Məhkəmə qərarları › İş №2(027)-1718/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1718/2023

03.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1718/2023 03.11.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş “Azərişıq" ASC-nin əməkdaşları tərəfindən əsassız tərtib olunmuş xx.xx.2023- cü il tarixli 294651 saylı Akt əsasında hesablanmış 514 manat məbləğində borcun onun abonent kodu üzərindən silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Quba rayonu Dəlləkli kəndində Quba rayon Bələdiyyəsindən 2006-cı ildə 0.08 ha torpaq sahəsi almış və həmin torpaq sahəsində özünə fərdi yaşayış evi tikmişdir. Həmin evdə cavabdehlə bağladığı elektrik enerjisinin alqı-satqısına dair müqavilə ilə elektrik enerjisindən istifadə edir və enerjinin dəyərini vaxth-vaxtında ödəyir. 09 may 2023-cü il tarixdə cavabdeh təşkilatın əməkdaşları yaşadığı ünvana gələrək, istifadə etdiyi enerji sayğacını yoxlayaraq, bildiriblər ki, sayğaca müdaxilə edib, sayğacda zədələnmə var və həyətə kəsilib atılmış kabelləri görüb kənar xətt kimi qələmə veriblər. O, cavabdeh təşkilatın nümayəndələrinə bildirib ki, sayğaca müdaxilə etməyib, yoxlaya bilərlər. Həyətə atılmış kabellər isə enerji çəkilən vaxt xarab olan kabellərdir. Onda kənar xətt yoxdur. Sonra akt yazılmış, aktla razı olmadığı üçün imza etməkdən imtina etmişdir. Sonradan abunə haqqında saldo təqdim olunanda ona məlum olub ki, əsassız olaraq ona 514 manat cərimə hesablamışlar. O, həmin borcla razı olmadığı üçün məhkəməyə müraciət etməli olub. İddia ərizəsinə əlavə etdiyi abunə haqqında saldodan aşkar olur ki, o hər ay istifadə etdiyi enerjinin pulunu cavabdeh təşkilatın hesabına ödəyib. Məhkəmə iclasında iddiaçı oğlu ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Əlavə edərək qüsurun sayğacdan qaynaqlandığını dəfələrlə "xxxx" ASC-nin əməkdaşlarına bildirdiyini, lakin hər hansı tədbir görülmədiyini bildirmişdir. İş üzrə cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Samir Əhmədov ilkin məhkəmə iclasında iddiaya etiraz təqdim edərək, etirazı onunla əsaslndırmışdır ki. xx.xx.2023-cü il tarixdə Azərişıq" ASC-nin əməkdaşları tərəfindən abonentə məxsus mənzilin elektrik hesabat sayğacına baxış keçirilərkən məlum olub ki, fərdi yaşayış evini qidalandıran elektrik sayğacının giriş xətti zədələnərək budaqlanma yolu ilə sayğacdan kənar xətt qoşulmuşdur. Kənar xətt qoşulan kabelin en kəsik sahəsi Skənar=2x4 mm2 (mis kabel) halı aşkar edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın 8.17-ci bəndinin tələblərinə uyğun olaraq xx.xx.2023-cü il tarixli, AKT R № 294651 saylı akt əsasında 496.44 manat dəyərində itirilmiş elektrik enerjisi bərpa edilmişdir. İddiaçının istifadəsində olan elektrik hesabat sayğacı xx.xx.2018-ci tarixdə quraşdırılmışdır. Abunə haqqında çıxarışdan da aydın görünür ki, 5 il müddətində sayğacın enerji sərfiyyatı göstəricisi cəmi 204.13 manat elektrik enerjisi istehlak edilmişdir. Bu da onu göstərir ki, iddiaçı həqiqətən sayğacdan kənar xətt istifadə edib. Sayğacdan kənar xətt ləğv edildikdən sonra sayğac 250 kvt saat miqdarında 20 manat məbləğində enerji sərf etmişdir. İddiaçı iddia ərizəsində 514 manat məbləğində borcun silinməsini tələb edir. Akt əsasında isə cəmi 496.44 manat hesabat aparılmışdır. Yerdə qalan məbləğ onun sərfiyyat borcudur. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kanar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəifindən bu qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq etektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətə istifadə edilmiş, elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərayan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on İki aydan çox olmayan müddətə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə anlamı işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçının aktın etibarsız hesab edilməsi və hesablanmış məbləğin silinməsi barədə iddia tələbi qanunsuz və əsassızdır və onun bu iddia tələbi yaranmış debitor borcunu ödəməkdən imtina etmək niyyətindən irəli gəlir. Bu isə iddiaçının hüquqdan sui istifadə etməsi qənaətinə gəlinməsinə əsas verir. Cavabdehin nümayəndəsi S.Əhmədov daha sonra məhkəməyə ərizə ilə müraciət edərək, digər məhkəmələrdə 3 məhkəmə baxış iclasları olduğu üçün, məhkəmə iclasının onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, cavabdehin etiraz ərizəsini, işdə olan sənədləri, tam, hərətəfli və obyektiv tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş İddiaçı adına tərtib olunmuş xx.xx.2023-cü il tarixli, AKT R № 294651 saylı akta əsasən sayğaca baxış keçirilməsi zamanı fərdi yaşayış evini qidalandıran elektrik sayğacının giriş xətti zədələnərək budaqlanma yolu ilə sayğacdan kənar xətt qoşulması göstərilmişdi. İş materiallarında olan İddiaçı aid **********00012 saylı abonent kodu üzrə saldonun surətindən görünür ki, İddiaçı aktlar üzrə 514.69 manat ödənilməmiş borcu qalmışdır. İş materiallarından görünür ki, İddiaçı tərəfindən müvafiq abonent kodu üzrə müxtəlif vaxtlarda elektrik enerjisinin sərfiyyatına görə ödənişlər həyata keçirilmişdir. Cavabdeh təşkilatın etiraz ərizəsində də qeyd olunduğu kimi, akt əsasında cəmi 496.44 manat hesabat aparıldığını nəzərə alsaq, iddiaçının **********00012 saylı abonent saldosu üzrə 17.56 manat ödənilməmiş debitor borcu qaldığı məlum olur. Həmçinin müəyyən edilmişdir ki, xx.xx.2018-ci ildən xx.xx.2021-ci ilədək müddətə ərzində, habelə Aktın tərtib olunduğu xx.xx.2023-cü ild tarixdən sonra, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək **********00012 saylı abonent saldosu üzrə sərfiyyat “0”olmuşdur. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın (bundan sonra – Qaydalar) 7.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. Həmin Qaydaların 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri-cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerji təchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Həmin Qaydaların 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Qaydaların 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sənədlər, iddiaçının izahatı və digər sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı aid abonent koduna dair sayğac üzrə istehlakçı barəsində yaşayış evini qidalandıran elektrik sayğacının giriş xətti zədələnərək budaqlanma yolu ilə sayğacdan kənar xətt qoşulmasına dair akt tərtib edilmiş və həmin akt hal şahidlərinin iştirakı olmadan Azərişıq ASC-nin nümayəndələri tərəfindən imzalanmışdır. İddiaçı yaşayış evini qidalandıran elektrik sayğacının giriş xətti zədələnərək budaqlanma yolu ilə sayğacdan kənar xətt qoşulmasına görə ona cavabdeh tərəfindən cərimə yazıldığını, lakin cavabdeh tərəfindən kənar xəttin qoşulması barədə heç bir sübut və dəlilin məhkəməyə təqdim edilməməsini, sərfiyyatda olan qeyri-müəyyənliyin iddia edilən kənar qoşulma ilə bağlı deyil, elektrik sayğacının yükü qeyd etməməsindən qaynaqlandığını, bu halda da onun təqsirinin olmadığını, heç bir kənar xətdən istifadə etmədiyini, yazılmış cərimənin əsassız olduğunu əsas gətirərək, hazırki iddia tələbini irəli sürmüş və tələbinin əsası kimi həmin hallara istinad etmişdir. İddiaçıya aid abonent kodu üzrə elektrik sayğacında yaranmış qüsura görə itirilimiş elektrik enerjisi sərfiyyatına görə xx.xx.2018-ci ildən xx.xx.2023-cü ilədək beş il ərzində cəmi, 210.37 manat məbləğində ödəniş hesablamışdır. Göründüyü kimi, qeyd edilən uzun müddət ərzində enerji sərfiyyatı qeyd edilən məbləğdə olması ağlabatan deyil. Bununla belə Aktın tərtib olunduğu xx.xx.2023-cü il tarixdən, yəni kər qoşulma aradan qaldırıldıqdan sonra da xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək **********00012 saylı abonent saldosu üzrə sərfiyyat “0” olması sayğacın yükü qeyd etməməsi ilə bağlı araşdırmanı labüd etsə də, hər hansı araşdırma hazırki vaxtadək aparılmamışdır. Habelə elektrik enerjisi sayğacında yaranmış qüsur müəyyən olunmadan budaqlanma yolu ilə sayğacdan kənar xətt qoşulmasına görə xx.xx.2023-cü il tarixli, 294651 saylı akt tərtib edilərkən hal şahidlərinin iştirakı təmin olunmamışdır. Halbuki, müvafiq qanunvericiliyin tələbinə əsasən sayğacın zədələnməsi, sxemin pozulması ilə bağlı istehlakçı tərəfindən hərəkətlərə yol verildikdə, istehalkçı o halda, həmin hallara görə məsuliyyət daşıyır ki, qeyd olunan pozuntular məhz onun təqsirli hərəkətləri və ya hərəkətsizliyi nəticəsində baş vermiş olsun, digər hallarda qeyd olunan zədələnmələrə görə məhz elektrik enerjisi təchizatı müəssisə özü məsuliyyət daşıyır. Cavabdehin istinad etdiyi sayğacdan kənar xətt ləğv edildikdən sonra sayğac 250 kvt saat miqdarında 20 manat məbləğində enerji sərf edilməsilə bağlı əsaslanma isə kənar xəttlə bağlı deyil, yuxarıda qeyd edildiyi kimi, axan yükün ümumiyyətlə qeyd edilməməsi ilə bağlıdır. Belə ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək sərfiyyat “olmamışdır. Bununla da məhkəmədə tədqiq olunmuş sübutlar əsasında iddiaçının istehlakçı qismində müvafiq sərfiyyat üzrə qüsurun yaranmasında təqsirin olmasını, habelə cavabdeh tərəfindən enerjisi itkisinə görə yazılmış 496.44 manat məbləğində ödənişin İddiaçı tərəfindən ödənilməli olmasına dair əsası müəyyən etmək mümkün olmamışdır. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.16-ci bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Göründüyü kimi, abonentin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamaqla hesabatın aparılmalı olması müəyyən edilmişdir ki, bu müddət ərzində elektrik sayğacının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalı olmuşdur. Lakin qüsurun aradan qaldılmaması zərərin artmasına şərait yaratdığından, iddiaçıya aid abonent koduna xx.xx.2023-cü il tarixli 294651 saylı Akt əsasında hesablanmış 514 manat məbləğində borcun 496.44 manat məbləği **********00012 nömrəli abonent hesabından silinməlidir. Azərbaycan Respublikası MPM-nin 287-ci maddəsinə əsasən, Dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarının, habelə başqa orqanların aktlarının qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi aktı və ya qərarı qəbul etmiş orqanın üzərinə düşür. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. "xxxx" ASC tərəfindən hesablanmış 496 (dörd yüz doxsan altı) manat 44 (qırx dörd) qəpik ziyan məbləği **********00012 nömrəli abonent hesabından silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar