Məhkəmə qərarları › İş №2(027)-180/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-180/2022

08.02.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-180/2022 08.02.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə (bundan sonra İB) qarşı “aktın, tələbnamənin ləğv edilməsi və borcun silinməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh İB-nə qarşı “aktın etibarsız hesab edilməsi, qərarın ləğv edilməsi və borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Azəriqaz" İB-nin əməkdaşları tərəfindən əsassız tərtib olunmuş 30.06.2021-ci il tarixli № ******* akt və həmin akta əsasən dəymiş ziyanın bərpasına dair 30.06.2021-ci il tarixli tələbnamənin ləğv edilməsi və hesablanmış 216 (iki yüz on altı) manat məbləğində borcun onun **********01370 saylı abonent hesabından silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, tələbini onunla əsaslandırmışdır ki, onunla "Azəriqaz" İB ilə arasında qazın alqı-satqısı barədə müqaviləyə əsasən həmin ünvanda yerləşən yaşayış evinin qazla təchiz olunmuş və qaz sayğacı quraşdırılmışdır. O, hər ay istifadə etdiyi qaz sərfiyyatına görə mütəmadi olaraq qaz borcunu ödəmişdir. "Azəriqaz" İB-nin əməkdaşları 2021-ci ilin mart ayında yaşadığı ünvana gələrək quraşdırılmış qaz sayğacının qanunla nəzərdə tutulmuş 5 il istismar müddətinin bitdiyi bildirilərək, qaz sayğacını çıxardılmış və əvəzinə yeni qaz sayğacı quraşdırılmışdır. Sonradan 30.06.2021-ci il tarixdə güya çıxarılıb aparılmış qaz sayğacının hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzik-cırıq izlərinin olması barədə № ******* saylı akt tərtib edilmişdir. Həmin akt tərtib edilərkən istehlakçı kimi onun iştirakı təmin olunmamışdır. Ailə üzvü kimi həyat yoldaşına akta imza etməyi təklif etmişlər, həyat yoldaşı imzalamaqdan imtina etmişdir. Həmin akta əsasən 30.06.2021-ci il tarixli tələbnamə tərtib olunmuş və 216 (iki yüz on altı) manat məbləğində dəymiş ziyan (borc) hesablanmışdır. Sayğaca dəymiş ziyan olaraq hesablanmış 216 (iki yüz on altı) manat borcdan yenicə xəbəri olmuş, bu məqsədlə Cavabdeh Quba rayon şöbəsinə müraciət etmişdir. Ona həmin aktın və tələbnamənin əsillərini deyil, surətlərini vermişlər. O, qeyd olunan borcla razılaşmır, həmin akt və tələbnamə əsassız olaraq tərtib olunmuşdur. Sayğac küçədə quraşdırılmış, kənar müdaxilələrdən qorumaq üçün müvafiq örtüklə örtülməmiş və qutuya yerləşdirilməmişdir. O, heç vaxt sayğaca müdaxilə etməmişdir. Göstərilənləri nəzərə alaraq, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh İB-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğu üçün qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Quba rayonu, İ Nügədi yaşayır; **********01370 saylı abonent saldonun surətindən görünür ki, Quba rayonu, Qaraçay kəndində yerləşən qaz sayğacının abonenti İddiaçıdur; Quba RİHB-nın 14.10.2021-ci il tarixli 886 nöməli arayışın surətindən görünür ki, İddiaçı Quba rayonu, İ Nügədi kənd İƏD üzrə nümayəndəliyin Qaraçay kəndində qeydiyyatda olmaqla yaşayır, hesabında 0,10 ha həyətyanı torpaq sahəsi və həmin sahədə tikilmiş fərdi yaşayış evi vardır; “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli aktdan görünür ki, Quba rayonu, Qaraçay kəndində yerləşən fərdi yaşayış evində 10271170 nömrəli sayğac çıxarılmış və əvəzində yeni **********2 nömrəli sayğac quraşdırılmışdır; Xaçmaz RQİİ-nin 30.06.2021-ci il tarixli ******* nömrəli aktından görünür ki, ARDNŞ-nın İB-nin sayğacların yoxlanılması, 29/1710-02682-1 saylı rəyinə əsasən sayğaca ümumi baxış keçirilmiş, sayğac C-4 tipli 10271170 zavod nömrəli hesabla mexanizminin qapağı yan tərəfdən əzilmiş və daxili qulaqcıqlarında əzik-cırıq izləri aşkaranmışdır; 30.06.2021-ci tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”dən görünür ki, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 2160 m3 sərfiyyat hesablanmışdır. Beləliklə, məhkəmə iclasında işin halları ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilərək, yenisi ilə əvəz edilmişdir. Sayğacın dəyişidirilməsi zamanı tərtib edilmiş “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli aktda sayğacın dəyişdirilməsinin səbəbi kimi “əvəzləmə” göstərilmiş, sayğacın nasaz vəziyyətdə olması, hər hansı bir hissəsinin zədələnməsi, plombun tamlığına müdaxilə edilməsi kimi qeydlər isə aktda ümumiyyətlə qeyd olunmamışdır. Sayğaca baxış İddiaçı iştirakı ilə deyil, “Şəfiqə Əmiraslanova” adlı şəxsin iştirakı ilə həyata keçirilmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır; 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar; 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən qaz sayğacına müdaxilə edilməsi faktını təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən cavabdeh tərəfindən iddiaçı barəsində qazdan istifadə qaydalarının pozulmasına dair tərtib edilmiş akt əsaslı ola bilməz. Sayğaca müdaxilənin iddiaçı tərəfindən edildiyi sübut olunmadığına görə həmin akta əsasən tərtib edilmiş tələbnamə əsassız olmuşdur. İşin müəyyən edilmiş hаllаrındаn göründüyü kimi, qaz sаyğаcı iddiаçının cаvаbdehliyi sərhəddində qurаşdırılmаmışdır. Bilavasitə iddiaçı tərəfindən sаyğаcа hər hаnsı müdаxilə edilməsi, iddiаçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sаyğаcın zədələnməsi müəyyən edilmədiyi halda, iddiаçıyа əsаssız olаrаq 2160 m3 əlаvə sərfiyyаt hesаblаnmışdır. Belə ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, cavabdeh dəyişdirilmiş qaz sayğacının dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Beləliklə, şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək, Cavabdeh əməkdaşları tərəfindən dəymiş ziyanın bərpasına dair 30.06.2021-ci il tarixli tələbnamə ləğv edilməli və İddiaçı adına olan **********01370 saylı abonent hesabına hesablanmış 216 (iki yüz on altı) manat məbləğində pul vəsaiti abonent bazasından silinməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdeh əməkdaşları tərəfindən dəymiş ziyanın bərpasına dair 30.06.2021-ci il tarixli tələbnamə ləğv edilsin və Quba rayonu, Qaraçay kəndində yerləşən yaşayış evinə dair İddiaçı adına olan **********01370 saylı abonent hesabına hesablanmış 216 (iki yüz on altı) manat məbləğində pul vəsaiti abonent bazasından silinsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar