar küçə xəttinə qoşulmaqla təbii qazdan qeyri-qanuni istifadə edir”qeyd edilmişdir. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair 31 oktyabr 2023-cü il tarixli təlabnamənin surətindən görünür ki, İddiaçı adına olan **********05680 saylı abonent kodu üzrə 36720 m3 həcmində qaz itkisi hesablanmışdır. İş materiallarında olan Abonent saldosundan göründüyü kimi, **********05680 saylı abonent kodu üzrə itirilmiş qazın bərpası üçün 4406 (dörd min dörd yüz altı) manat 40 (qırx) qəpik borc hesablanmışdır. Məhkəmə araşdırması zamanı həmçinin tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, cavabdehin mənzilinə baxış keçirilən zaman abonentin sayğacdan kənar xətt vasitəsi ilə təbii qazdan qanunsuz istifadə etdiyi aşkar edilmişdir. Bu barədə video çəkiliş aparılmış, abonent barədə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 18 oktyabr 2023-cü il tarixli, ******* saylı akt tərtib edilmişdir, iddiaçı isə cavabdehin hesablanmış olduğu həmin ziyan məbləği ilə razılaşmamışdır. «İstehlakçıların müdafiəsi haqqında» xx.xx.1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci bəndinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1bəndinə əsasən Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmədə tədqiq edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, iddiaçı fərdi yaşayış evində quraşdırılmış qaz xəttinə sayğacdan kənar qoşulmaqla təbii qazdan qeyri-qanuni istifadə etmiş, bu hal Cavabdeh İB əməkdaşları tərəfindən aşkarlanaraq aktlaşdırılmışdır və məlum olmuşdur ki, X7 tərəfindən təbii qazdan qanunsuz istifadə nəticəsində ziyan dəymişdir. İddiaçının hərəkətləri nəticəsində maddi ziyanın vurulduğu, habelə təqsirli hərəkətləri ilə ona dəymiş maddi ziyan arasında səbəbli əlaqənin olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Belə ki, təqdim olunmuş sübut qismində müvafiq akt və video görüntü vurulmuş ziyanla iddiaçının hərəkətləri arasında səbəbli əlaqənin olması baxımından mötəbər sübut qismində qəbul edilə bilər. Zərərin məbləğinin təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 4406.40 manat hesablanması ilə bağlı məhkəmə qeyd edir ki, zərər məbləği Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2023-cü il tarixli 218 nömrəli Qərarı ilə “Qazdan istifadə Qaydaları”nın əlavə edilmiş yeni məzmunda 6.5-1-6.5-4-cü bəndlərinin tələbləri nəzərə alınmaqla hesablanmalıdır. Belə ki, “Qazdan istifadə Qaydaları”nın 6.5-3-cü bəndinə əsasən istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Həmin Qaydaların 6.5-1-ci bəndinə əsasən istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınır. Beləliklə zərər sutkanın ilin mövsümü, habelə əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla hesabat aparılması barədə sübut təqdim edilməməsi nəzərə alınmaqla zərər 1101 (min yüz yüz bir) manat 50 (əlli) qəpik hesablanmaqla, 3304 (üç min üç yüz dörd) manat 90 (doösan) qəpik məbləğində cərimə **********05680 saylı abonent hesabından silinməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh **********05680 saylı abonent kodu ilə bağlı 31 oktyabr 2023-cü il tarixli tələbnaməsi ləğv edilsin və itirilmiş qazın bərpası üçün hesablanmış 3304 (üç min üç yüz dörd) manat 90 (doxsan) qəpik məbləğ **********05680 kodlu abonent hesabından silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №2(027)-1640/2024
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1640/2024
05.12.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver