Məhkəmə qərarları › İş №2(027)-173/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-173/2024

30.05.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-173/2024 30.05.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, Muradov Əli Şakir oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Quba Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Quba Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, övladı 04 avqust 1991-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X6 ilə birgə nikahdan olan xx.xx.1991-ci il təvəllüdlü övladı X2 uşaq serebral iflici nəticəsində kəskin ifadəli imbesillikdən əziyyət çəkir və Tibbi Sosial Ekspert Komissiyası tərəfindən ona birinci dərəcə əlillik şamil edilmiş, başqa şəxsin qulluğuna ehtiyacı olan şəxs hesab edilmişdir. Ağır dərəcəli, qismən immobil (hərəkətsiz) xəstə olduğu üçün ona gündəlik olaraq anası və özü qulluq edirlər. Özünü sərbəst idarə edə bilməyən şəxs olması səbəbindən valideynləri olaraq onu himayə edirlər. Bəzi hallarda hüquqmüəyyənedici sənədlərin imzalanması zərurəti yarandığından bir sıra çətinliklərlə üzləşirlər. Sərbəst surətdə hərəkətlərini idarə edə bilməməsi, öz mənafeyini qoruya bilməməsi səbəbindən X4 fəaliyyət qabiliyyətinin olmaması barədə qərar verilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Göstərilənləri nəzərə alaraq, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Quba Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Quba Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. Belə ki, iş materiallarında olan: doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1991-ci il tarixdə Quba rayonunun Möhüc kəndində doğulmuşdur. Ərizəçi ilə X3 birgə uşağıdır; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X11 xx.xx.2024-cü il tarixli 379 saylı rəyndən görünür ki, X5 ağır dərəcəli əqli gerilik uşaq serebral iflici nəticəsində (F72) aşkar olunur. Bunu anamnestik məlumatlar - anadangəlmə patologiyanın qeyd olunması, psixi inkişafda geri qalması, Quba Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də “Keçirilmiş uşaq serebral iflici - içəsində ağır dərəcəli əqli gerilik" diaqnozu ilə qeydiyyatda olması, xəstəliyi ilə əlaqədar İ dərəcəli əlil hesab edilməsi, həmçinin hazırki müayinə zamanı aşkar olunan - əlamətlər - kobud nevroloji əlamətlərin qeyd olunması, ünsiyyətə çətin daxil olması, təsəvvür ehtiyatının son dərəcədə kasadlığı, maraq dairəsinin məhdudluğu, emosional reaksiyalarının qeyri-adekvatlığı, yaddaş və intellektinin aşağı olması, öz vəziyyətinə qarşı tənqidinin olmaması və sair sübut edir. X8 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X5 ağır dərəcəli əqli gerilik uşaq serebral iflici nəticəsində müəyyən edilir. X5 müəyyən edilən ağır dərəcəli əqli gerilik onu öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarından məhrum etdiyindən psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi haqqında arayışdan və Quba Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.1991-ci il təvəllüdlü X1 uşaq serebral iflici nəticəsində kəskin ifadəli imbesillik diaqnozu qoyulmuş və o, başqa şəxsin qulluğuna ehtiyacı olan şəxs hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir; 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir; 305.1.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır; 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər; 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyəti və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir; 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir; 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi fəaliyyət qabiliyyətsizliyi mübahisələndirilən 04 avqust 1991-ci il təvəllüdlü X4 atasıdır. X4 psixi qüsuru haqqında kifayət qədər məlumat olduğundan məhkəmə-psixiatriya ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X11 xx.xx.2024-cü il tarixli 379 saylı rəyi ilə müəyyən edilmişdir ki, X5 ağır dərəcəli əqli gerilik uşaq serebral iflici nəticəsinda aşkar olunur. X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə kifayət qədər əsaslar var. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Quba rayonu, Möhüc kəndində doğulmuş 04 avqust 1991-ci il təvəllüdlü X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 305-ci, 317-321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Quba rayonu, Möhüc kəndində doğulmuş 04 avqust 1991-ci il təvəllüdlü X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. 04 avqust 1991-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üzərində qəyyumluq müəyyənləşdirilməsi üçün əsasdır. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar