Məhkəmə qərarları › İş №2(027)-173/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-173/2022

11.01.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-173/2022 11.01.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Quba Regional Cavabdehat kontoruna qarşı mirasın qəbul edilməsi üçün ötürülmüş müddətinin bərpa edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bacısı 04.11.2020-ci il tarixdə vəfat etmiş X5 qalmış mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddəti gecikdirməyinin səbəbi üzrlü sayılaraq uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddianı müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsində göstərir ki, atası X18 və anası X11 1961-cü ildə ailə qurmuşlar. Onların nikahından İddiaçı xx xxxx 1962-ci il tarixdə, digər uşaqlar olan bacıları anadan olmuşdur. X3 26 yanvar 1965-ci il tarixdə anadan olmuş, nikaha daxil olmamış, uşaqları olmamış. 04 noyabr 2020-ci il tarixdə vəfal etmişdir. Bacısı ailə qurmadığı və uşaqları olmadığı üçün, tək olduğundan, daima onun yanında olmuşdur. onlarla birlikdə yaşamışdır. Bacısının vəfatından sonra qanun üzrə birinci növbəli vərəsələr kimi İddiaçı, və bacıları X12. X8, X9 və X17 qalmışdır. X1 Torpağın Mülkiyyətə verilməsinə dair JN-451A KOD 30304038 nömrəli Şəhadətnaməyə əsasən ünvan 1i ünvanında yerləşən 0.10 ha torpaq sahəsi, üzərində yerləşən ev və digər əmlak miras qalmışdır. X2 qalmış miras əmlakı o qəbul edərək idarə edib, əmlaka dair vergiləri ödəyib. Həmin vaxt qanunu bilmədiyindən X3 vəfat edəndən sonra qanunla müəyyən edilmiş müddətdə mirası qəbul etmək üçün Notariat Kontoruna ərizə ilə müraciət etməyib. Bacısının ölümünün üzərində qısa müddət keçmişdir. Əslində altı aylıq müddəti təzəliklə ötürüb. Belə ki. hazırda o bacısından miras qalan payı vərəsəlik yolu ilə qəbul etmək üçün Quba regional "ASAN xidmət" mərkəzinin notariat ofisinə müraciət etsə də, oradan ona qanunla müəyyən edilmiş miiddəti buraxdığı üçün notariat hərəkətinin aparılmasından imtina edilməsi haqqında məktub verilmiş və buraxılmış müddətin bərpası, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyin məqsədə müvafiq olduğu qeyd edilmişdir. Göstərilənlərə əsasən, bacısı 04.11.2020-ci il tarixdə vəfat etmiş X5 qalmış mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddəti gecikdirməyinin səbəbi üzrlü sayılaraq uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Cavabdeh nümayəndəsinin və cavbdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmədə iş üzrə şahid X18 bildirdi ki, o Qusar rayonu Bədirqala kəndində yaşayır. İddiaçı onun atasıdı. Onlar bir qardaş beş bacı olublar. Hökməxanım bacısı subay olub, 04.11.2020-ci il tarixdə vəfat edib. X16 sağlığında daima atasıgildə olub, onlarla birlikdə qalıb. Onun ünvan 1ində yerləşən 0.10 ha torpaq sahəsi, üzərində yerləşən ev və digər əmlakı var. Həmin torpaqdan və əmlakdan həmişə onlar istifadə edib, başqa istifadəçi olmayıb. Məhkəmə İddiaçı, iş üzrə şahid X13 dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba rayon İHB-nın Alekseyevka İƏD-si üzrə nümayəndəliyinin 27.09.2021-ci il tarixli 958 nömrəli arayışına əsasən məlum olur ki, mərhumə X7 2020-ci ilədək İqriq kəndində yaşamış, 04.11.2020-ci il tarixdə vəfat etmiş, aşağıdakı ailə tərkibi, qardaşı İddiaçı, bacıları X12. X8, X9 və X17 qalmışdır. İş materiallarında olan AZ-İİ 190386 seriya və nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X7 04.11.2020-ci il tarixdə vəfat etmiş, ölüm haqqında akt qeydləri kitabında 09.12.2020-ci il tarixində 0560 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan 24.09.2021-ci il tarixli doğum haqqında akt qeydləri kitabından çıxarışın təsdiq edilmiş surətindən məlum olur ki, X7 26.01.1965-ci ilda Quba rayonu İqriq kəndində anadan olub, bu barədə Alekseyevka İƏD-si tərəfindən 29 nömrəli doğum haqqında akt qeydi tərtib olunub. İş materiallarında olan Quba rayon İHB-nın Alekseyevka İƏD-si üzrə nümayəndəliyinin 05.10.2021-ci il tarixli 445 nömrəli arayışına əsasən məlum olur ki, X6 Alekseyevka bələdiyyəsinə heç bir vergi borcu yoxdur. İş materiallarında olan Quba «ASAN Xidmət» Mərkəzinin Notariat ofisinin İddiaçı ünvanladığı 27.09.2021-ci il tarixli 3089 nömrəli məktubundan məlum olur ki, mirasın qəbul edilməsi üçün müddət buraxıldığına görə, müddətin bərpası üçün məhkəməyə müraciət olunması tövsiyyə edilmişdir. İş materiallarında olan Torpağın Mülkiyyətə verilməsinə dair JN-451A KOD 30304038 nömrəli Şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, ünvan 1ində yerləşən 0.10 ha fərdi yaşayış sahəsi Quba rayon AİK-nın qərarı ilə ünvan 1 sakini X6 mülkiyyətinə verilmişdir. İş materiallarında olan Quba rayon Qeydiyyat şöbəsinin 24.09.2021-ci il tarixli arayışına əsasən 26.01.1965-ci ilda Quba rayonu İqriq kəndində anadan olmuş X6 ailə vəziyyəti barəsində 26.01.1983-cü ildən 04.11.2020-ci ilədək olan dövrə aid bütün vətəndaşlığ aktları üzrə yoxlama aparılmış , barəsində nikah haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan AZE 0******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Qusar rayonu Bədirqala kəndində qeydiyyatdadır. İş materiallarında olan 223368 seriya və nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci ildə Quba şəhərində anadan olmuş, “atası” qrafasında X18 “anası” qrafasında X11 qeyd edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, X14 qızı 04.11.2020-ci il ildə vəfat etmişdir və onun qardaşı-İddiaçı bacısında miras qalmış, mirasın qəbul edilməsi üçün qanunda nəzərədə tutulmuş vaxtda notariat orqanına müraciət etməmişdir. Hazırda İddiaçı Cavabdehnə qarşı mirasın qəbul edilməsi vaxtının uzadılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bacısı-X14 qızından miras qalmış Quba rayonu İqriq kəndində yerləşən Torpağın Mülkiyyətə verilməsinə dair JN-451A KOD 30304038 nömrəli Şəhadətnaməyə əsasən 0.10 ha torpaq sahəsi, üzərində yerləşən ev və digər əmlakı vərəsəsi tərəfindən qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin keçməsini üzürlü hesab edilməsi və həmin müddətin uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən, Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbni üzrlü sayarsa, uzada bilər.Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Qanunvericilik mirasın qəbulunun iki üsulunu (formal və qeyri-formal) üsullarını müəyyən edir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin mirasın açıldığı yerin notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verməsi başa düşülür. Belə bir ərizənin verilməsi vərəsənin birbaşa iradə ifadəsi ilə bağlı olub, onun miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu o zaman qüvvədə olur ki, vərəsə özünün konkret hərəkətləri və rəftarı ilə mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Yəni, vərəsənin hərəkətlərindən onun mirası qəbul etmək məqsədi gördüyünü müəyyən etmək olur. Məhkəmə təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, X5 miras qalmış JN 451A KOD 30304038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Quba rayonu İqriq kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsinin miras əmlak kimi qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin keçməsi üzürlü hesab hesab edilməli və həmin müddət uzadılmalıdır Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. X5 miras qalmış JN 451A KOD 30304038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Quba rayonu İqriq kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsinin miras əmlak kimi qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin keçməsi üzürlü hesab edilsin və həmin müddət uzadılsın. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar