Məhkəmə qərarları › İş №2(027)-1712/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1712/2021

27.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1712/2021 27.08.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul və mənəvi ziyan” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 15200 manat pulun, mənəvi zərər olaraq isə 1000 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, İddiaçı xx.xx.1987-ci il təvəllüdlü olmaqla, ünvan 1 ünvanında yerləşən mənzildə pasport qeydiyyatındadır. Lakin, ünvan 2 ünvanında yerləşən mənzildə daimi (faktiki) olaraq yaşayır. Hazırki iddia ərizəsi üzrə cavabdeh şəxs qismində cəlb edilmiş Cavabdeh sosial şəbəkədən “KEYPROBJECT GROUP” işə düzəltmə saxta şirkətinin rəhbəri kimi özünü tanıdan və əlində “KEYPROBJECT GROUP” şirkətinin (**********9nömrəli vöen) möhürü və (AA1676129) nömrəli şəxsiyyət vəsiqəsi olan Cavabdeh ilə Cəfər Cabbarlı küçəsi 44 ünvanında yerləşən, “CASPİAN PLAZA” binasının 2-ci mərtəbəsində “Kalinka” adlanan bölməsində tanış olmuşdur. Onun oradaki ofisini 2019-cu ilin ilk aylarında görmüşdür. Cavabdeh onu rəsmi qaydada xarici ölkədə işə düzəldə biləcəyi barədə vəd vermişdir. O, Cavabdeh ilə yenidən görüşdükdən sonra onun tərəfindən düzəldilmiş saxta kontraktla yazılı və imzalı şəkildə pulu ona vermişdir. Həmin kontrakta görə, Cavabdeh onu 4 ay müddətində xaricdə işə düzəldəcək və müqabilində ondan Vüsal müəyyən etdiyi miqdarda pul alacaq və 4 ay ərzində onu işə düzəltmədiyi təqdirdə isə götürdüyü bütün məbləği bir ay müddətində tam olaraq ona qaytaracağını kontraktla imzalamışdır. Lakin həmin müddətən daha çox keçməsinə baxmayaraq, Vüsal kontraktın şərtlərinə əməl etməmiş və ona pullarını qaytarmamışdır. Ümumilikdə o, Cavabdeh 15200 (on beş min iki yüz) manat məbləğində pul ödəmişdir. Cavabdeh dələduzluqla pullarını mənimsəyib. O, Vüsalla əlaqə saxlayıb pulu qaytarmasını tələb edən zaman, Vüsal onu təhqir edərək pulu qaytarmayacağını demişdir. Bundan əlavə cavabdehin qanunsuz əməlləri nəticəsində ona həm də 1000 (bir min) manat məbləğində mənəvi zərər dəymişdir. Məhkmə iclasında İddiaçı iddianı müdafiə edərək, təmin edilməsini xahiş etdi. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 11.12.2019-cu il tarixli xidməti müqavilədən görünür ki, İddiaçı 11.12.2019-cu il tarixdə 7600 manat məbləğində pulu Cavabdeh vermişdir. Həmin müqavilənin 1.2-ci bəndindən görünür ki, Norveç iş vizasına sponsorluq edən Norveç şirkətindən rəsmi 1 (bir) illik işə qəbul məktubunun və Norveç dövlətindən alınmasını, 1.8-ci bəndində sifarişçinin Norveçdə 1 (bir) illik işçi vizası və 1 (bir) illik işlə təmin edilməsini, 2.5-ci bəndində şirkət sifarişçinin Norveçə 1 (bir) illik işçi vizasını və Norveçdə 1 (bir) illik iş yeri ilə müqavilənin imzalandığı tarixdən 4 (dörd) ay müddətində təmin etməyi və təmin etdiyi işdə minimum əmək haqqı olaraq gündüz növbəsi olarsa hər saatına 17 avro, gecə növbəsi olarsa hər saatına 21 avro əmək haqqı almasını, əks halda şirkət sifarişçinin ödədiyi məbləği 1 (bir) ay ərzində tam olaraq sifarişçiyə qaytaracağını öhdəsinə götürmüşdür. İş materiallarında olan 11.12.2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, müqavilənin 1-ci bəndinə əsasən İddiaçı tərəfindən Cavabdeh 7500 manat məbləğində borc pul vermişdir. Müqavilənin 2-ci bəndinə əsasən, borc alan yəni, Cavabdeh krediti 11.05.2020-ci il tarixədək borc verənə yəni, İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2.7-ci maddəsinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından birdir. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 324.1-324.2-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Qeyd edilən Məcəllənin 327-ci maddəsinə əsasən birtərəfli əqdlərə öhdəliklər və ya müqavilələr haqqında ümumi müddəalar müvafiq surətdə o halda tətbiq edilir ki, bu, bu Məcəlləyə, əqdin birtərəfli xarakterinə və mahiyyətinə zidd gəlməsin. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İddianın hüquqi əsası ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1091.1-1091.2-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-1092.2-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi Mülki Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya, əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə da şamil edilir. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Bundan başqa «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin prsedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin prsedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Qeyd edilən Qərarın 8-ci bəndinə əsasən məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınladırmağa borcludur. Məhkəmə iclasında sübuta yetirilmişdir ki, 11.12.2019-cu il tarixli xidməti müqaviləsi əsasında İddiaçı 11.12.2019-cu il tarixdə 7600 manat məbləğində pulu Cavabdeh vermişdir. Həmin müqavilənin 1.2-ci bəndindən görünür ki, Norveç iş vizasına sponsorluq edən Norveç şirkətindən rəsmi 1 (bir) illik işə qəbul məktubunun və Norveç dövlətindən alınmasını, 1.8-ci bəndində sifarişçinin Norveçdə 1 (bir) illik işçi vizası və 1 (bir) illik işlə təmin edilməsini, 2.5-ci bəndində şirkət sifarişçinin Norveçə 1 (bir) illik işçi vizasını və Norveçdə 1 (bir) illik iş yeri ilə müqavilənin imzalandığı tarixdən 4 (dörd) ay müddətində təmin etməyi və təmin etdiyi işdə minimum əmək haqqı olaraq gündüz növbəsi olarsa hər saatına 17 avro, gecə növbəsi olarsa hər saatına 21 avro əmək haqqı almasını, əks halda şirkət sifarişçinin ödədiyi məbləği 1 (bir) ay ərzində tam olaraq sifarişçiyə qaytaracağını öhdəsinə götürmüşdür. 11.12.2019-cu il tarixli kredit müqaviləsinin 1-ci bəndinə əsasən İddiaçı tərəfindən Cavabdeh 7500 manat məbləğində borc pul vermişdir. Müqavilənin 2-ci bəndinə əsasən, borc alan yəni, Cavabdeh krediti 11.05.2020-ci il tarixədək borc verənə yəni, İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh 11.12.2019-cu il tarixli xidməti müqavilə əsasında 7600 manat məbləğində və 11.12.2019-cu il tarixli kredit müqaviləsi əsasında 7500 manat məbləğində olmaqla, İddiaçıdan ümumilikdə 15100 manat məbləğində pul alması sübuta yetirilmişdir. İddiaçı cavabdehə həmin müqavilə əsasında onu Norveçdə işləməsi üçün viza və işlə təmin edəcəyinə dair üzərinə öhdəlik götürmüş lakin, qeyd edilən müqavilənin şərtlərini pozaraq, həmin müqaviləni icra etməmişdir. İddiaçı ona dəymiş mənəvi zərəri 1000 manat məbləğində qiymətləndirir. Lakin, bununla bağlı iddiaçı məhkəməyə heç bir sübut təqdim etməmişdir, Ona görə də iddia həmin hissə də təmin edilə bilməz. Beləliklə, məhkəmə iş materiallarını tədqiq edərək, qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Cavabdeh İddiaçı 15100 manat məbləğində pul alması iş materialları ilə öz təsdiqini tapdığından, iddia tələbi əsaslıdır və qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 15100 manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar