Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1810/2025 06.08.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, Muradov Əli Şakir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı “akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əməkdaşları tərəfindən əsassız olaraq tərtib olunmuş 30 dekabr 2022-ci il tarixli № ******* saylı ziyan aktının və həmin akta əsasən dəymiş ziyanın bərpasına dair 30 dekabr 2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin ləğv edilməsi və hesablanmış 1036 manat 80 qəpik məbləğində borcun mənim **********00010 saylı abonent hesabımdan silinməsi barəsində qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı tələbini müdafiə edərək, onunla əsaslandırmışdır ki, o, Quba rayonu 1-ci Nügədi kəndində ünvanında yaşayır. Onun yaşadığı evə də başqa evlər kimi qaz sayğacı quraşdırılmışdır. Cavabdeh əməkdaşları 23 noyabr 2022-ci il tarixində ona məxsus ünvana gələrək qaz sayğacını yenisi ilə əvəz etmişlər. Sayğacın dəyişdirilməsi zamanı iddiaçı orada olmamış, ancaq ailə üzvləri evdə olmuşdur. Onun məlumatı olmadan sayğac dəyişilmişdir. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 23 noyabr 2022-ci il tarixli № ******* saylı akt tərtib olunmuşdur. Bir müddət sonra ona məlum olmuşdur ki, Cavabdeh əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixində təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli akt tərtib olunmuşdur. Tərtib olunmuş ziyan aktında qaz sayğacının hesablama mexanizminin qoruyucu qapağının yan tərəfdən əzildiyi və daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olduğu qeyd olunmuşdur. Bu səbəbdən də sayğacın istismara yarasızlığı bildirilmişdir. Lakin o və ailə üzvləri tərəfindən sayğaca hər hansı müdaxilə olunmamışdır. Sayğaca dəymiş ziyan olaraq hesablanmış 1036 manat 80 qəpik cərimə borcunu qəbul etmir. Akt və tələbnamə əsassız olaraq tərtib olunmuşdur. Sayğac küçədə quraşdırılmış, qanunun tələblərinə uyğun kənar müdaxilələrdən qorumaq üçün müvafiq örtüklə örtülməmiş, qutuya yerləşdirilməmişdir. İş üzrə Cavabdeh məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, sonuncunun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası МPМ-nin 185.5-ci maddəsinə əsasən, cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Xaçmaz RQİİ-nin 30 dekabr 2022-ci il tarixli ******* saylı aktından görünür ki, sayğacın hesablanma mexanizminin qapağı yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzik-cızıq izləri olması aşkar olunmuş, nəticədə 8640 m3 həcmində dəymiş ziyan hesablanmışdır; xx.xx.2022-ci tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”dən görünür ki, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 8640 m3 sərfiyyat hesablanmışdır; **********00010 saylı abonent saldosundan görünür ki, abonent İddiaçı 2022-ci ilin dekabr ayının sonuna 1036 manat 80 qəpik məbləğində təbii qaz sərfiyyatı borcu qeydə alınmışdır. Beləliklə, məhkəmə iclasında işin halları ilə müəyyən edilmişdir ki, Xaçmaz RQİİ-nin 30 dekabr 2022-cü il tarixli ******* saylı aktına əsasən iddiaçının yaşadığı evə baxış keçirilərkən abonentin qazdan istifadə sayğacın hesablanma mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzik-cızıq izlərinin aşkar edilməsi nəticəsində 8640 m3 həcmində dəymiş ziyan hesablanmışdır. Həmin akt əsasında İddiaçı 1036 manat 80 qəpik məbləğində təbii qaz sərfiyyatı borcu hesablanmışdır. Lakin həmin pozuntunun bilavasitə abonent tərəfindən törədilməsini təsdiq edən abonentin inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında qərar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır; 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar; 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir; 6.5-cu bəndinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən qaz sayğacına müdaxilə edilməsi faktını təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən cavabdeh tərəfindən iddiaçı barəsində qazdan istifadə qaydalarının pozulmasına dair tərtib edilmiş akt əsaslı ola bilməz. Belə ki,istehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə inzibati xəta haqqında iş üzrə protokol tərtib edilməlidir. Sayğaca müdaxilənin iddiaçı tərəfindən edildiyi sübut olunmadığına görə həmin akta əsasən tərtib edilmiş tələbnamə əsassız olmuşdur. İşin müəyyən edilmiş hаllаrındаn göründüyü kimi, qaz sаyğаcı iddiаçının cаvаbdehliyi sərhəddində qurаşdırılmаmışdır. Bilavasitə iddiaçı tərəfindən sаyğаcа hər hаnsı müdаxilə edilməsi, iddiаçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sаyğаcın zədələnməsi müəyyən edilmədiyi halda, iddiаçıyа əsаssız olаrаq 8640 m3 əlаvə sərfiyyаt hesаblаnmışdır. Belə ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, cavabdeh dəyişdirilmiş qaz sayğacının dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək, Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən hesablanmış 1036 manat 80 qəpik borc İddiaçı **********00010 kodlu abonent hesabından silinməlidir. Bundan başqa, iddiaçı dövlət rüsumunu ödəməkdən azaddır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə görə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. “Dövlət rüsumu haqqında” Qanununа edilmiş xx.xx.2021-ci il tarixli qüvvəyə minmiş dəyişikliklərə görə həmin Qanunun 8.1.1-ci maddəsinə əsasən iddianın qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan hissənin 1%-i təşkil edir. İddia tələbi 1036 manat 80 qəpik təşkil etdiyi halda və iddia tam təmin edildiyindən ödəniləcək dövlət rüsumu 30 manat 37 qəpik (1036 manat 80 qəpik = 1000 manat üçün 30 manat, 1.000 manatdan yuxarı olan hissəsi, yəni 36 manat 80 qəpiyin 1%-i = 37 qəpik) təşkil edir. Odur ki, həmin məbləğ cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən hesablanmış 1036 manat 80 qəpik borc İddiaçı **********00010 kodlu abonent hesabından silinsin. İddiaçının azad edildiyi 30 manat 37 qəpik məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-1810/2025
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1810/2025
06.08.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver