Məhkəmə qərarları › İş №2(027)-1720/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1720/2025

24.09.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1720/2025 24.09.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Kamilli Günel Hakim qızının sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2, Cavabdeh İstehsalat X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşayış evinə quraşdırılmış qaz sayğacının qaz sızması nəticəsində ona hesablanmış 667,47 manat borcun **********900000460 saylı abonent hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası ƏMDX DƏDK və Reyestri Publik Hüquqi şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Quba rayonu, Küçeyi kəndində mülkiyyətində 0.24 ha həyətyanı torpaq sahəsi və yaşayış evi vardır. O, ailəsi ilə birlikdə qeyd etdiyi yaşayış evində yaşayır və istifadə etdiyi qazın dəyərini vaxtlı-vaxtında ödəyir. 2024-cü ilin noyabr ayında evinə quraşdırılmış qaz sayğacında sızma olduğunu aşkarladıq və bu barədə dəfələrlə Quba Qaz İİ-nə şifahi müraciət etmişdir. 10 dekabr 2024-cü il tarixdə Quba Qaz İİ-nə ərizlə ilə yazılı müraciət etmişdir. Xaçmaz RQİİ-dən verilmiş cavab məktubunda bildirilmişdir ki, qaz sızması ilə əlaqədar sahənin 104 saylı qəza xidmətinə ərizə ilə müraciət etmədiyindən qaz sayğacının göstəricisi xx.xx.2024-cü il tarixə 7215m3 olmaqla Quba Xidmət sahəsinə 667 manat borcu vardır. O, qeyd olunan borc ilə razılaşmır. Belə ki, qaz sayğacında qaz sızmasının və ya hər hansı bir qüsurun yaranmasına cavabdeh deyil. Dəfələrlə Quba Qİİ-nə şifahi müraciət etmiş və müraciətləri dərhal baxılmamış və nəticədə 667,47 manat borc yazılmışdır. Hesab edir ki, əsassız olaraq ona borc olaraq hesablanmış 667,47 manat iddiaçının abonent hesabından silinməlidir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X6 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh İB-nin nümayəndəsi X7 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, sızma ilə bağlı fakt öz təsdiqini tapmamışdır.Bundan əlavə abonentin saldosuna nəzər yetirilən zaman məlum olur ki, iddiaçıya yay aylarında qazdan istifadəyə görə hesablanmış məbləğ qış aylarına nisbətən daha azdır. Sızma olsa idi, eyni şəkildə borc hesabalanardı. Əlavə olaraq sızma olduğu təqdirdə məbləğ daha çox olardı. Qeyd edilənlərə əsasən İddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Cavabdeh İB ilə İddiaçı arasında bağlanmış 10 iyun 2016-cı il tarixli, 9609-06-16 nömrəli qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə müqaviləyə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. İddiaçı xx.xx.2024-cü il tarixdə Cavabdeh İB-yə ərizə ünvanlayaraq mənzilində qaz sayğacında yaranmış sızmanın aradan qaldırılmasına köməklik göstərilməsini xahiş etmişdir. Həmin müraciətə cavab olaraq Cavabdeh İB-nin İddiaçı ünvanladığı məktubdan görünür ki, şikayət ərizəsi araşdırılmış, İddiaçı evində xx/xx/2021 tarixdə mənzilinizdə quraşdırılmış G-4 markalı, **********6 nömrəli qaz sayğacı ilə xx.xx.2024-ci il tarixə 2198 limit qaz yandırıb və il ərzində 190 manat ödəniş etməylə 667 manat 47 qəpik qalıq borcu var. Ərizədə qeyd olunan məsələ ilə bağlı vaxtında Quba Xidmət Sahəsinin 104 saylı qəza xidmətinə ərizə ilə müraciət etməli, sızma aradan qaldırılmalı idi. Hadisə zamanı idarəyə müraciət edilmədiyi üçün hal-hazırda qaz sayğacın göstəricisi xx.xx.2024-ci il tarixə 7215m3 olmaqla Quba Xidmət sahəsinə 667 manat 47 qəpik borcu var. 10 dekabr 2024-cü il tarixli aktına əsasən müəyyən edilmişdir ki, abonentin müraciətinə əsasən sayğacda qaz sızması ilə əlaqədar mənzilə baxış keçirilmiş, sayğacın giriş və çıxış yivli birləşmələri köpüklü su ilə yoxlanılmış, heç bir sızma aşkar edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının mənzilinə quraşdırılmış sayğacda sızma olması ilə bağlı 10 dekabr 2024-cü il tarixdə Cavabdeh İB-yə rəsmi müraciəti əsasında cavabdeh təçkilatın əməkdaşları tərəfindən həmin tarixdə sayğaca baxış keçirilmiş və sızmanın mövcud olmadığı qeyd edilmişdir. Həmin akt iddiaçının nümayəndəsi tərəfindən də imzalanmaqla təsdiq edilmişdir. Həmin aktın tərtib edilməsində iştirak edən və sayğaca baxış keçirmiş Cavabdeh İB-nin əməkdaşı X11 da məhkəmə iclasında verdiyi izahatında qeyd etmişdir ki, iddiaçıya məxsus fərdi yaşayış evinə baxış keçirilməsi zamanı hər hansı bir sızma faktı aşkar edilməmişdir. Əlavə olaraq bildirmişdirki, həmin sayğacda sızma baş versə idi qazdan istifadəyə görə aylıq hesablanmış məbləğ daha çox olardı. Bundan əlavə məhkəmə qeyd edir ki, abonentin saldosuna nəzər yetirilən zaman müəyyən olunur ki, iddiaçı tərəfdən qazın sərfiyyatı qış aylarında yay aylarına nisbətən daha çoxdur. Eyni zamanda müraciət edildiyi tarixdən, yəni 2024-cü ildən əvvəlki tarixlərə münasibətdə qaz sərfiyyatına görə hesablanmış məbləğlər arasında əsaslı bir fərq mövcud deyildir. Beləliklə də, məhkəmə o qənaətə gəlir ki, hesablanmış borc məhz iddiaçı tərəfindən qazdan istifadə edilməsinə görə hesablanmış debitor borcudur. «İstehlakçıların müdafiəsi haqqında» xx.xx.1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Həmin Məcəllənin 136.4-cü maddəsinə əsasən Kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. 139.1-ci maddəsinə əsasən Kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. “Qazdan istifadə Qaydaları”nın (12 may 2011-ci il tarixli 80 №li Azəarbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş) 5-ci bəndinə əsasən qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.Qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin qaydaların 2-ci bəndinə əsasən qaz paylayıcısının istifadə olunmuş qazın qaz sayğacının göstəricisinə əsasən dəyərinin tam ödənilməsini ondan tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Həmin Məcəllənin 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək məhkəmə hesab edir ki, hesablanmış məbləğ istifadə edilmiş qazın dəyəri olmaqla debitor borc olaraq nəzərdə tutulduğundan həmin borcların silinməsi barədə tələb tələbi təmin edilə bilməz. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Kamilli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar