Məhkəmə qərarları › İş №2(027)-1686/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1686/2024

03.09.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1686/2024 03.09.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh, maraqlı tərəflər Maraqlı şəxs1 və Maraqlı şəxs2nə qarşı “qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, Reyestr çıxarışının ləğv edilməsi və vərəsəlik üzrə payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 adından Nümayəndə Cavabdeh, maraqlı tərəflər Maraqlı şəxs1 və Maraqlı şəxs2nə qarşı “qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, Reyestr çıxarışının ləğv edilməsi və vərəsəlik üzrə payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Quba Asan xidmət mərkəzinin notariat ofisi tərəfindən 30 iyul 2019-cu il tarixdə verilmiş, 2V-733 nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və onun əsasında verilmiş Hüquqların Dövlət Reyestrində xx.xx.2019-cu il tarixli, ********* qeydiyyat nömrəli Çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onlar İddiaçı2 və İddiaçı1 valideynləri X14 və X12 xx.xx.1981-ci il tarixdə rəsmi nikaha girmişlər, birgə nikahlarından onlar doğulmuşlar. Anaları hal-hazırda mübahisələndirilən miras qalmış Quba şəhəri, Nizami küçəsi 12 ünvanında yerləşən evə yuxarıda qeyd edilən tarixdə gəlin köçmüş və onlar uzun müddət orada yaşamışlar. Analarının cehiz əmlakı və sonradan əldə etdiyi daşınar əmlaklar da hal-hazırda da vərəsəliyi mübahisələndirilən yaşayış evindədir. Bundan sonra onlar Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinə köçmüş və uzun müddətdir ki, orada yaşayırlar. Onlar hal-hazırda da, Moskva şəhərində yaşayır və həmişə Quba şəhərində yaşadıqları nənələrinə məxsus olmuş evdə gəlib qalmış və daha sonra Moskva şəhəri qayıtmışlar. Anaları Rusiya vətəndaşı olsa da, müvəqqəti Quba şəhəri, SMU 30-da qeydiyyata alınsa da hal-hazırda da nənələrinə məxsus olmuş həmişə öz evləri kimi bildikləri ünvan 1 ünvanda yaşayır. Əmisi Cavabdeh Bakı şəhərində yaşayır və o, Bakı şəhərinə köçdükdən sonra heç vaxt mübahisəli evdə yaşamamış, hərdən ata evinə qonaq kimi gəlib getmişdir. Mübahisəli yaşayış evi xx.xx.2019-cu il tarixdə vəfat etmiş nənəsi X3 miras qalmışdır. Nənələri vəfat etdikdən sonra onlar və anaları 2019-cu ilin sonlarında yas mərasiminə gəlmişlər və sonra yenə Moskva şəhərinə qayıtmışlar. Bundan sonra anaları Təranə 2020-ci ilin əvvəllərində Quba şəhərinə qayıdan mübahisələndirilən yaşayış evində yaşayır. Qeyd edilən yaşayış evində 2018-ci ildə onlar otaqların sayının çoxaldılması təmir işləri həyata keçirmişlər. Onlar həmin evdə əsaslı təmir-tikinti işləri aparmaqla yanaşı, həm də iki böyük otaq, hamam və mətbəx tikmişlər. Əmisi Vaqifin qeyd edilən evin tikinti və təmirində heç bir əməyi yoxdur və heç bir zaman da olmamışdır. Mübahisələndirilən evdə əmi Vaqifə aid heç bir əmlak yoxdur, bütün əmlaklar onlara məxsusdur. X2 xx.xx.2013-cü il tarixdə Moskva şəhərində ölmüşdür. X1 xx.xx.2019-cu tarixdə öldükdən sonra onlar Moskva şəhərində olarkən əmiləri Vaqif xx.xx.2019-cu tarixdə 2V-733 reyestr nömrəli vərəsəlik hüququ əsasında şəhadətnamə almış və qeyd olunan vərəsəlik şəhadətnaməsi əsasında xx.xx.2019-cu il tarixli ********* qeydiyyat nömrəli reyestr Çıxarışı əldə etmişdir. Hesab edirlər ki, onların vərəsəlik hüquqları pozulmuşdur. Hedab edirlər ki, onların vərəsəlik hüquqlarının (mülkiyyət hüquqları) əmisi Cavabdeh tərəfindən pozulduğundan, onun adına verilmiş vərəsəlik şəhadətnaməsi və onun əsasında mülkiyyət hüquqlarnın (mülkiyyət hüquqları) əmiləri Cavabdeh tərəfindən pozulduğundan, onun adına verilmiş vərəsəlik şəhadətnaməsi və onun əsasında mülkiyyət hüquqlarının qeydə alınmasına dair Reyestr Çıxarışı ləğv edilməldir. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək İddiaçı1 ilə İddiaçı2 mirasdan pay ayrılmasına heç bir etirazı olmadığını bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı tərəflər Maraqlı şəxs1 və Maraqlı şəxs2 nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə hər hansı məlumat verməmişlər. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclas iştirakçılarının izahatlarını dinləyib, onların təqdim etdikləri sübutları araşdırıb, mülki işin materiallarını tədqiq edib hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba rayon Qeydiyyat Şöbəsinin 25 dekabr 2019-cu il tarixli, 218 №li arayışından görünür ki, X15 və X7 nikahları haqqında xx.xx.1953-cü il tarixdə 71 №li akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan İ-ИЕ seriyalı 657623 №li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 və X5 birgə nikahından xx.xx.1958-ci il tarixdə X14 doğulmuşdur. İş materiallarında olan İİ-JQ 428390 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X14 ilə X9 arasında nikah 30 dekabr 1981-ci il tarixdə Quba rayon VVAQ şöbəsində bağlanmışdır. İş materiallarında olan AZ-T seriyalı 252717 №li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 ilə X4 birgə nikahından xx.xx.1983-cü il tarixdə İddiaçı1 doğulmuşdur. İş materiallarında olan X-JQ seriyalı 341050 №li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 ilə X4 birgə nikahından xx.xx.1984-cü il tarixdə İddiaçı2 doğulmuşdur. İş materiallarında olan AZ-İİ seriyalı 043587 №-li ölüm haqqında şəhadətnamədən görünür ki, X15 xx.xx.2003-cü il tarixdə ölmüşdür. İş materiallarında olan AZ-İİ seriyalı 043588 №-li ölüm haqqında şəhadətnamədən görünür ki, X10 xx.xx.2019-cu il tarixdə ölmüşdür. İş materiallarında olan Vİ-MЮ seriyalı 564408 №-li ölüm haqqında şəhadətnamədən görünür ki, X14 xx.xx.2013-cü il tarixdə ölmüşdür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 2V-733 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2003-cü il tarixdə ölmüş X15 vərəsəsi xx.xx.2019-cu ildə ölmüş X5 vərəsəsi oğlu Cavabdeh miras əmlakdan 1/1 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak, vərəsəliyi qəbul etmiş, lakin öz hüquqlarını rəsmiləşdirmədən vəfat etmiş, xx.xx.2003-cü il tarixdə ölmüş atası X13 məxsus olmuş, ƏMDK-nin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixdə X13 verilmiş **********96-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 257,6 kv/m olan daşınmaz əmlakdan ibarətdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisdadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 3-21-3-34/2-423/2024 saylı məktubdan görünür ki, Quba regional “ASAN xidmət” mərkəzinin notariat ofisinin xx.xx.2019-cu il tarixli, 2V-733 nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında vərəsə Cavabdeh adına hüquqları dövlət reyestrində xx.xx.2019-cu il tarixli, ********* qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir. İş materiallarında olan Quba Regional ASAN Xidmət Mərkəzində Notariat Kontoru tərəfindən X18 ünvanlanmış xx.xx.2023-cü il tarixli 4601 №li və 4602№li məktublarından görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən mirasın qəbulu müddətini ötürmüş və mirasa faktiki sahiblik etməsi barədə sübutlar təqdim etmədiyindən ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Məsələ ilə əlaqədar məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Konstitusiyanın 71-ci maddəsinə əsasən, heç kəs insan və vətəndaş hüquq və azadlıqlarının, o cümlədən mülkiyyət hüququnun həyata keçirilməsini məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-ci maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1159.1-ci, 1159.1.1-ci maddələrinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1160-ci maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir; Həmin Məcəllənin 1193-ci maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1194-ci maddəsinə əsasən məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Həmin Məcəllənin 1195-ci maddəsinə əsasən məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir. Həmin Məcəllənin 1196-ci maddəsinə əsasən vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Həmin Məcəllənin 1198-ci maddəsinə əsasən məcburi pay almaq hüququ olan, eyni zamanda vəsiyyət tapşırığını (leqatı) alan şəxs vəsiyyət tapşırığından imtina edərsə, məcburi pay tələb edə bilər. Əgər o, vəsiyyət tapşırığından imtina etməzsə, məcburi paya hüququnu vəsiyyət tapşırığının dəyəri həddində itirir. Həmin Məcəllənin 1202.1-ci maddəsinə əsasən məcburi pay almaq hüququ olan vərəsə onu qəbul etməkdən imtina edə bilər, lakin bu imtina digər vərəsələrin məcburi payının artmasına səbəb olmur. Onun payı vəsiyyət üzrə vərəsələrə keçir. Həmin Məcəllənin 1202.2-ci maddəsinə əsasən məcburi payın qəbul edilməsi və ya ondan imtina olunması mirasın qəbul edilməsi və ya ondan imtina olunması üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməlidir. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-ci maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1247-ci maddəsinə əsasən əgər miras almaq hüququ digər vərəsələrin mirası qəbul etmədikləri halda yaranırsa, miras onun qəbulu üçün müəyyənləşdirilmiş müddətin qalan hissəsi ərzində qəbul edilməli, bu müddət altı həftədən az olduqda isə altı həftəyədək uzadılmalıdır. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər; Həmin Məcəllənin 1261-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan imtina yolverilməzdir. Bu cür imtina barəsində digər vərəsələr məhkəməyə şikayət verə bilərlər. Həmin Məcəllənin 1262-ci maddəsinə əsasən əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. Həmin Məcəllənin 1263-ci maddəsinə əsasən əgər mirasdan imtina etmiş vərəsə həmin növbənin vərəsələri arasında yeganə vərəsədirsə, miras sonrakı növbənin vərəsələrinə keçir. Həmin Məcəllənin 1273-1-ci maddəsinə əsasən vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Həmin Məcəllənin 1274-ci maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Həmin Məcəllənin 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Həmin Məcəllənin 1321.2-ci maddəsinə əsasən qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Həmin Məcəllənin 1321.3-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun Həmin Məcəllənin 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. Həmin Məcəllənin 1325-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. “Notariat haqqında” Azərbaycan Respublikası qanunun 41-ci maddəsinə əsasən aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən maraqlı şəxs bu barədə dövlət notariat kontorunun, xüsusi notariusun, müvafiq icra hakimiyyəti orqanının, bu Qanunun 39-cu maddəsinin birinci hissəsində sadalanan vəzifəli şəxslərin iş və ya qulluq yerinin, yaxud gəminin qeydə alındığı limanın yerləşdiyi yerin məhkəməsinə şikayət verə bilər. Həmin Qanunun 55-ci maddəsinə əsasən açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notarius, həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. Həmin Qanunun 59-cu maddəsinə əsasən Notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, Quba şəhəri, Nizami küçəsi 12 ünvanında yerləşən fərdi yaşayış evi X6 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmişdir. X8 xx.xx.2019-cu ildə vəfat etmişdir. Quba şəhəri, Nizami küçəsi 12 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2019-cu il tarixli 2V-733 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Cavabdeh adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmişdir. İş materiallarından göründüyü kimi, İddiaçı1 və İddiaçı2 X1ndan miras qalmış əmlakdan X2 birinci növbəli vərəsələr sırasına daxildir və atalarına çatan miras paydan məcburi pay almaq hüququ olan vərəsələdir. Məhkəmə hesab edir ki, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 257,6 kv/m olan yaşayış evinə dair Quba regional “ASAN xidmət” mərkəzində rəsmiləşdirilmiş xx.xx.2019cu il tarixli, 2V-733 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli və onun əsasında verilmiş çıxarış ləğv olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia təmin edilməli, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 257,6 kv/m olan yaşayış evinə dair Cavabdeh Maraqlı şəxs1 tərəfindən 30 iyul 2019-cu il tarixdə verilmiş, 2V-733 nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnamə etibarsız hesab edilməli və onun əsasında Cavabdeh adına verilmiş Hüquqlarının Dövlət Reyestrində xx.xx.2019-cu il tarixli, ********* qeydiyyat nömrəli çıxarış ləğv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 257,6 kv/m olan yaşayış evinə dair Cavabdeh Maraqlı şəxs1 tərəfindən 30 iyul 2019-cu il tarixdə verilmiş, 2V-733 nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnamə etibarsız hesab edilsin. Cavabdeh adına verilmiş Hüquqlarının Dövlət Reyestrində xx.xx.2019-cu il tarixli, ********* qeydiyyat nömrəli çıxarış ləğv ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar