Məhkəmə qərarları › İş №2(027)-1693/2020

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1693/2020

30.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1693/2020 30.09.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X5 oğlunun katibliyi, Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 iştirakı ilə Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi5 və Əlizadə (Rəsulova) Aybəniz Eynulla qızının maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi5 və Əlizadə (Rəsulova) Aybəniz Eynulla qızıməhkəməyə ərizə ilə müraciət edərək, Torpağın mülkiyyətə verilməsinə dair JN-965F, KOD 30319018 saylı Şəhadətnamənin onlara, yəni Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi5 və Əlizadə (Rəsulova) Aybəniz Eynulla qızına məxsus olması faktının müəyyən edilməsibarədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi1 xx.xx.1958-ci ildə, Ərizəçi2 xx.xx.1955-ci ildə, Ərizəçi3 xx.xx.1986-cı ildə, Ərizəçi5 xx.xx.1990-cı ildə və Əlizadə (Rəsulova) Aybəniz Eynulla qızı xx.xx.1992-ci ildə Quba rayonu, İ Nügədi kəndində anadan olmuşlar. Quba rayon X2 xx.xx.1997ci il tarixli, 06 saylı qərarı ilə onlara Quba rayonu, İ Nügədi kəndi ərazisindən 0,12 ha torpaq sahəsi verilmiş və bu baradə onlara Torpağın mülkiyyətə verilməsinə dair JN-965F, KOD 30319018 saylı Şəhadətnamə verilmişdir. Sonradan onlara məlum olmuşdur ki, Şəhadətnamədə Ərizəçi1 ata adı səhvən “Əbeydulla”, Ərizəçi2, Ərizəçi3, Ərizəçi5 və Əlizadə (Rəsulova) Aybəniz Eynulla qızının ata adı səhvən “Sultanməcid” kimi yazılmışdır. Lakin şəxsiyyət vəsiqələrində, doğum və nikah haqqında şəhadətnamələrdə və digər sənədlərdə Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi5 və Əlizadə (Rəsulova) Aybəniz Eynulla qızı kimi qeyd edilmişdir. 2017-ci ildə Əlizadə (Rəsulova) Aybəniz Eynulla qızı nikaha daxil olaraq ailə qurmuş və ərinin soyadı olan “Əlizadə” soyadını qəbul etdirmişdir. Şəhadətnaməni verən orqan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi isə ləğv edildiyindən, şəhadətnamədəki yanlışlığı aradan qaldıra bilmirlər. Həmçinin Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin səlahiyyətləri Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə keçdiyindən onlar aidiyyəti üzrə xidmətin 5 saylı X7 ərizə ilə Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə yanlışlıqların aradan qaldırılması barədə müraciət etmişlər, müvafiq xx.xx.2020-ci il tarixli, **********64 saylı məktubu ilə yanlışlıqlara düzəlişlərin həyata keçirilməsi onların səlahiyyətlərinə aid olmadığından məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3ərizənin təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı tərəf Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçiləri dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Torpağın Mülkiyyətə Verilməsinə dair JN-965F, KOD 30319018 saylı Şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Ərizəçi1 Əbeydulla oğlu, Ərizəçi2məcid qızı, Ərizəçi3 Sultanməcid oğlu, Ərizəçi5 Sultanməcid qızı və Əlizadə (Rəsulova) Aybəniz Sultanməcid qızına Quba rayon X2 xx.xx.1997-ci il tarixli, 06 saylı qərarı ilə Quba rayonu, İ Nügədi kəndi ərazisindən 0,12 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan doğum haqqında, nikah haqqında şəhadətnamələrin və şəxsiyyət vəsiqələrin surətlərindən görünür ki, Ərizəçi1 atasının adı “Ebeydulla”, Ərizəçi2 atasının adı “Sultan”, Ərizəçi3, Ərizəçi5 və Ərizəçi4 (Rəsulova) atasının adı “Eynulla”dır. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X1 xx.xx.2017-ci il tarixdə X3 ilə nikaha daxil olaraq “Əlizadə” soyadını qəbul etmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı X6 xx.xx.2020-ci il tarixli **********64 nömrəli məktubundan görünür ki, Torpağın Mülkiyyətə Verilməsinə dair JN-965F, KOD 30319018 saylı Şəhadətnamədə mülkiyyət sahiblərinin soyadı və adı səhv qeyd olunduğundan həmin səhvləri aradan qaldırılması məqsədilə məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Quba rayon X2 xx.xx.1997-ci il tarixli, 06 saylı qərarı ilə ərizəçilərə verilmiş Torpağın Mülkiyyətə Verilməsinə dair JN-965F, KOD 30319018 saylı Şəhadətnamədə səhvlərə yol verilərək, ərizəçilərin ata adları səhvən qeyd edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. İş materiallarından göründüyü kimi, doğum, nikah haqqında şəhadətnamələrin və şəxsiyyət vəsiqələrin surətlərindən Ərizəçi1 ata adı düzgün olaraq Ebeydulla, Ərizəçi2 ata adı düzgün olaraq “Sultan”, Ərizəçi3, Ərizəçi5 və Ərizəçi4 (Rəsulova) ata adı düzgün olaraq “Eynulla” kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, Torpağın mülkiyyətə verilməsinə dair JN-965F, KOD 30319018 saylı Şəhadətnamənin onlara, yəni Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi5 və Əlizadə (Rəsulova) Aybəniz Eynulla qızına məxsus olması faktı iş materialları ilə təsdiq olunduğu üçün, ərizə əsaslıdır və təmin olunmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Torpağın mülkiyyətə verilməsinə dair JN-965F, KOD 30319018 saylı Şəhadətnamənin Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi5 və Əlizadə (Rəsulova) Aybəniz Eynulla qızına məxsus olması faktı müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar