Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1666/2022 23.08.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh «Azəriqaz” İB-yə qarşı “hesablanmış borcun abonent hesabından silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh «Azəriqaz” İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən əsassız olaraq tərtib olunmuş xx.xx.2022-ci il tarixli, ******* və ******* saylı akt və həmin akta əsasən dəymiş ziyanın bərpasına dair xx.xx.2022-ci il tarixli tələbnamənin ləğv edilməsi və hesablanmış 1581,12 manat məbləğində borcun onun **********09850 saylı abonent hesabından silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, yaşadığı Quba rayonu Zərdabi qəsəbəsində yerləşən yaşayış evi Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin RX seriyalı ******* nömrəli, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən onun mülkiyyətindədir. Azəriqaz" İstehsalat Birliyi ilə aralarında xx.xx.2022-ci il tarixli qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə imzalanmışdır. Onun yaşadığı evə də başqa evlər kimi qaz sayğacı quraşdırılmışdır. Digər abonentlər kimi o da hər ay istifadə etdiyi qaz sərfıyyatına görə qaz borcunu vaxtında ödəyir. Bu ilin yanvar ayının 11-də Cavabdeh əməkdaşları onun ünvanına gələrək qaz sayğacının işləmədiyini bildirərək sayğaca baxmaq istədiklərini bildirdilər. Cavabdeh əməkdaşları qaz sayğacına baxış keçirərkən ona sayğacın üzərində deşik olduğunu bildirdilər. O, isə onlara bildirdi ki, onda sayğac smart kart olduğu üçün mütəmadi ödəniş edir. Sayğaca heç bir müdaxilə etməmişdir. Lakin onlar onun sözlərinə əhəmiyyət verməyərək qaz sayğacın çıxardıb özləri ilə apardılar. Növbəti gün, yəni 12 yanvar tarixində Cavabdeh əməkdaşları onun yaşadığı ünvana gələrək qaz sayğacını quraşdırdılar. Bu barədə qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2022- ci il tarixli № ******* saylı akt tərtib olunmuşdur. Sonradan ona məlum olmuşdur ki, Cavabdeh əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixində təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* və xx.xx.2022-ci il tarixli ******* nömrəli akt tərtib olunmuşdur. Tərtib olunmuş ziyan aktında guya qaz sayğacına tərəfindən müdaxilə olunmuş, onun çıxış plastmas borusunun deşildiyi göstərilmişdir. Ancaq o və ailə üzvləri tərəfindən sayğaca hər hansı müdaxilə olunmayıb. Sayğaca dəymiş ziyan olaraq 1581,12 manat məbləğində əsassız olaraq cərimə olunmuşdur. O, həmin cərimə borcu ilə razılaşmır. Hesab edir ki, həmin akt və tələbnamə əsassız olaraq tərtib olunmuşdur. Bundan əlavə qeyd etmək istəyir ki, sayğac küçədə quraşdırılmış, qanunun tələblərinə uyğun kənar müdaxilələrdən qorumaq üçün müvafiq örtüklə örtülməmiş, qutuya yerləşdirilməmişdir. Bildirmək istəyir ki, belə qanunsuz hərəkətlərə heç vaxt yol verməz. Məhkəmə təcrübəsinə nəzər salınsa baxılan işlərin çoxunda sayğaclarda eyni nöqsanların olduğu görünür. Bu da onu göstərir ki, həmin nöqsanlar qəsdən, bilərəkdən yaradılır. Ona görə də, hesab edir ki, ******* və ******* saylı akt və həmin akt əsasında dəymiş ziyanın bərpasına dair tələbnamə ləğv edilməli və həmin tələbnaməyə əsasən hesablanmış 1581,12 (min beş yüz səksən bir manat, 12 qəpik) manat borc onun **********09850 saylı abonent hesabımdan silinməlidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, bildirdi ki, «Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən qaz sayğacına baxış keçirilmiş, sayğacın işləmədiyini deyib sayğacı götürüb aparmışlar, cəriməni ödəməsə sayğacı qoymayacağını demişlər. Gecə hava soyuq olduğu üçün səhərə kimi şlanqala qaz qoşmuşdur. Kənar müdaxiləyə görə bir gecəyə 1062 manat yazmışlar. Göstərilənləri nəzərə alaraq, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X2 iddianı qəbul etməyib, verdiyi izahatında göstərmişdir ki, kənar müdaxilə olduğu üçün iddiaçıya 518 manat cərimə hesablanmışdır. Sayğacı çıxaranlar meterologiya işçiləri olub, digər 90 gün üçün cəriməni onlar hesablayıblar. İddiaçı özü sayğacda deşik olmasını və şlanqla qaz qoşmasını özü etiraf edir. Hesab edir ki, iddia tələbi əsassızdır. Ona görə də iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2019-cu il tarixli, ******* nömrəli aktdan görünür ki, Quba rayonu Zərdabi kəndində yerləşən, yaşayış evində ******* nömrəli sayğac çıxarılmış və əvəzində **********4 nömrəli sayğac quraşdırılmışdır; “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, Quba rayonu Zərdabi qəsəbəsində yerləşən, yaşayış evində **********4 nömrəli sayğac çıxarılmış və əvəzində **********250 nömrəli sayğac quraşdırılmışdır; Xaçmaz RQİİ-nin xx.xx.2022-ci il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən, İddiaçı məxsus fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilmiş, abonentin sayğacsız rezin boru vasitəsilə təbii qazdan qeyri-qanuni istifadə etməsi aşkar edilmişdir və dəymiş ziyan hesablanmışdır. Xaçmaz RQİİ-nin xx.xx.2022-ci il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən, İddiaçı məxsus fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına AR DNŞ-nin «Azəriqaz” İB-nin qaz sayğacının yoxlanılması xx.xx.2022-ci il tarixli akt MSK - 29/1710-00510-1 saylı rəyinə əsasən **********4 saylı sayğaca baxış keçirilmiş, sayğacın çıxış plastmas borusu deşilməsi, xətaların normadan artıq olması, sayğacın minimal sərfiyyatda 100% nisbi xətaya işləməsi aşkar edilmişdir və dəymiş ziyan hesablanmışdır. -X3 31 yanvar 2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamənin” surətindən müəyyən olunur ki, Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən fərdi yaşayış evində quraşdırılmış sayğacda hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabatın aparılması və hesablanmış məbləğin cəmi 8856 kub metr olaraq ödənilməsi qərara alınmış, qərarın verilməsi üçün əsas xx.xx.2022-ci il tarixli, ******* saylı akt olmuşdur; -X3 28 fevral 2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamənin” surətindən müəyyən olunur ki, Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən fərdi yaşayış evində quraşdırılmış sayğacda hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabatın aparılması və hesablanmış məbləğin cəmi 4320 kub metr olaraq ödənilməsi qərara alınmış, qərarın verilməsi üçün əsas xx.xx.2022-ci il tarixli, ******* saylı akt olmuşdur; **********09850 kodlu abonentin saldosundan görünür ki, abonent müdəmadi olaraq aktiv şəkildə qazdan istifadə etmiş və istifadə etdiyi qaza görə ödəniş etmiş, həmin 518,40 manat və 1062,72 manat borc aktlar əsasında hesablanmış cərimə borcudur. Beləliklə, məhkəmə iclasında işin halları ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilərək, yenisi ilə əvəz edilmişdir. Sayğacın dəyişdirilməsi zamanı tərtib edilmiş “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli aktda sayğacın dəyişdirilməsinin səbəbi kimi “növbəti dövlət yoxlamasına göndərilmə” göstərilmiş, əvəzetmə qeyd olunmuşdur. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır; 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar; 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən qaz sayğacına müdaxilə edilməsi faktını təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən cavabdeh tərəfindən iddiaçı barəsində qazdan istifadə qaydalarının pozulmasına dair tərtib edilmiş akt əsaslı ola bilməz. Sayğaca müdaxilənin iddiaçı tərəfindən edildiyi sübut olunmadığına görə həmin akta əsasən hesablanmış 518,40 (beş yüz on səkkiz manat, qırx qəpik) manat məbləğində pulun iddiaçıdan alınması da əsassız olmuşdur. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, qaz sayğacı iddiaçının cavabdehliyi sərhəddində quraşdırılmamışdır. Bilavasitə iddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əsassız olaraq 518,40 (beş yüz on səkkiz manat, qırx qəpik) manat məbləğində əlavə sərfiyyat hesablanmışdır. Belə ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, cavabdeh dəyişdirilmiş qaz sayğacının dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında 90 gün üçün hesablanmış 1062,72 (8856x0,12=1062,72) manat cərimə borcunun silinməsi hissəsində qismən təmin edilməlidir. Belə ki, iş materiallarından və iddiaçının izahatından görünür ki, İddiaçı cəmi bir gün sayğacsız rezin boru vasitəsilə təbii qazdan qeyri-qanuni istifadə etmişdir. Belə olan halda cərimə 1 gün üçün hesablanmalı (8856:90x0,12=11,81 manat), qalan hissədə silinməlidir. Beləliklə, şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, "Azəriqaz" İB-nin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında tərtib olunmuş xx.xx.2022-ci il tarixli tələbnamə ləğv edilməli və həmin tələbnaməyə əsasən hesablanmış 518,40 (beş yüz on səkkiz manat, qırx qəpik) manat məbləğində və xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında tərtib olunmuş xx.xx.2022-ci il tarixli tələbnamə qismən ləğv edilməli və həmin tələbnaməyə əsasən hesablanmış 1050,91 (min əlli manat, doxsan bir qəpik) manat məbləğində borc İddiaçı **********09850 saylı abonent hesabından silinməlidir. İddia tələbi 11,81 (on bir manat, səksən bir qəpik) manat borcun silinməsi hissəsində təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur; 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar; 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 35,69 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. “Azəriqaz" İB-nin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında tərtib olunmuş xx.xx.2022-ci il tarixli tələbnamə ləğv edilsin və həmin tələbnaməyə əsasən hesablanmış 518,40 (beş yüz on səkkiz manat, qırx qəpik) manat məbləğində borc İddiaçı **********09850 saylı abonent hesabından silinsin. “Azəriqaz" İB-nin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında tərtib olunmuş xx.xx.2022-ci il tarixli tələbnamə qismən ləğv edilsin və həmin tələbnaməyə əsasən hesablanmış 1050,91 (min əlli manat, doxsan bir qəpik) manat məbləğində borc İddiaçı **********09850 saylı abonent hesabından silinsin. İddia tələbi 11,81 (on bir manat, səksən bir qəpik) manat borcun silinməsi hissəsində təmin edilməsin. 35,69 manat məbləğində dövlət rüsumu «Azəriqaz” İB-dən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-1666/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1666/2022
23.08.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver