Məhkəmə qərarları › İş №2(027)-1777/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1777/2025

20.11.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1777/2025 20.11.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Kamilli Günel Hakim qızının sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Quba Regional “ASAN Xidmət" Mərkəzində notariat ofisinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: I. İşin mahiyyəti: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba rayonu, Pirvahid kəndində yerləşən 0,07 ha torpaq sahəsinin alğı-satqısına haqqında qızı X2 ilə Cavabdeh3 arasında xx.xx.2018-ci il tarixdə Quba regional «ASAN xidmət» mərkəzinin notariat kontorunda bağlanmış AN-İ № ******* nömrəli (reyestr № 4Ə-339) «Daşınmaz əmlakın alğı-satqı müqvailəsi»nin etibarsız hesab edilərək ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı, 1959-cu ildə Quba rayonu, 2-ci Nügədi kənd sakini X4 ilə rəsmi nikaha daxil olmuşdur. Həmin nikahdan onların Aləmzər, Ruxsarə, Xatirə və Əlibaba adlı uşaqları olmuşdur. xx.xx.2003-cü ildə əri Əhəd Şamilov vəfat etmişdir. O, uşaqlarnı təkbaşına kasıbçılıqla böyütmüşdür. 2003-cü ildə Quba rayonu, 2-ci Nügədi kənd sakini Cavabdeh3 ona məxsus olan 0,13 ha torpaq sahəsinin («Yaşayış məntəqələrinin torpaqları» kateqoriyasından) 0,07 ha hissəsini 600 (altı yüz) ABŞ dolları verib almış, lakin onlar bu alğı-satqını rəsmiləşdirməmişdir. Ona görə ki, onlar qonşudur və bir-birilərinə etibarı sonsuzdur. 2004-cü ildə həmin torpaq sahəsini hasara almış, orada 1 mərtəbəli, 6 otaqdan ibarət ev tikmişdir. Hazırda da həmin evdə yaşayır. 2021-ci ildə onun səhhətində ciddi problemlər yarandığından və hazıradək də davam etdiyindən o, uzun illər yataq xəstəsi olaraq müalicə olunmuşdur. Qızı Cavabdeh2 onun uzun sürən xəstəliyinin sağalmaz olacağını və onun öləcəyini güman etdiyindən torpaq sahəsini ona satan Cavabdeh3 aldadaraq bildirmişdir ki, anası öləcək, həmin torpaq sahəsini alğı-satqı müqaviləsi əsasında rəsmiləşdirmək lazımdır. Nahid də qızı Cavabdeh2 bu yalanlarına inanaraq xx.xx.2018-ci ildə həmin torpaq sahəsinin alğı-satqı müqaviləsini qızı ilə bağlamışdır. Həmin müqavilə (AN-İ № 0678491) xx.xx.2018-ci ildə Quba Regional ASAN Xidmət Mərkəzində Notariat Ofisi tərəfindən qeydiyyata alınmışdır (4Ə-339). 2023-cü ildə artıq o, yavaş-yavaş sağalmağa başlamış və Nahidin yanına gedərək torpağı sənədləşdirmək istəyini bildirdikdə, Nahid dedi ki, 2018-ci ildə qızı ilə alğı-satqı etmişlər. O, onların bu hərəkətindən əsəbləşmiş və Nahiddən nəyə görə ondan soruşmadan və razılıq almadan müqavilə bağlamağının səbəbini soruşmuşdur. Nahid Hacıbalayev bildirdi ki, qızı Aləmzər onun pis xəstə olduğunu, tezliklə öləcəyini, guya onun onu Nahidin yanına müqavilə bağlamaq üçün göndərdiyini dedi. O, evə qayıdıb Aləmzərlə bu haqda danışdıqda o, onu söyüb təhqir etdi. Bundan sonra Aləmzərlə aralarında daha şiddətli mübahisələr baş verirdi. Hətta qızı Aləmzər onu döydüyünə görə Quba RPŞ-yə müraciətlər də etmişdir. Onu döydüyünə görə Quba rayon məhkəməsinin (hakim V.Seyidov) xx.xx.2022-ci il tarixli, 3(027)-870 nömrəli qərarı ilə Aləmzər Azərbaycan Respublikası İXMnin 157-ci maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Bundan başqa, Quba RPŞ- nin TB-nin təhqiqatçısı İlkin Rəhimovun xx.xx.2024-cü il tarixli qərarı ilə gələcəkdə baş verə biləcək hüquqazidd hadisələrin qarşısının alınması və profilaktiki tədbirlərin həyata keçirilməsi üçün Quba RPŞ-nin İTB-nə də göstəriş verilmişdir. Aləmzər ona deyir ki, “torpağın alğı-satqı müqaviləsini Nahidlə o bağlamışdır, torpaq onundur. Lakin, bildiyinə görə Aləmzər öz adına Çıxarış almamışdır. Qızı Cavabdeh2 satıcı tərəf olan Cavabdeh3 aldadaraq, onun adından ona yalan danışaraq onun verdiyi pulla öz adına torpaq sahəsi rəsmiləşdirmişdir. Bu faktı Nahid Hacıbalayev də təsdiq edə bilər. Qeyd olunmuş məsələ ilə bağlı onun hüquqlarının müdafiə etmək üçün 2023-cü ilin aprel ayında vəkil Müşfiq Mahmudovla müqavilə də bağlamışdır. Vəkil notariusdan sənədləri də götürüb ona təqdim etmişdir. Lakin, səhhəti yenidən pisləşdiyindən həmin vaxt məhkəməyə müraciət etməmişdir. Qanunsuz müqavilənin bağlanması ilə onun hüquqları kobudcasına pozulmuş, bu müqavilə nəticəsində o, daha da ağır vəziyyətə düşmüşdür. Həmin torpağın pulunu o, ödəsə də, torpaq ona satılmamışdır. Ümumiyyətlə həmin torpaq sahəsi üçün pul ödəməyən, ona heç bir aidiyyəti olmayan qızı alıcı tərəfi aldadaraq onunla müqavilə bağlamışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də Quba rayon məhkəməsinə müraciət edir. İİ Tərəflərin izahatları Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məmununa uyğun izahat verərək, iddiasının təmin olunmasını məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında Cavabdeh3 məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, Cavabdeh3 2003-cü ildə 600 (altı yüz) ABŞ dolları alaraq Quba rayonu, Pirvahid kəndində yerləşən və özünə məxsus olan 0,13 ha torpaq sahəsinin («Yaşayış məntəqələrinin torpaqları» kateqoriyasından) 0,07 ha hissəsini İddiaçı satmış, lakin onlar bu alğı-satqını rəsmiləşdirməmişlər. Ona görə ki, onlar qonşudur və bir-birinə etibarı sonsuzdur. Milay həmin torpaqda 2004-cü ildə həmin torpaq sahəsini hasara almış, orada 1 mərtəbəli, 6 otaqdan ibarət ev tikmişdir. Hazırda da həmin evdə yaşayır. Milayın qızı Cavabdeh2 2018-ci ildə onun yanına gələrək həmin torpaq sahəsini alğı- satqı müqaviləsi əsasında rəsmiləşdirmək lazım olduğunu bildirdi. O, Cavabdeh2 ilə xx.xx.2018-ci ildə həmin torpaq sahəsinin alğı-satqı müqaviləsini bağlamışdır. Həmin müqavilə (AN-İ № 0678491) xx.xx.2018-ci ildə Quba Regional ASAN Xidmət Mərkəzində Notariat Ofisi tərəfindən qeydiyyata alınmışdır (4Ə-339). 2023-cü ildə Milay onun yanına gedərək torpağı sənədləşdirmək istəyini bildirdikdə, o, dedi ki, 2018-ci ildə qızınla alğı-satqı etmişlər. Milay əsəbiləşib getdi. Hazırda ona məlum olub ki, İddiaçı qızı ilə ona bağladığı həmin müqavilənin ləğv olunması üçün Quba rayon məhkəməsində iddia qaldırmışdır. Bir daha qeyd edir ki, o, torpaq sahəsini İddiaçı satmış və pulunu da ondan almışdır. Əvvəlki məhkəmə iclasında cavabdeh X3 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, torpaq sahəsini Nahid Haclbabayevdən alğı-satqı əsasında almış, orada ev inşa etmişdir. İddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Üçüncü şəxs Quba Regional “ASAN Xidmət” mərkəzində Notariat ofisinin notariusu məhkəməyə ərizə ilə müraciət edərək, işin çoxluğu səbəbindən məhkəmə iclaslarında iştirak edə bilməyəcəklərini nəzərə alıb, işə nümayəndələrinin iştirakı olmadan baxlmasını xahiş etmişdir. İİİ İşin halları AZ-İ 066420 saylı ölüm haqqında şəhadətnamənin surətinə əsasən X4 xx.xx.2003cü il tarixdə vəfat etmişdir. Quba rayon Məhkəməsinin 3(027)-870/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 300 (üç yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Daşınmaz Əmlakın xx.xx.2018-ci il tarixli, AN-İ ******* saylı alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh3 mülkiyyətində olan Quba rayonu, Pirvahid kəndində yerləşən 0,13 ha torpaq sahəsi 4300 manata Cavabdeh2 satılmışdır. İV Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi 337.1. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Məhkəmə ilk növbədə İddiaçı hazırki iddia tələbini irəli sürməyə subyektiv hüququ olubolmadığına qiymət verməyi zəruri hesab edir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Hazırki iddia ərizəsindən müəyyən olunur ki, iddiaçı cavabdehlər, yəni Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsi tələbini irəli sürmüşdür. Lakin onun məhkəmə iclasında verdiyi izahatdan müəyyən olunur ki, əsas məqsədi əqdin etibarsız hesab edilməsi ilə bağlı hüquqi nəticənin əldə edilməsidir. Mülki qanunvericiliyə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsız əqdlərdir. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (Mülki Məcəllənin 337.1, 337.4 və 337.5-ci maddələri). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı bir əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanılmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Hazırda iddiaçının iddia etdiyi əsas məqam ondan ibarətdir ki, Cavabdeh3 ilə onun arasında 2003-cü ildə şifahi razılıq əldə edilməklə, sonuncu torpaq sahəsini ona satmışdır. Cavabdeh3 həm məhkəməyə yazılı olaraq bildirdiyi münasibətdə, həm də məhkəmə iclasında verdiyi izahatında iddiaçının qeyd etdiyi halları təsdiqləmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 3 mart 2023-cü il tarixli Qərarına əsasən qeyd edilən maddə, forma şərtinə riayət edilməməsi səbəbindən etibarsız əqdlərin etibarlı hala gətirilməsini (konvalidasiyasını) nəzərdə tuturdu. Qeyd edilən Qərara əsasən notarial qaydada təsdiqlənmə tələbinə uyğun olmayan əqdin etibarlı hala gətirilməsi üçün, belə iddia irəli sürən şəxsin əqdi tamamilə icra etməsi tələb edilir ki, məhz bu şərtlə onun tələbi məhkəmə tərəfindən təmin oluna bilər. Belə məhkəmə qərarı notarial təsdiqetməni əvəz edir. Nəzərə almaq lazımdır ki, notarial təsdiqetmə əqdə münasibətdə xarici element olaraq əqdin bağlanmasına təsir etmir, ona hüquqi qüvvə verir. Konstitusiya Məhkəməsi Plenumunun S.Əliyevanın şikayəti üzrə 2006-cı il 31 may tarixli Qərarında Mülki Məcəllənin 335-ci maddəsi ilə əlaqədar formalaşdırdığı hüquqi mövqeyinə əsasən əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab etməsi üçün mütləq aşağıdakı hallar mövcud olmalıdır: - əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; - məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; - əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Hazırki halda işin hallarından müəyyən olunur ki, ümumiyyətlə tərəflər arasında yazılı qaydada bağlanmış bir müqavilə mövcud olmamışdır. Bundan əlavə qeyd edilməlidir ki, X1 ilə Cavabdeh3 arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi üçün qanunvericiliklə nəzərə tutulmuş hər hansı bir əsas mövcud deyildir. Belə ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Mülki qanunvericiliyə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə almalıdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında qeyd etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar). İşdən görünür ki, etibarsız hesab edilməsi tələb edilən 14 fevral 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqısına dair müqavilə gələcəyə yönəlik olmamaqla tərəflərin iradə ifadəsini əks etdirən əqd qismində çıxış etmiş, qarşılıqlı iradə ifadəsinin, hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə icra edilməklə münasibətlər alqı-satqı ilə nəticələnmişdir. Bundan əlavə AR Müllki Məcəlləsinin 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər Yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmadığından rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə V Nəticə q ə t e t d i: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Quba Regional “ASAN Xidmət" Mərkəzində notariat ofisinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” barədə iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Kamilli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar