Məhkəmə qərarları › İş №2(027)-1838/2021

Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-1838/2021

16.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-1838/2021 16.08.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Quba rayon Aqrar İslahat Komissiyasının 22.04.2003-cü il tarixli 03 nömrəli qərarı ilə verilmiş JN-276 kod 30304048 sayı Torpağın Mülkiyyət Hüququna dair Dövlət Aktının onlara məxsus olması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Ərizəçim ərizəsinin mümkünlüyü məsələsinə baxıb iş materiallarını araşdırıb hesab edir ki, ərizədə qeyd edilən tələbin Ərizəçi tərəfindən verilməsi qeyrimümkün olduğundan, ərizə və ona əlavə edilmiş sənədlər müraciət etmiş şəxsə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir; 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; 152.3-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər; 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Ərizəçi məhkəmədən “Quba rayon Aqrar İslahat Komissiyasının 22.04.2003-cü il tarixli 03 nömrəli qərarı ilə verilmiş JN-276 kod 30304048 sayı Torpağın Mülkiyyət Hüququna dair Dövlət Aktının onlara məxsus olması” barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Göründüyü kimi ərizəçi tələbini aydın ifadə etməmiş, ərizəsinin “xahiş edirəm” hissəsində Dövlət aktının “bizə məxsus olması” sözlərini yazsa da, bilavasitə kimlərə məxsus olmasını nəzərdə tutduğunu açıqlamamışdır. Bundan başqa, ərizənin əsaslandırıcı hissəsində “mənim ata adım “X1” əvəzinə səhvən “X2” kimi qeyd olunmuşdur” sözləri yazılsa da, məhkəməyə ərizəçi kimi Ərizəçi müraciət etmiş, soyadının əvvəl “Babayeva” olmasını təsdiq edən “doğum” və “nikah” haqqında şəhadətnamələrin surətlərini ərizəyə əlavə etməmişdir. Belə ki, ərizəçi şəxsiyyətini təsdiq edən sənədi, yəni şəxsiyyət vəsiqəsinin surətini ərizəyə əlavə etməklə kifayətlənmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 310.1-ci ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Belə olan halda, hüquqi əhəmiyyətli faktın məhkəmədə baxılması mümkün deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsi ona əlavə edilmiş sənədlərlə birgə geri qaytarılmalı, Ərizəçi qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150, 152, 263-264 və 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsi ona əlavə edilmiş sənədlərlə birgə geri qaytarılsın. Ərizəçi izah edilsin ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət edə bilər. Qərardaddan 10 gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar